Azərbaycanı gözü götürməyənlər bir daha anladılar ki, bizim etibarlı müttəfiqimiz və sadiq dostlarımız var
İndi siyasətçilərin tez-tez işlətdikləri "yeni dünya düzəni yaranır" sözlərinin arxasında dəhşətli faktlar dayanır: prosesdə bir çox dövlətin dünyanın siyasi xəritəsindən silinməsi gözlənilir. Bu gün Rusiyada mühüm dövlət vəzifəsi tutan məmurların, Duma deputatlarının və siyasətçilərin SSRİ-nin bərpası barədə verdikləri aqressiv bəyanatlar bunu bir daha təsdiq edir.
İkinci Dünya müharibəsindən sonra sərhədlərin toxunulmazlığı barədə qəbul edilən qərarlara artıq əhəmiyyət verilmir. İndi dövlətlərin ərazi bütövlüyünü özündə ehtiva edən Helsinki Yekun Aktının adını belə çəkən yoxdur. Rəsmi olmasa da, qeyri-rəsmi şəkildə bu sənəd qüvvədən düşmüş hesab olunur. İndi gücə və yaranan yeni reallıqlara əsaslanıb qərarlar qəbul edilir.
Biz bunu öz acı təcrübəmizdən yaxşı bilirk. 30 il torpaqlarımız işğal altında olanda üzdə bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü qəbul etsə də, onun həyata keçməsi üçün heç bir təsirli tədbir görmədilər. Azərbaycan məcbur olub BMT-nin 51-ci maddəsinə uyğun olaraq, güc tətbiq edib ərazi bütövlüyünü təmin etdi. Hətta bundan sonra da bizim BMT-nin Nizamnaməsinə uyğun atdığımız addıma qarşı çıxan qüvvələr hələ də fəal şəkildə işğalçı Ermənistanı dəstəkləyir, silahlandırırlar.
Dünyanın nüfuzlu siyasətçilərinin fikri belədir ki, yeni dünya düzənində hansı dövlətlər iqtisadi və hərbi cəhətdən güclü olsalar, onlar dövlətçiliyi və ərazi bütövlüyünü qoruya biləcəklər. Bunun üçün həm də güclü və etibarlı müttəfiqlər lazımdır. Prezident İlham Əliyevin apardığı xarici siyasətdə bu məsələ öndə durur. Mayın 28-də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən Zirvə görüşü buna sübutdur. Həmin görüşün mayın 28-də keçirilməsinin xüsusi mənası var idi. Bu, bizə qarşı birləşən düşmənlərimizə müstəqilliyimiz və ərazi bütövlüyümüzün toxunulmazlıq mesajı idi. Həmin tədbirin işğaldan azad edilən ərazidə keçirilməsi isə dünyaya Azərbaycanın iqtisadi cəhətdən güclü dövlət olduğunu bəyan edirdi. Həm də bəyan olunurdu ki, Ermənistandan gələ biləcək hərbi təcavüzdən çəkinmirik, ərazimizin toxunulmazlığını qorumaq iqtidarındayıq. Ən əsası isə dünyaya bir daha göstərildi ki, Azərbaycan tək deyil, onun hərbi-siyasi cəhətdən Türkiyə və Pakistan kimi etibarlı, güclü müttəfiqi və dostu var.
Bu iki dövlətin bizim etibarlı müttəfiqimiz və dostumuz olması 44 günlük Vətən müharibəsində də göründü. Bir çox dövlət açıq şəkildə işğalçı Ermənistanı dəstəklədikləri halda, onlar bizim yanımızda olduqlarını bildirdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bəyan etdi: "Babamın oğlu olsa belə göz yaşına baxmaram". Pakistandan gələn bəyanat da çox kəsərli idi. Dövlət səviyyəsində bəyan olundu ki, Pakistan bütün hərbi və siyasi gücü ilə Azərbaycanın yanındadır. Unutmayaq ki, Türkiyə NATO-nun üzvü, Pakistan nüvə silahına malik ölkədir.
Həmin dövr Rusiya televiziya kanallarında gedən gərgin siyasi debatlarda erməniəsilli və erməniyanlı siyasətçilər Rusiyanın Azərbaycana birbaşa hərbi müdaxilə etməsini tələb edirdi. Onlara bir rus politoluqunun cavabı belə oldu: "Sizin Türkiyə və Pakistanın verdiyi bəyanatlardan xəbəriniz varmı?" Cavabını da özü verdi: "Ərdoğan 85 minlik ordu ilə Ermənistan və Naxçıvan sərhədindədir. Atom silahına malik Pakistan isə bütün hərbi-siyasi gücü ilə Azərbaycanın yanındayam deyir. Bizə bu dövlətlərlə müharibə aparmaq lazımdır?"
Heç kəsə sirr deyil ki, bu gün bir sıra xristian ölkələrində islamofobiya hökm sürür. Biz bunu Ermənistanın torpaqlarımızı işğal edəndə Qərbin Ermənistanı müdafiə etməsində də gördük. Təəssüf ki, indinin özündə də bu məkrli siyasət davam edir, özü də daha ciddi, daha təhlükəli. Dünyada baş verən siyasi proseslərə diqqət yetirdikdə görürük ki, bütün islam dövlətlərinə qarşı Qərb tərəfindən ardıcıl olaraq süni şəkildə problem yaradılır. Məsələn, Türkiyənin güclü dövlət olmaması üçün 40 il PKK-nı açıq və gizli şəkildə dəstəklədilər. Maraqlısı odur ki, PPK-nı dəstəkləyən ölkələr arasında Türkiyənin NATO üzrə müttəfiqləri də var idi. Türkiyənin onlarla bir hərbi-siyasi ittifaqda olması belə islamofobiyadan çəkindirmədi.
Məlum olduğu kimi, Pakistanla Hindistan arasında Kəşmir üstündə dəfələrlə müharibələr baş verib. Bütün müharibələrdə də Hindistan üstün olub. Son hərbi toqquşma baş verəndə hərbi və siyasi analitiklər yenə də Hindistanın Pakistandan güclü olması, qalib gələcəyi barədə fikirlər səsləndirirdilər. Ancaq bu dəfə onlar yanıldılar. Döyüşlərə ilk başlayan Hindistan atəşkəs barədə müraciət etməyə məcbur oldu. Çünki Pakistan həmin Pakistan deyildi, Hindistan kimi nəhəngə cavab verməyi bacaran qüdrətli dövlət idi.
Laçında keçirilən Zirvə görüşündə dövlətimizin başçısının Türkiyə və Pakistanın 44 günlük Vətən müharibəsində mənəvi və siyasi cəhətdən yanımızda olmaları barədə dediyi sözlər xalqımızın qədir bilməsindən xəbər verir. Prezident İlham Əliyev demişdir: "Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik".
Bu fikirlərsə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur: "Qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan, eyni mədəniyyət mühitindən bəhrələnən ortaq idealları bölüşən üç qardaş ölkəyik. Təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib ölkələrimizin arasındakı bağları daha da gücləndiririk. Birliyimizi strateji tərəfdaşlığa çevirməyə yönəlmiş hər bir addımın arxasında olduğumuzu xüsusilə vurğulamaq istəyirəm".
Elə bu səbəbdən Laçında keçirilən Zirvə görüşü dünyada geniş rezonans doğurdu. Çünki bu görüşdə Azərbaycan, Türkiyə və Pakistan baş verə biləcək bütün sınaqlara hazır olduqlarını nümayiş etdirdilər. Bəzi məlum ölkələr anladılar ki, Azərbaycana qarşı atılan hər hansı yanlış addım üç güclü dövlətin müqavimətinə tuş gələ bilər.
Rüstəm KAMAL,
"Azərbaycan"