06 Oktyabr 2026 12:59
174
SİYASƏT
A- A+
Milli təhlükəsizlik konsepsiyasının prioritetləri: Ordu quruculuğunun yeni mərhələsi və hərbi-sənaye kompleksinin gücləndirilməsi

Milli təhlükəsizlik konsepsiyasının prioritetləri: Ordu quruculuğunun yeni mərhələsi və hərbi-sənaye kompleksinin gücləndirilməsi


Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycanın yeni reallıqlar şəraitində qarşısında duran prioritetlərin və gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər partiyanın keçdiyi siyasi yolu, ölkəmizin qazandığı mühüm uğurları və qarşıdakı dövr üçün müəyyənləşdirilən məqsədləri əhatə edən proqram xarakterli çıxış kimi diqqət çəkir. Bu qurultay ilk dəfə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra keçirilir. Bu mühüm məqam dövlətimizin son illərdə əldə etdiyi nailiyyətlərin miqyasını nümayiş etdirməklə yanaşı, YAP-ın fəaliyyət istiqamətlərini və ölkənin qarşısında duran yeni vəzifələrin mahiyyətini də aydın şəkildə ortaya qoydu.

Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında deyib ki, 2020-ci ildə əldə edilən Zəfərdən sonra Azərbaycanın əsas hədəfi ərazi bütövlüyünü tam bərpa etmək idi. Bu istiqamətdə siyasi, diplomatik və hərbi sahələrdə ardıcıl addımlar atıldı. Ölkəmiz beynəlxalq müstəvidə haqlı mövqeyini qətiyyətlə müdafiə etməklə yanaşı, Qarabağda strateji mövqelərini də möhkəmləndirirdi. Nəhayət, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi bütün ərazilərində tam təmin olundu. Beləliklə, 8 noyabr və 20 sentyabr tarixləri müasir tariximizin mühüm Zəfər səhifələrinə çevrildi. “Qazanılan bu uğur təkcə hərbi qüdrətin deyil, uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasətinin, siyasi iradənin və xalqla dövlətin birliyinin nəticəsi idi. Bu nailiyyətlərin siyasi əsasları isə daha əvvəlki dövrə söykənir. Yeni Azərbaycan Partiyasının 1992-ci il noyabrın 21-də yaradılması ölkənin ağır siyasi, sosial və hərbi böhran yaşadığı bir vaxta təsadüf edirdi. Həmin dövrdə idarəçilik sahəsində ciddi problemlər mövcud idi, torpaqlarımız işğala məruz qalır, cəmiyyətin gələcəyə inamı zəifləyirdi. Belə mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən ziyalıların təşəbbüsü ilə YAP-ın təsis edilməsi xalqın sabitliyə, güclü dövlətçiliyə və milli maraqlara əsaslanan siyasi xəttə olan ehtiyacını ifadə edirdi. Partiyanın təsis qurultayı Azərbaycanın gələcək siyasi inkişafının istiqamətini müəyyənləşdirən mühüm hadisələrdən biri oldu. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin bərqərar edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və milli inkişaf strategiyasının formalaşdırılması Azərbaycanın sonrakı uğurları üçün etibarlı təməl yaratdı”, – deyə o əlavə edib.

Deputat qeyd edib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın iqtisadi və hərbi qüdrətinin yüksəlməsinə, beynəlxalq mövqelərinin güclənməsinə və milli maraqlarının daha qətiyyətlə qorunmasına şərait yaratdı. Məhz bu siyasətin nəticələri 2020-ci ildə tarixi Zəfərin qazanılmasında, 2023-cü ildə isə dövlət suverenliyinin tam bərpasında mühüm rol oynadı. Bu baxımdan, YAP-ın fəaliyyəti ilə ölkəmizin dövlətçilik tarixində baş verən mühüm dəyişikliklər arasında sıx əlaqə mövcuddur. Partiyanın əsaslandığı dövlətçilik prinsipləri, milli həmrəylik və milli maraqlara sədaqət Azərbaycanın qarşısında duran tarixi vəzifələrin yerinə yetirilməsində mühüm amillərdən biri kimi çıxış edib. Qarabağ Zəfəri ilə Azərbaycanın tarixində mühüm bir mərhələ geridə qalsa da, qarşıda yeni hədəflər və çağırışlar dayanır. Bu mərhələdə ideoloji fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması xüsusi aktuallıq kəsb edir.

K.Bayramov bildirib ki, dövlət başçısının öz çıxışında toxunduğu konseptual mesajlar, milli təhlükəsizlikdən ideoloji mübarizəyə, iqtisadi suverenlikdən yeni beynəlxalq tərəfdaşlıqlara qədər geniş bir spektri əhatə etməklə yanaşı, həm daxili cəmiyyətə, həm də xarici aləmə açıq və kəskin siqnallar verdi: “Prezidentin çıxışında diqqət yetirilən ən mühüm məqamlardan biri ideoloji təhlükəsizlik və milli-mənəvi dəyərlərin qorunması məsələsidir. Qloballaşan və hibrid təhdidlərin artdığı müasir dünyada fiziki sərhədlərin toxunulmazlığı qədər ideoloji sərhədlərin də sarsılmazlığı həyati əhəmiyyət kəsb edir. Xüsusilə Qərbin bəzi qərəzli dairələri və dezinformasiya şəbəkələri tərəfindən ölkəmizə qarşı yönələn təzyiq cəhdlərinin qarşısını almaq üçün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, daxili birliyin daha da möhkəmləndirilməsi ən başlıca prioritet kimi irəli sürüldü. Məhz buna görə ideoloji təhlükəsizliyə yalnız təbliğat müstəvisindən yanaşmaq doğru olmaz. Burada əsas məsələ tarixini və milli kimliyini bilən, milli-mənəvi dəyərlərinə bağlı, informasiya axınında həqiqəti yalandan ayırmağı bacaran, milli maraqları düzgün qiymətləndirən və onları qorumaq məsuliyyətini dərk edən vətəndaşın formalaşdırılmasıdır. Tarixi yaddaşı güclü olan cəmiyyət saxta tarixi tez qəbul etmir, informasiya savadlılığı yüksək olan insan manipulyasiyanı daha asan tanıyır, dövlətçilik düşüncəsinə malik vətəndaş isə ölkəsinin maraqlarına təsir göstərə biləcək proseslərə daha məsuliyyətli yanaşır. Bu mənada təhsilin qarşısında dayanan vəzifələr də əvvəlki dövrlərlə müqayisədə daha geniş məzmun kəsb edir. Təhsil artıq yalnız sosial inkişaf və insan kapitalının formalaşdırılması məsələsi deyil, eyni zamanda, milli təhlükəsizliyin strateji komponentidir”. 

Deputat vurğulayıb ki, milli təhlükəsizlik konsepsiyasının təməlində duran digər mühüm prioritet isə ordu quruculuğunun yeni mərhələsi və hərbi-sənaye kompleksinin gücləndirilməsidir. Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, suverenliyin tam təmin olunmasına baxmayaraq, hərbi potensialın artırılması prosesi dayanmayacaq. Əksinə, yeni xüsusi təyinatlı birləşmələrin yaradılması, Silahlı Qüvvələrin ən müasir texnologiyalar və PUA-larla təchizatı, eləcə də daxili hərbi-sənaye kompleksinin inkişafı xarici risklərə qarşı sarsılmaz çəkindirici faktor kimi formalaşdırılır. “Digər vacib strateji istiqamət iqtisadi suverenlik və maliyyə müstəqilliyidir. Dövlət başçısı qurultayda Azərbaycanın xarici borcunun ÜDM-in cəmi 5,6 faizinə endirildiyini xüsusi vurğuladı. Müasir dünyada bir çox inkişaf etmiş dövlətlərin xarici borc bataqlığında boğulduğu və beynəlxalq maliyyə təşkilatlarından asılı vəziyyətə düşdüyü bir şəraitdə, Azərbaycanın minimum xarici borcla fəaliyyət göstərməsi unikal bir göstəricidir. Bu maliyyə müstəqilliyi dövlətimizə heç bir kənar qüvvədən asılı olmadan, öz milli maraqlarına uyğun cəsarətli və prinsipial qərarlar qəbul etmək imkanı verir. İqtisadiyyatın şaxələndirilməsi, Ələt Azad İqtisadi Zonası, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi neft faktorundan asılılığı sıfırlayan yeni inkişaf modelini tamamlayır”, – deyə o bildirib.

K.Bayramov qeyd edib ki, Prezidentin mesajları Azərbaycanın qlobal geosiyasi faktora – "orta güc"ə çevrilməsini və yeni beynəlxalq tərəfdaşlıq vektorlarını tam çılpaqlığı ilə ortaya qoydu. Enerji təhlükəsizliyi sahəsində Avropanın vacib tərəfdaşına çevrilən, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində dayanan ölkəmiz, öz strateji prioritetlərini Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı və D-8 kimi platformalarla inteqrasiyada görür. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması yalnız Naxçıvanla birbaşa quru əlaqəsi yaratmır, eyni zamanda, Türk dünyası arasında kəsintisiz nəqliyyat şəbəkəsi quraraq Avrasiyanın logistik xəritəsini köklü şəkildə dəyişir. Azərbaycan artıq ikiüzlü və tərəddüdlü siyasət yürüdən Qərb strukturlarının himayəsinə bel bağlamır, əksinə, bərabərhüquqlu, qarşılıqlı hörmətə söykənən və sözünə sadəqət nümayiş etdirən müttəfiqlərlə yeni güc mərkəzi yaradır.

Onun sözlərinə görə, YAP-ın VIII Qurultayı və Prezident İlham Əliyevin səsləndirdiyi konseptual fikirlər Azərbaycanın əldə olunmuş uğurlarla kifayətlənmədiyini bir daha göstərir: “Ölkəmiz öz ideoloji, iqtisadi və hərbi sütunlarını daha da möhkəmləndirərək, xarici təzyiqlərdən tam sığortalanmış müstəqil, qüdrətli və gələcəyə inamla baxan bir dövlət kimi öz tarixi missiyasını davam etdirir. Prezident İlham Əliyev Azərbaycanda, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda, eləcə də ölkənin digər bölgələrində genişmiqyaslı quruculuq işlərinin aparıldığını vurğulayaraq, ideoloji fəaliyyətin yenilənməsinin vacibliyinə diqqət çəkib. Prezidentin sözləri ilə desək: “Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil”. Bu yanaşma göstərir ki, yeni mərhələdə ideoloji işin əsasını formal tədbirlər deyil, real nailiyyətlərin düzgün təqdimatı, müasir kommunikasiya üsulları və cəmiyyətlə səmərəli əlaqə təşkil etməlidir”.

Deputat vurğulayıb ki, VIII Qurultayda səsləndirilən fikirlər göstərir ki, ölkənin aparıcı siyasi qüvvəsi qarşıdakı dövrdə fəaliyyətini yeni reallıqlara uyğun qurmalı, müasir ideoloji yanaşmaların formalaşdırılmasına xüsusi diqqət yetirməlidir. Zəfər Azərbaycanın tarixində yeni səhifə açdığı kimi, onun mahiyyətini, əldə olunan nəticələri və yaratdığı imkanları gələcək nəsillərə çatdırmaq da mühüm vəzifə kimi qarşıda durur. Bu mənada, YAP-ın VIII Qurultayı yalnız ötən dövrün siyasi mənzərəsinə nəzər salmaqla məhdudlaşmır, həm də ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əhəmiyyətli toplantı kimi çıxış edir. Prezident İlham Əliyevin qurultayda müəyyənləşdirdiyi istiqamətlər Yeni Azərbaycan Partiyasının fəaliyyətinin yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsini zəruri edir. Bu yanaşma, eyni zamanda, partiyanın ölkənin gələcək inkişafına töhfə vermək və qarşıya çıxan çağırışlara çevik reaksiya göstərmək baxımından üzərinə düşən məsuliyyəti daha da artırır.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər  

14:03
06 Oktyabr

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var  

14:02
06 Oktyabr

Yeni Azərbaycan Partiyası: qələbələrimizin siyasi ünvanı  

13:58
06 Oktyabr

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb  

13:58
06 Oktyabr

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər  

13:57
06 Oktyabr

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib  

13:54
06 Oktyabr

Azərbaycanın sarsılmaz özgüvən konsepsiyası  

13:36
06 Oktyabr

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq

13:33
06 Oktyabr

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb  

13:32
06 Oktyabr

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb  

13:30
06 Oktyabr

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK 

13:29
06 Oktyabr

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK  

13:27
06 Oktyabr

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar  

13:26
06 Oktyabr

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

13:05
06 Oktyabr

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb  

13:03
06 Oktyabr

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib  

13:01
06 Oktyabr

Milli təhlükəsizlik konsepsiyasının prioritetləri: Ordu quruculuğunun yeni mərhələsi və hərbi-sənaye kompleksinin gücləndirilməsi

12:59
06 Oktyabr

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də  

12:42
06 Oktyabr

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb  

12:41
06 Oktyabr

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib  

12:40
06 Oktyabr

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək  

12:39
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!