Medianın İnkişafı Agentliyinin keçirdiyi son ictimai rəy sorğusunun nəticələri cəmiyyətdə Prezident İlham Əliyevin siyasi kursuna olan davamlı dəstəyi və dövlət idarəçiliyinə yüksək etimadı əks etdirir. Əldə olunan nəticələr təsadüfi deyil, uzunmüddətli strateji idarəetmənin, ardıcıl islahatların, milli maraqlara əsaslanan dövlət siyasətinin və Azərbaycanın beynəlxalq mövqeyinin sistemli şəkildə möhkəmləndirilməsinin məntiqi nəticəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli deyib.
Onun sözlərinə görə, sorğuda respondentlərin 87,7 faizinin Prezident İlham Əliyevə etimad göstərməsi, 93,6 faizinin dövlətimizin başçısının fəaliyyətini müsbət qiymətləndirməsi, 91,5 faizinin növbəti prezident seçkilərində ona səs verməyə hazır olduğunu bildirməsi və 81,9 faizinin onu alternativsiz siyasi lider hesab etməsi ölkədə formalaşmış güclü ictimai konsensusun göstəricisidir.
“Bu etimadın əsas mənbələrindən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsidir. Azərbaycan artıq təkcə Cənubi Qafqazın aparıcı dövləti deyil, həm də regional gündəliyin formalaşmasına təsir göstərən, qlobal proseslərdə mövqeyi nəzərə alınan orta güc kimi çıxış edir. Müasir beynəlxalq münasibətlərdə orta güclər təşəbbüskar diplomatiyası, çoxtərəfli əməkdaşlığa verdiyi töhfələr, etibarlı tərəfdaş imici və müxtəlif geosiyasi mərkəzlərlə balanslaşdırılmış münasibətlər qurmaq bacarığı ilə fərqlənir. Azərbaycanın son illərdə nümayiş etdirdiyi siyasi fəaliyyət də məhz bu xüsusiyyətlərlə səciyyələnir.
Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq etimad kapitalını əhəmiyyətli dərəcədə artırıb. Bu gün ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, regional bağlantılar, iqlim gündəliyi, humanitar əməkdaşlıq və beynəlxalq dialoq platformalarının təşviqi istiqamətlərində etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycanın qlobal təşəbbüslərdə fəal iştirakı və beynəlxalq təşkilatlardakı nüfuzunun artması ölkənin geosiyasi çəkisinin yüksəldiyini təsdiqləyir”, - deyə R.İskəndərli əlavə edib.
AMQF İdarə Heyətinin sədri bildirib ki, Prezident İlham Əliyevin beynəlxalq platformalarda nümayiş etdirdiyi prinsipial mövqe, Azərbaycanın milli maraqlarını beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ardıcıl şəkildə müdafiə etməsi həm beynəlxalq ekspert dairələri, həm də Azərbaycan cəmiyyəti tərəfindən yüksək qiymətləndirilir. Dövlətimizin başçısının nüfuzlu beynəlxalq forumlardakı çıxışları və aparıcı media qurumlarına verdiyi müsahibələr Azərbaycanın mövqeyinin qlobal auditoriyaya obyektiv şəkildə çatdırılmasında mühüm rol oynayır.
“İctimai etimadı şərtləndirən əsas amillərdən biri də Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlərdir. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər, ardınca ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpa edilməsi müasir Azərbaycan dövlətçiliyinin ən mühüm siyasi və tarixi uğurlarındandır. Bu nailiyyətlər milli həmrəyliyi daha da gücləndirməklə yanaşı, dövlət institutlarına ictimai etimadı da möhkəmləndirib.
Sorğuda Prezident İlham Əliyevin regionda sülh gündəliyinin təşviqi, təhlükəsizliyin və daxili sabitliyin təmin olunmasındakı rolunun ön plana çıxması tam qanunauyğundur. Dünyanın müxtəlif bölgələrində münaqişələrin və qeyri-sabitliyin artdığı indiki geosiyasi şəraitdə Azərbaycanda təhlükəsizliyin, ictimai-siyasi sabitliyin və dayanıqlı inkişaf mühitinin qorunması vətəndaşların dövlətə və onun rəhbərliyinə olan etimadını daha da gücləndirən əsas amillərdəndir”, - deyə o diqqətə çatdırıb.
Ramil İskəndərli sonda vurğulayıb ki, Medianın İnkişafı Agentliyinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri təkcə cəmiyyətdə formalaşmış müsbət münasibəti deyil, həm də Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi, diplomatik və geosiyasi uğurlara verilən obyektiv qiyməti əks etdirir. Onun sözlərinə görə, bu göstəricilər Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinə yüksək ictimai dəstəyin, dövlət-vətəndaş həmrəyliyinin və Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinin bariz ifadəsidir.