Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsidir. Dövlət başçısının bununla bağlı tövsiyəsi əsasında əksər dövlət qurumları yanında könüllülər hərəkatı yaradılıb.
2009-cu ildə "Könüllü fəaliyyəti haqqında" qanunun qəbul edilməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında xüsusi rol oynadı. Qanuna əsasən, könüllü fəaliyyəti əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi, insanpərvərliyin və dözümlülüyün təbliği, istehlakçıların hüquqlarının qorunması, hüquqi və mədəni maarifləndirmə, uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı, idmanın inkişafı, xəstəliklər və epidemiyalar barədə məlumatlandırma, sağlam həyat tərzinin təbliği üzrə həyata keçirilir. Həmçinin ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması, silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi, idmanın inkişafı, cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi kimi sahələr qanunda öz əksini tapıb.
Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il ölkəmizdə "Könüllülər ili" elan edildi. Sərəncamda bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımların atıldığı, normativ hüquqi bazanın təkmilləşdirildiyi, dövlət dəstəyi mexanizmlərinin formalaşdırıldığı bildirilib: "Könüllülük bir çox fəaliyyət sahəsinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. "ASAN Könüllüləri", "Regional İnkişaf" İctimai Birliyi, "Bir" Tələbə Könüllüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır".
Ötən illər ərzində ölkəmizdə könüllü təşkilatlarının sayı artıb, əhatə dairəsi genişlənib. Hazırda bu proses davam etməkdədir.
Respublikamızda "Gənc Könüllülər", "ASAN Könüllüləri", "RİİB Könüllüləri", "BİR" Tələbə Könüllüləri, "Aqrar İnkişaf Könüllüləri", "KOB Könüllüləri", "Miqrasiya Könüllüləri", "Ədliyyə Könüllüləri" və başqa qurumlarda müxtəlif könüllü təşkilatlarının fəaliyyəti uğurlu olub.
Bu il ölkəmizin həyatında mühüm hadisəyə çevrilən növbədənkənar prezident seçkilərinin baş tutmasında da könüllülərin fəaliyyəti təqdirəlayiq oldu. "Gəncin səsi, Gələcəyin səsi!" şüarı ilə reallaşan səfərlər Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirildi. Ötən ilin 28 dekabr tarixindən start verilən səyyar görüşlər ölkəmizin bir çox bölgəsini əhatə etdi. Maarifləndirici-əyləncəli formatda təşkil olunan görüşlər ilk olaraq Şirvan, Sabirabad və Şamaxıda baş tutdu. Seçki könüllüləri daha sonra respublikamızın Ağdaş, Ağcabədi, Mingəçevir, Naxçıvan, Masallı, Goranboy, Şərur, Qazax, Lənkəran, Culfa, Şahbuz, Şəki, Ordubad, Qəbələ, İsmayıllı və digər yerlərində oldular. Keçirilən görüşlərin əsas məqsədi 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcək region gənclərinə seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydaları barədə ətraflı məlumat vermək və bütün gəncləri seçkidə fəal iştiraka səsləmək idi. Gənclərlə görüş zamanı maarifləndirmə sessiyaları ilə yanaşı, rəqəmsal texnologiya barədə məlumat sessiyaları, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər, müxtəlif oyunlar və musiqili əyləncələr də təşkil edildi.
2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi qürur verən tariximizdir. Bu tarixi yazanlar arasında könüllü gənclərimizin müstəsna yeri oldu. Prezident İlham Əliyev Azərbaycan Könüllülərinin V Həmrəylik Forumunun iştirakçılarına təbrik məktubunda qeyd etdiyi kimi, minlərlə könüllü 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana müqəddəs övladlıq borcunu şərəflə yerinə yetirmişdir: "Müharibədə qazandığımız parlaq Zəfərdən sonra ölkəmiz üçün artıq yeni dövr başlamışdır. Xalqımız müharibə meydanında nümayiş etdirdiyi hünəri azad olunmuş torpaqlarımıza həyatın yenidən qaytarılmasına yönələn genişmiqyaslı abadlıq-quruculuq və bərpa işlərində göstərir. İnanıram ki, siz könüllülər bütün qüvvə və bacarığınızı səfərbər edərək, Böyük qayıdışın uğurla gerçəkləşdirilməsi prosesində də ön sıralarda dayanacaqsınız".
Cəmiyyətin təkanverici qüvvəsi olan gənclərimiz onlara bəslənən ümidləri yenə də doğruldurlar. Onlar bu gün işğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma işlərində də fəaldırlar. Könüllü gənclərimizin Böyük qayıdışa öz töhfələrini vermələri üçün onlara imkan və şərait yaradılıb. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliklərinin, Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və "Böyük Qayıdış" Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən "Qayıdış Könüllüləri" Proqramının əsas məqsədi işğaldan azad olunmuş rayon və şəhərlərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin ərazilərdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, həmçinin bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etməkdir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"