Prezident İlham Əliyev "Euronews" televiziyasına verdiyi müsahibədə həm Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilməsinin əhəmiyyəti, həm də Azərbaycanın enerji təhlükəsizliyi, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində roluna toxundu. Bakının növbəti dəfə mötəbər beynəlxalq tədbirə uğurla evsahibliyi etməsini Azərbaycanın beynəlxalq etimadının göstəricisi kimi qiymətləndirdi.
Milli Məclisin deputatı Nigar MƏMMƏDOVA qəzetimizə açıqlamasında qeyd edib ki, forumda 182 ölkənin təmsil olunması Azərbaycana göstərilən etimadın və marağın bariz nümunəsidir. Müsahibədə diqqətçəkən əsas məqamlardan biri Azərbaycanın müasir şəhərsalma və dayanıqlı inkişaf konsepsiyasına verdiyi töhfələr oldu. "Cənab Prezident işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin dünyada nümunəvi model kimi təqdim olunduğunu bildirdi. Bu siyasət ekoloji təhlükəsizlik, "yaşıl enerji" və innovativ idarəetmə prinsiplərinin tətbiqi deməkdir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzuru müasir urbanizasiya məkanına çevirmək niyyəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm hissəsidir", - deyə o əlavə edib.
Deputat deyib ki, Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində balanslaşdırılmış siyasətinə də diqqət çəkib. Əsas mesaj bundan ibarətdir ki, Azərbaycan milli maraqlar əsasında çoxtərəfli əməkdaşlıq modelini uğurla həyata keçirir. Xüsusilə COP29-dan sonra ölkəmizin beynəlxalq diplomatiyada artan fəallığı Azərbaycanın qlobal proseslərə təsir imkanlarını genişləndirib.
N.Məmmədovanın fikrincə, müsahibənin mühüm istiqamətlərindən biri də enerji təhlükəsizliyi ilə bağlı idi: "Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təminatında strateji tərəfdaş olduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, bu gün Azərbaycanın təbii qazı bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda Azərbaycan təbii qazını 16 ölkəyə ixrac edir. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Enerji diplomatiyasının uğurlu nəticələri Azərbaycanın beynəlxalq etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib".
Dövlət başçısının dəyişən dünya nizamına da toxunduğunu qeyd edən N.Məmmədova deyib ki, beynəlxalq münasibətlər sistemi yeni mərhələyə daxil olub və hər bir dövlət öz milli maraqlarını qorumalıdır. Bu kontekstdə Azərbaycanın müstəqil siyasət yürütməsi və müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmət əsasında münasibətlər qurması ölkəmizin strateji uğurlarının əsas səbəblərindən biridir. Azərbaycan artıq regional gündəmi müəyyən edən əsas dövlətlərdən biridir. Getdikcə daha da mürəkkəbləşən beynəlxalq mühitdə Azərbaycanın strateji vizyonu beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunur.
Əsmər QABİLQIZI,
"Azərbaycan"