Ağdam Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Fazil Mehdiyevin anım günü qeyd edilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Milli Qəhrəmanın ailə üzvləri, şəhid ailələri, qazilər hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Abidə Kompleksində şəhidlərin xatirəsinə ucaldılmış lövhənin önünə gül dəstələri düzərək onları yad etmiş, ruhlarına dualar oxunmuşdur. Ağdam Muğam Mərkəzində davam edən mərasim Dövlət himninin səsləndirilməsi ilə başlamış, Ümummilli Lider Heydər Əliyevin, Milli Qəhrəman Fazil Mehdiyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Milli Qəhrəmana həsr olunmuş sənədli film tədbir iştirakçılarına nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov I Qarabağ müharibəsində şücaət göstərmiş Milli Qəhrəman Fazil Mehdiyevin keçdiyi şərəfli döyüş yolundan, Vətən qarşısında göstərdiyi misilsiz xidmətlərdən bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, qazilərə və Milli Qəhrəmanların ailə üzvlərinə göstərilən dövlət qayğısından söz açmış, Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsinin Ağdam ictimaiyyəti tərəfindən daim ehtiramla yad ediləcəyini qeyd etmişdir.
Digər çıxış edən natiqlər Milli Qəhrəman Fazil Mehdiyevin Vətən qarşısındakı xidmətlərindən bəhs edərək onun qəhrəmanlığının Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirmişlər. Qeyd edilmişdir ki, şəhidlərin və Milli Qəhrəmanların həyat və döyüş yolunun təbliği gənc nəslin milli-mənəvi dəyərlərə və Vətənə bağlı ruhda formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Sonda Milli Qəhrəmanın qardaşı Azər Mehdiyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Lazım QULİYEV,
“Azərbaycan”