22 Noyabr 2022 01:16
1187
SİYASƏT
A- A+

Kremldə ucalan şanlı Azərbaycan bayrağı

 

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilməsindən 40 il ötür. Heydər Əliyevin 1982-ci il noyabrın 22-də Kommunist partiyasının və ümumilikdə sovet dövlətinin siyasi kursunu müəyyənləşdirən ən ali orqanın üzvü seçilməsi, noyabrın 24-də isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi xalqımızın Ulu Öndərinin öz vətəninə uğurlu rəhbərliyinin məntiqi nəticəsi idi. Heydər Əliyevin sovet dövlətinin ali rəhbər strukturlarına irəli çəkilməsi həm də bütövlükdə  Azərbaycanın, xalqımızın nailiyyəti idi.

 

Aqrar ölkədən sənaye respublikasına…

 

1969-cu ildən Azərbaycana rəhbərlik edən  Heydər Əliyevin bu vəzifədə həyata keçirdiyi tədbirlərin, apardığı islahatların nəticəsi olaraq əldə olunan uğurlar respublikamızın sovet dövrü tarixinin qızıl səhifələridir. Heydər Əliyev ilk gündən respublikamızın problemlərini, çətinliklərini  düzgün və obyektiv şəkildə müəyyənləşdirməklə,  onların aradan qaldırılması, həlli üçün böyük qətiyyət və prinsipiallıq nümayiş etdirirdi. Bütün bunların nəticəsi kimi hələ Ulu Öndərin fəaliyyətinin ilk vaxtlarından respublikaya vətənini və xalqını sevən bir şəxsin rəhbərlik etdiyi göz önündə idi.
Zəngin iqtisadi potensialına rəğmən, buna qədər ümumi məhsul istehsalına görə ittifaqın geridə qalmış respublikalarından olan, daha çox kənd təsərüfatı ilə tanınan Azərbaycan məhz Ulu Öndərin sayəsində ən qısa zamanda qabaqcıl sənaye respublikasına çevrilmişdi. Artıq 1980-ci ildə sənaye məhsulu istehsalının həcmi 1970-ci illə müqayisədə 2,9 dəfəyə qədər artmışdı. Sənayenin maşınqayırma sahəsində məhsul buraxılışının həcmi 5,3 dəfə artmışdı. Bu dövrdə kimya və neft-kimya sənayesində 3 dəfədən çox, yeyinti sənayesində 4 dəfədən çox artım qeydə alınmışdı. Bununla yanaşı, Ulu Öndərin həyata keçirdiyi tədbirlər aqrar sferada da məhsul artımı ilə müşayiət olunmuşdu. Belə ki, pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq, bostan və tərəvəzçilik, eləcə də heyvandarlıq məhsullarının istehsalı 1969-cü ilə nisbətən 1982-ci ildə 2,5 dəfədən çox artmışdı.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində neft sənayesi özünün yeni inkişaf dövrünə qədəm qoymuş, elektrik enerjisinin istehsalı əvvəlki dövrlərlə müqayisədə artmış, Sumqayıtda yeni kimya müəssisələri yaradılmışdı. Bu dövrdə respublikanın yol-nəqliyyat infrastrukturu da inkişaf etmiş, yeni avtomobil və dəmir yolu xətləri tikilib istifadəyə verilmişdi. 
Bakının sürətli inkişafı da Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Məhz Ulu Öndərin vətən sevgisinin nəticəsi idi ki, Bakı şəhəri əhəmiyyətli dərəcədə böyümüş, yeni metrostansiyalar inşa olunmuş, paytaxtın mənzil fondu artmışdı. Ümumilikdə isə 1971-1982-ci illərdə respublikada 18 milyon 293 min kvadratmetr mənzil sahəsi tikilib istifadəyə verilmişdi. "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı", - deyə Ulu Öndər Heydər Əliyev o illər barədə danışarkən deyib. 

 

Heydər Əliyev Moskvada çalışdığı dövrdə də Azərbaycanın inkişafına diqqət və qayğı ilə yanaşırdı

 

Heydər Əliyevin Azərbaycana uğurlu rəhbərliyi nəticəsində respublikamızın uğurları SSRİ miqyasında nümunəyə çevrilmişdi. Bunun məntiqi nəticəsi kimi Heydər Əliyev 1982-ci il 22 noyabrda Sov. İKP MK-nın Siyasi Büro üzvü seçildi. Həm Siyasi Büroya seçilməsi, həm SSRİ kimi nəhəng bir dövlətin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi  Heydər Əliyevin böyüklüyünün təcəssümü idi. Bütün bunlar Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafının təsdiqi idi. Heydər Əliyevin SSRİ rəhbərliyinə irəli çəkilməsi xəbəri Azərbaycanda da sevinclə qarşılanmış,  bayram əhvali-ruhiyyəsi yaratmışdı. Əlbəttə ki, bir azərbaycanlının SSRİ-nin rəhbərliyində təmsil olunması qürurdoğuran hal idi.  
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi bir çox sahələr Heydər Əliyevin nəzarəti altında idi. Ulu Öndər SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edirdi. Məhz Heydər Əliyevin təcrübəsi, yüksək təşkilatçılıq qabiliyyəti nəticəsində həmin sahələrdə ittifaq üzrə yüksək göstəricilər əldə olunmuşdu. Ulu Öndərin xarici ölkələrə səfərləri, Moskvada xarici dövlətlərin rəsmiləri ilə keçirdiyi görüşlər isə SSRİ-nin xarici əlaqələrinin inkişafında böyük rol oynamışdı. Çünki Heydər Əliyevin şəxsində isə bütün dünya həm də Azərbaycanı və xalqımızı daha yaxından tanıdı. 
Ümummilli Lider Heydər Əliyev Moskvada çalışdığı dövrdə də Azərbaycanın inkişafına xüsusi diqqət və qayğı ilə yanaşdı. Xalqa və doğma Vətənə bağlılığın nəticəsi idi ki, Ulu Öndər əlində olan bütün imkanlardan respublikamızın yüksəlişi üçün səmərəli şəkildə bəhrələndi. İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu.  Bu mənada Heydər Əliyevin sovet dövlətinin ali rəhbərliyində təmsil olunması Azərbaycanın da qarşısında yeni uğurlar açmışdı.
Heydər Əliyevin qətiyyəti, vətənpərvərliyi nəticəsində ermənilərin Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin Ermənistana birləşdirilməsi ilə bağlı niyyətləri o dövrdə baş tutmamışdı. Hələ Azərbaycana rəhbərlik etdiyi dövrdə Ulu Öndər Ermənistanın bütün iddalarının qarşısını almışdı. Moskvada işləyərkən də Heydər Əliyev Azərbaycanı layiqincə qorudu, ermənilərin iddialarının baş qaldırmasına imkan vermədi. Heydər Əliyevin 1987-ci ilin oktyabrında Siyasi Büronun və Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdikdən sonra ermənilər Azərbaycana qarşı açıq şəkildə ərazi iddialarını irəli sürdülər.
Heydər Əliyev uzaqgörən siyasi xadim, xalqının yanında olan böyük şəxsiyyət idi. Heydər Əliyev vəzifələrindən istefa verdikdən sonra da xalqının yanında oldu, sovet rəhbərliyinin Azərbaycana qarşı haqsızlıqlara, xalqımıza qarşı törətdiyi cinayətlərə görə etiraz səsini ucaltdı. Ulu Öndər öz dühası ilə xalqımızın milli-azadlıq mücadiləsini gücləndirdi, Azərbaycanı müstəqilliyə aparan yollarda tarixi xidmətlər göstərdi. Bu tarixi missiyanın davamı kimi Heydər Əliyev həm də müstəqilliyimizi qorudu, müasir Azərbaycan dövlətinin banisinə, xalqımızın Ümummilli Liderinə çevrildi. 
Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki Prezident İlham Əliyev Azərbaycana bəxş etdiyi uğurlarla, qələbələrlə həm də Ümummilli Lider  Heydər Əliyevin arzularını həyata keçirir, ideyalarının gerçəkləşməsini layiqincə təmin edir.  Heydər Əliyevin təməllərini yaratdığı inkişaf İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə və uğurla davam edir. Azərbaycanın tarixinin ən qüdrətli dövrünü yaşaması məhz bu inkişafın təntənəsidir. 

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video