06 Noyabr 2024 08:50
1586
Mədəniyyət
A- A+
"İlham Əliyev 44 gündə elə bir film çəkdi ki..."

"İlham Əliyev 44 gündə elə bir film çəkdi ki..."


Uzaq yolun yorğun yolçusuna bənzəyirdi...

Sanki çiyini üstdən geriyə baxıb özü ilə danışırmış kimi, keçdiyi yolun hesabatını verirdi...

"Gözü tox adamam. Heç vaxt var-dövlət toplamaq barədə düşünməmişəm. Şöhrət dalınca qaçmamışam. Daha çox insanların, cəmiyyətin mənə olan münasibəti haqqında fikirləşmişəm. Nəvələrim, nəticələrim var. Elə yaşamaq istəmişəm ki, adım çəkiləndə doğmalarım, yaxınlarım mənə görə utanmasınlar... 

Az yaşım yoxdur. Dünyanın hər üzünü görmüşəm. Bildiyim odur ki, vicdanlı insan ol, öz işinlə məşğul ol, şan-şöhrət də, var-dövlət də qismətində varsa, özü gəlib səni tapacaq..."

Həmsöhbətimiz Azərbaycan mədəniyyətinin simalarından biri, qocaman rejissor, Xalq artisti Oktay Mirqasımovdur. Qocaman sənətkar ömründən keçən illəri özünün də dediyi kimi, boşuna yaşamayıb. Geridə qalan illər kino lent kimi gəlib gözlərinin önündən keçir. Gördüyü işlərdən qürurla danışır.

Çoxsaylı sənədli və bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifi olan Oktay Mirqasımov bir sənət adamının ala biləcəyi ən yüksək mükafatlara layiq görülüb. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın Xalq artistidir. Cəfər Cabbarlı mükafatına layiq görülüb. "Şərəf" və "İstiqlal" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.

***

Oktay müəllim deyir ki, inanclı ailənin övladıdır: "Anamın yastığının altında çox qədimi, gözəl, nəfis tərtibatlı "Quran" var idi. Hər gün anamın "Quran"ı öpərək xalqımıza, övladlarına, vətənimizə necə dua etdiyini görmüşəm. Düzdür, indi anamın o nəfis tərtibatlı "Quran"ı olmasa da, mən də gündə ən azı iki-üç dəfə müqəddəs kitabımızı öpürəm. Hiss edirəm ki, görmədiyim ilahi xəfif bir güc məni qoruyur. Keçmişə baxanda, ötənləri xatırlayanda, o illər, o günlər, o mühit gözümün önünə gəlir, hansılar ki, yaddaşımda əbədi yaşayır... Son zamanlar, xüsusən müəllimlərimi daha çox xatırlayıram. Atamı, anamı, qardaşlarımı da unutmuram...

Evin sonbeşiyiyəm. Məndən böyük 4 qardaşım var idi... Mən həvəslə özümdən böyüklərə qulluq edirdim. Cəmiyyət, ailə qanunlarını bilirdim. Ümumiyyətlə, ailəmizdə olan nizam-intizamı biz çox böyük mənəvi sərvətimiz kimi qəbul edirdik. Atam Mirəsədulla Mirqasımov böyük demokrat idi. Mən onun öz tələbələri, dostları, həmkarları ilə isti, səmimi münasibətini görürdüm. Atam Elmlər Akademiyasının ilk prezidenti olmaqla həm də ilk azərbaycanlı cərrah idi. Baxmayaraq ki, cərrahlıq o dövrdə dini baxımdan yaxşı qəbul olunmayan peşə idi, görünür, atam insanlara bu sahədə daha böyük fayda verə biləcəyini düşündüyü üçün cərrahlığı seçmişdi. Bəzən düşünürəm ki, bu ailə məktəbini keçməsəydim, bu peşəni mənimsəyə bilməzdim. Ailəmizdə olan mühit, o ailə məktəbi mənə kömək etdi ki, rejissorluğu mənimsəyim".


İlk mükafatın sevinci...


Həyatda ilk uğurunu xatırlayan O.Mirqasımov dedi: "Birinci filmimi Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda oxuyanda çəkmişdim. Kiçik bir film idi. Ssenarisini də özüm yazmışdım. Rejissoru da, operatoru da özüm idim. 

Hər il bizim institutda kinofestival keçirilirdi. Bu filmim ustadım tərəfindən festivala təqdim olundu və festivalın birinci mükafatına "Qran-pri"yə layiq görüldüm. Bu, ilk mükafatım idi. İnanın ki, bu uğuru öz adıma yazmadım. İki il idi orada oxuyurdum. Çalışırdım sübut edim ki, mən onlardan geridə qalmayacağam. Halbuki ora Moskva idi. O zaman həmin institutda çox məşhur rus kinematoqrafçılarının övladları, dünyanın hər yerindən gəlmiş insanlar oxuyurdu. Bir sözlə, çox ciddi, çox həssas bir təbəqə var idi. Bilirdim ki, mən azərbaycanlıyam, mükafat almağım çətindir. Mükafatı alanda dedim, Allah sənə çox şükür ki, bir belə insanın içində bu mükafatı alan azərbaycanlı oldum. Bu uğurum mənə inam verdi. Mənə olan münasibət tam dəyişdi. Yalnız ermənilərin qısqanclığını görməmək mümkün deyildi".


"Ssenarilərimə filmlər çəkilməsə də, yaradıcılığımdan qalmamışam"


81 yaşlı görkəmli rejissor ömrümü can-başla Azərbaycan kinematoqrafiyasına həsr etdiyini söylədi: "O illərdə kino haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bildirim ki, Rusiyadan sonra bu qanun ilk dəfə bizdə qəbul olundu. Ölkəmizdə çəkilən filmlərin harada saxlanması məsələsi ciddi problem kimi hamını düşündürürdü. Ulu Öndərin birbaşa himayəsi ilə biz bu məsələni də birdəfəlik həll etdik. Dövlət Film Fondu yarandı. 

İngiltərədə Azərbaycan kinematoqrafiyası haqqında konfrans keçirdik. Fransa və İsveçrəyə səfərlər etdik. Bu səfərlərin nəticəsi olaraq 13 filmimiz Fransada nümayiş etdirildi. Kinoşünas Rəhman Bədəlovla birlikdə Amerikanın Daytın Universitetinə gedib orada çıxış etdik. Klassik filmlərimiz nümayiş olundu. Əslində, bu, mümkün olmayan bir işi idi... Amma biz bunu edirdik. O illərdə Türkiyə ilə kino sahəsində çox sıx əlaqə yarada bildik. Sonra təsərrüfat hesablı "Azərkino" video yaradıldı, ora rəhbər təyin edildim. Maddi vəsait olmadığı üçün 4 il idi kino çəkilmirdi. İşçilər maaş ala bilmədiklərinə görə çıxıb getmişdilər. Kinostudiyada yalnız mühafizəçilər qalmışdılar.

Sənətdə öz sözümü demişəm. Son zamanlar da bekar durmayıb bir neçə əsər yazıb təqdim etdim. Amma geri qaytarıldı. Heç ruhdan düşmədim. Onları çevirib povest şəklinə saldım. Təbii ki bu maddi cəhətdən mənim üçün uğursuzluqdur. Film çox qazanc gətirir. Heç iddialı adam da deyiləm. Kinoda olan vəziyyəti obyektiv qiymətləndirirəm. Həm də xarakter etibarı ilə elə adam deyiləm ki, "mən, mən" deyəm. Və ya gedib kimlərinsə qapısını döyüb saatlarla qapının ağzında dayanıb gözləyəm. O xasiyyət məndə yoxdur". 


Ümidverici gənclik yetişir 


"Həyatın gözəlliyi ondadır ki, rəngarəngdir, birrəngli deyil, - dedi müsahibimiz. Gənclərimiz də həyatın özü kimidir. Bəri başdan söyləyim ki, bizlərin etmədiklərini gənclərimiz etdi. Onlar Zəfərimizin qəhrəmanlarıdırlar...

Amma sənətə gələn bəzi gənclərimizi başa düşməkdə çətinlik çəkirəm. Bəlkə də bu, mənim fikrimin həmişə keçmişə köklənməsinin nəticəsidir. Mənə elə gəlir ki, gənclərimiz eqoist bir məntiqlə yaşayırlar. Yalnız "mən, mən" deyirlər. Təbii ki, bu sözləri bütün gənclərə şamil etmək olmaz. Kino sənəti ilə məşğul olmaq istəyən gənclərimizin arasında ona çox ciddi yanaşanlar, iş görmək istəyənlər də az deyil. Sevindiricidir ki, milli, pozitiv düşüncəli bir gənclik yetişir".


Qərb planetdə yaşayan insanları öz qəlibinə salmağa çalışır


"Xalqımız çox həssasdır. Ağı qaradan seçməyi bacarır. Səmimiyyət olmadan görülən işdən keyfiyyət gözləmək olmaz, - dedi ustad sənətkar. Şübhəsiz ki, pozitiv dönüş qabaqdadır. Bu gün televizorda gördüyümüz, komik deməzdim, arsız-arsız qurulan tamaşalar, millətdə əhvali-ruhiyyə yaratmır. Onlar bu ucuz oyunbazlıqları ilə insanların zəif damarlarından tutub qarmağa salmağa çalışırlar. Bu təsadüfi deyil. Bəlkə də qəsdən edirlər və bu işi gördürənlər var. 

Ad çəkməyəcəyəm. Mənim bir tərbiyəli və uğurlu tələbəm olub. Onunla fəxr edirdim. Çox normal insan idi. Onun son filminə necə dözüb baxmışam, buna özüm də təəccüb edirəm. Məsələ belə idi ki, film haqqında öz mövqeyimi bildirməli idim. Ona görə də məcbur idim filmi izləyim. Bir var xırda şeylər, bir də var konseptual fəaliyyət. Qərb istəyir ki, bütün planetdə yaşayan insanları özünün formalaşdırmaq istədiyi bir çərçivəyə salsın. Bunun üçün də böyük pul xərcləyir, filmlər çəkdirir. İnsanların şüuruna, mənəviyyatına təsir etmək naminə hər formadan istifadə edirlər. Bu yazıqların da, mən onları yazıq hesab edirəm, arzusu, qəsdi bilirsiniz nədir? Qərbin təşkil etdiyi hansısa festivala düşüb mükafat alsınlar. Siz bilirsiniz, belələrinə mükafatlar niyə verilir? Millətin, xalqın mənəviyyatını pozduqları üçün. Əxlaqsızlığı təbliğ edib milli ruhdan kənar dayandıqları üçün. Belə iş görmək olmaz. Şərəfli insanlar yalnız ləyaqətli iş görüb mükafat ala bilərlər".

Fikirlərini davam etdirən görkəmli sənət adamı söylədi ki, Kazan şəhərində islam dünyasının birinci film festivalı keçirilirdi: "Orada İngiltərə, Estoniya, Amerika, Hindistan və digər ölkələrdən filmlər nümayiş olunurdu. Bu filmlərdə islami dəyərlər təbliğ edilirdi. Mənim "Ovsunçu" adlı filmim festivalın "Qran-pri"sini aldı. Həmin festivalda digər "Qisas almadan ölmə, keçmişdən məktublar" filmim də rejissor işinə görə birinci mükafata layiq görüldü. Film bir neçə ölkədə Almaniya, İsveç, İsrail, Türkiyədə nümayiş olundu. İtaliyada isə "Göz qabağında şeytan" filmim nümayiş edilib. Festivallara getmək lazımdır. Orada alınan mükafatlar adama çox xoş olur. Amma gərək jeton alıb boynundan asmaq xatirinə xəyanət yolu tutmayasan. "Qisas almadan ölmə, keçmişdən məktublar" filmim Gürcüstanda keçirilən "Müqəddəs Andrey" festivalına da dəvət almışdı. Bu çox ciddi bir festival idı. Münsiflər heyətinin sədri boynunda xaç asılmış din xadimi idi. O, özü ağlaya-ağlaya mənə dedi ki, sizin filminiz xristianlığın əsas məsələlərini əks etdirir. Bu mənə verilən çox dəyərli bir mükafat oldu. Onu da deyim ki, o festivala dəvət alanda demişdim ki, mən müsəlmanam. Dedilər ki, yox, biz filmə baxmışıq. Filmdə əsas insani dəyərlər yer alıb. Mən də düşünürəm ki, Allah birdir. Halallığa üstünlük verilməlidir". 


Ölkəmiz dünya siyasətində öz yerini müəyyənləşdirir


"Gəlin kinonu hələlik qoyaq bir kənara. Əsas odur ki, indi dünya iqtisadi sistemində yerimizi müəyyən etmək mərhələsindəyik. Müvəqqəti olaraq bəlkə nələrisə arxa plana keçirə bilərik. Amma unutmarıq. 

Dəfələrlə Qarabağda olmuşam. Orada gedən abadlıq, quruculuq işlərini görüb dövlətimlə qürur duyuram. Tikilən hotellərin, aeroportların səviyyəsini görüb fərəhlənirsən. Bunu gözü götürməyənlər heç də az deyil. Qarabağ qurulduqca, bərpa olunduqca düşmənlərimiz artır. Dövlətimizə olan təzyiqlər artır. Çox şükür ki, bizim güclü Prezidentimiz var, gecəsini gündüzünə qatıb çalışır. 

Şərqin mədəniyyəti, əxlaqı çox yüksəkdir. Dünya bunu bilir. Ona görə də Qərb, Makron kimiləri bunu qəbul edə bilmirlər. Gecələrini gündüzlərinə qatıb ayağımızın altını qazırlar. Fransanın Parlament Assambleyası əleyhimizə gündə bir maklatura istehsal edir. Azərbaycan dövlətinin bugünkü mövqeyi, qüdrəti, gücü ilə qürur duyuram. Ölkəmizin yürütdüyü siyasətlə fəxr edirəm. Mən Rusiyanın televiziya proqramlarını da diqqətlə izləyirəm. Bizə olan münasibət 180 dərəcə dəyişib. Bu nəyin hesabına oldu? Prezident İlham Əliyevin apardığı düzgün siyasətin hesabına.

Bilirsiniz, mənim yadıma nə düşdü? İllər öncə çəkilmiş bir filmim var. "Gün aydın, mələyim". Film müharibə mövzusuna həsr edilib. Həyat yoldaşı müharibədə həlak olmuş bir şəhid xanımının həyatından bəhs edən bir filmdir.

Filmin sonluğu qələbə, Zəfər paradı ilə bitir. Bu film bizim qələbəmizin illər öncə verilmiş anonsu idi. Mən hələ o zaman inanırdım ki, Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad edəcək, Bakıda qələbə paradı olacaq...

Mədəniyyət Nazirliyi bu filmi Rusiyada keçirilən festivala göndərmişdi. Film nümayiş olunanda zalda tamaşaçılar "Bravo" deyib qışqırır, filmi alqışlayırdılar. Heç bir filmə belə münasibət yox idi. Onun təqdimatından sonra hamı, hətta münsiflər belə mənə yaxınlaşıb təbrik etdi, filmin festivalın qalibi olacağını dedilər. Televiziyalar məndən müsahibə götürmək üçün rəqabət aparırdılar... Həyatımda ilk dəfə idi ki, münsiflərin qərarı olmadan evə zəng edib dedim ki, deyəsən nə isə olacaq. Yəni filmim baş mükafata layiq görüləcək. Filmə olan münasibət elə idi ki, başqa cür düşünmək mümkün deyildi. 

Görün bir nə oldu? Zalda üç nəfər erməni də var idi. Onlar ciddi narahatçılıq keçirirdilər. Hətta mənə yaxınlaşıb "Bu, uduzduğunuz müharibənin kompensasiyasıdır?" - deyib rişxəndlə soruşdular da. Cavab verdim ki, hansı müharibədə uduzmuşuq? Dedim ki, çox arxayın olmayın. Bu xəmir hələ çox su aparacaq...

Adətən, festivallarda tanınmış bir kinoşünas çıxış edir, sonra nəticələr elan edilir. Aparıcının üzü qızarmışdı. Hiss etdim ki, burada artıq vəziyyət dəyişib. Bizim gözlədiyimizin tam tərsi olacaq.

Öyrəndim ki, film nümayiş olunan zaman ermənilər müxtəlif ünvanlara zəng vuraraq etiraz ediblər ki, azərbaycanlı kinorejissorun ara qızışdıran, düşmənçilik hissini gücləndirən filmi nümayiş olunur. Bu filmin mükafat almasına imkan vermək olmaz. Belə də oldu. Biz o festivaldan tamamilə əli-boş qayıtdıq.

Bunu niyə danışdım? Bizə olan münasibət belə idi. İmkan vermədilər ki, müharibə mövzusunda çəkilmiş bir filmə haqq etdiyi mükafat verilsin.

Görün bir Prezident İlham Əliyev nəyi bacardı. 200 il idi ki, ermənilər ssenari yazırdılar, plan qururdular... Bütün dünya erməniləri müdafiə edirdi. Həmin böyük dövlətlər bircə açıq mətinlə "Torpaqlarınızı ermənilərə verin" demirdi. Bunun olması üçün də utanmadan hər şeyi edirdilər. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, cəsarəti, uzaqgörənliyi və sərkərdəliyi ilə düşmənin və havadarlarının planı pozuldu. Azərbaycan suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Cənubi Qafqazı ələ keçirmək üçün illərdir Qarabağda yandırdıqları odun üstünə neft tökən Makron və onun kimiləri indi Qarabağa binoklla baxırlar.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gündə elə bir möhtəşəm film çəkdi ki, indi bütün dünya ona tamaşa edir".


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!