Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyi və geopolitik çəkisi yalnız onların hüquqi statusu ilə deyil, real siyasi, iqtisadi və hərbi imkanları, habelə böhran anlarında müstəqil qərar qəbuletmə qabiliyyəti ilə ölçülür. Qlobal miqyasda hərbi-siyasi gərginliklərin dərinləşdiyi, beynəlxalq hüquq normalarının tez-tez tənəzzülə uğradığı və güc mərkəzləri arasında kəskin nüfuz mübarizəsinin getdiyi bir dövrdə Azərbaycanın Prezident İlham Əliyevin liderliyində nümayiş etdirdiyi dövlətçilik modeli bu mənada xüsusi diqqət cəlb edir. Prezidentin Yeni Azərbaycan Partiyasının Qurultaydakı dərin məzmunlu çıxışında toxunulan ana xətt də məhz Azərbaycanın sarsılmaz özünəgüvəni, öz daxili imkanlarına arxalanması və qarşıda duran fundamental məsələlərin, demək olar ki, hamısını öz siyasi və iqtisadi gücü, liderinin qətiyyəti ilə həyata keçirməsi reallığını tam çılpaqlığı ilə ortaya qoyur.
Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında deyib ki, bu özünəgüvən konsepsiyası təsadüfi geopolitik konyukturadan və ya müvəqqəti illüziyalardan qaynaqlanmır, o, onilliklər boyu ardıcıl, düşünülmüş və məqsədyönlü şəkildə qurulmuş möhkəm bünövrəyə söykənir: “Azərbaycanın xarici siyasətində kənar təsir və diktələrdən azad olunması, qərarların yalnız və yalnız milli maraqlar prizmasından qəbul edilməsi dövlət suverenliyinin ən ali təzahürüdür. Otuz ilə yaxın davam edən işğal dövründə xarici dairələrin və müxtəlif beynəlxalq təşkilatların regiondakı dondurulmuş münaqişəyə münasibəti göstərdi ki, xarici köməyə və ya passiv diplomatik vədlərə bel bağlamaq milli faciələrin təkrarlanması və geosiyasi problemlərin uzanmasından başqa bir şey vəd etmir. Məhz bu tarixi reallıq Azərbaycan rəhbərliyini tam müstəqil güc mərkəzinə çevrilmək strategiyasında nə qədər haqlı olduğunu sübut etdi. İkinci Qarabağ müharibəsi və ardından həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın öz gücünə, öz ordusuna və öz siyasi iradəsinə arxalanaraq tarixi ədaləti, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin dünya hərb və siyasət tarixində nadir rast gəlinən bariz nümunəsinə çevrildi. Qlobal güclərin ikili standartlarına, açıq və gizli təzyiqlərinə baxmayaraq, Azərbaycan öz hüquqi və tarixi haqqını öz hərbi-siyasi potensialı ilə təmin etdi”.
Deputat qeyd edib ki, müstəqil siyasi iradənin qorunub saxlanması və qətiyyətlə tətbiq edilməsi dayanıqlı və xarici təsirlərə davamlı iqtisadiyyat olmadan mümkün deyil. Azərbaycanın qazandığı böyük siyasi zəfərlərin və suveren mövqeyinin arxasında dayanan ən mühüm amillərdən biri də məhz tam iqtisadi müstəqillikdir. Ölkəmiz uzun illər boyunca maliyyə suverenliyini təmin etmək üçün strateji addımlar atmış, xarici donorlardan, kreditlərdən və ya beynəlxalq maliyyə institutlarının siyasi şərtlərindən asılılığı sıfıra endirmişdir. Şaxələndirilmiş valyuta ehtiyatlarının xarici dövlət borcunu dəfələrlə üstələməsi Azərbaycanı qlobal iqtisadi böhranlar və siyasi kataklizmlər qarşısında tamamilə sığortalamışdır. “Prezident İlham Əliyevin qətiyyəti və liderliyində, öz maliyyə resursları hesabına nəhəng infrastrukturların, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars kimi Avrasiyanın xəritəsini dəyişən transmilli layihələrin reallaşdırılması Azərbaycanı təkcə özünü təmin edən dövlət kimi deyil, həm də regional və qlobal iqtisadi təhlükəsizliyin əsas təminatçılarından biri kimi mövqeləndirib. İqtisadi və siyasi gücün bariz göstəricisi hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misli görülməmiş bərpa və quruculuq işlərində özünü büruzə verir. Dünyada analoqu az olan "Böyük Qayıdış" proqramı çərçivəsində sıfırdan inşa edilən müasir şəhərlər, kəndlər, beynəlxalq hava limanları və mürəkkəb mühəndislik infrastrukturu heç bir xarici yardım, kredit və ya donor dəstəyi olmadan, müstəsna olaraq Azərbaycanın daxili büdcəsi və milli resursları hesabına maliyyələşdirilir. Bu nəhəng bərpa prosesi dövlətimizin malik olduğu iqtisadi potensialın, eləcə də öz gücünə arxalanma fəlsəfəsinin əyani sübutudur”, – deyə o əlavə edib.
B.Məhərrəmov vurğulayıb ki, özünəgüvən konsepsiyası yalnız maddi, iqtisadi və ya hərbi göstəricilərlə məhdudlaşmır, onun ən dərin qatı cəmiyyətin mənəvi-psixoloji vəziyyəti, milli həmrəylik və özünüdərk səviyyəsi, ən əsası isə milli birliyi və liderinə inamı ilə bağlıdır. Qurultayda xüsusi qeyd edildiyi kimi, otuz illik torpaq itkisi və məğlubiyyət psixologiyası məhz bu düstur formatında yerini tamamilə qalib xalq ruhuna, özünə inamına və qüruruna verib. Bu psixoloji dönüş cəmiyyətin bütün təbəqələrini, eləcə də ölkə hüdudlarından kənarda yaşayan milyonlarla soydaşımızı vahid məram ətrafında birləşdirib. Müstəqil və qüdrətli Azərbaycan dövləti dünya azərbaycanlıları üçün təkcə mənəvi qürur mənbəyi deyil, həm də onların hüquq və mənafelərinin qlobal miqyasda qorunmasının baş zəmanətçisinə çevrilib. Bu yeni milli şüur və sarsılmaz xalq-hakimiyyət birliyi dövlətin istənilən xarici təzyiqə və çağırışa qarşı müqavimət gücünü qat-qat artırır.
Deputat bildirib ki, öz daxili gücünə söykənərək tarixi problemlərini həll edən Azərbaycan bu gün regional və qlobal miqyasda tamamilə yeni reallıqlar diktə edir: “Ölkəmiz Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın əsas təşəbbüskarı olmaqla yanaşı, Qoşulmama Hərəkatındakı uğurlu liderliyi və COP29 kimi möhtəşəm qlobal tədbirlərə evsahibliyi etməsi ilə beynəlxalq aləmdə öz müstəqil xətti olan, etibarlı və əvəzolunmaz partner imicini daha da möhkəmləndirib. Yürüdülən müdrik siyasət sübut edir ki, böyüklüyündən və coğrafi mövqeyindən asılı olmayaraq, öz resurslarına düzgün vaxtda düzgün istiqamət verən, milli maraqlarını hər şeydən üstün tutan və xalqının birliyinə arxalanan dövlət və qətiyyətli lider hər bir şəraitdə öz suverenliyini qorumağa və gələcəyini müstəqil müəyyən etməyə qadirdir”.
B.Məhərrəmov vurğulayıb ki, Prezidentin qurultaydakı proqram xarakterli çıxışında vurğulanan fikirlər bu mənada həm də müasir Azərbaycan dövlətçilik fəlsəfəsinin mahiyyətini ümumiləşdirir. Azərbaycan artıq başqalarının yazdığı ssenarilərin icraçısı deyil, öz taleyini özü yazan, regional prosesləri yönəldən və istənilən qlobal çağırışa öz daxili imkanları ilə cavab vermək iqtidarında olan tam suveren bir gücdür. Bu özünəgüvən modeli iqtisadi müstəqilliyin, hərbi qüdrətin və milli birliyin sarsılmaz sintezindən yaranıb və bundan sonra da dövlətimizin əbədi müstəqilliyinin, regional liderliyinin və təhlükəsizliyinin ən etibarlı qalası olaraq qalacaq.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”