4 nəsildir qalayçılıqla məşğul olan Zahid Eyvazovun 4 övladı da bu sənəti davam etdirir
Misgərlik sənətinin tərkib hissəsi olan qalayçılıq Dağıstanda, Azərbaycanda Bakı, Quba, Şəki, Gəncə, Naxçıvan, Şamaxı, Şuşa və Lahıcda geniş yayılmışdı. XIX əsrdən başlayaraq İsmayıllı rayonundakı Lahıc kəndi də misgərliyin və qalayçılığın əsas mərkəzinə çevrildi. Lahıc ustalarının mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, güyüm, teşt, məcməyi, sini, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyə və digər yerlərdə də yaxşı tanınmağa başlandı.
Heydər Əliyev Fondunun dəstəyi ilə bu sənət dünyada tanıdılır
Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun dəstəyi ilə "Lahıcın misgərlik sənəti" (buraya qalayçılıq da daxildir) 4 dekabr 2015-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu, Azərbaycanın keçmiş dövrlərdən formalaşan mədəni dəyərlərinə verilən qiymətlə yanaşı, bu sənətin qorunması üçün və gələcək nəsillərə çatdırılmasına yeni stimuldur.
Xalq sənətkarlığının dərin və zəngin ənənələrinin mövcud olduğu ölkəmizin bəzi şəhər və rayonlarında qalayçı emalatxanaları və bu sənəti yaşadanlar var. Yəqin ki, bölgələrdə, xüsusən də yay aylarında kəndbəkənd gəzən qalayçıları yaşlı nəsil yaxşı xatırlayır. Bu "səyyar" ustalar bəzən bir gün, iki gün kənddə olar, camaatın nə qədər köhnəlmiş, pas atmış, deşilmiş, sınıq-salxaq qab-qazanı olsa belə götürüb təmizləyib-qalaylayıb yararlı vəziyyətə gətirərdilər.
Əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülən bu sənət növü Bakıda da varlığını yaşatmaqdadır. Bəlkə də çoxlarınız müşahidə etmisiniz: şəhərin qədimdə Quba meydanı kimi tanınan ərazisində, köhnə Kömürçü bazarının yaxınlığında C.Məmmədquluzadə küçəsində neçə-neçə qalayçı emalatxanası fəaliyyət göstərir. Marağımızı gizlətməyib ərazidə yaxşı tanınan usta Zahidin emalatxanasına dönürük. Bu emalatxanada xalqımızın müəyyən dövr tarixini özündə ehtiva edən neçə-neçə qədim məişət avadanlığı nümunələri ilə tanış oluruq.
Usta Zahid Eyvazov 50 ildən çoxdur bu sənətdədir. Dörd oğlu var - Elşad, Elxan, Orxan, Cəlal. Onlar da boyları qalxandan ataları ilə birlikdə bu emalatxanada qalayçılıqla məşğul olurlar.
Usta Zahid bu sənətə gəlişinin tarixçəsi barədə deyir:
- Mən əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindənəm. Bizim nəsil, ümumiyyətlə, atam, atamın atası Rahid kişi, onun da atası, babası Məşədi Zahid, eləcə də ulu babası Lahıcda misgərliklə, qalayçılıqla məşğul olublar. Mənim ailəm dördüncü nəsildir ki, bu sənəti davam etdirir. Qədimdə, çox uzağa getməyək, elə sovet dönəmində də lahıclılar müxtəlif rayonlara, kəndlərə gedər, qalayçılıq edərdilər.
Atam Kiçikağa o zaman qardaşları ilə birlikdə Dərbəndin Qasımkənd kəndində misgərliklə, qalayçılıqla məşğul olurdu. Əsasən misdən səhəng və güyüm düzəldib satırdı. Ətraf kəndlərdən camaatın gətirdiyi köhnə, əldən düşmüş güyüm, aşsüzən, kəfkir, kasa, cam, çıraq, iri xeyir-şər qazanları, tiyanları və məişətdə işlənmiş digər köhnə əşyaları naşatır tozu ilə təmizləyib qalaylayırdı, deşilmişləri, yanmışları lehimləyərdi, bir sözlə, əvvəlki görkəminə salardı. 14 yaşım olardı, Qasımkəndə atamın yanına getdim, işi çox olurdu, bütün günü ona, əmilərimə kömək edirdim, qalayçılıqla məşğul olurdum.
1993-cü ildən Bakıdayam, şəhərə təzə gəlmişdim, dayandığımız bu yerdən keçib Kömürçü bazarına gedirdim. Gördüm, bax, bu durduğumuz yerdən təxminən 10 metr o yana bir qalayçı yanmış köhnə samovarın deşiyini tutmaq üçün ha o tərəf-bu tərəfə çevirir, amma alındıra bilmir. Bir xeyli tamaşa etdikdən sonra yaxınlaşıb inciməsin deyə, xahiş etdim ki, "usta, ver onu mən düzəldim" ... Tərəddüdlə üzümə baxıb əlini samovardan çəkdi. Heç 10-15 dəqiqə çəkmədi, samovarın odduğundakı yanan yeri təmizlədim, yırtığı lehimləyib qaydasına saldım...
Usta ilə ürəyimdən keçən söhbətimiz oldu, təsadüfi tanışlıqla yenidən bu sənətə qayıtdım, elə o vaxtdan, təxminən 32 ildir bu emalatxanada çalışıram. Hələ bu vaxtadək müştəri ilə bir giley-güzarım, gördüyüm işdən narazı qalanı olmayıb.
Təsadüfi görüş
Söhbətin bu yerində orta yaşlı bir nəfər əlində misdən hazırlanmış köhnə şamdan emalatxananın girişində göründü, salam-kalamdan sonra içəri keçib: "Usta, bu şamdanın bir gözü sıradan çıxıb, heyfim gəlir, qədim əşyaların pərəstişkarıyam, özü də yadigardır. Görün, bunu əmələ gətirmək mümkündürmü".
Usta Zahid şamdanı alıb o tərəf-bu tərəfinə baxdı, "Düzələr" deyib əli ilə oğlu Elşada işarə etdi, "götür düzəlt".
Məqamdan istifadə edib şamdanın sahibi ilə də tanış oluruq: - Azərbaycan Dövlət Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasının professoru Mübariz Əliyev.
Onun haqqında 2020-ci il Vətən müharibəsinin Zəfər qələbəsindən sonra döyüşçü həkimlər haqqında material toplayanda eşitmişdim, odur ki, ehtimalla soruşdum: "Mənə elə gəlir siz Qarabağ savaşında..."
- Bəli-bəli, Birinci Qarabağ savaşında, həm də 44 günlük Vətən müharibəsinin ilk günündən son gününədək cəbhədə həkim kimi çalışmışam. Səngərlərdə, çadırlarda qeyrətli vətənpərvər əsgərlərin xidmətində olmuşam. Bunu özümə şərəf bilirəm.
Bu an Zahid usta "Bizim qəhrəman əsgərlərin, sizin kimi fədakar insanların qanı-canı bahasına 30 illik erməni işğalından azad edilən Qarabağdakı quruculuq və bərpa işlərində mən də bir sənətkar kimi iştirak edirəm. Ötən ilin əvvəllərində Şuşadakı Yuxarı Gövhər ağa məscidinin minarələrini bərpa etmişəm. Cari ilin əvvəllərində Şuşada bərpa edilən qədim hamamdakı vannaları, abgərdanları mən düzəltmişəm" dedi.
Bu an Elşad əlindəki şamdanı necə düzəldib yaraşığa salmasına atası "rəy" verdikdən sonra Mübariz müəllimə üzünü tutub dedi: "Buyurun, baxın, hazırdır".
Qalayçı qardaşlar
Mübariz müəllim heyranlıqla şamdana baxa-baxa dilləndi: "Bu şamdan ötən əsrin 60-cı illərindən evimizdədir, Rusiyanın Tula samovar zavodunun istehsalıdır. Ay usta, əllərinə qüvvət, çox sağ ol, elə bil indicə mağazadan alınıb..."
Xatırladaq ki, Elşadın 34 yaşı var, Azərbaycan Texnologiya Universitetini bitirib, amma sənətə olan həvəsi onu bu emalatxanadan ayrılmağa imkan verməyib. 20 ildir ki, atasının emalatxanasında qalayçılıqla məşğuldur. Ailəlidir, üç övlad atasıdır. Elxan da ailəlidir, amma Orxan subaydır, Cəlal hələ yeniyetmədir. Elxan 13, Orxan isə 7 ildir qalayçılıqla məşğuldurlar, Cəlal isə boş vaxtlarında gəlib atasına və qardaşlarına kömək edir, qalayçılıq sənətini mənimsəməyə çalışır.
Qalayçı Elxan söhbətində bildirdi ki, bura turistlər daha çox gəlirlər. Əşyalara baxıb müəyyən suallar verirlər, hətta şəkil çəkdirənlər də olur. Bəziləri müəyyən antik əşyaları hədiyyə üçün alırlar.
Diqqət və qayğı
Usta Zahid bu sənətin özünəməxsus incəliklərindən söhbət edərkən ona dəyər verənləri ehtiramla yada saldı:
- Bu sənətin inkişafında, ailəmizin təminatlı dolanışığında Ulu Öndər Heydər Əliyevin boynumuzda böyük haqqı var. Biz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hələ Azərbaycana birinci rəhbərlik etdiyi dövrdən onun sərəncamı ilə vergidən azad edilmişik. Aydan-aya vergi ödəmədən yalnız hesabat veririk. Bu, sənətimizə böyük dəyər, bizə isə dövlət səviyyəsində əvəzsiz qayğıdır. Bu gün də dövlət qayğısı ilə əhatə olunmuşuq.
Hazırda Şuşada, Xankəndidə və digər ərazilərdəki yerli tarixi abidələrin, məscidlərin, qədim hamamların və digər tikililərin bərpasına dair bəzi lazımi avadanlıqların və əşyaların hazırlanması ilə də məşğuluq. Aldığımız sifarişlər bizi məmnun edir. Qürurlanırıq ki, Qarabağda gedən bərpa-quruculuq işlərində mənim və övladlarımın da əməyi var.
COP29 üçün suvenirlər hazırlanır
Fərdi qaydada sellofanlara bükülərək emalatxananın görməli yerində sərgilənmiş suvenirlərin diqqətimizdən yayınmadığını görən Elşad dilləndi:
- Görürsünüz, Bakı, "Qubinka" necə dəyişib. Müasir tipli yaşayış binaları, salınan yaşıllıqlar göz oxşayır. Bizim məhəlləyə indi turistlər çox gəlir, onların arasında vaxtilə Bakıda - bu ərazilərdə yaşamış insanlar da olur, bəzən bizdən soruşurlar "burada, bu ünvanda, filan məhəllədə filankəslə qonşu olmuşduq, bilmirsiz indi onlar hansı səmtdə yaşayırlar?! Turistlər bəzən qədim əşyalara tamaşa edə-edə şəkil çəkdirirlər. Qalayçılığa dair çoxlu bilgilər əldə etməyə çalışırlar.
Qalayçılıq incə sənətdir. Tamaşa etdiyiniz bu qədim suvenirləri ordan-burdan tapıb gətirib, üstündə işləmişik, onlara yaraşıq vermişik. Noyabrda COP29-a görə şəhərimizə xeyli qonaq gələcək. Bütün şəhər bu mötəbər tədbirə hazırlaşır. Öz növbəmizdə biz də buna hazırlıq görürük. Təcrübədən bilirik ki, onların çoxu şəhərimizi gəzməyə çıxarkən burada da olacaq. Hədiyyəlik əşyalarla maraqlanacaqlar, hətta aldıqları da olacaq. İnanırıq ki, COP29-a gələn xarici turistlər mədəni irsimizin yadigarı olan qalayçılıqla heyranlıqla tanış olub, işlərimizdən zövq alacaqlar.
Rəhman SALMANLI,
İlham BABAYEV (foto),
"Azərbaycan"