İsrailin rusdilli icması arasında aparılan sorğu nəticəsində Azərbaycan respondentlərin böyük əksəriyyəti tərəfindən ən yaxın dost ölkə kimi göstərilib. “İsrailin ən yaxın dostu olan ölkə” sualına cavab verənlərin 55 faizi məhz Azərbaycanı birinci yerdə göstərib. Azərbaycan hətta İsrailin ənənəvi tərəfdaşı olan ABŞ-ı belə geridə qoyub. Birləşmiş Ştatlar respondentlərin 52 faizi tərəfindən dost ölkə kimi qiymətləndirilib. Almaniya, Argentina və Çexiya sonrakı yerlərdə qərarlaşıb. Bu göstərici onu sübut edir ki, Azərbaycan rusdilli israillilər üçün təkcə regional tərəfdaş deyil, ardıcıl və etibarlı siyasəti sayəsində İsrailin ən yaxın dostu kimi qəbul edilir.
Bunu AZƏRTAC-a açıqlamasında israilli politoloq Yuri Boçarov bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycanın İsrail üçün strateji və əvəzsiz tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Rusdilli israillilər siyasi baxımdan ən fəal və ən məlumatlı qruplardan biri olduğuna görə, onların bu seçimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın birinci yerdə göstərilməsi onun enerji təhlükəsizliyi, texnoloji əməkdaşlıq, nəqliyyat layihələri və hərbi sahədə İsrail ilə yüksək səviyyəli tərəfdaşlığının məntiqi nəticəsidir. Azərbaycanda tarixən yəhudi icmasına olan hörmət və tolerantlıq israillilər üçün xüsusi əhəmiyyət kəsb edir.
Yuri Boçarov qeyd edib ki, sorğunun ən diqqətçəkən nüanslarından biri Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı nəticələrdir: “Dünya liderləri arasında İsrail üçün dost hesab edilən siyasi fiqurlar siyahısında Prezident İlham Əliyevin ilk sıralarda yer alması Azərbaycanın İsrail üçün strateji önəmini açıq şəkildə ortaya qoyur. Boçarov qeyd edib ki, bu, Prezident İlham Əliyevin ardıcıl, aydın və proqnozlaşdırılabilən xarici siyasətinin göstəricisidir.
Politoloq əlavə edib ki, Azərbaycanın beynəlxalq arenadakı sabit mövqeyi, İsrail ilə açıq və səmimi əməkdaşlıq xətti, eləcə də iki ölkəni birləşdirən tarixi münasibətlər rusdilli israillilər arasında böyük rəğbət doğurur. O vurğulayıb ki, Azərbaycan yalnız regionda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş kimi qəbul olunur.
“Sorğunun nəticələri Azərbaycan-İsrail münasibətlərinin gələcəkdə daha da genişlənəcəyinə işarə edir və İsrail ictimaiyyətinin Azərbaycana göstərdiyi yüksək etimad bu tərəfdaşlığın gücünü daha da artırır”, - deyə Yuri Boçarov vurğulayıb.