Bir ağsaqqalın öyüdü
Qabil ailəsini də götürüb Bakıya köçəndən bəri kənddə tək-tək hallarda görünürdü. Yalnız xeyrə-şərə gəlirdi, o da vaxt və imkan tapanda... Əslində neçə illər əvvəl onun şəhərə gedişini heç “köç” adlandırmaq olmazdı. Çünki Qabil Bakıya işləməyə getmişdi. Sonra görmüşdü ki, Bəyaz üçün kənddə iki körpə ilə tək qalmaq çətindir. Buna görə onları da şəhərdə kirayələdiyi kiçik, yarızirzəmi mənzilə gətirmişdi.
Dolanışıqları o qədər də ürəkaçan deyildi. Ötən müddət ərzində Qabil gah tikintidə və daş karxanasında fəhləlik etmiş, gah da Bakı bağlarındakı şəxsi evlərdə işləyərək hasar hörmüş, torpaq belləmiş, ağac əkmişdi.
Şəhərə gələndən sonra Qabilin ailə üzvlərinin sayı da artmış, üçüncü övladı dünyaya gəlmişdi. Odur ki, həyat yoldaşının işləyib ailə büdcəsinə dəstək verməsi çətinləşmişdi. Düzdür, Qabil çörəyini necə deyərlər, daşdan çıxarır və ailənin qazanı qaynayırdı. Yaşadıqları evin kirayəsini ödəyir, imkan olandan-olana uşaqların əyin-başını təzələyirdilər. Getdikcə onlar böyüyür və qayğılar artırdı. Perspektivdə isə heç nə yox idi. Məsələn, bu gedişlə Qabil şəhərdə mənzil sahibi ola bilməzdi.
Lakin kənddə Qabilin yaxşı bir evi vardı, babasından qalmışdı, atası isə onu təmir etdirmiş, genişləndirmişdi. Neçə ildir qapısı bağlı qalan, darvazasından dəmir qıfıl asılan həmin evin gülləri solmuş həyətində, ağacları qurumuş bağında o kişilərin narahat ruhu dolaşırdı. Çünki Qabil kəndə gələndə cəmi bir dəfə qapını açıb otaqlara və həyətə baş çəkməklə kifayətlənirdi. Kənddə ləngiməli olanda isə əmisigildə gecələyirdi.
Bu dəfə də belə oldu. Uzun bir qış gecəsi əmi-qardaşoğlu qarşılarında soyumaqda olan kəklikotu çayı, nədənsə, lal-dinməz oturmuşdular. Arada Qiyas əmi yorğun görünən Qabilin üzünə bir daha diqqətlə baxıb sakit, lakin qətiyyətlə:
- Kəndinə qayıt, bala, - dedi.
Qabil sanki yuxuda imiş kimi az qala dik atıldı, sonra sağ əlini alnına dayayıb gözlərini bir nöqtəyə zilləyərək əmisini axıradək belə dinlədi.
Qiyas kişi bir daha təkrar etdi:
- Tök daşı ətəyindən, kəndinə gəl, oğul. Yadımdadır, sən buralardan gedəndə vəziyyət çətin idi. O vaxtlar rəhmətlik Heydər Əliyev torpağı kəndliyə təzəcə vermişdi. Lakin onu əkib-becərməyənə texnika var idi, nə də əldə vəsait. Ölkə hələ ağır durumda idi, ayağa çətinliklə, tədricən qalxırdı. Çünki əvvəl bərbad günə salınmışdı. Səbəblərini məndən yaxşı bilirsən. Heç bağın meyvəsini bazara çıxarmaq mümkün deyildi. Saatlarla yolda qalırdıq, çünki nə yol yol idi, nə də nəqliyyat var idi. Sovetin vaxtında çəkilən qaz xətlərinin içi boş, evlər soyuq idi. Ağaclara qənim kəsilmişdik. Axşamlar elektrik lampalarının gücü yalnız “közərməyə” çatırdı. Gündüzlər isə heç işıq verilmirdi. Televizora baxmağa həsrət idik. Cavanlarımızın bir çoxu bax beləcə pərən-pərən düşdü. Bəziləri baş götürüb özgə məmləkətlərə, bəziləri də sənin kimi Bakıya, Sumqayıta getdi. O illərdə sizlərə deməyə sözümüz olmadı. Ancaq indi kənd o kənd deyil, oğul. Gör nə qədər təzə evlər tikilib. Biz Asif üçün evi bilirsən nə ilə qaldırdıq? Bax bu məhlənin kartofu, soğan-sarımsağı, göyərtisi ilə. Ata, iki oğul əl-ələ verdik, əkib-biçdiyimizi satdıq, ev tikəndən sonra Asifə toy elədik. Qarı ilə mən isə gördüyün kimi, Vasifgillə bir evdə mehribanlıqla baş-başa vermişik.
Deyim ki, indi ya kənd evi olsun, ya da şəhərdəki mənzil - heç təfavüt eləmir. Nədən ki, mətbəximizədək evin içindədir, soyuq su ilə yanaşı, isti suyumuz da var. Hələ üstəlik həyətdə yay mətbəximiz də qalır. Bacarığı olan öz yaşayışı üçün hər cür şərait düzəldib.
Sözün müxtəsəri, heç nədən korluq çəkmirik. Dövlətin kəndliyə göstərdiyi qayğıkeşlik sayəsində camaat getdikcə torpağa daha çox bağlanır. Çətinliyə düşəndə asanlıqla kredit götürüb işimizə davam edirik.
O biri rayonlarda da vəziyyət yaxşıdır. Vəsilə yadındadır də, dayım qızını deyirəm. Onu qonşu rayona gəlin apardılar, həmin vaxtdan da orada yaşayır. Cavanlıqdan bir əli dörd balasının başını sığallayanda o biri əlini torpaqdan üzmədi. Əri Hüseynlə birlikdə çalışıb gözəl ev-eşik düzəltdilər, güzəran qurdular. Həyat yoldaşı rəhmətə gedəndən sonra da Vəsilə özünü itirmədi. İndi övladları ilə birlikdə işləyir. Nə desən əkib-becərirlər - kələm, çuğundur, yerkökü... Bu tərəflərdə “qış armudu” deyilən gecyetişən bir armud sortu var, artıq itib-getməkdə idi. Vəsilə həmin armud ağaclarından yığcam bir bağ da salıb. Bir sözlə, əməlli-başlı sahibkar olub. Amma elə əvvəlki səmimi Vəsilədir, zarafatından da qalmır. Deyir ki, bibioğlu, mən işləyəndə nökər kimi işləyir, xərcləyəndə bəy kimi xərcləyirəm. İndi yollar rahat olduğundan dədə-baba yurduna tez-tez gəlir. Gələndə də hamımıza pay-parça gətirir.
Yol demişkən, indi o sarıdan da rahatıq. Yüngül maşınla rayon mərkəzinə 10-15 dəqiqəyə çatırıq. Oradan Bakıya günün istənilən vaxtında avtobuslar yola düşür. Şəhərə yol əvvəlkindən az qala iki saat az vaxt aparır. Bu yaxınlarda qəzetdə oxudum ki, son 18 ildə Azərbaycanda 19 min kilometrdən çox yeni yol çəkilib. Vallah möcüzədir!
Var olsun Prezidentimiz İlham Əliyev! Neçə dəfə rayonumuza da gəlib, camaatın qayğıları, dərd-səri ilə maraqlanıb. Əvvəl əkin yerlərini su ilə doyura bilmirdik. Bu məsələni də həll elədi. Rayon mərkəzində xalça fabriki açdı. Elə əmin qızı Cəmilə də orada işə düzəlib. O gün nəvələrim könlümə düşmüşdü, Cəmiləgilə getmişdim, işindən çox razılıq etdi.
Bala, qayıdıb kəndə gəlsən, Bəyaz gəlinim də işsiz qalmaz. İndi dövlət kəndlilərə elə evinin içində pul qazanmağa şərait yaradır. Buna özünüməşğulluq deyirlər. Qohum-qonşuda qadınlar bu yolla toyuq-cücə bəsləyirlər. Eşitmişəm ki, bəzi yerlərdə qadınlara tikiş maşını, şirniyyat bişirmək üçün işıqla işləyən soba da veriblər. İşsiz, qazancsız qalmasınlar deyə.
Sənin uşaqların təhsilindən də nigarançılığın olmasın. Sabah vağzala gedəndə yolunu kəndin təzə məktəbinin yanından salarsan. Mehriban xanımın nəzarəti ilə tikilib. Belə gözəl məktəbə bəlkə heç Bakının özündə də rast gəlməzsən.
Üzünü kəndə çevir, oğul, biz dədə-babadan torpaq adamı olmuşuq. Torpaq isə deyər ki, öldür məni, dirildim səni. Gəl, çırağını yandır, torpağını göyərt...”
Qiyas kişi gecədən xeyli keçdiyini xatırlayıb sözünə ara verdi. Sonra qardaşı oğluna yandakı otağı göstərib dedi: “Yaxşı, qalx, uzanıb dincəl, sübh tezdən yola çıxacaqsan”.
Qabil Bakıya dərin düşüncələrlə, qəlbinin dərinliyində baş qaldıran xoş ümidlərlə qayıtdı. Şəhərə günortaya yaxın çatdı. Sonbeşik oğlu ikinci növbədə oxuduğundan hələ məktəbə getməmişdi. Altıncı sinif şagirdi olan Elxan coğrafiya dərsinə hazırlaşırdı. Mətnin sonundakı sualları yazılı cavablandırmışdı. Dəftəri atasına göstərdi. Təsadüfə bax ki, suallardan birində şagirddən soruşulurdu ki, şəhərdə, yoxsa kənddə yaşamaq istər? Hər iki halda səbəbi izah etmək də tapşırılmışdı. Elxan yazmışdı ki, kənddə yaşamaq istər. Səbəbini də belə ifadə etmişdi: “Kənddə həyətlər geniş, hava saf, ətraf çox gözəldir. Kənd yollarında tıxac yoxdur. Yeməklər təzə, təmiz və çox dadlıdır. Ən başlıcası, kənddə işsiz qalmaq mümkün deyil. Çünki hər kəsin torpağı var. Əkib-becərərsən, məhsulunu həm özün yeyərsən, həm də satıb pul qazanarsan”.
Qabil baxışlarını 12 yaşlı Elxanın muncuq kimi düzdüyü sətirlərdən ayırmadan düşündü ki, lazım olan qərarı onun özündən əvvəl oğlu verib!..
Flora SADIQLI,
“Azərbaycan”