12 Oktyabr 2026 17:39
206
SİYASƏT
A- A+
İspaniya Azərbaycanın Avropa siyasətində mühüm yerlərdən birini tutur  

İspaniya Azərbaycanın Avropa siyasətində mühüm yerlərdən birini tutur  

İspaniya Avropanın cənub-qərbində yerləşən, minilliklərin qovşağında formalaşmış unikal mədəniyyəti, zəngin tarixi və fərqli coğrafi mövqeyilə seçilən bir sivilizasiya ocağıdır. Tarixən Roma imperiyasının, Vestqot krallığının və Əl-Əndəlüs sivilizasiyasının kəsişmə nöqtəsi olan İspaniya, həm də Boyük coğrafi kəşflər dövründə Qərb dünyasının siyasi və mədəni xəritəsini yenidən cızmış qlobal bir imperiyanın beynidir. Servantesin bədii fəlsəfəsi, Qoyyanın dərin realizmi, Pikassonun avanqardı və Qaudinin memarlıq möcüzələri ilə dünya sivilizasiya xəzinəsinə əvəzsiz töhfələr verən bu məkan, eyni zamanda flamenkonun ehtiraslı ritmində və Pireney xalqlarının azadlıqsevər ruhunda özünəməxsus kimliyini saxlayır. Bu gün İspaniya keçmişin möhtəşəm tarixi irsini müasir Avropa dəyərləri və dinamizmi ilə ahəngdar şəkildə sintez edən, yalnız Avropanın deyil, bütün bəşəriyyətin diqqət mərkəzində duran müstəsna bir mədəniyyət və elm fenomenidir.

Təsadüfi deyil ki, müasir dünyamızda da İspaniya iqtisadiyyatı Avropa İttifaqının dördüncü, dünyanın isə ən böyük aparıcı iqtisadiyyatlarından biridir. Ölkənin ümumi rəsmi qızıl-valyuta ehtiyatları təxminən 109-110 milyard avro (cari məzənnə ilə təqribən 120 milyard dollar) təşkil edir. İspaniyanın mərkəzi bankında 281.58 ton qızıl var.

Ölkə iqtisadiyyatının əsas hərəkətverici sahələri xidmət sektoru (xüsusilə turizm), avtomobil sənayesi, kənd təsərrüfatı və bərpa olunan enerji sahəsidir. Elə təkcə xidmət sektoru və turizm ümumi daxili məhsulda 70-75 faiz paya malikdir. İspaniya dünyada ən çox turist qəbul edən ilk 3 ölkədən biridir.

İspaniya yüksək inkişaf etmiş şaxələnmiş sənaye bazasına malikdir. İspaniya Avropada Almaniyadan sonra 2-ci ən böyük, dünyada isə 9-cu ən böyük avtomobil istehsalçısıdır. İstehsal olunan avtomobillərin təxminən 80 faizi xarici ölkələrə ixrac edilir. İspaniya “yaşıl enerji”yə keçid sahəsində qlobal liderlərdən biridir. Ölkədə istehsal olunan elektrik enerjisinin yarısından çoxu külək və günəş elektrik stansiyaları hesabına əldə edilir. 

Kənd təsərrüfatı və qida sənayesi ümumi daxili məhsulun 2.5-3 faizini təşkil edir. Bu  pay kiçik görünsə də, İspaniya Avropanın "meyvə-tərəvəz səbəti" hesab olunur. O, eyni zamanda dünyanın 1 nömrəli zeytun yağı istehsalçısı və ixracatçısıdır. Şərab istehsalında dünyada 3-cü yeri tutur, həmçinin sitrus meyvələri (portağal, naringi) və donuzçuluq sahəsində Avropada liderdir.

İspaniyanın xarici iqtisadi və ticarət tərəfdaşları coğrafi mövqeyinə və Avropa İttifaqı üzvlüyünə uyğun olaraq, əsasən Avropa ölkələridir. Bununla belə, ölkənin Şimali Amerika, Asiya və Şimali Afrika ilə də genişmiqyaslı ticarət əlaqələri mövcuddur. İspaniyanın ümumi ixracatının təxminən 63 faizi Aİ üzvü olan dövlətlərin payına düşür. 

Azərbaycan ilə İspaniya arasında əlaqələr orta əsrlərə gedib çıxır . İspaniya Azərbaycanın dövlət müstəqilliyini birincilər sırasında - 31 dekabr 1991-ci ildə tanımış, iki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il fevralın 11-də qurulmuşdur. Azərbaycan və İspaniya arasında müqavilə-hüquq bazası çərçivəsində bu günədək cəmi 68 sənəd imzalanmışdır. Hazırda tərəflər əlavə olaraq daha 12 sənəd layihəsini nəzərdən keçirirlər. İki ölkə arasında münasibətlər əsasən beynəlxalq hüquq normaları, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə söykənir.

2025-2026-cı illərdə Azərbaycan ilə İspaniya Krallığı arasındakı ikitərəfli münasibətlər siyasi dialoq, iqtisadi-ticarət əməkdaşlığı və elmi-mədəni əlaqələr müstəvisində dinamik şəkildə inkişaf etmişdir. İki ölkə arasında əlaqələr həm birbaşa ikitərəfli formatda, həm də Avropa İttifaqı çərçivəsində qarşılıqlı maraqlar çərçivəsində davam etdirilmişdir. Azərbaycan və İspaniya arasında siyasi əlaqələr qarşılıqlı hörmət və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq prinsiplərinə söykənir. Ötən dövr ərzində (xüsusilə Bakıda keçirilən qlobal tədbirlər və BMT-nin İqlim Dəyişmələri Konfransı – COP29 kontekstində) iki ölkənin rəsmiləri arasında vacib təmaslar baş tutmuşdur. İspaniyanın Baş naziri Pedro Sançesin Azərbaycanla bağlı qlobal müzakirələrdə iştirakı, eləcə də beynəlxalq platformalarda aparılan müzakirələr siyasi dialoqun davamlılığına töhfə vermişdir.

Azərbaycan Respublikası və İspaniya Krallığı arasında dövlət və hökumət başçıları səviyyəsində əlaqələr konstruktiv dialoq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və ikitərəfli münasibətlərin inkişafı dinamikası ilə səciyyələnir. 

Azərbaycan Respublikası və İspaniya Krallığı arasında parlamentlərarası əlaqələr iki ölkə arasındakı siyasi və diplomatik münasibətlərin vacib tərkib hissələrindən biridir. Əlaqələr qarşılıqlı səfərlər, parlament nümayəndə heyətlərinin görüşləri, səfirliklər və müvəqqəti işlər vəkilləri səviyyəsində aparılan müzakirələr vasitəsilə həyata keçirilir. Azərbaycan və İspaniya parlamentariləri ATƏT PA, AŞPA və Avropa Parlamenti kimi beynəlxalq platformalarda təmaslar saxlayır. Hər iki ölkənin qanunverici orqanları arasında iqtisadi, mədəni və humanitar sahalərdə hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində fikir mübadilələri aparılır. Parlamentlərarası işçi qrupları ikitərəfli siyasi dialoqun dərinləşdirilməsi, regional təhlükəsizlik və iqtisadi-ticarət münasibətlərinin inkişafı mövzularına diqqət yetirir. 

Son zamanlar Cənubi Qafqazda yaranmış yeni reallıqlar, sülh gündəliyi və Avropanın enerji təhlükəsizliyi məsələlərində İspaniya tərəfi regionda sabitliyin qorunmasını və kommunikasiyaların açılmasını dəstəkləyən ümumi Avropa İttifaqı mövqeyini bölüşür. İspaniya diplomatik korpusu və Xarici İşlər Nazirliyi Azərbaycanla əməkdaşlığın şaxələndirilməsində maraqlıdır.

Azərbaycan və İspaniya arasında iqtisadi və ticarət əlaqələri müxtəlif sektorları - energetika, mühəndislik, texnologiya, müdafiə sənayesi və pərakəndə satış sahələrini əhatə edir. Cari ilin sentyabrında İspaniyanın “Savener” mühəndislik şirkəti Azərbaycandakı 407 milyon dollarlıq nəhəng layihəyə qoşulub. O, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması üzrə zavodun tikintisində mühəndis-layihələndirmə işlərini yerinə yetirmək üçün seçilib. Şirkət Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması üzrə yeni qurğunun layihələndirilməsinə dair müqaviləni qazanıb. Layihə Sumqayıt Kimya Sənaye Parkının ərazisində sutkada 300 min kubmetr gücündə dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini nəzərdə tutur. 

Azərbaycan-İspaniya iqtisadi əməkdaşlığında ticarət dövriyyəsinin həcminin artırılması və enerji təhlükəsizliyi əsas yer tutur. Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ümumi ticarətində artım tendensiyası İspaniya ilə də münasibətlərə müsbət təsir göstərmişdir. İkitərəfli ticarət əməliyyatlarının həcmi milyonlarla dollarla ölçülür və hər iki ölkənin biznes dairələri əlaqələri genişləndirməyə çalışır.

İspaniya özünün enerji təchizatının şaxələndirilməsində Xəzər hövzəsinin, xüsusilə də Azərbaycanın rolunu diqqətdə saxlayır. Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyində etibarlı tərəfdaş olması İspaniya tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan nefti İspaniya bazarının enerji təminatında müəyyən paya malikdir. Enagas şirkəti İspaniyanın aparıcı qaz infrastrukturu operatorudur. “Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) konsorsiumunda (16 faiz payla) SOCAR və digər beynəlxalq tərəfdaşlarla birlikdə yer alır. Həmçinin “Técnicas Reunidas” İspaniyanın nəhəng mühəndislik və tikinti şirkətidir. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi və yenidən qurulması layihəsində əsas podratçılardan biri kimi mühüm rol oynayır.   

İspan şirkətləri kənd təsərrüfatı, bərpa olunan enerji, infrastruktur, nəqliyyat və turizm sahələrində Azərbaycandakı layihələrdə iştirak etməkdə maraqlıdırlar. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərində İspaniyanın qabaqcıl mühəndislik və tikinti şirkətlərinin təcrübəsindən istifadə imkanları da müzakirə olunur. İspaniyanın “Indra Group” şirkəti məlumat texnologiyaları, radarlar, aeronaviqasiya və müdafiə sistemləri sahəsində dünya liderlərindən biridir. Ələt Azad İqtisadi Zonasına daxil olan yeni beynəlxalq karqo hava limanının müasir hava naviqasiya sistemləri ilə təmin edilməsi layihəsini icra edir. Şirkət həmçinin Azərbaycanın müdafiə və mülki aviasiya sektorları ilə əməkdaşlığı davam etdirir.

İspaniya Azərbaycanın Avropa İttifaqındakı mühüm ticarət tərəfdaşlarından biridir. İkitərəfli ticarət dövriyyəsinin həcmi əsasən Azərbaycanın İspaniyaya ixrac etdiyi enerji daşıyıcılarından (xam neft və neft məhsulları) asılıdır. Son illərdə ticarət göstəriciləri illik olaraq yüz milyonlarla dollarla ölçülmüşdür.

İspaniya şirkətləri Azərbaycanın istehlak bazarında və pərakəndə geyim sektorunda geniş şəbəkəyə malikdir. “Inditex Group” şirkəti dünyanın en böyük geyim konsernlərindən biri kimi Azərbaycanda öz rəsmi mağazaları və nümayəndəliyi ilə təmsil olunur. “Mango” Azərbaycanın geyim pərakəndə sektorunda uzun illərdir fəaliyyət göstərən məşhur İspaniya brendidir. “Mayoral” isə uşaq geyimləri sahəsində Azərbaycanda geniş rəğbət qazanmış İspaniya markasıdır. “Desigual” həmçinin Bakının aparıcı ticarət mərkəzlərində yer alan İspaniya geyim brendlərindən biridir. 

Azərbaycanın İspaniyaya ixracatının əsasını neft-qaz məhsulları təşkil edir. İspaniyadan Azərbaycana isə müxtəlif növ sənaye avadanlıqları, mexanizmlər, kimya sənayesi məhsulları, eləcə də kənd təsərrüfatı və yüngül sənaye malları (şərabçılıq, qida məhsulları, tekstil və tikinti materialları) idxal olunur.

Azərbaycan və İspaniyanın ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması istiqamətində addımlar atılır. İspan dilinə və mədəniyyətinə Azərbaycanda böyük maraq var. Bakı universitetlərində və tədris mərkəzlərində ispan dili tədris olunur. Eyni zamanda, azərbaycanlı tələbələrin İspaniyanın nüfuzlu universitetlərində təhsil alması üçün təqaüd proqramları və akademik mübadilələr həyata keçirilir. 

İspaniya mədəniyyəti, incəsənəti, kinosu və memarlığı Azərbaycanda yaxşı tanınır. Turizm sahəsində əməkdaşlığın inkişafı üçün hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin asanlaşdırılması və birbaşa hava əlaqələrinin perspektivləri diqqət mərkəzindədir. 

Son illər Azərbaycan-İspaniya münasibətləri sabit və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq xətti ilə irəliləyir. Hər iki dövlət siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi-ticarət dövriyyəsinin şaxələndirilməsi və mədəni-humanitar bağların möhkəmləndirilməsi üçün böyük potensiala malikdir və bu istiqamətdə səylər davam etdirilir. Ümid etmək olar ki, bu münasibətlər ikitərəfli hüdudları aşaraq Cənubi Qafqaz ilə Cənub-Qərbi Avropa arasında siyasi, iqtisadi və mədəni bağları daha da möhkəmləndirəcəkdir. 

Atamoğlan MƏMMƏDLİ, 

BDU-nun dosenti


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

19:01
12 Oktyabr

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib 

18:47
12 Oktyabr

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

18:33
12 Oktyabr

Doqquz ayda 620 dövlət standartı qəbul edilib  

18:13
12 Oktyabr

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

17:51
12 Oktyabr

İspaniya Azərbaycanın Avropa siyasətində mühüm yerlərdən birini tutur  

17:39
12 Oktyabr

İshaq HERSOQ: “Seçkilər ölkədə bölünməyə və anarxiyaya səbəb olmamalıdır”  

17:23
12 Oktyabr

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

17:15
12 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:14
12 Oktyabr

Kaliforniyada təhlükəli qızdırmaya rekord yoluxma faktı qeydə alınıb

17:08
12 Oktyabr

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib  

17:07
12 Oktyabr

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı  

17:06
12 Oktyabr

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb  

17:05
12 Oktyabr

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər  

17:04
12 Oktyabr

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur  

17:03
12 Oktyabr

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək  

17:02
12 Oktyabr

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib  

17:01
12 Oktyabr

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir  

16:59
12 Oktyabr

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir  

16:58
12 Oktyabr

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

16:49
12 Oktyabr

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək  

16:43
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!