Rusiyanın Ukraynaya kütləvi hava hücumu nəticəsində 13 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Kiyev, Dnepr və Xarkovda mülki infrastruktur ciddi şəkildə zədələnib. Paytaxtda xilasedicilər demək olar ki, hər rayonda - 29 yerdə çalışıblar. Yanğınların əksəriyyəti söndürülüb və Kiyevin beş rayonundakı altı məkanda işlər davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko açıqlama verib. O qeyd edib: “Təəssüf ki, Kiyevdə Rusiyanın hücumu nəticəsində dörd nəfər həlak olub, 60-dan çox sakin yaralanıb və tibbi yardıma müraciət edib. Qəlpələrdən xəsarət alanlar arasında üçyaşlı uşaq da var.
Yaşayış binaları, avtomobil salonu, kommunal xidmət şirkəti, akademiya, yardımçı tikililər və mülki infrastruktur olan yanacaqdoldurma məntəqəsi zərər görüb. Hücum nəticəsində Daxili İşlər Nazirliyinin 8041 saylı Xidmət Mərkəzinin ərazisində də yanğın baş verib. Qeydiyyatı olan vətəndaşlar Daxili İşlər Nazirliyinin Kiyevdəki servis mərkəzində istənilən xidməti ala biləcəklər”.
Nazir vurğulayıb ki, Dnepr və Xarkov üçün də çətin bir gecə olub. Dneprdə çoxmənzilli binalar dağılıb, bir uşaq da daxil olmaqla doqquz nəfər ölüb. O əlavə edib: “Hücum nəticəsində həlak olanlar arasında xilasedicimiz, Yanğından Mühafizə və Xilasetmə Dəstəsinin rəis müavini, mayor Anton Yarmolenko da var. O, hücum zamanı çağırışa gedirdi. Mərhumun ailəsinə və işçi heyətinə dərin hüznlə başsağlığı veririk.
Dneprdə daha 35 sakin yaralanıb və itkin düşmüş altı vətəndaş haqqında məlumatımız var. Həmin gecə Kamenskoyedə xilasedicilər və iki mülki şəxs də yaralanıb”.
Rusiyanın zərbələri nəticəsində Xarkovda evlərə və ərzaq mağazasına ziyan dəyib, 10-dan çox insan yaralanıb.
Bundan əlavə, Nikolayev, Xarkov, Poltava, Sumı, Çerniqov və Zaporojye bölgələrində mülki obyektlərin dağıdılması qeydə alınıb. Kiyev bölgəsində xilasedicilər yaşayış binalarında, poçt terminalında və avtomobillərdəki yanğınları söndürüblər.