07 May 2022 00:54
2152
SİYASƏT
A- A+
Hüquqi və demokratik dövlət quruculuğunun banisi

Hüquqi və demokratik dövlət quruculuğunun banisi

 

Zamanın ağır keşməkeşlərindən, siyasi-iqtisadi enişlərdən-yoxuşlardan keçən və taleyinin bütün sınaqlarından alnıaçıq çıxan Azərbaycan xalqı bu gün qürur doğuran günlərini yaşayır. Çünki 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması ilə xalqımız yalnız müstəqillik dövrünün deyil, son iki əsrlik tarixinin ən şanlı salnaməsini yaratdı.

Bu qələbə tariximizə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və cəsarətli siyasətinin, xalqımızın milli birliyinin nəticəsi kimi həkk olunmaqla bərabər, həm də xalqımızın Ulu Öndəri, müasir Azərbaycan dövlətinin qurucusu, böyük şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının təntənəsi oldu. Ümummilli Lider Heydər Əliyevlə başlanan, cənab İlham Əliyevlə davam edən güclü dövlətçilik siyasəti müstəqillik tariximizə ən möhtəşəm qələbələri yazmaqla Azərbaycanı həm də hərb meydanının qalib dövlətinə çevirdi.

 

Cəmiyyətin bütün təbəqələrini öz ətrafında birləşdirən lider

 

Bəşər tarixinin minilliklərə söykənən təcrübəsi, o cümlədən müasir politoloji rəy təsdiq edir ki,  xalqların və dövlətlərin inkişafında liderlərin rolu əvəzsizdir. Bu, tarixən belə olub, siyasi münasibətlərin keyfiyyət dəyişikliklərinə məruz qaldığı çağdaş dövrümüzdə də. Güclü, vətənpərvər, qətiyyətli, cəmiyyətin bütün təbəqələrini öz ətrafında birləşdirməyə qadir lideri olan dövlətlər həmişə yüksəlişə nail olmuş və tarixi uğurlar qazanmışlar.

Belə liderlər və şəxsiyyətlər Azərbaycan xalqının tarixində də yetişmiş, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, dövlətimizin inkişafında öz siyasi və vətəndaşlıq missiyalarını layiqincə yerinə yetirmişlər. Belə şəxsiyyətlərin arasında çağdaş intibahımızın və müstəqil dövlətçiliyimizin banisi olan, dövlətimizin müstəqilliyini qoruyub saxlayan Ümummilli Lider Heydər Əliyevin adı hər bir azərbaycanlı tərəfindən fəxrlə çəkilir. Xalqımızın tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu əbədiyaşar insanın dövlətimiz qarşısındakı xidmətləri misilsiz və ölçüyəgəlməzdir. Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və azərbaycançılıq məfkurəsinin mövcudluğu üçün xalqımız məhz Ümummilli Lider Heydər Əliyevə borcludur.

Azərbaycan dövlətinin keçdiyi inkişaf yolunun bir çox parlaq səhifələri, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar qələmə aldığım bu məqalədə Ulu Öndərimizin müstəqil Azərbaycana rəhbərliyi dövründə hüquqi və demokratik dövlət quruculuğu ilə bağlı tarixi xidmətlərindən  bəhs etmək istəyirəm.

 

Demokratik dəyərlərə və prinsiplərə söykənən Konstitusiya

 

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri keçmiş sovetlər birliyindən miras qalmış hüquq sisteminin yeni çağırış və tələblərə uyğunlaşdırılması, hüquqi dövlət quruculuğunun həyata keçirilməsi idi. Bu məsələ 1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nda öz əksini tapsa da, əməli və konkret işlər, tələb olunan islahatlar yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonrakı dövrə təsadüf etdi.

Görkəmli dövlət xadimi və təcrübəli siyasətçi kimi Heydər Əliyev yaxşı bilirdi ki, dövlətin möhkəmlənməsi və yüksəlişi, hüquqi dövlət quruculuğu üçün ilk növbədə islahatlar həyata keçirilməlidir. Başqa sözlə desək, hüquqi və demokratik dövlət qurmaq üçün bütün hüquq sisteminin yenidən qurulması və islahatların aparılması, bazar münasibətlərini tənzimləyən mükəmməl qanunların qəbul olunması demokratik cəmiyyət quruculuğunun ən mühüm və vacib şərtlərindən biridir. 1993-cü ilin prezident seçkiləri ərəfəsində bu barədə fikirlərini bildirən Heydər Əliyev demişdir: "Azərbaycan Respublikasında demokratik hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, hec vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı - bunların hamısı bərqərar olmalıdır. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməliyik".

Məhz Heydər Əliyevin sayəsində respublikamızda ardıcıl həyata keçirilən köklü islahatlarla müasir hüquq standartlarını və milli xüsusiyyətləri özündə birləşdirən, beynəlxalq prinsip və müddəalara tam uyğun olan hüquq sistemi yaradıldı. Bu sahədə fəaliyyət göstərən dövlət təsisatları yenidən formalaşdırıldı.

Hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti qurmağı özünün başlıca məqsədi elan edən ölkəmizdə bu sahədə atılan ilk addım ümumbəşəri dəyərlərə və prinsiplərə söykənən Konstitusiyanın qəbulu oldu. Konstitusiya hər bir sivil ölkənin əsas qanunu kimi ən ali hüquqi qüvvəyə malikdir. Bu sənəd dövlətin quruluşunun və təməlinin prinsiplərini, cəmiyyətin siyasi, hüquqi və iqtisadi əsaslarını təsbit etməklə, həm də vətəndaş hüquqlarını özündə əks etdirir, ölkənin inkişaf prioritetlərini müəyyən edir. Bu mənada həyatının hər bir sahəsində dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edən Konstitusiya özünün ali hüquqi xüsusiyyətləri  ilə hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.

Xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən, dövlətçiliyimiz və müstəqilliyimiz üçün bütün təhlükələri aradan qaldırdıqdan, siyasi-ictimai sabitliyini təmin etdikdən sonra hüquqi dövlət quruculuğuna başlayan Heydər Əliyevin bu istiqamətdə ilk  addımı yeni Konstitusiyanın qəbul olunması oldu. Həm də Heydər Əliyevin rəhbərliyi ilə başlanan islahatlar artıq Azərbaycanda qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyanın qəbulunu da gündəmə gətirmişdi. Bu isə yeni dövrün çağırış və tələblərinə cavab verməli, müstəqil Azərbaycan dövlətinin və onun xalqının milli maraqlarını, ölkənin özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərləri unikal formada özündə əks etdirən hüquqi sənəd olmalı idi.

1994-cü ilin iyul ayında Milli Məclisin iclasında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiyanın fəaliyyətə başlaması qərara alındı. Heydər Əliyev dəfələrlə layihənin açıq müzakirəsini təşkil etdi. Bu ali sənədin müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf edən Ulu Öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirdi, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşdı.

Ulu Öndər Konstitusiya layihəsini hazırlayan komissiyanın ilk iclasında qəbul ediləcək Konstitusiyanın əsas parametrlərini müəyyən edərək demişdir: "Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yeni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etmək və Azərbaycan Respublikasının özünəməxsus tarixi-milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi sivilizasiyalı dünyəvi dövlət qururuq".

1995-ci il noyabrın 12-də Azərbaycan vətəndaşları ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyasını qəbul etdilər. Tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunun qəbulu demokratik, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu əsasında dövlətimizin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində ilk mərhələ oldu. Odur ki, müstəqil Azərbaycanın ilk Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisələrindən biri olmaqla Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır.

Azərbaycanda belə bir yüksəksəviyyəli Konstitusiyanın qəbul olunması təsadüfi hal olmayıb, çoxəsrlik dövlətçilik ənənələrinin, xalqımızın keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsi idi. Bununla ölkəmizin və xalqımızın dövlətçilik tarixinə yeni bir şanlı səhifə yazıldı. Uzunmüddətli gərgin əməyin məhsulu olan bu Konstitusiya öz demokratikliyi, humanistliyi və dolğunluğu ilə seçilərək ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı. Xalqımızın demokratik dövlət qurmaq və dünya birliyində layiqli yer tutmaq istəyini nümayiş etdirdi. 1996-cı ildə Konstitusiya günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Heydər Əliyev demişdir: "Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir".

Azərbaycan Konstitusiyası dövlət və cəmiyyətin təşkilinin demokratik prinsiplərini ehtiva etməklə ictimai həyatın bütün sferalarında, o cümlədən siyasi, iqtisadi, sosial-mədəni və mənəvi sferalarda yeni məzmunlu münasibətlərin formalaşmasını, insan və cəmiyyət, vətəndaş və dövlət münasibətlərində insan və vətəndaşın fərqli üstün mövqeyini və bununla da insanın cəmiyyət və dövlət həyatında aparıcı rolunu müəyyən etdi. Marksist fəlsəfəsindən və sovet hüquq doktrinasından fərqli olaraq artıq insan, onun hüquq və azadlıqları ali dəyərlər kimi tanınmağa, dövlət tərəfindən onlara dəyər verilməyə başlandı. Eyni zamanda müstəqil Azərbaycanın Konstitusiyası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyən etdi, yeni siyasi və hüquqi sistemin yaradılmasına yol açdı.

 

Müasir Azərbaycan parlamentinin yaradıcısı

 

Dövlət idarəçiliyi sistemində parlamentarizmin mövcudluğu demokratik quruluşun əsas əlamətlərindən biridir. Müasir dövrdə parlamentarizm dövlət hakimiyyətinin elə bir sistemidir ki, burada qanunvericilik və icra orqanlarının səlahiyyətləri arasında dəqiq hədd qoyulmuşdur. Qeyd etmək lazımdır ki, bütün müsəlman Şərqində ilk cümhuriyyət parlamenti 1918-1920-ci illərdə Azərbaycanda yaranmışdır. Bu mənada Azərbaycan müəyyən parlament və parlamentarizm ənənələrinə malik idi.

Heydər Əliyev  demokratik cəmiyyət quruculuğunun vacib təsisatlarından olan parlamentin formalaşması və inkişafına xüsusi əhəmiyyət verirdi.  Ulu Öndərin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlanmışdır. Heydər Əliyevin Ali Sovetə rəhbərlik etdiyi dörd ay ölkəmizdə parlament mədəniyyətinin inkişafında mühüm rol oynamış, müasir peşəkar parlamentin formalaşması istiqamətlərini müəyyən etməyə kömək göstərmişdir. Bu baxımdan Heydər Əliyev həm də müasir Azərbaycan parlamentinin banisidir.

27 ilə yaxındır ki, Milli Məclis qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir. Parlament ölkədə aparılan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun, demokratikləşdirmə prosesinin, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinin möhkəm hüquqi bazasını yaratmış və təkmilləşdirmişdir. 2018-ci ildə sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda Prezident İlham Əliyev Milli Məclisin respublikamızın həyatında rolunu qiymətləndirərək demişdir: "Bu gün Azərbaycan uğurla inkişaf edir və mən bu inkişafda Azərbaycan parlamentinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan parlamenti həm Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir. Bir çox qanunlar qəbul edilmişdir. Demək olar ki, bu qanunlar həyatımızın bütün sahələrini əhatə edir. Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq və azadlıqların təmin edilməsində, demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var".

Dünya praktikasında parlamentlər bir və ya iki palatalı olurlar. Respublikamızın konstitusion quruluşuna əsasən, Azərbaycan unitar dövlətdir, parlament isə birpalatalıdır. Demokratiya şəraitində Milli Məclisə indiyədək altı dəfə keçirilmiş azad, ədalətli və şəffaf seçkilər Azərbaycanın demokratik inkişafında mühüm rol oynamışdır. Respublikamızda hüquqi və demokratik dövlətçiliyin prinsiplərindən biri kimi parlamentin formalaşdırılmasının müasir standartlara uyğun mexanizmi də yaradılıb.

 

Mütərəqqi seçki sistemi

 

Demokratik inkişafın əsas meyarlarından biri azad, ədalətli və şəffaf seçkilərin keçirilməsidir. Məhz demokratik seçkilər hakimiyyətin mənbəyi sayılan xalqın iradəsinin ifadəsidir. Xalqın iradəsi olmayan yerdə isə demokratiyadan söhbət gedə bilməz. Seçib-seçilmək hüququ hər bir vətəndaşın konstitusion hüququ olduğundan, vətəndaş bütün seçkilərdə səs verir. Yəni seçki hüququ olan bütün vətəndaşlar ölkənin ali rəhbərini, qanunvericilik orqana, bələdiyyələrə öz nümayəndələrini seçir, referendumda iştirak edirlər. Vətəndaşların seçkidə iştirakına təzyiq edilə bilməz və heç kəsin onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz. Digər tərəfdən, seçki siyasi və sosial qrupun  hakimiyyətə gəlməsinin yeganə sivil qaydası rolunu oynayır. Bu mənada seçki mahiyyət etibarı ilə dövlət orqanlarının və idarəetmənin müəyyən qaydalar əsasında vətəndaşların iradəsinin birləşməsi əsasında formalaşdırılması üsulu kimi xarakterizə olunur.

Müstəqillik dövründə demokratik dəyərləri tam mənimsəyən respublikamızda seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi ənənəsi formalaşıb. Bu ənənənin də müəllifi Heydər Əliyevdir. Ulu Öndərin sayəsində ötən əsrin 90-cı illərin əvvəllərinin siyasi böhranlarını geridə qoyduqdan sonra Azərbaycan dövləti üçün azad, demokratik seçkilərin keçirilməsi və bunun üçün lazımi qanunvericilik bazasının yaradılması, seçkilərin keçirilməsi prosesləri və təşkilati məsələlərin həll olunması hüquqi dövlətin formalaşdırılması baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Təsadüfi deyil ki, məhz Heydər Əliyev hüquqi dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi respublikamızda müasir tələb və çağırışlara cavab verən seçki sistemi təşəkkül tapıb.

Seçkilərin keçirilməsi öncə hüquqi sənədlərlə - ölkənin Konstitusiyası, Seçki Məcəlləsi və digər normativ hüquqi aktlarla tənzimlənir. Heydər Əliyevin müəllifliyi ilə hazırlanıb qəbul edilən ilk Konstitusiyada demokratik və hüquqi dövlətçiliyin əsas göstəricilərindən biri kimi vətəndaşların seçki hüquqi və referendumla bağlı məsələlər təsbit olunub. Konstitusiyasının 56-cı maddəsində deyilir: "Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır". Ümumilikdə isə Konstitusiya demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirib. Əsas Qanunda təsbit olunmuş müddəalara istinadən Azərbaycanda ümumi, bərabər və birbaşa səsvermə yolu ilə seçkilərin hüquqi çərçivəsi formalaşdırılıb.

Demokratiya sahəsində böyük uğurlar əldə etmiş dövlətlərin də seçki praktikası göstərir ki, hər bir seçkinin demokratikliyini təmin edən şərtlər sırasında siyasi iradə amili ilə yanaşı, təkmil seçki qanunvericiliyinin də olması olduqca vacibdir. Ulu Öndər Heydər Əliyevin bu məsələyə göstərdiyi yüksək diqqət sayəsində hüquqi-demokratik dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlar mükəmməl seçki qanunvericiliyinin formalaşdırılması və vətəndaşların ən mühüm siyasi hüquqlarından biri olan seçki hüququnun, habelə fundamental hüquqları olan vətəndaşların dövlətin və cəmiyyətin siyasi həyatında iştirak etmək, vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək kimi hüquqlarının hayata keçirilməsi üçün lazımi zəmin yaradılması ilə müşayiət olunub və 2003-cü ildə bu sahədə aparılan məcəllələşdirmə Azərbaycan Respublikası Seçki Məcəlləsinin qəbulu ilə nəticələnib.

Seçki Məcəlləsi mütəmadi olaraq təkmilləşdirilib və hazırkı dövrün ən təkmil seçki qanunu kimi təqdim oluna bilər. Eyni zamanda respublikamızın seçki sistemi müəyyən prinsiplərə əsaslanır. Həmin prinsiplər seçkilərin mahiyyətini ifadə edir. Azərbaycan Respublikasında seçki sisteminin prinsipləri Konstitusiyanın 83 və 101-ci maddələrində də öz əksini tapıb.

 

Müstəqil məhkəmə hakimiyyəti

 

Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, müstəqil məhkəmə hakimiyyəti yaratmadan mükəmməl hüquqi-demokratik dövlət quruculuğu və  insan hüquqlarının daha etibarlı təmini mümkün deyil. Bunun üçün ölkədə məhkəmələrin köklü islahatına ehtiyac var idi.

Müstəqil Azərbaycanın Konstitusiyasında ilk dəfə olaraq Məhkəmə Hakimiyyəti anlayışı verildi. Bununla da cəmiyyətdə yaranan bütün hüquq münasibətlərinin  həlli məsələsi məhkəmə orqanlarının səlahiyyətinə aid edildi. Bu mənada məhkəmə hakimiyyəti, onun hüquqi dövlətdə rolu və yeri ilə bağlı əsas ideyalar Konstitusiyada bünövrə kimi qoyulmuş konseptual əsaslardan irəli gəlir.

Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə Milli Məclisdə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan "Məhkəmələr və hakimlər haqqında" qanun qəbul edildi. Həmin qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər haqqında proqram xarakterli fərman imzalandı və ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə başlanıldı.

Eləcə də prokurorluq orqanları yenidən formalaşdırıldı. Hüquqi islahatların nəticəsi olaraq prokurorluq müasir dövrün tələblərinə cavab verən, fəaliyyətində qanunçuluq, dövlətçilik, siyasi bitərəflilik, obyektivlik, qərəzsizlik və insan hüquqlarının təmini kimi prinsipləri rəhbər tutan demokratik məzmunlu bir təsisata çevrildi.

Heydər Əliyevin 26 aprel 2000-ci ildə Respublika Prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluğun həyatında müstəsna rol oynamış tarixi görüşdən sonra Azərbaycan Respublikası Prokurorluğunda hərtərəfli islahatlara başlanıldı, dövlət başçısının tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması təmin edildi.

Hüquqi və demokratik dövlət quruculuğuna aparan yolda həyata keçirilən islahatlarla 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul edildi və bununla da insan hüquqlarının yeni bir qeyri-prosessual müdafiə mexanizmi formalaşdırıldı. Sonradan bu istiqamətdə həyata keçirilən islahatlar Ombudsman təsisatının respublikanın regionlarında mərkəzlərinin yaradılması və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) institutunun təsis olunması ilə davam etdirildi.

 

Azərbaycanın hüquqi-demokratik dövlət kimi əsasları daha da möhkəmlənib

 

Heydər Əliyevin başlatdığı hüquqi-demokratik dövlətçiliyin mühüm göstəricilərindən biri də çoxpartiyalı siyasi sistemin formalaşdırılmasıdır. Bu barədə söz açarkən ötən əsrin 90-cı illərinin əvvəllərində mövcud olmuş antidemokratik siyasi vəziyyəti xatırlamaya bilmirik. Ulu Öndərin liderliyi ilə  1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası o dövrdə müxalifət partiyası kimi siyasi meydana çıxmışdı. Həmin illər isə siyasi hakimiyyətdə olan qüvvələrin Heydər Əliyevə və YAP-a qarşı hansı maneələr törətdikləri hər kəsə yaxşı bəllidir.

Lakin Heydər Əliyevin hüquqi dövlət quruculuğunda siyasi partiyaların ölkənin siyasi həyatında iştirakına ehtiramla yanaşılıb. Təsadüfi deyil ki, müxalifət təmsilçiləri həmişə Milli Məclisdə təmsil olunublar. O cümlədən idarəçilikdə də müxalif kadrlara etimad göstərilib.

Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlətin formalaşmasına yönələrək səmərəli, effektiv nəticələrlə müşayiət olunub. Hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən yeni keyfiyyət mərhələsinə yüksəldilərək ardıcıl davam etdirilir. Son illər dövlət idarəetməsində həyata keçirilən islahatların hakimiyyətin bütün qollarını əhatə etməsi, məhkəmə-hüquq sistemində baş verən yeniliklər, müxalifət partiyaları ilə konstruktiv siyasi dialoqun aparılması, vətəndaş cəmiyyəti institutlarının inkişafı Azərbaycanın hüquqi-demokratik dövlət kimi əsaslarını daha da möhkəmləndirib.

Bütün bunlar nəticə etibarilə dövlətimizi və xalqımızın milli həmrəyliyini daha gücləndirir, cəmiyyətimizin rifahını daha da yüksəldir. Cənab İlham  Əliyevin Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər bunun bariz nümunəsidir.

 

Ziyafət ƏSGƏROV,

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!