01 Avqust 2024 02:12
97
CƏMİYYƏT
A- A+

Laçına növbəti köç karvanı getdi

 

Vətən müharibəsindən sonra həyata keçirilən məqsədyönlü və genişmiqyaslı işlər sayəsində keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışı prosesi sürətlə davam edir. Böyük qayıdışın əsas ünvanlarından biri Laçın rayonudur. Hazırda həm Laçın şəhərində, həm də rayonun Zabux və Sus kəndlərində məskunlaşma var.
Dünən Laçın növbəti qayıdış karvanını qarşılayıb. Bu mərhələdə rayona respublikamızın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 18 ailə - 60 nəfər köçürülüb. 
Qürurverici haldır ki, artıq 2036 ailə - 7901 nəfər öz istəyilə dədə-baba yurduna qayıdıb. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 552 ailə (2031 nəfər) Laçın şəhərində, 822 ailə (3132 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 147 ailə (570 nəfər) Şuşa şəhərində, 44 ailə (169 nəfər) Xocalı şəhərində məskunlaşıb.

 

"Xoşbəxtlik budur"

Doğma torpaqlarına qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. 
Uzun illərdir yurda dönüşünü səbirsizliklə gözləyən keçmiş məcburi köçkün Sima Nəsibova deyib ki, bu gün onlar üçün çox gözəl və özəl gündür: "Çünki doğma yurdumuza qayıdırıq və mən də bu qayıdışın sevincini yaşayıram. Nəhayət, uzun illərin həsrəti bitir. Laçını yenidən qurub-yaradacağıq, əvvəlkindən daha gözəl, abad vəziyyətə gətirəcəyik".
Laçın sakini Tahir Bəndəliyev söyləyib ki, torpaqlarımızın azadlığını, bu yerlərə qayıdışı 30 ildən artıq arzu ediblər: "Bu gün vətənə köçürük. Bizim üçün çox sevindirici gündür. Bu böyüklükdə arzuya çatmışıq. Xoşbəxtlik budur".
32 yaşında yurdundan didərgin salınan keçmiş məcburi köçkün Əkbər Kərimov indi əzəli torpaqlarına 64 yaşında, nəvələri ilə qayıdıb. O qeyd edib ki, Laçında ilk işi doğmalarının məzarını ziyarət etməkdir. Laçın sakininin sözlərinə görə, bu günü illərlə arzulayıb, xəyal ediblər. Bu gün isə artıq arzuları, xəyalları çin olub. 

 

Sakinlərin rifahı üçün bütün addımlar atılıb

Yurdlarına qovuşan sakinlər Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar. Sakinlərin rifahının yüksəldilməsi və işlə təminatı istiqamətində də mühüm tədbirlər görülüb, rahat və firavan həyat şəraiti üçün lazım olan infrastruktur yaradılıb və proses davam edir.
Laçınlıların istirahətinin səmərəli təşkili də diqqətdən kənarda qalmayıb. İşğaldan əvvəl Laçın şəhərində fəaliyyət göstərən kinoteatrın binası yenidən bərpa olunaraq istifadəyə verilib. Həkəri çayının sahilində bulvar yaradılıb. Burada çay üzərində körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb. İşğal dövründə Laçında tarixi mədəni abidələr, Ağoğlan məbədi, Soltan Əhməd sarayı, Qız qəbri abidəsi və digər onlarla tarixi tikililər də vandalizmə məruz qalmışdı ki, onlar da Heydər Əliyev Fondu tərəfindən bərpa olunur.
İşğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi, Laçın da "yaşıl enerji zonası" elan edilib. Burada ərazilərdə ekoloji cəhətdən təmiz və səmərəli enerji mənbələrinin yaradılması istiqamətində fəal iş aparılır. Bu da ölkəmizin qlobal ekoloji böhranla mübarizə sahəsində mühüm əhəmiyyət kəsb edir.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video