Azərbaycan qlobal əlaqələri birləşdirən körpülər yaradır
Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub. Bu tarixi qərar noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə elan edilib.
Azərbaycanın Mərkəzi Asiya platformasına qoşulması əlbəttə ki, yeni imkanlar və perspektivlər deməkdir. Bu bir reallıqdır ki, Azərbaycan beynəlxalq arenada özünün strateji mövqeyini hər keçən gün daha da möhkəmləndirərək yeni siyasi və iqtisadi əməkdaşlıq imkanları əldə edir. Son zamanlar Azərbaycanın Mərkəzi Asiya platformasına qoşulması yalnız regionda deyil, həm də dünya səviyyəsində əhəmiyyətli bir addım kimi qiymətləndirilir. Bu platforma Azərbaycanın uzunmüddətli strateji məqsədlərinə uyğun olaraq həm iqtisadi, həm də diplomatik əlaqələrin genişlənməsinə töhfə verəcək bir imkan yaradır.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını daha da inkişaf etdirəcəyi bu yeni platforma bölgədəki iqtisadi əlaqələri daha da möhkəmləndirmək məqsədini güdür. Azərbaycanın coğrafi mövqeyi onu Asiya və Avropa arasında mühüm bir körpü halına gətirir. Mərkəzi Asiya iqtisadiyyatı sürətlə inkişaf edən və yeni bazar axtaran ölkələrdən ibarət bir regiondur. Bu regionla genişlənən ticarət əlaqələri Azərbaycanın iqtisadiyyatının diversifikasiyasına və yeni gəlir mənbələrinin açılmasına səbəb ola bilər.
Mərkəzi Asiya ölkələri, xüsusilə də Türkmənistan, Qazaxıstan və Özbəkistan böyük enerji ehtiyatlarına və strateji əhəmiyyətə malikdirlər. Bu, Azərbaycana enerji ixracı üçün yeni bazarlar açır. Həmçinin Azərbaycana keçid nöqtəsi olaraq, bu ölkələrə nəqliyyat və logistika xidmətləri təqdim edilməsi Azərbaycanın tranzit ölkə statusunu daha da gücləndirə bilər.
Ölkəmizin enerji resursları regionda geniş şəkildə tanınır. Mərkəzi Asiya platformasına qoşulmaqla Azərbaycan bu regionun enerji ehtiyaclarını qarşılamaq və ya enerji təchizatına töhfə vermək imkanı qazanır. Zəngin enerji ehtiyatlarımız həm də regionun enerji təhlükəsizliyini gücləndirən bir amil ola bilər.
Bu platforma Azərbaycan üçün geniş nəqliyyat və logistika imkanları açır. Qazaxıstan və Türkmənistanla birgə həyata keçirilən nəqliyyat layihələri artıq "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizləri ilə əlaqələndirilmişdir. Bu nöqteyi-nəzərdən Azərbaycanın tranzit imkanları regionda iqtisadiyyatın və ticarətin inkişafına ciddi töhfə verə bilər.
Azərbaycan Mərkəzi Asiya ilə daha da sıxlaşan münasibətlər vasitəsilə beynəlxalq arenada öz diplomatik rolunu artırır. Region ölkələri ilə birgə siyasi və iqtisadi təşəbbüslər Azərbaycanın xarici siyasətinin daha da güclənməsinə və dünya səhnəsində müsbət təsirinin artmasına imkan yaradır. Bu əməkdaşlıq regionda sabitliyin təmin olunması, sərhəd münaqişələrinin həlli və birgə inkişaf strategiyalarının irəlilədilməsi istiqamətində faydalı ola bilər.
Azərbaycanın Mərkəzi Asiya platformasına qoşulması həm də regionda güclü bir əməkdaşlıq şəbəkəsinin yaradılmasına və beynəlxalq hüquq çərçivəsində daha aktiv iştirak etməsinə şərait yaradır. Azərbaycanın mövqeyi həm regional, həm də qlobal təhlükəsizlik məsələlərində daha fəal rol oynamağa imkan verir.
Mərkəzi Asiya regionu yalnız iqtisadi deyil, həm də geopolitik baxımdan mühüm bir bölgədir. Azərbaycanın burada iştirak etməsi ölkənin beynəlxalq arenada yeni müttəfiqlər tapmasına və öz mövqeyini daha da möhkəmləndirməsinə imkan verir. Eyni zamanda bu addım Azərbaycanın dünya miqyasında mövqeyini gücləndirən bir strateji qərar olaraq qəbul edilə bilər. Gələcəkdə bu əməkdaşlıq Azərbaycana yalnız iqtisadi üstünlüklər qazandırmaqla kifayətlənməyəcək, həm də ölkəmizin dünya siyasətində daha təsirli olmasına imkan verəcək. Azərbaycanın bu yeni platformadakı iştirakı onun beynəlxalq əlaqələrini və müttəfiqlik şəbəkəsini genişləndirmək üçün bir yol açır.
Bir sözlə, Azərbaycanın Mərkəzi Asiya platformasına qoşulması regionun strateji inkişafı baxımından mühüm bir mərhələdir. Bu addım Azərbaycanın iqtisadiyyatını diversifikasiya etmək, yeni ticarət yolları açmaq, enerji təhlükəsizliyini gücləndirmək və diplomatik mövqeyini daha da möhkəmləndirmək üçün bir imkan yaradır. Bu, ölkəmizin gələcək inkişafının və regional gücünün mühüm bir hissəsi olacaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"