Fundamental tədbirlər kənd təsərrüfatı sahəsində birbaşa həyata keçiriləcək fəaliyyətləri, dəstəkləyici tədbirlər isə qanunvericilik təşəbbüslərini, institusional islahatları və rəqəmsallaşma istiqamətində görüləcək işləri əhatə edir. Bu gün Naxçıvanda keçirilən müşavirədə fundamental tədbirlərin icrası, özəl sektorun bu prosesdə iştirakı və dövlət tərəfindən göstəriləcək dəstək mexanizmləri barədə məlumat verildi. Xüsusilə heyvandarlıq, bitkiçilik və müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsinin əhəmiyyəti vurğulandı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Məcnun Məmmədov bildirib ki, cari ilin fevral ayında “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nı təsdiq edilib: "Ərazilərin su ilə təminatının yaxşılaşdırılması, müasir suvarma sistemlərinin qurulması, su anbarlarının və digər infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur. Müşavirədə, həmçinin Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının Naxçıvanın iqtisadi inkişafına verəcəyi töhfələrdən danışıldı. Bildirildi ki, Dövlət Proqramının icrası istehsal və emal imkanlarının genişlənməsinə, eyni zamanda məhsulların yeni ixrac bazarlarına çıxarılmasına şərait yaradacaq".
Məhsuldarlıqla bağlı proqnozlara toxunan kənd təsərrüfatı naziri qeyd edib ki, Dövlət Proqramının əsas hədəflərindən biri müasir suvarma sistemlərinin tətbiqi və qabaqcıl aqrotexniki üsulların genişləndirilməsi hesabına məhsuldarlığın artırılmasıdır. Bu istiqamətdə qarşıya qoyulan məqsədlərdən biri suvarılan ərazilərdə buğda üzrə orta məhsuldarlığın hər hektardan 5 tona çatdırılmasıdır. Pambıqçılıqda da orta məhsuldarlığın ölkə üzrə 5 tona yüksəldilməsi nəzərdə tutulur.
"Müasir suvarma və aqrotexniki qulluq tədbirlərinin tətbiqi digər kənd təsərrüfatı məhsulları üzrə də məhsuldarlığın artmasına imkan verəcək. Dövlət Proqramının əsas məqsədi isə daha az resurs sərf etməklə hər hektardan daha çox və keyfiyyətli məhsul əldə olunmasına nail olmaqdır", - deyə Məcnun Məmmədov əlavə edib.