Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Biləsuvar, Cəlilabad, İmişli, Cəbrayıl, Xaçmaz, Bərdə rayonları və Bakı şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, subsidiya ödənişləri, kənd təsərrüfatı təyinatlı kreditin ayrılması, damazlıq heyvanların lizinqi, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, suvarma və digər məsələlərlə bağlı olub.
Nazir müavini hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəziləri isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə daxil olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonra nazir müavini İlhamə Qədimova rayonun Ağayrı kəndində fermer Azər Qədimova məxsus pambıq sahəsi, Qiyas Şahbazova məxsus intensiv fındıq və alça bağları, Günəşli kəndində Abdulla Abdullayevə məxsus təkrar əkin aparılan və damlama üsulu ilə suvarılan pomidor sahəsinə baxış keçirib. Fermerlərlə keçirilən görüşlərdə əkin sahələri və bağlarda müasir aqrotexniki qulluq qaydalarının tətbiqi, aqrar sahəyə dövlət dəstəyi tədbirləri, çoxillik əkinlərə verilən birdəfəlik əkin subsidiyası, intensiv bağçılığın, suvarma sisteminin genişləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər və digər mövzularda fikir mübadiləsi aparılıb. Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi tədbirləri barədə geniş məlumat verilib.