24 Dekabr 2024 08:45
123
SİYASƏT
A- A+
İlham Əliyevin Azərbaycanı

İlham Əliyevin Azərbaycanı


2025-ci ilin astanasından geriyə, ötən dövrün reallıqlarına nəzər salarkən həqiqətən də, qürur duyuruq. 

Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır...

Xalqımız öz taleyinin ən xoşbəxt günlərini yaşayır...

Vətəndaşlarımız öz həyatlarının ən rifahlı, təhlükəsiz anlarını yaşayırlar...

Bunlar tarixi uğurlardır,..

Bunlar xalqımızın, dövlətimizin, vətəndaşlarımızın ən böyük nailiyyətləridir.

Və bütün bu zəfərlərin bir müəllifi var - Prezident İlham Əliyev...


İlham Əliyevin yüksək nüfuzunun səbəbi nədir?


Cənab İlham Əliyev haqqında yazmaq, fikir söyləmək asan, həm də olduqca çətindir. Çünki ətrafımızda hansı uğur, zəfər, nailiyyət varsa, onların hər biri İlham Əliyevin zəhmətinin, əməyinin məhsuludur. Eyni zamanda, cənab İlham Əliyevin fəaliyyəti o qədər şaxəli, o qədər çoxvektorludur ki, onu tam şəkildə araşdırıb izah etmək çətindir. Bu iş şərəfli olduğu qədər də məsuliyyətlidir.

Xalqımız Ümummilli Lider Heydər Əliyevə həm də ona görə minnətdardır ki, o, öz yolunun layiqli davamçısını yetirmiş və onu Azərbaycana əmanət etmişdir. 

Azərbaycanı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi kimi dünyaya Günəş tək doğan ölkəyə çevirən Prezident İlham Əliyevin nüfuzu gündən-günə yüksəlir. Bəs, bunun səbəbi nədir?! 

Birincisi, bütün dünya Prezident İlham Əliyevin liderliyində Azərbaycanın necə dəyişdiyini, necə sürətlə inkişaf etdiyini görür. İkincisi, dövlət başçımız Azərbaycana tarixinin ən böyük Zəfərini qazandırıb. Dünyada separatçılığın geniş yayıldığı, müharibələrin daha da artdığı, yeni müharibələrin alovlandığı dövrdə İlham Əliyev ikiəsrlik münaqişəni, otuzillik müharibəni sonlandırdı.  

Bu gün İlham Əliyev şəxsiyyətinə, liderliyinə geosiyasi, geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, o, təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, o, ümumiyyətlə, dünya miqyasında tanınan qlobal liderliyi etiraf olunan bir şəxsiyyətdir. 

Elə bir mötəbər beynəlxalq toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud prblemlərinin  həlli yolları barədə fikirlər səsləndirməsin. Yəni İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq, dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Buna misal olaraq, İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü qlobal təşəbbüsləri, mühüm təklifləri göstərmək olar. 

Bütün bunlarla yanaşı, Azərbaycan həm də mühüm qlobal konfransların, forumların, toplantıların, idman yarışlarının keçirildiyi məkan kimi də tanınmaqdadır. Elə ay yoxdur ki, ölkəmizdə, xüsusən də Bakıda hər hansısa mötəbər tədbir keçirilməsin. Bütün toplantılara ən yüksək səviyyədə evsahibliyi etmək isə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə böyük töhfə verir. 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi isə həm ölkəmizin, həm də İlham Əliyevin qlobal nüfuzuna verilən ən dəyərli qiymət idi. Azərbaycan gözlənildiyi kimi, COP29-a çox yüksək səviyyədə evsahibliyi etdi. Dünyanın diqqəti 10 gün Azərbaycana yönəldi. Sammitin yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı noyabrın 11-də start götürən qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksəksəviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.


Qüdrət və söz sahibi

 

İlham Əliyevin qurduğu Azərbaycanın yüksəlişi, artan rifahı bütün dünyada müşahidə olunan tendensiyalarla uyğunlaşmır. Çünki bu gün dünyanın əksər dövlətlərində iqtisadi böhran, sosial gerilik, tənəzzül halı yaşanır. Bütün bunların müqabilində isə İlham Əliyevin Azərbaycanında nə iqtisadi böhran, nə sosial gerilik, nə də tənəzzül var. 

İlham Əliyev ötən 21 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilib, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar vətəndaşların rifahının yüksəlməsinə, cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət edib. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona sonsuz etimadının əsas səbəblərindən biri kimi qiymətləndirilir.

İlham Əliyev Azərbaycanı dünyanın kosmik ölkələr ailəsinin üzvü edib. Bu gün orbitdə Azərbaycanın 3 peyki mövcuddur. 

İlham Əliyev Azərbaycanı güc və söz sahibinə çevirib. Bu gün Azərbaycan dünyada ən etibarlı tərəfdaş kimi tanınır. 

İlham Əliyev bir vaxtlar öz əhalisini enerjisi ilə təmin edə biməyən Azərbaycanı Avropanın enerji təminatçısına çevirib. İndi Avropanın 12 dövləti (Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya) Azərbaycandan enerji alır.  

İlham Əliyev qlobal transmilli layihələrin müəllifi kimi Azərbaycanı "Şərq-Qərb", "Şimal-Cənub", "Orta dəhliz" kimi mühüm beynəlxalq nəqliyyat-tranzit layihələrinin fəal iştirakçısına çevirib. Onun müəllifi olduğu transmilli layihələr regionda tamamilə yeni mənzərə yaradıb. Azərbaycan regionun enerji və nəqliyyat xəritələrini yenidən tərtib edib. 

İlham Əliyevin özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona sonsuz etimadının əsas səbəblərindən biri kimi qiymətləndirilir. Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.


İqtisadi müstəqilliyin təminatçısı


Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Əgər son 21 ilin sosial-iqtisadi göstəricilərinə nəzər yetirsək bunu aydın şəkildə görə bilərik. 

İqtisadi baxımdan özünü tam təmin edən və ciddi maliyyə çətinliyi olmayan Azərbaycan artıq 2024-cü ili də uğurla başa vurur. Ümumiyyətlə, 2003-2024-cü illərdə, son 21 ildə Azərbaycan sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin edən ölkə kimi dünyada tanınır. 2003-2024-cü illər ərzində dövlət büdcəsi xərclərinin təxminən 30 dəfə, ÜDM-in real ifadədə 3,6 dəfə, investisiyaların 4,4 dəfə artımı fonunda Azərbaycanda yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,2 faizə, işsizliyin səviyyəsi 9,2 faizdən 5,5 faizə endirilməsi söylədiyimiz fikirlərin təsdiqidir. 

21 ilin iqtisadi və sosial göstəricilərinə nəzər yetirək: 

Əgər 2003-cü ildə ölkənin ümumi daxili məhsulu 7 milyard dollar idisə, keçən ilin yekunlarına görə bu rəqəm 72 milyard dollar olub. Bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. 

Əgər ölkənin 2003-cü ildə valyuta ehtiyatları 1,6 milyard dollar idisə, bu göstərici indi 72 milyard dollardır. Bu da ölkəyə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. 

Aparılan uğurlu siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, hələ ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən azdır.

2003-cü ildə növbəti ilin dövlət büdcəsi müzakirə edilərkən onun gəlirləri 7518400 milyon manat, xərcləri isə 7833400 milyon manat həcmində təsdiq edilmişdi. 2025-ci ilin dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manatdır. Belə yüksəliş göstəricisi hər ölkəyə nəsib olmur. Bu, iqtisadi artımın bariz təcəssümüdür.

Bu ilin ötən 11 ayında iqtisadiyyatımız 4,1 faiz, o cümlədən qeyri-neft sektorumuz 6,4 faiz artıb. Strateji valyuta ehtiyatlarımız 72 milyard dolları ötüb. Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7,3 faizini təşkil edir.

Sosial sahədə görülmüş işlərə nəzər yetirsək, böyük uğurların əldə edildiyinin şahidi olarıq. 

Əgər 2003-cü ildə minimum əməkhaqqı  9 manat idisə, indi bu rəqəm 345 manatdır. 

Əgər minimum pensiya 2003-cü ildə 24 manat idisə, bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. 

Bir sözlə, əldə edilən bütün sosial-iqtisadi uğurlar ölkə iqtisadiyyatının dinamik inkişafı, islahatların ardıcıl xarakter daşıması ilə bağlı olub. Hazırda ölkə iqtisadiyyatının dayanıqlılığının şaxələndirilməsi və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıya iqtisadi islahatlar üzrə əsas vəzifə kimi qoyulub. 


Dünya erməniliyinə böyük zərbə vuran, neokolonializmə qarşı mübarizə aparan Lider


İlham Əliyev 44 günlük Vətən müharibəsindəki Zəfəri ilə həm də dünya erməniliyinə böyük zərbə vurdu. Bu qələbə təkcə işğal altında olan torpaqların alınması, Azərbaycanın bütövləşməsi deyil, bu, İlham Əliyevin böyük erməniliyə ağır zərbəsi idi. Dünyanın gözü qarşısında İlham Əliyev cəmi 44 günə erməni diasporunun böyük planını puç etdi. 

Bu, 200 illik təşkilatlanmanın, iki əsrlik məkrli planın məhvi idi. Bu, o xülyaya zərbə oldu ki, 200 il bundan əvvəl dünya erməniliyi təşkilatlanıb "dənizdən-dənizə" dövlət ideologiyasını düşünüb illərlə həyata keçirirdilər. 

İkinci Qarabağ müharibəsində və ondan sonra apardığımız siyasi və diplomatik mübarizədə erməni faşizminə ölümcül zərbə vuran Prezident İlham Əliyev bu prosesi davam etdirdi. Qarabağdakı qondarma separatçı qurumun ləğv edilməsi üçün onlara vaxt verdi. Amma bu vaxtdan istifadə edən separatçılar yenidən silahlanaraq təxribatlara əl atdılar. Bunun nəticəsi yenə də özlərinə ağır zərbə oldu. 23 saatlıq antiterror tədbirləri ilə İlham Əliyevin qüdrətli ordusu erməni separatizminə son qoydu. 

Demək olar ki, dünyanın əksər xristian dövlətləri Azərbaycana qarşı savaş açdı. Başda Fransa olmaqla Avropa İttifaqının üzv dövlətləri, beynəlxalq təşkilatların bütün hücumlarının qarşısını İlham Əliyev diplomatiyası aldı. Bu məsələdə də İlham Əliyevin cəsarətinə dünya bir daha şahidlik etdi.

Azərbaycan dövləti daim beynəlxalq müstəvidə atdığı hər bir addımla sübut edib ki, o, müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır və bunu yolverilməz hesab edir. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitindəki çıxışlarda da Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən addımları təqdir edildi. COP29 çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürlər ifadə edildi. 

Prezident İlham Əliyevin hər bir çıxışı bəzi dünya güclərinə çağırışları ilə zəngindir. İlham Əliyev Sammitdəki çıxışında da Avropa təsisatlarına xəbərdarlıq etdi. Bildirdi ki, əgər Avropanın əsas diplomatı Cozep Borel Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə də dostlarını dəstəkləməkdə davam edəcək.

Göründüyü kimi, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən cənab İlham Əliyev müstəqil siyasəti ilə istənilən basqıya, yalana, iftiraya layiqli cavab verməklə gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. COP29-a uğurlu evsahibliyi ilə cənab İlham Əliyev Azərbaycanın gücünə güc qatmış oldu.


Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm quruculuq


İlham Əliyev 4 ildir işğaldan azad edilən torpaqlarımızda misli görünməyən tikinti-quruculuq işləri həyata keçirir. O təkcə Azərbaycanın yox, dünyanın ən möhtəşəm ağıllı, smart şəhərlərini, rayon və kəndlərini qurur. 

Hazırda işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən tikinti-quruculuq işləri, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir. Həm yurd yerlərimiz yenidən qurulur, həm də keçmiş məcburi köçkün soydaşlarımız demək olar hər gün doğma el-obalarına qayıdırlar. 

Möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir. 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə toplam 22 milyard manata yaxın vəsait ayrılıb. Gələn il isə dövlət büdcəsindən bu istiqamətdə 4 milyard manat ayrılacaq.

Böyük qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçirilir. Bugünədək 2417 ailə - 9306 nəfər bu xoşbəxtliyə nail olub.

Ötən dövr ərzində işğaldan azad olunmuş ərazilərin ümumi planı ilə yanaşı, 8 şəhərin baş planının hazırlanması üzrə işlər tamamlanıb, bundan əlavə 90-a yaxın kənd və qəsəbədə ərazi planlaşdırılması işləri icra edilib. Bugünədək 30-dan çox yaşayış məntəqəsində tikinti işlərinə start verilib. Şəhər, kənd və qəsəbələrdə müfəssəl planlaşdırma normalarına və müasir şəhərsalma prinsiplərinə uyğun olaraq yeni yaşayış infrastrukturu, sosial təyinatlı obyektlər, ictimai məkanlar yaradılır. Yaşıllıqların qorunması və artırılması, yeni açıq ictimai məkanların təqdim edilməsi nəticəsində Qarabağ və Şərqi Zəngəzurun bütün şəhərləri "yaşıl şəhər" prinsiplərinə uyğun yenidən qurulur. 

İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın yox, dünyanın ən müasir yollarını, körpü-tunellərini, ən uzun tunellərini yaradır. Bütün dünya şahiddir ki, İlham Əliyevin 4 ildə işğaldan azad edilən ərazilərimizdə gördüyü irimiqyaslı layihələr bəlkə də bir çox ölkələrdə onilliklər boyu reallaşmayıb.  


Böyük dayaq və yeni dövrün inkişaf hədəfləri


Prezident İlham Əliyevin Azərbaycan naminə həyta keçirdiyi siyasət tariximizin ən şanlı səhifələri kimi yazılır. Nəyi nə zaman edəcəyini yaxşı bilən, sözü imzası qədər keçərli olan İlham Əliyev Avropada ən arzuolunan liderdir.

Məhz bütün söylənilən, izlənilən və yüksək səviyyədə qiymətləndirilən işlərə görə Azərbaycan xalqı öz liderinə böyük məhəbbət bəsləyir. Elə İlham Əliyevin də məhz bu möhtəşəm nailiyyətlərə imza atmasında xalq sevgisi ilə yanaşı, hörmətli birinci xanım, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da böyük dəstəyi, fədakar xidmətləri var. 

Ümummilli Lider Heydər Əliyev ideyalarını, onun humanizm siyasətini olduqca mükəmməl şəkildə davam etdirən birinci xanım Mehriban Əliyevanın həyat yoluna nəzər saldıqda aydın şəkildə görünür ki, onun fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayır. 

Prezident İlham Əliyevlə birgə Mehriban xanım Əliyevanın ölkənin inkişaf strategiyasının uğurla həyata keçirilməsində, həmçinin sosial-humanitar layihələrin gerçəkləşməsində böyük əməyi var. Bir məsələni xüsusi olaraq vurğulayaq ki, Mehriban xanım Azərbaycan adına həyata keçirdiyi bütün işlərə qəlbinin sevgisi ilə yanaşır və bu səbəblə də reallaşdırdığı işlər uğurlu alınır. 

Bu bir həqiqətdir ki, son 21 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatların, qazanılan böyük Zəfərin, uğurlu daxili və xarici siyasətin ən böyük dəstəkçisi Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Məhz əldə olunan uğurlarda ölkənin birinci xanımının əvəzsiz xidmətləri var. Mehriban xanım Əliyevanın dövlət başçısının ən sadiq silahdaşı kimi göstərdiyi fəaliyyət, gördüyü işlər çoxşaxəli və misilsizdir.

Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın gördüyü işləri təhlil etsək, əminliklə deyə bilərik ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir. 

Bu gün işğaldan azad edilən torpaqlarımızda aparılan tikinti-quruculuq işlərinə onun rəhbərlik etdiyi, Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu mühüm töhfələr verir. Dörd ildir ki, minlərlə abidəyə yeni nəfəs verən Heydər Əliyev Fondu Qarabağdakı dini irsimizin, məscidlərimizin, mədəniyyət abidələrimizin bərpasını reallaşdırır. Qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev Fondu qədim Qarabağ və Şərqi Zəngəzur torpaqlarında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpasını həyata keçirməklə tariximizə çox böyük töhfə verir.

Bir sözlə, tarixi Zəfər və Böyük qayıdış hərəkatı Prezident İlham Əliyev erasının zirvəsidir. Bununla belə Şanlı Zəfərimizdən sonra yaranan yeni reallıqlar və görülən işlər onu deməyə əsas verir ki, qarşıda Azərbaycanı daha möhtəşəm zəfərlər gözləyir. Azərbaycanın, sözün əsl mənasında, tam suverenliyini təmin edən möhtərəm Prezidentimiz xalqına verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirib. 

2024-cü ili uğurla başa vurmaqdayıq. Bu il də ölkəmizin ictimai-siyasi həyatında tarixi uğurlar qeydə alınıb. Təkcə BMT-nin COP29 sammitinə yüksəksəviyyəli evsahibliyini göstərmək yetərlidir. 

Tarixin ən qüdrətli Azərbaycanının ictimai-siyasi həyatında, daxili və xarici siyasətində artıq yeni dövr başlayır. Ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycanın yeni inkişaf konsepsiyası, modern yüksəlişin istiqamətləri və hədəfləri də artıq bəllidir. İndi əsas hədəflər dövlətçiliyimizin, suverenliyimizin, milli təhlükəsizliyimizin, daxili və xarici siyasətimizin, mütərəqqi yüksəlişimizin daha da güclənməsi istiqamətində mühüm addımların atılmasıdır. 

Cənab İlham Əliyev VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı proqram xarakterli  nitqində bu məsələlərə xüsusu olaraq toxunmuş və qarşıdakı illər üçün inkişafın yol xəritəsini müəyyənləşdirmişdir. Bu yol xəritəsi Azərbaycanı daha uğurlu, daha möhtəşəm gələcəyə aparacaq.


Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə yekun vurub, ən yaxşılar mükafatlandırılıb

22:22
24 Dekabr

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan

21:58
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

21:51
24 Dekabr

bp şirkəti tarixi Azərbaycan xalçalarının xüsusi sərgi üçün Vətənə qayıdışına dəstək olub  

21:36
24 Dekabr

Azərbaycanın tanınmış güləş hakimi karyerasını başa vurub

21:11
24 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

20:57
24 Dekabr

Rusiyanın Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusardan  

20:51
24 Dekabr

“Texnologiya və innovasiyalar” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının layihəsi müzakirə olunub  

20:41
24 Dekabr

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən

20:36
24 Dekabr

Britaniyanın Müdafiə Nazirliyi: 10 mindən çox hərbçi döyüşə yararsızdır

20:31
24 Dekabr

Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub  

20:27
24 Dekabr

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoydan

20:17
24 Dekabr

Türkiyənin dövlət rəsmiləri Balıkesirdə meydana gələn partlayışla bağlı açıqlama veriblər  

20:07
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

20:02
24 Dekabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

19:52
24 Dekabr

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelidən

19:51
24 Dekabr

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:46
24 Dekabr

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

19:42
24 Dekabr

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:41
24 Dekabr

Avropa Parlamentinin üzvü Tierri Marianidən

19:32
24 Dekabr

Niderland Krallığı Senatının sabiq sədri Rene Van der Lindendən

19:12
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!