"Kiçik yaşlarımdan atam həkim olmağımı istəyirdi. Mən isə kimyaçı olmaq arzusunda idim. Hiss edirdim ki, mən bu sahədə uğur qazana bilərəm. Atamla vaxtaşırı dəniz kənarına gedərdik. Mazuta bulaşmış quşları, suyun üzündəki neft tullantılarını görəndə qəribə hisslər keçirirdim. Fikirləşirdim ki, bizi əhatə edən ətraf mühiti, canlı təbiəti "sağlamlaşdırmaq" daha vacibdir. Elə bu, özü də insanların sağlamlığına xidmət deməkdir. Ali məktəbə qəbul zamanı bir daha götür-qoy etdim. Yüksək bal toplamağıma baxmayaraq, həkimlik ixtisasını yox, kimyanı seçdim. Kimya həyatı öyrənən elmdir. Bu sahənin mütəxəssisi olduğum, həyatın bizə məlum olmayan hissələrini öyrəndiyim üçün işimdən çox məmnunam".
Redaksiyamızın qonağı kimya üzrə fəlsəfə doktoru Xuraman Akif qızı Məmmədova ilə elmin bu sahəsinin sirli-sehrli dünyasına səyahət etdik. Xuraman xanım deyir ki, bizi əhatə edən ətraf mühit, yediyimiz qidadan tutmuş geydiyimiz libasa kimi hər şey kimyadır. Nəzərə alsaq ki, fotosintez zamanı günəş enerjisindən istifadə etməklə bitki kimyəvi çevrilmə yolu ilə qeyri-üzvi maddələrdən (karbon qazı və sudan) mürəkkəb üzvi maddələr (şəkər və oksigen) yaradır, çəkinmədən deyə bilərik ki, həyat kimyadan ibarətdir.
Gənc kimyaçı alim Xuraman Məmmədova Akif qızı 1984-cü il avqustun 3-də Bakı şəhərində anadan olub. 2001-ci ildə Xətai rayonundakı 95 saylı orta məktəbi bitirib. 2006-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin bakalavr pilləsini, 2012-ci ildə Sumqayıt Dövlət Universitetinin fiziki kimya ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 2007-ci ildə AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasında kimyaçı vəzifəsində başlyan Xuraman Məmmədova hazırda baş elmi işçi vəzifəsini icra edir.
2019-cu ildə "Alifatik aminlər və C3-epoksidlər əsasında səthi-aktiv maddələrin alınması və tədqiqi" mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan kimyaçı-alim elmin zirvəsinə doğru uğurla addımlayır. 2020-ci ildə AMEA Neft-Kimya Prosesləri İnstitutunun elmlər doktorluğu hazırlığı üzrə dissertanturasına qəbul olub. Hazırda "C8-C18 yağ turşuları və oksialkilləşmiş aminlər əsasında səthi-aktiv maddələrin sintezi və tədqiqi" üzrə intensiv şəkildə elmi araşdırmalarını davam etdirir.
Elmi araşdırmasından danışan Xuraman xanım söhbət zamanı dedi ki, hazırda dünyanın bir çox ölkəsinin yaşadığı əsas ekoloji problemlərdən biri su hövzələrinin neft və neft məhsulları ilə çirklənməsidir. Neftin tankerlər və neft kəmərləri ilə daşınması zamanı qəza nəticəsində xam neftin böyük miqdarı hidrosferə daxil olur. Su səthinə dağılmış qalın neft təbəqəsini mexaniki vasitələrlə aradan qaldırdıqdan sonra burada nazik neft təbəqəsi qalır. Bu isə öz növbəsində su-hava sərhədində həmişə ciddi problemlər yaradır. Belə nazik neft təbəqələrini yalnız neftyığıcı və neftdispersləyici reagentlərin köməyi ilə kolloid-kimyəvi metodlardan istifadə edərək təmizləmək olar. Neftyığıcı reagentlərin köməyi ilə neft bir ləkə şəklinə salındıqdan sonra mexaniki yolla kənarlaşdırıla bilər. Neftdispersləyici reagentlər neft təbəqəsini emulsiya halına salır. Sonradan bu neft kimyəvi və biokimyəvi təsirlərə məruz qalaraq destruksiyaya uğrayır. Son zamanlar belə neftyığıcı və neftdispersləyici reagent kimi səthi-aktiv maddələrdən daha çox istifadə olunur. Bu cür təhlükənin, çirklənmənin qarşısını almaq üçün son zamanlar yeni, daha çox effektivliyə malik neftyığıcı və neftdispersləyici xarakterli səthi-aktiv maddələrin alınması və xassələrinin tədqiqi mühüm əhəmiyyət kəsb edir: "Hazırda elmi işimi yekunlaşdırmaq üzrəyəm. Hesab edirəm ki, tədqiq etdiyim sahə ətraf mühitin, su hövzələrinin neft tullantılarından təmizlənməsi üçün yeni üsul olmaqla Azərbaycan kimya elminin inkişafına yüksək töhfələr verə bilər".
Dosent Xuraman Məmmədova 101 elmi əsərin, o cümlədən 33 məqalənin, 67 konfrans materialının, müxtəlif məruzələrin tezislərinin, eləcə də 1 monoqrafiyanın həmmüəllifidir. Məqalələri bir sıra nüfuzlu nəşirlərdə - "Journal of the Korean Chemical Society" (Cənubi Koreya), "Journal of Surfactants and Detergents" (ABŞ), "Journal of Dispersion Science and Technology" (ABŞ), "Tenside surfactants detergents" (ABŞ), "Journal of Molecular Liquids" (Elsevier), "Colloids and Surfaces" (Elsevier), "Arabian Journal for Science and Engineering" (Səudiyyə Ərəbistanı) jurnallarında dərc olunub.
Xuraman Məmmədova ona elmin çətin yollarında bələdçilik edən elmi uğur qazanmasında zəhməti keçən alimlərdən də danışaraq deyir: "Xoşbəxtəm ki, özümü qürurla qəlbimizdə əbədiyaşarlıq qazanmış elmi rəhbərim, görkəmli alim AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, mərhum professor Ziyafəddin Əsədovun yetirməsi haqqına sahibəm. Fürsətdən istifadə edib elmi nailiyyətlər qazanmağımda mənə hər zaman dəstək olan məsləhətçim kimya elmləri doktoru, dosent Rəvan Rəhimova, laboratoriya müdiri kimya elmləri doktoru, dosent Gülnara Əhmədovaya dərin minnətdarlığımı bildirirəm".
Xuraman Məmmədova 2019-cu ildə AMEA-nın ayrı-ayrı elm və təhsil müəssisələrində çalışan gənc kimyaçıların elmin müxtəlif sahələrində apardıqları tədqiqatları, əldə etdikləri nailiyyətləri, aktual və müasir elmi problemlərin Azərbaycan üçün prioritet olan istiqamətlərində keçirilən "Gənc kimyaçılar elmdə" adlı müsabiqədə birinci yer tutub.
Elşən QƏNİYEV,
"Azərbaycan"