Donald Tramp İsrail və “Hizbullah”ın hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəldiyini və İranla danışıqların davam etdiyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu və “Hizbullah” nümayəndələri ilə danışıqlar apardığını və hər iki tərəfi gərginliyin azaldılmasının vacibliyinə inandırdığını bildirib. O, İsrail hökuməti başçısının Beyrutun cənubuna qoşun göndərməməyə razı olduğunu, habelə Livandakı qruplaşmanın hücumları dayandıracağına söz verdiyini söyləyib. Amerika lideri özünün sosial media hesabı “Truth Social”da yazıb: “İsrail Baş naziri Bibi Netanyahu ilə çox məhsuldar bir söhbətim oldu: Beyruta qoşun göndərilməyəcək və artıq yolda olanlar geri dönüb. Həmçinin “Hizbullah”la yüksək vəzifəli rəsmilər vasitəsilə çox konstruktiv bir söhbətim oldu və onlar bütün hərbi əməliyyatların dayandırılacağına razılaşdılar - İsrail onlara hücum etməyəcək və onlar da İsrailə hücum etməyəcəklər”.
Qısa müddət sonra Livanın ABŞ-dəki səfirliyi İsrailin Livanla danışıqların dördüncü raundu ərəfəsində Beyrutun cənubuna əlavə hücumlar edəcəyi ilə hədələməsindən sonra “Hizbullah”ın ABŞ-nin “hücumların qarşılıqlı dayandırılması” təklifini qəbul etdiyini açıqlayıb.
Səfirlik Livan Prezidenti Cozef Aunun ofisi tərəfindən yayımlanan açıqlamada bildirib ki, “Livan hakimiyyəti “Hizbullah”ın ABŞ-nin “hücumların qarşılıqlı dayandırılması” təklifini qəbul etdiyinə dair təsdiq alıb".
Bildirilir ki, təsdiq Aunun ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığından sonra gəlib.
Bu arada, İsrail Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa “Hizbullah” hücumlarını dayandırmasa, İsrailin Beyruta hücum edəcəyi barədə məlumat verdiyini bildirib: “Bu axşam Prezident Trampla danışdım və ona dedim ki, əgər “Hizbullah” şəhərlərimizə və vətəndaşlarımıza hücumu dayandırmasa, İsrail Beyrutdakı terrorçu hədəflərə zərbə endirəcək”.
Baş nazir əlavə edib ki, “Bu məsələ ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır”.
Bazar ertəsi günü Binyamin Netanyahu, İranın dəstəklədiyi “Hizbullah” qruplaşması ilə artan münaqişə fonunda Livanın paytaxtı Beyrutun cənub ətraflarına hava hücumları əmri verib. O, qruplaşmanın qalası olan Dahiyedəki "terror hədəfləri"nin İsrail mülki əhalisinə qarşı raket və pilotsuz təyyarə hücumlarına, eləcə də aprel ayında elan edilmiş və döyüşlərə son qoymayan atəşkəsin digər pozuntularına cavab olaraq hədəfə alınacağını bildirib.
İsrail ordusu həmçinin Beyrutun cənub ətraflarındakı sakinlərin təxliyəsini əmr edib. Bundan sonra əhalinin təhlükəsiz yerə qaçmağa çalışdığı üçün Livanda şəhərətrafı ərazilərə aparan yollarda tıxaclar yaranıb.
İsrail və Livan arasında atəşkəs aprelin 16-da qüvvəyə mindiyindən bəri, İsrail ordusu Beyruta iki dəfə, sonuncu dəfə ötən cümə axşamı hücum edib.
Bu arada, Ağ Evin ABŞ, İsrail və İran arasında müharibəyə son qoymaq üçün daha geniş bir razılaşma əldə etmək səylərini təhlükəyə atmamaq üçün İsrailə Beyrutda hərbi əməliyyatları məhdudlaşdırmaq üçün təzyiq göstərdiyi barədə məlumatlar var.
Livan müharibəyə martın 2-də “Hizbullah”ın İranın Ali Liderinin öldürülməsinə cavab olaraq İsrailə raket hücumu etməsi ilə cəlb olunub. İsrail buna ölkə boyunca hava hücumları və cənubda quru hücumu ilə cavab verib.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, müharibə başlayandan bəri ölkədə ən azı 3412 nəfər həlak olub. Bu rəqəmlərə həm əsgərlər, həm də mülki şəxslər daxildir.
İsrail iddia edir ki, eyni dövrdə sərhədin hər iki tərəfində 24 əsgəri və dörd mülki vətəndaşı öldürülüb.
Dünən başqa bir paylaşımda Donald Tramp İranla danışıqların intensiv templə davam etdiyini bildirib.
İranın yarı-rəsmi Tasnim xəbər agentliyi Tehranın danışıqlar qrupunun Livana hücumlar səbəbindən ABŞ-lə bütün kontaktları dayandırdığını bildirib.
Bu xəbəri şərh edən Tramp NBC News telekanalına bildirib ki, İran qərarı barədə Vaşinqtona məlumat verməyib. O, qısa şərhində deyib: “Bu, tamamilə uyğun bir açıqlamadır, çünki onlar döyüşməkdənsə, danışıqlar aparmaqda daha yaxşıdırlar. Amma onlar bu barədə bizə məlumat verməyiblər. Düzünü desəm, düşünürəm ki, biz çox danışmışıq. Fikrimcə, sadəcə susmaq çox yaxşı olardı.”
Onun sözlərinə görə, bu, ABŞ-nin "onları bombalamağa başlayacağı" anlamına gəlmir: “Biz dəniz blokadasını davam etdirəcəyik.”
İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl sosial mediada yazıb: “İran və ABŞ arasında atəşkəs qeyd-şərtsiz bütün cəbhələrə, o cümlədən Livana şamil edilir. Bir cəbhədə atəşkəsin pozulması bütün cəbhələrdə atəşkəsin pozulması deməkdir”.
Tasnim xəbər agentliyinin verdiyi məlumata görə, İran regional müttəfiqləri ilə birlikdə Hörmüz boğazını tamamilə bağlamaq, eləcə də Bab əl-Məndəb boğazı da daxil olmaqla “digər cəbhələrdə hərəkətləri gücləndirmək” planı hazırlayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu da "yeni cəbhələr"in açılması ehtimalından danışıb.
Rizvan CƏFƏROV,
“Azərbaycan”