26 Iyul 2024 09:11
257
İQTİSADİYYAT
A- A+

İpoteka kreditindən əsasən gənclər faydalanırlar

 

Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin başlıca hədəfi insanların rifahının yaxşılaşdırılmasıdır. Son illər bu istiqamətdə əhatəli tədbirlər həyata keçirilib və insanların sosial rifah halı daha da yaxşılaşıb.

Dövlətimizin başçısının 2023-cü il yanvarın 5-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam bir daha təsdiqləyir ki, Azərbaycanın sosial dövlət modeli nümunəvi və uğurludur. Dövlətimizin başçısı dəfələrlə qeyd edib ki, bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahının gündən-günə yaxşılaşdırılması dayanır.

Əhalinin güzəranını yaxşılaşdırmaqdan ötrü istinad olunan ən müxtəlif və çoxsaylı mənbələrdən biri də ipoteka kreditləridir. Əsasən gənclər və gənc ailələr belə vasitələrdən, xüsusən də onun güzəştli tranşından bəhrələnərək sosial durumlarını qaydaya salır, daşınmaz əmlaka, məşğulluğa aid ehtiyaclarını ödəyə bilirlər.

Qeyd edək ki, ipoteka ilə bağlı dünyada müxtəlif formalar var. Bəzi ölkələrdə xüsusi ipoteka bankı yaradılıb. Gənc ailələrə güzəştli kreditlər bu yolla verilir və ya dövlət bankının nəzdindəki bir şöbə vasitəsilə mailiyyələşmə aparılır. Ümumiyyətlə, ipoteka kreditləri istehlak məqsədilə verilən kreditlər qrupuna aiddir. Təyinatı mənzilin və ya digər fərdi yaşayış evinin alınmasıdır. Bu kredit növü uzunmüddətli olmaqla yanaşı, illik faiz dərəcəsinin aşağılığı ilə seçilir. Belə ki, əksər istehlak kreditlərində illik faiz dərəcəsi 20-29 faiz arası dəyişirsə, ipoteka kreditlərində bu göstərici kredit götürən şəxsin sosial statusundan asılı olaraq 4-8 faiz civarındadır.

Bizdə də ipoteka ilə bağlı hökumət hər il büdcədən xeyli vəsait ayırır. Dövlət İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) banklara ayırdığı vəsaitlər hesabına rəsmiləşdirən ipoteka kreditləri "güzəştli" və "adi" olmaqla 2 yerə bölünür. 

Güzəştli ipoteka şəhid ailələri və Milli qəhrəmanların ailələrinin üzvlərinə, elmi dərəcəsi olanlara, dövlət qulluqçularına və ya xalq-dövlət-hökumət qarşısında xüsusi xidmətlərinə görə fərqlənən gənc ailələrə verilir. Onun adi ipotekadan fərqi kredit müddətinin 5 ilədək çox olması (30 il) və illik 4 faizliyidir. Təxminən 1-2 il öncə ipoteka kreditlərinin ən geniş yayılan növü - standart və ya adi ipoteka şərtləri mövcud idi. Belə ki, kreditin maksimal müddəti 25 il, illik faiz dərəcəsi isə 8 faiz müəyyən edilmişdi. Digər şərtlərdə (ilkin ödəniş və bank xərci) cüzi fərqlər olsa da, bu çox da nəzərə çarpmır. Kreditin maksimal məbləği isə 150 min manatdır.

Cari ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun  vəsaiti hesabına 230,2 milyon manat həcmində ipoteka krediti verilib ki, onun da 64,6 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edir. Fonddan bildirilib ki, ilin əvvəlindən adi ipoteka kreditləri hesabına 1710, güzəştli ipoteka kreditləri hesabına isə 821 vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırıb. İyul ayının 1-nə olan məlumata görə, bu il verilmiş ipoteka kreditlərinin orta məbləği 91 min manat təşkil edib. Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə iyulun 1-nə fond tərəfindən 81,5 milyon manat məbləğində 967 ipoteka krediti üzrə zəmanət verilib.

Ümumilikdə indiyədək fondun vəsaiti hesabına 3,1 milyard manat dəyərində ipoteka krediti verilib ki, bu da 50 min 380 ailənin mənzil şəraitini yaxşılaşdırmasına imkan yaradıb. Qeyd edildiyi kimi, ipoteka kreditlərindən faydalananların 67 faizi gənclər və gənc ailələrdir.

 

Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video