24 May 2024 09:00
1222
SİYASƏT
A- A+
Möhtəşəm 100 gün

Möhtəşəm 100 gün

 

Fevralın 14-də dövlətə və xalqa sədaqət andı içən cənab İlham Əliyevin növbəti müddət üçün prezidentlik fəaliyyətinə başlamasından 100 gün ötür. Yeni seçilmiş prezidentin fəaliyyətinin ilk 100 gününün nəticələri isə onun dövlət rəhbəri kimi missiyasının qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu qiymətləndirmə istər dövlət, istərsə də hökumət başçısının gələcək fəaliyyətinin proqnozlaşdırılması ilə bağlı beynəlxalq praktikada öz təsdiqini tapmış mühüm politoloji yanaşma hesab olunur. 

 

Etimadın təcəssümü

 

Növbədənkənar prezident seçkiləri azad, ədalətli, şəffaf, demokratik meyarlar çərçivəsində keçirilməklə ölkəmizin tarixinə növbəti mühüm siyasi-tarixi hadisə kimi həkk olundu. Ən əsası, bu seçkidə möhtərəm İlham Əliyevin növbəti inamlı qələbəsi, ölkə üzrə səsvermədə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini qazanması Azərbaycan xalqının hazırkı siyasi kursa, böyük Heydər Əliyev yoluna etimadının və sədaqətinin növbəti təcəssümünə çevrildi. 
Bu seçkilərdə Azərbaycan xalqının seçimini  müəyyən edən, bu seçimin təməlində dayanan olduqca mühüm fundamental əsaslar var idi. Prezident cənab İlham Əliyevin respublikamıza rəhbərliyinin nəticəsi kimi 2003-2023-cü illərdə yaranmış bu əsaslar zəncirvari şəkildə bir-birini tamamlayaraq, Azərbaycanın öz tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəlməsini şərtləndirib. Bütün bu reallıqları təmin edən Prezident İlham Əliyev isə öz əməlləri ilə xalqımızın qüruruna çevrilən siyasi liderdir, böyük şəxsiyyətdir. 
Azərbaycan xalqı növbədənkənar seçkilərdə bu reallıqlara istinad etdi, əldə edilən bu kimi nailiyyətlərin davamına səs verdi. Bu seçimi ilə xalqımız bir daha göstərdi ki, böyük Heydər Əliyev yoluna və İlham Əliyev siyasi kursuna heç bir alternativi qəbul etmir.
Möhtərəm İlham Əliyevin dövlətimiz və xalqımız qarşısında ən böyük tarixi xidməti isə, əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, Azərbaycan torpaqlarında XIX əsrin əvvəllərindən kök atmağa başlamış mənfur erməni separatizminə son qoyulmasıdır. Vətən müharibəsindəki Zəfərimizin, bütün ərazilərimiz üzərində milli suverenliyimizin müəllifi olan Prezident İlham Əliyev bununla Ulu Öndər Heydər Əliyevin arzularını çin etdi, ata vəsiyyətini layiqincə yerinə yetirdi. 

 

20 ilin uğur hesabatı və yeni dövrün yol xəritəsi

 

100 gün əvvəl - fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindən sonra isə dövlətimiz və xalqımız Prezident İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi ilə tarixdən süzülüb gələn dövlətçilik ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, müstəqilliyimizin bunaqədərki - böyük Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əldə edilmiş möhtəşəm nailiyyətlərə, Vətən müharibəsindəki Zəfərə və ərazilərimiz üzərində milli suverenliyimizin tam təmin olunduğu tarixi gerçəkliyə söykənərək yeni inkişaf və yüksəliş mərhələsinə daxil oldu.
Prezident İlham Əliyevin Milli Məclisdə etdiyi çıxışını televiziya ekranlarından böyük qürur və fəxarət hissilə izlədik.  Cənab Prezidentin proqram xarakterli çıxışının məzmunu əhatəli idi və təsadüfi deyil ki, geniş siyasi-ictimai marağa səbəb oldu, xalqımızın tarixi baxışları, ölkəmizin bugünkü nailiyyətləri və gələcək milli hədəfləri ilə vəhdət təşkil etdi.
Ən əsası, bu çıxış Müzəffər Ali Baş Komandanın ötən 20 illik fəaliyyətinin qədirbilən xalqımızın zəfər tarixində həmişə yaşayacaq uğur hesabatı idi. Hansı ki, bu hesabat 20 illik yüksəliş və inkişaf mərhələsinin möhtəşəm nailiyyətlərini və tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın şərəf salnaməsini gözlərimiz önündə bir daha canlandırdı.  Cənab İlham Əliyevin "Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!" sözləri ötən 20 illik dövrün bütün uğurlarının, xalqımızın uzun illərdən bəri arzu və istəklərinin ümumiləşdirilmiş möhtəşəm ifadəsinə çevrildi. 
Bu çıxış həm də Azərbaycanın daxil olduğu yeni inkişaf və yüksəliş mərhələsinin düşünülmüş və əsaslandırılmış yol xəritəsi idi. Dövlət başçısının hər bir fikri, hər bir cümləsi respublikamızın etibarlı gələcəyinə, xalqımızın firavanlığına və rifahına aydın və konkret notlar üzərində baxış idi. 
Dövlətimizin başçısının çıxışını dinlədikcə görürdük ki, möhtərəm İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi dövlətimizi və xalqımızı gələcəyə də qalibiyyət ruhunda aparır. Yəni qədəm qoyduğumuz yeni dövrdə əldə edəcəyimiz hər bir uğurun təməlində, kökündə Vətən müharibəsindəki zəfərimiz, erməni separatizminə son qoymağımız dayanacaq. Prezident İlham Əliyevin qarşıya qoyduğu digər məsələlər də milli ruhla və dövlətçilik dəyərləri ilə əlaqələndirildi. Bununla da, tarixi dövlətçilik ənənələrimizdən, milli dəyərlərimizdən, döyüş və Zəfər ruhumuzdan, qurub-yaratmaq potensialımızdan ibarət yeni bir mərhələyə qədəm qoyuldu. 
Böyük qürur hissilə qeyd etməliyik ki, Azərbaycan bu yeni dövrə bir zamanlar həlli hər birimizə müşkül görünən tarixi problemlərimizi milli maraqlarımız çərçivəsində yoluna qoymuş, ötən 20 ilin zəngin inkişaf və yüksəliş təcrübəsi ilə güclənmiş, milli haqqını, qürurunu, ləyaqətini təmin etmiş şəkildə başıuca daxil olur. 

 

Sülhməramlılar əraziləri vaxtından tez tərk etdilər

 

Prezident İlham Əliyevin yeni müddət üçün fəaliyyətinin ilk 100 gününün ən mühüm hadisələrindən biri Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etməsidir. 10 noyabr üçtərəfli Bəyanatına əsasən, sülhməramlı kontingentin qalma müddəti 5 il idi. Amma ötən il Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinin nəticəsində Qarabağdakı erməni separatçılarının mövcudluğuna son qoyuldu, bütün ərazilərimiz üzərində milli suverenliyimiz təmin edildi. Buna görə rus sülhməramlılarının Azərbaycan ərazilərində qalmalarına da zərurət olmadı və onlar vaxtından da tez ölkəmizi tərk etdilər. Bu, həm də qalib ölkənin vətəndaşlarının haqlı gözləntisi idi.
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etməsi yeni tariximizin mühüm hadisələrindən biridir. Bu, Azərbaycanın milli mənafelərinin qorunması müstəvisində strateji uğurumuz olmaqla, həm də onu göstərir ki, Qarabağ problemi tam həll olunub. Sülhməramlıların Azərbaycanı vaxtından da tez tərk etməsi bir daha Prezident İlham Əliyevin qətiyyətli və strateji baxımdan dərindən düşünülmüş, olduqca uzaqgörən siyasət yürütdüyünü bir daha nümayiş etdirdi. 
Bu proses həm də Ulu Öndər Heydər Əliyevin müdrikliyi nəticəsində keçmiş sovet qoşunlarının 1992-ci ildə Naxçıvanı tərk etməsini yadımıza saldı. Və bir daha əmin oluruq ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi yol, Prezident İlham Əliyevin həyata keçirdiyi alternativsiz siyasət milli maraqlarımızın ən etibarlı təminatçısıdır. 
Rusiya  sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi daxildə və xaricdə olan qaragüruhçuların, sapı özümüzdən olan baltaların səsləndirdikləri cəfəng "proqnozlar"ın və iddiaların nə qədər çürük, əsassız olduğunu göstərdi, bunu səsləndirənlərin siyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir daha sübut etdi. Çünki onlar belə bir iddia irəli sürürdülər ki, Rusiya qoşunları daxil olduğu ərazilərdən çıxmır və sülhməramlı kontingent Azərbaycan torpaqlarını heç vaxt tərk etməyəcək.  Lakin Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyev qaragüruhçuların, Qərbdə mənzillənmiş "beşinci kolon"un bütün əsassız iddialarını və arqumentlərini alt-üst etdi. Bu hadisə Qərb siyasi dairələrinin də regionla bağlı məkrli niyyətlərini gözlərində qoydu. 

 

4 qeyri-anklav kənd Azərbaycana qaytarıldı

 

Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməyə başlamasının ardınca Azərbaycan ictimaiyyəti növbəti xoş müjdəyə sevindi. Belə ki, Azərbaycanla Ermənistan arasında aprelin 19-da keçirilən dövlət sərhədinin delimitasiyası üzrə görüşdə delimitasiya prosesinin ilkin mərhələsində sərhəd xəttinin ayrı-ayrı hissələrinin keçmiş Sovetlər  İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq, Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasından bilavasitə keçməsini razılaşdırdılar. Bu o demək idi ki, hazırda Ermənistanın işğalı altında olan bu 4 qeyri-anklav kənd Azərbaycana qaytarılır. Və hamı bilir ki, bu proseslər məhz qəhrəman xalqımızın dünyaya bəxş etdiyi böyük sərkərdə, dünya lideri Prezident İlham Əliyevin ölkəmizə ləyaqətlə rəhbərlik etməsi, xidmət göstərməsi sayəsində baş verir.
Prezident İlham Əliyev cari il mayın 10-da yerli televiziya kanallarına müsahibəsində bu barədə suala cavabında demişdi: "Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır". Aprel ayında həmin qeyri-anklav 4 kəndin işğaldan azad edilərək Azərbaycana qaytarılması barədə razılığın əldə olunması Prezident İlham Əliyevin həmin müsahibədə ifadə etdiyi qətiyyətli mövqeyinin öz təsdiqini tapmasıdır.
Qazax rayonunun 4 kəndinin işğaldan azad edilməsi Vətən müharibəsindəki zəfərin, ərazilərimizdə erməni separatizminə son qoyulmasının məntiqi davamı kimi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılan mühüm tarixi uğurdur. Bu uğurun müəllifi də məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bu qürurverici hadisə bir daha göstərdi ki, dövlətimizin başçısı Azərbaycanın, xalqımızın  milli maraqları ilə bağlı istənilən məsələdə qətiyyətli, dönməz və prinsipialdır.

 

Qayıdışın ünvanları sırasına Şuşa şəhəri və Sus kəndi də əlavə olundu

 

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövlətinin əsas milli hədəflərindən biri Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşüdür. İşğaldan azad edilmiş ərazilərin bərpası isə hələ Vətən müharibəsinin davam etdiyi günlərdən sonra başlayıb, ötən 3 il yarım ərzində sürətlə davam etdirilib. Bu qısa dövrdə azad edilmiş ərazilərin yenidən qurulmasının miqyası, həqiqətən, heyrətamiz və qürurvericidir.
Fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində Prezident İlham Əliyev bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıdacağını bəyan etdi: "Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq". 
Ötən 100 gün göstərdi ki, Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin böyük zəhməti, əzmi ilə sürətlə yenidən qurulur. Əgər 100 gün əvvələ qədər keçmiş məcburi köçkünlər Füzuli və Laçın şəhərlərinə, Zəngilanın Ağalı, Laçının Zabux, Tərtərin Talış kəndlərinə qayıtmışdılarlsa, artıq qayıdışın ünvanları sırasına  qeyrət qalamız olan Şuşa şəhəri və doğma Laçınımızın Sus kəndi də əlavə olunub. Əgər 100 gün əvvələ qədər  Qarabağ və Şərqi Zəngəzura 5,4 min nəfərə yaxın keçmiş məcburi köçkün qayıtmışdısa, bu gün doğma yurduna qayıdanların sayı 7 min nəfəri ötüb. 
Mayın 18-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Cəbrayıl rayonunun Böyük Mərcanlı,  Karxulu, Sarıcallı, Maşanlı kəndlərinin, Zəngilanın Mincivan qəsəbəsinin təməllərinin qoyulması, "Ağalı" hotelinin, "Zəngilan" və "Şayıflı" su-elektrik stansiyalarının, Zəngilan məscidinin istifadəyə verilməsi bir daha azad edilmiş  ərazilərin bərpasının yüksək sürətlə davam etdirildiyini göstərdi.

 

18 ölkənin dövlət və hökumət başçıları ilə görüş

 

100 günün təhlili Prezident İlham Əliyevin yürütdüyü mükəmməl xarici siyasət kursunun miqyasını  da göstərir. Bu müddətdə Prezident İlham Əliyev 3 dövlətə səfər edib, 7 ölkənin prezidenti, 5 ölkənin hökumət başçıçı Azərbaycana gəlib. Ümumilikdə bu dövrdə Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə keçirilən görüşlər də daxil olmaqla, 18 ölkənin dövlət və hökumət başçıları, o cümlədən ABŞ Dövlət katibi, NATO-nun Baş katibi, ATƏT-in Baş katibi ilə görüşüb. Bu səfərlər və görüşlər ilk növbədə Azərbaycanın xarici siyasətinin məzmunundan, bu siyasətin çoxvektorlu və müstəqil olmasından xəbər verir. Ən əsası,  Qərb siyasi dairələrinin respublikamıza qarşı qərəzli və məkrli siyasi fəaliyyətləri fonunda Prezident İlham Əliyev öz uğurlu xarici siyasət kursu ilə 100 gündə Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin edib. 
Eyni zamanda bu görüşlərin hər biri Prezident İlham Əliyevə olan qlobal ehtiramdan xəbər verir. Fevral ayında andiçmə mərasimindən sonra 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyanın Münxen şəhərinə səfər edən Prezident İlham Əliyevin keçirdiyi hər bir görüş göstərdi ki, dövlətimizin başçısı beynəlxalq miqyasda dərin ehtiramla qarşılanan siyasi liderdir. Münxen Təhlükəsizlik Konfransındakı görüşlərdən gəlinən başqa bir qənaət isə bu oldu ki, Azərbaycan Prezidentinin hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır.
Eləcə də Azərbaycana səfər edən dövlət və hökumət başçılarının Prezident İlham Əliyevlə bağlı fikirlərini xüsusi qeyd etməliyik. Məsələn, Bolqarıstan Prezidenti Rumen Radevin Bakıda mətbuata ünvanladığı bəyanatda "Mən Prezident Əliyevlə yeddi ildən artıqdır ki, tanışam və bu dövr ərzində bizim çoxsaylı müzakirələrimiz olub. Mən onun cəsarətli baxışına şahidəm, ona çox gözəl bələdəm" deməsi, Slovakiyanın Baş naziri Robert Fitsonun  "Sizə açıq şəkildə deyə bilərəm ki, təkbətək görüşümüzdə müzakirələrimiz ölkəniz və Sizin haqqınızda düşündüyümün təsdiqi oldu. Siz suveren xarici siyasətin tərəfdarısınız. Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz" sözləri, Belarus Respublikasının Prezidenti cənab Aleksandr Lukaşenkonun "Tanrıya şükürlər olsun ki, bu mürəkkəb regionda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur" sözləri Prezident İlham Əliyevin şəxsiyyətinə, fəaliyyətinə, etibarlı tərəfdaş olmasına verilən ali qiymətlərin və onun  qlobal miqyasdakı nüfuzunun növbəti təsdiqi oldu.
 

Dövləti sevməyin və Vətənə xidmətin nümunəsi

 

Prezident İlham Əliyevin fəaliyyətinin son 100 günü Azərbaycanın tək müasir müstəqillik dövrünü deyil, bütün dövlətçilik tarixini şərəfləndirən olduqca möhtəşəm hadisələr və uğurlarla əlamətdardır. Hansı ki, bu hadisələrin hər biri dövlətimizin və xalqımızın milli maraq və mənafelərini qoruyub və  qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini təsdiq edib. 100 günü ərazi bütövlüyümüzün bərpasından sonra respublikamızın qədəm qoyduğu yeni dövrün  ilk uğurlu mərhələsi də adlandıra bilərik.
Əlbəttə ki, bu mərhələdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Prezident İlham Əliyevin ən böyük siyasi silahdaşı Mehriban xanım Əliyevanın fəaliyyətini, respublikamızda əldə olunan nailiyyətlərə verdiyi dəyərli töhfələri xüsusi qeyd etməliyik. Hörmətli Mehriban xanım Əliyevanın istər Birinci vitse-prezident, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi genişmiqyaslı siyasi-ictimai fəaliyyətinin hər bir məqamı müstəqil Azərbaycan dövlətini sevməyin və Vətənə, xalqa xidmətin ən mükəmməl nümunələridir. 
İki həftə əvvəl yaranmasının 20-ci ili tamam olan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini Azərbaycan cəmiyyəti haqlı olaraq xanım Mehriban Əliyevanın vətənpərvərliyinin, öz xalqının milli-mədəni və mənəvi dəyərlərinə olan dərin bağlılığının təcəssümü kimi qəbul edir.  Ulu Öndər Heydər Əliyevin ideyalarını, xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ötən 20 ildə  fondun sosial, mədəniyyət və humanitar  sahələrdə həyata keçirdiyi saysız-hesabsız layihələr Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrin yerinə yetirilməsində əvəzsiz rol oynayaraq, cəmiyyətimizdə yüksək əhvali-ruhiyyəni, vətəndaş məmnuniyyətini təmin edir. Mehriban xanım Əliyeva hər zaman köməyə, qayğıya ehtiyacı olanların dayağı, kimsəsizlərin, müxtəlif xəstəliklərdən əziyyət çəkənlərin ümid yeri olub. Zaman-zaman səhhətində problem yaranmış elm, mədəniyyət, incəsənət  xadimlərinin ölkəmizdə və xaricdə müalicəsinin həyata keçirilməsi, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların yenidən sağlam həyata qayıdışı üçün Bakıda Psixonevroloji Uşaq Mərkəzinin, Talassemiya Mərkəzinin, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üçün Reabilitasiya Mərkəzinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin, Autizm Spektr Pozuntulu Uşaqlar üçün Bərpa Mərkəzinin və onlarla müxtəlif xəstəxanaların inşası, 500-dən artıq orta məktəbin, uşaq evlərinin bərpası və ya yenidən qurulması xanım Mehriban Əliyevanın elmimizin, mədəniyyətimizin, milli genefondumuzun qorunmasına və inkişafına yönəlik fəaliyyətinin və vətənpərvərliyinin ayrıca nümunəsi və nümayişidir. 
Azərbaycan muğam sənətinin, xalq musiqisinin qorunması, inkişafı, təbliği, mədəni-tarixi abidələrimizin bərpası, milli dəyərlərimizin UNESCO-nun irs siyahısına salınması yönündə fəaliyyəti isə Mehriban Əliyevanın milli dəyərlərimizə dərin sevgisini göstərir. Mehriban Əliyeva yalnız milli mədəniyyətimizin fəal təbliğatçısı deyil, həm də onun əzmkar qoruyucusudur. Bütün bunlarla Mehriban Əliyeva maddi və mənəvi mədəni irsimizin əsl sahiblərinin məhz xalqımız olduğunu dünyaya bəyan edir.
Son onilliklərdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi məzmunlu, tutumlu  tədbirlər isə erməni yalanlarının ifşa edilməsində, Xocalı soyqırımının dünyada tanıdılmasında böyük rol oynamaqla, xarici siyasətimizin daha böyük uğur qazanmasına xidmət edib. Bu işdə Birinci xanım Mehriban Əliyevanın təşəbbüsləri  hər bir azərbaycanlı üçün vətəni sevməyin əsl örnəyidir.
Son 3 il yarımda isə xalqımız Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin timsalında xanım Mehriban Əliyevanın böyük ürək sahibi olmasına, intəhasız vətən sevgisinə şahidlik edir.  Heydər Əliyev Fondunun təşəbbüsləri ilə azad olunmuş ərazilərimizdə, xüsusən Şuşada tarixi və dini abidələrimizin bərpası ilə bağlı həyata keçirilən layihələr Mehriban Əliyevanın həm də fəal, əsl vətəndaşlıq mövqeyinin ifadəsidir. Bu layihələr nəticə etibarilə  azad olunmuş ərazilərimizin daha sürətli və keyfiyyətli bərpasına xidmət edir.
Ümumilikdə isə, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti kimi məzmunlu və çoxşaxəli fəaliyyətinin hər bir istiqaməti Ulu Öndər Heydər Əliyevin ideyalarının həyata vəsiqə almasına, möhtərəm Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin daha böyük uğurlar qazanmasına xidmət edir. Cənab İlham Əliyevin yeni müddətə prezidentliyinin ötən 100 gününün reallıqları da məhz birinci xanım Mehriban Əliyevanın Azərbaycanın dövlət siyasətinə hərtərəfli layiqli töhfələr verdiyini tam miqyası ilə təsdiq edir.

 

Naxçıvanın inkişafında yeni mərhələ başlayıb

 

Prezident İlham Əliyevin yeni müddətə dövlət başçısı kimi fəaliyyətinin ilk 100 gününün əsas göstəricilərindən biri də respublikamızda sosial-iqtisadi inkişafın davamlı olması, makroiqtisadi göstəricilərin yüksəlməsidir. 2024-cü ilin ötən dövründə ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunması respublikanın inkişafı ilə bağlı tam aydın təsəvvür yaradır. 
Bu dövrdə Naxçıvan Muxtar Respublikasında da sosial-iqtisadi sferada yeni nailiyyətlər əldə olunub, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi təmin edilib.  
2024-cü ilin ötən dövründə Naxçıvanda sosial-iqtisadi sahədə əldə olunan bəzi müsbət nəticələrə diqqət yetirsək, təkcə bu ilin ilk aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalının həcminin 200 milyon 800 min 700 manat və ya ötən ilin əvvəli ilə müqayisədə 2,7 faiz çox olması islahatların uğurlu nəticələrindən biri kimi qiymətləndirilməlidir. Bu dövrdə əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 
2 faiz artaraq 428,3 manata çatıb.  Bundan başqa, ilin əvvəlindən muxtar respublikada 91 milyon manatdan artıq sənaye məhsulu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 27 faiz üstələyir. Bu dövrdə nəqliyyat sektorunda yük və sərnişin daşınması, pərakəndə ticarət dövriyyəsi, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb ki, bütün bunlar müxtar respublikanın həm də bütün digər sahələrində yeni inkişaf mərhələsinin uğurlu olduğunu göstərir.
Təbii ki, dəyişikliklər yalnız iqtisadi sahədə deyil, digər sahələrdə də özünü göstərir. Görünən həm də odur ki, Naxçıvanda bütün istiqamətlərdə başlanan yeni islahatlar praktik şəkildə özünü doğruldur və  muxtar respublikanın davamlı inkişafını təmin edən düzgün yol seçilib. Ən əsası, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin rəhbərliyi ilə qısa zamanda əldə edilmiş nailiyyətlər, hər bir yüksəliş nümunəsi təsdiq edir ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və tövsiyələr Naxçıvanda vaxtında və layiqincə icra olunur.

 

COP29 Azərbaycanın dünyaya yeni təqdimatı olacaq

 

Qarşıdakı dövrdə Azərbaycanı milli prioritetlərin yerinə yetirilməsi ilə bağlı mühüm vəzifələr və həm də yeni nailiyyətlər gözləyir. 
Eyni zamanda onu da qeyd etməliyik ki, Azərbaycanın ötən dövrdə  regionda aparıcı dövlətə, dünyada söz sahibinə çevrilməsi nəinki qlobal mövqelərimizi gücləndirib, həm də respublikamıza qarşı olan qlobal ehtiram və etimadı artırıb. Azərbaycanın 2019-2023-cü illərdə BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrliyi də bu etimadın təzahürü idi. 
Bu ilin noyabrında isə Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. COP29 sıradan bir beynəlxalq tədbir deyil və ona evsahibliyi etmək dövlətin qlobal nüfuzu və mövqeyi ilə əlaqəli olan bir məsələdir. Bu baxımdan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbulu Prezident İlham Əliyevin növbəti təntənəli uğurudur. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük nailiyyətidir. Eyni zamanda bu qərar Azərbaycana qarşı çirkin kampaniya aparan siyasi dairələrə və qaragüruhçu qüvvələrə də tutarlı cavabdır.
COP29 Azərbaycanın dünyaya yeni təqdimatı baxımından mühüm siyasi hadisə olacaq. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin uğurlarını, inkişafını, Vətən müharibəsindəki zəfərimizi bir daha dünyaya bəyan edəcək.
Sonda qeyd etmək istərdim ki, beynəlxalq təcrübədə belə 100 günlük müddət yeni seçilmiş prezidentin həm də özünü təsdiq etməsi baxımından mühüm siyasi qymətləndirmə hesab olunur. Lakin söhbət İlham Əliyev kimi liderlərdən gedirsə, belə dövlət başçılarının özlərini təsdiq etməsinə qətiyyən ehtiyac yoxdur. Çünki cənab İlham Əliyevin ötən 20 ildəki fəaliyyətinin nəinki hər prezidentlik müddəti və ya hər ili, hər ayı, hər günü belə özünütəsdiqin ən mükəmməl nümunəsidir. 

Bəxtiyar  ƏSGƏROV,
Bakı şəhərində Naxçıvan  Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!