31 Avqust 2026 13:48
254
SİYASƏT
A- A+
İlham Əliyevin Mərkəzi Asiya siyasəti: Azərbaycanın artan nüfuzu və yeni strateji imkanlar

İlham Əliyevin Mərkəzi Asiya siyasəti: Azərbaycanın artan nüfuzu və yeni strateji imkanlar


Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində son dövrdə baş verən dəyişikliklər artıq ayrı-ayrı ikitərəfli əlaqələrdən daha geniş siyasi və geoiqtisadi mənzərə formalaşdırır. Xüsusilə Azərbaycanın region dövlətləri ilə siyasi dialoqunun intensivləşməsi, Xəzərin iki sahili arasında nəqliyyat və enerji bağlantılarının genişlənməsi, Orta Dəhlizin əhəmiyyətinin artması və Bakının Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələndirici rolunun güclənməsi yeni regional reallıqlar yaradır. Bu proses Azərbaycanın Avrasiyanın dəyişən geosiyasi xəritəsində mövqeyinin də getdikcə möhkəmləndiyini göstərir. Bu baxımdan möhtərəm Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək məqsədilə Qırğız Respublikasına işgüzar səfəri xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, ölkə başçımızın səfəri Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə artan siyasi və iqtisadi əlaqələrinin, eləcə də regionlararası əməkdaşlığın inkişafına verdiyi önəmin növbəti nümayişidir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.Onun sözlərinə görə, Azərbaycan–Qırğızıstan münasibətləri son illərdə xüsusi dinamika qazanıb:

“Dövlət başçıları arasında qarşılıqlı etimad və siyasi dialoqun intensivləşməsi əlaqələrin məzmununu əhəmiyyətli dərəcədə genişləndirib. İki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi isə bu prosesin məntiqi nəticəsi olmaqla, Azərbaycan–Qırğızıstan əlaqələrinə yeni strateji məzmun gətirib. Əslində, Bakı–Bişkek münasibətlərinin inkişafını yalnız iki ölkə arasındakı əlaqələr kontekstində qiymətləndirmək doğru olmazdı. Azərbaycan və Qırğızıstanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı, ortaq tarixi-mədəni bağları və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan yeni nəqliyyat və iqtisadi bağlantılar bu münasibətlərə daha geniş regional məna qazandırır. Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl xarici siyasət kursu nəticəsində Azərbaycan son illərdə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini strateji tərəfdaşlıq müstəvisinə yüksəldib. Ölkə başçımızın region dövlətlərinin liderləri ilə qarşılıqlı etimada əsaslanan müntəzəm təmasları Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri üçün yalnız etibarlı siyasi tərəfdaş deyil, eyni zamanda nəqliyyat, enerji, investisiya və ticarət sahələrində mühüm əməkdaşlıq tərəfdaşıdır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun və regional çəkisinin artmasının göstəricisidir”.

Deputat bildirib ki, Azərbaycanın Mərkəzi Asiya siyasətində əsas istiqamətlərdən biri nəqliyyat-logistika imkanlarının genişləndirilməsidir: “Orta Dəhlizin inkişafı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çin və Mərkəzi Asiyadan Avropaya uzanan bu marşrutun Azərbaycan ərazisindən keçməsi ölkəmizin tranzit əhəmiyyətini artırmaqla yanaşı, Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxış imkanlarını da genişləndirir. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Limanı və digər müasir nəqliyyat infrastrukturu Azərbaycanın bu prosesdəki rolunu daha da gücləndirir. Eyni zamanda, Xəzər üzərindən daşımaların artırılması və logistika imkanlarının genişləndirilməsi Şərqlə Qərb arasında daha çevik, təhlükəsiz və dayanıqlı nəqliyyat bağlantısının yaradılmasına xidmət edir. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr ölkəmizin yalnız tranzit ölkə deyil, regional nəqliyyat-logistika proseslərinin fəal təşkilatçılarından biri olduğunu göstərir. Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə reallaşdırılan böyük infrastruktur layihələri Azərbaycanın coğrafi üstünlüklərini real iqtisadi və geosiyasi imkanlara çevirib. Bu mənada Azərbaycan artıq sadəcə Mərkəzi Asiyaya “çıxışı olan” ölkə deyil. Ölkəmiz getdikcə Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən əsas strateji halqalardan birinə çevrilir. Bu, Azərbaycanın coğrafi mövqeyinin yaratdığı üstünlüklərlə yanaşı, son illərdə həyata keçirilən məqsədyönlü infrastruktur və xarici siyasət kursunun nəticəsidir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regional və qlobal əhəmiyyət daşıyan layihələrin təşəbbüskarı və etibarlı tərəfdaşı kimi çıxış edir. Ölkəmizin beynəlxalq nəqliyyat və enerji layihələrində oynadığı rol, müxtəlif tərəfdaşlarla qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq qurması Azərbaycanın artan nüfuzunun mühüm göstəricilərindəndir. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi xüsusilə mürəkkəb geosiyasi şəraitdə daha böyük əhəmiyyət kəsb edir. Çünki ölkəmiz əməkdaşlıq münasibətlərində qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, bərabərhüquqluluq və qarşılıqlı fayda prinsiplərini əsas götürür”.

S.Salmanova vurğulayıb ki, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində formalaşdırdığı təcrübə və infrastrukturu, Mərkəzi Asiya dövlətlərinin enerji potensialı ilə birləşdikdə yeni regional imkanlar yaradır: “Ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də qarşıdakı dövrdə Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin mühüm istiqamətlərindən birinə çevrilir. Azərbaycanın enerji diplomatiyası artıq yalnız ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılmasına xidmət etmir. Bu siyasət eyni zamanda Avropanın enerji təhlükəsizliyinə, region ölkələrinin enerji potensialının beynəlxalq bazarlara inteqrasiyasına və yeni enerji bağlantılarının yaradılmasına mühüm töhfə verir. Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr və yaşıl enerji potensialının inkişaf etdirilməsi Mərkəzi Asiya ölkələri ilə yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına imkan verir. Beləliklə, qarşıdakı mərhələdə Orta Dəhliz, enerji və investisiya layihələri yalnız ayrı-ayrı ölkələr arasında iqtisadi əlaqələrin inkişafına deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid geoiqtisadi məkanın formalaşmasına təkan verəcək. Bu prosesdə möhtərəm Prezident İlham Əliyevin Qırğızıstana səfəri də xüsusi siyasi əhəmiyyət daşıyır. ŞƏT kimi geniş beynəlxalq platformada Azərbaycanın təmsil olunması ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin ikitərəfli münasibətlərdən daha geniş çoxtərəfli əməkdaşlıq müstəvisinə keçdiyini göstərir. Azərbaycan bununla həm regionun siyasi və iqtisadi gündəliyinə töhfə verir, həm də özünü Şərq ilə Qərb arasında etibarlı tərəfdaş və bağlantı mərkəzi kimi daha da möhkəmləndirir. Prezident İlham Əliyevin fəal diplomatik fəaliyyəti nəticəsində Azərbaycan bu gün müxtəlif regional və beynəlxalq platformalarda öz sözünü deyən, təşəbbüsləri dəstəklənən və mövqeyi nəzərə alınan dövlət kimi çıxış edir. Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin sürətlə inkişaf etməsi də Azərbaycanın xarici siyasətinin uğurlu nəticələrindən biridir. Bu əlaqələr qarşılıqlı etimadın möhkəmlənməsi ilə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun artmasına və yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir”.

Parlamentari söyləyib ki, bu gün Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində söhbət artıq yalnız diplomatik təmasların intensivliyindən getmir: “Qarşıda nəqliyyat, enerji, investisiya, ticarət, rəqəmsal bağlantılar və humanitar əməkdaşlıq istiqamətlərində daha geniş imkanlar açılır. Bu imkanların reallaşdırılması isə Azərbaycanı Avrasiyanın yeni iqtisadi arxitekturasında daha mühüm mövqeyə çıxara bilər. Cənab Prezident İlham Əliyevin Mərkəzi Asiyaya yönəlmiş fəal və ardıcıl siyasəti məhz belə uzunmüddətli strateji baxışın ifadəsidir. Azərbaycan bu gün regionlar arasında körpü olmaqla kifayətlənmir, həmin körpünün üzərində yeni əməkdaşlıq və inkişaf platformalarının qurulmasında fəal iştirak edir. Əminliklə demək olar ki, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində əldə olunan nəticələr ölkəmizin artan siyasi və iqtisadi imkanlarının növbəti göstəricisidir. Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyası Azərbaycanın regional proseslərdə rolunu daha da gücləndirir, ölkəmizi etibarlı, məsuliyyətli və proqnozlaşdırılan tərəfdaş kimi önə çıxarır. Bu siyasətin əsas xüsusiyyətlərindən biri Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, regional sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığa və davamlı inkişafa töhfə verməsidir.

Məhz buna görə də Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfərini yalnız növbəti diplomatik təmas kimi deyil, Azərbaycanın Mərkəzi Asiya istiqamətində ardıcıl və uzunmüddətli siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Bu səfər Azərbaycanın artan beynəlxalq nüfuzunu, Mərkəzi Asiya dövlətləri ilə möhkəmlənən strateji tərəfdaşlığını və ölkəmizin Avrasiyanın yeni geosiyasi və geoiqtisadi reallıqlarında getdikcə daha mühüm rol oynadığını bir daha nümayiş etdirir”.


“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çinin avia nəhəngləri ağır zərbə aldı: milyardlarla yuan havaya sovruldu

14:42
31 Avqust

Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib

14:37
31 Avqust

Ümumi orta təhsil bazasında kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

14:30
31 Avqust

Hesablama Palatası Özbəkistan Hesablama Palatasının məsafədən audit və süni intellektin tətbiqi təcrübəsini öyrənir

14:27
31 Avqust

Hulusi Kılıç: ”Azərbaycan Avrasiyada dialoqun əvəzolunmaz iştirakçısına çevrilib”

14:25
31 Avqust

Əli Əsədov Oljas Bektenovu Qazaxıstanın Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib

14:23
31 Avqust

Azərbaycandan Qırğızıstana məhsul ixracının dəyəri 4 dəfə artıb – QRAFİK

14:21
31 Avqust

Erlan Karin Qazaxıstanın vitse-prezidenti təyin edilib

14:19
31 Avqust

Si Cinpin: Çin itkin düşənlərin axtarışı üçün bütün imkanları səfərbər edib

14:17
31 Avqust

İlham Əliyevin Mərkəzi Asiya siyasəti: Azərbaycanın artan nüfuzu və yeni strateji imkanlar

13:48
31 Avqust

Dünyanın ən bahalı avtomobil

13:42
31 Avqust

Şahmatçımız “Sofia Cup 2026” turnirini uğurla başa vurub

13:36
31 Avqust

İlk yapon esminesi “Tomahawk” raketləri ilə Yaponiyaya qayıdıb

13:32
31 Avqust

Cevdət Yılmaz Türkiyə Prezidentinin səlahiyyətlərini icra edəcək

13:30
31 Avqust

Baş prokuror: Azərbaycan ilə Çinin prokurorluq orqanları arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirik

13:28
31 Avqust

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir YENİLƏNƏCƏK  

13:26
31 Avqust

Yunanıstanda meşə və otlaq sahələrdə yanğınlar baş verib

13:23
31 Avqust

Stresi azaltmağın sadə yolu necə işləyir?

13:21
31 Avqust

ABŞ-nin yeni neft razılaşması

13:15
31 Avqust

Birlikdə qida qəbul etmək sağlamlığımıza fayda verir

13:11
31 Avqust

Azərbaycan və Çin prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb

13:00
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!