10 Dekabr 2021 00:35
1641
SİYASƏT
A- A+

İlk Zəfər Paradı - Böyük Qələbənin nidası

 

İlham Əliyev Qalib Sərkərdə kimi güclü ordumuzun qüdrətini, məğlub Ermənistanın rəzilliyini dünyaya nümayiş etdirdi

 

Tarix 10 dekabr 2020-ci il.

Paytaxt Bakıda qüvurverici tarixi hadisə yaşanır. Azadlıq meydanı illər sonra əzəmətli bir olaya şahidlik edir. Hərbi orkestrin səsləndirdiyi Zəfər Marşının sədaları altında iki qüdrətli qardaş dövlət - Azərbaycan və Türkiyə silahlı qüvvələrinin 3000 nəfər şəxsi heyəti addımlayır. Qürurverici, iftixar dolu bir səhnə dünyaya Azərbaycanın qüdrətini nümayiş etdirir. O qüdrət ki, cəmi 44 günə düşməni pərən-pərən salıb qarşısında diz çökdürdü, şanlı Azərbaycan bayrağını 28 ildən sonra yenidən Şuşada dalğalandırdı.

Noyabrın 8-də Şuşaya sancılan həmin bayraq Azadlıq meydanında dalğalanırdı. Hansı ki bunu Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərdən xeyli öncə söyləmişdi. Paradda da həmin fikri bir daha xatırlatdı: “Bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi”.

 

Gücün, qüdrətin nümayişi

 

Qələbə paradı təkcə ölkəmizin düşmən üzərindəki qələbəsinin təntənəsi deyildi. Bu, həm də bölgədə erməni faşizminin məhv edilməsinin nümayişi idi.

Bu günü düz, 30 il gözlədik. 30 ildə çox acılar çəkdik, faciələr, məşəqqətlər gördük. Müstəqilliyimizi belə əlimizdən almaq istədilər. Amma bacarmadılar. Azərbaycan illərlə ikili standartlara , təzyiqlərə məruz qalsa da, ayaqda durmağı bacardı. Ona görə bacardı ki, qətiyyətli, prinsipial rəhbəri, xalqın sözünü deyən, güvənilən Lideri, ən əsası da Müzəffər Ali Baş Komandanı vardı...

Düzdür, 10 dekabr tarixinə qədər Azadlıq meydanında hərbi paradlar keçirilmişdi. Ancaq həmin paradlarda nümayiş olunan hərbi texnikalarımıza baxıb xəyal qururduq, arzu edirdik ki, kaş, bu texnikalar bir gün savaş meydanına yürüsün, Qarabağımız işğaldan azad edilsin. O gün də uzaqda deyilmiş. 2003-cü ildə xalqdan etimad mandatı alaraq Prezident seçilən İlham Əliyev 17 il ərzində yürütdüyü tam müstəqil siyasət və hücum diplomatiyası ilə Azərbaycan xalqının arzusunu çin etdi, 30 illik həsrətə son qoydu.

Bakının baş meydanında keçirilən Zəfər paradı Ordumuzun qüdrətini, Azərbaycan-Türkiyə qardaşlığını, Ermənistanın rəzilliyini dünyaya nümayiş etdirdi. 30 il müddətində ordusu haqqında “miflər” yaradan, “keçilməz sədləri” ilə öyünən bir ölkənin silahlı birləşmələri, “dağılmaz-keçilməz” sədləri 44 günə Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Zəfər paradı azərbaycanlılar üçün qürur, şərəf, ləyaqət simvolu oldu, ermənilər üçün isə məğlubiyyət, rəzillik kimi olaraq yaddaşlarda qaldı.

Təsadüfi deyil ki, Azərbaycan Ordusunun şanlı qələbəsi hətta dünyanın supergüc dövlətlərinin hərbi dairələri tərəfindən heyrətlə qarşılanıb və İkinci Qarabağ müharibəsindən dərslər çıxarılması vacibliyi haqda mülahizələr populyarlaşmağa başlayıb.

 

Həqiqət və ədalətin qələbəsinin tərənnümü

 

Zəfər paradı qələbə sevincimizin tərkib hissəsinə çevrildi. Müzəffər ordumuz Azadlıq meydanında qürurla addımladı. Azərbaycan əsgəri böyük ruh yüksəkliyi ilə bu paradda keçid etdi.

Qələbə paradında 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin nümayişi ilə yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin də nümayişi qürurverici hadisə oldu. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Ordusunun gücünün, qüdrətinin şahidi oldu.

Hərbi paradda nümayiş etdirilən qardaşlıq və ən müasir hərbi texnika, o cümlədən raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, təyyarələr, hərbi gəmilər Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirməklə yanaşı, həm də onu göstərdi ki, bundan sonra heç kəs bir daha Azərbaycanla güc və təzyiq dili ilə danışa bilməz. Hər kəs bildi ki, Azərbaycanın rəşadətli Ordusu, peşəkar əsgər və zabitləri, xalqın arxalandığı, güvəndiyi Ali Baş Komandanı var.

Ümumiyyətlə, hərbi parad dövlətin gücünü və vətəndaşların qürurunu nümayiş etdirən bir mərasimdir, xüsusilə də Zəfər paradı. Azərbaycan üçün bu, sadəcə, müharibədə qazanılan Qələbə deyil, həm də həqiqətin, ədalətin qələbəsidir.

Vətən müharibəsində Azərbaycan xalqı təkcə öz ərazilərini geri qaytarmadı, həm də birliyini, vətənpərvərliyini nümayiş etdirdi. Zəfər paradı isə qalib Ordumuzun düşmən üzərində tam və birdəfəlik Qələbəsinin tərənnümü oldu. Qalib Azəraycan əsgərinin paytaxtın baş meydanında məğrur yürüşü ümumxalq həmrəyliyimizin təcəssümü və düşmənə qarşı yumruq kimi birləşmiş bir xalqın müqəddəs Vətən sevgisinin təzahürü oldu.

Prezident İlham Əliyev Zəfər paradındakı çıxışında Vətən müharibəsi ilə bağlı bir sıra mühüm məsələlərə toxunaraq həqiqətləri bir daha bəyan etdi: “Bütün gücümüzü səfərbər edərək bir “dəmir yumruq” yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim “dəmir yumruğ”umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu “dəmir yumruq” düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu tarixi hadisəni bütün türk dünyası üçün zəfər və qürur günü adlandıraraq bildirdi ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri, şübhəsiz ki, Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan Ümummilli Lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək”.

Türkiyə Prezidenti bundan sonra atılacaq addımlardan da danışdı. O vurğuladı ki, artıq hədəf işğaldan azad edilmiş torpaqları firavan, inkişaf etmiş, övladlarımız üçün yaşana bilən bir yerə çevirmək uğrunda mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə çətinliklərin öhdəsindən gəlməyə, yeni uğurlara çatmağa davam edəcək.

Bir sözlə, bu gün xalqımız Zəfər paradının birinci ildönümünü böyük qürur hissi ilə qeyd edir. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq və bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video