Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı "Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev zirvəsi" layihəsi ilə respublika miqyaslı qastrol səfərlərinə start verib. Xatırladaq ki, səfər Mədəniyyət Nazirliyinin dəstəyi, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə həyata keçirilir.
Qocaman sənət ocağı səfərə şair-dramaturq İftixarın "Nurlu ömrün anları" mənzum tamaşasının nümayişi ilə 22 may tarixində Oğuz rayonundan başlamışdır. Qastrol səfərinin iki mərhələdə həyata keçirilməsi planlaşdırılmışdır. Səfərin birinci mərhələsi Şəki, Bərdə, Ağdaş, İsmayıllı, Kürdəmir, Oğuz, Zaqatala, Qax, Mingəçevir, Yevlax, Tərtər, Göyçay, Ucar, Zərdab, Şamaxı, Ağsu, Qəbələ, İmişli, Beyləqan, Füzuli, Abşeron rayonlarını və Sumqayıt şəhərini əhatə edir. İkinci mərhələ isə digər regional mədəniyyət idarələrinə daxil olan rayonlarda davam etdiriləcəkdir.
Teatrın bədii rəhbəri İftixar Piriyevlə söhbət zamanı bildirdi: "Məqsədimiz - "Heydər Əliyev İli" münasibətilə Ümummilli Liderin milli məfkurəmizə verdiyi sağlam ideologiyanın böyük uğurlarının təbliğini həyata keçirməkdir. Çalışırıq ki, bu kontekstdə vətənpərvərlik ruhunun geniş vüsət almasına rəvac olaq, eyni zamanda ümumrespublika miqyasında "Heydər Əliyev zirvəsi"nə xalq məhəbbətinin bir daha canlı seyirçisinə çevrilək. Tamaşada Heydər Əliyevin fenomenal cəhətləri bədii ifadə vasitəsilə canlı şəkildə tərənnüm olunur. Ulu Öndərin həm insan, həm dövlət xadimi, siyasi fenomen obrazı, həm də xalqına, vətəninə, vətəndaşına, dövlətinə olan əvəzsiz sevgisi, məhəbbəti poeziyanın və teatr sənətinin ecazkar qüvvəsi ilə canlandırılır".
İ.Piriyev onu da qeyd etdi ki, elə ilk gündən uğurla keçən, məhəbbətlə qarşılanan ilk tamaşamızın nümayişindən etibarən vətəndaşlarımızın Ulu Öndərə olan sönməz sevgisinin gözəl anlarını yaşayırıq. Ümummilli Liderin ömrünün ən parlaq anlarının təcəssümünü sürəkli alqışlarla qarşılayan tamaşaçılarımızla "Heydər - Xalq, Xalq - Heydər" tandeminin əyani nümunəsi çox canlı idi: "Bu mənzərə qürur hissimizi artırır. Biz bunu belə də gözləyirdik".
140 illiyini təntənəli şəkildə qeyd etməyə hazırlaşan C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycan Teatr sənətinin 150 illiyi ərəfəsində öz sənət töhfələri ilə tamaşaçıları qarşısında müxtəlif layihələr həyata keçirmək niyyəti ilə əzmlə çalışıb yaradır və növbəti layihələrə hazırlaşır.
"Azərbaycan"