Ümummilli Lider Heydər Əliyev əvvəl milli məfkurəni, sonra müstəqil dövləti yaratdı. Bu baxımdan, minillik dövlətçilik tariximizə milli məfkurəyə istinad edən ilk və yeni Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu.
Heydər Əliyevin həyata keçirdiyi siyasət qlobal mahiyyətinə görə bənzərsiz tarixi mərhələdə Azərbaycanın gücünə və Azərbaycan ictimai fikrinin təməl daşına çevrildi. XX yüzilliyin sonunda Ərəbistandan Qafqaza qədər dalğalanan siyasi ziddiyyətlərin Azərbaycana yansımaması, ölkəmizin Şərqdə də, Qafqazda da müstəsna bir dünya dövləti kimi öz sabitliyini və hər mənada, müstəqilliyini qoruyub saxlaması, Azərbaycanın Şərqdə unikal, tolerant bir Avropa dövləti kimi təzahür etməsi Heydər Əliyev tərəfindən irəli sürülmüş milli məfkurənin ümummilli mahiyyətinə ən mükəmməl və etibarlı sübutdur.
Milli düşüncənin intibahı, milli ruhu diri saxlamaq meyli onun tərcümeyi-halının ən işıqlı tərəfini təşkil edir. Bu kontekstdə onun obrazını necə xarakterizə etmək olar? Həm azərbaycançılıq ruhunu bütün siyasi-mənəvi aşımalardan bütöv və zədəsiz çıxaran böyük azərbaycanlı, həm də bütün dünya mədəniyyət və dəyərlərinə tolerant və multikultural aspektdən yanaşmağı bacaran dünya insanı! Heydər Əliyev üçün hər zaman əsas amal milli birlik, milli vəhdət olmuşdur. Onun azərbaycançılıq təliminin ana yapısında dayanan başlıca məqam elə bundan qaynaqlanırdı. Ümummilli dəyərləri ideoloji baxımdan ilk dəfə o təsbit etdi. İqtisadi coğrafiyanı böyük quruculuq işləriylə, mənəvi coğrafiyanı isə milli-mənəvi dəyərlərin Azərbaycana qaytarılmasıyla gerçəkləşdirdi. Azərbaycanın qapılarını Dədə Qorqudun, Babəkin, Nizaminin, Nəsiminin, Hüseyn Cavidin, Şəhriyarın üzünə taybatay açmaqla, əslində, Azərbaycanın məfkurəvi necəliyini müəyyənləşdirdi. 1993-cü ildə isə xalqımız Heydər Əliyevi hakimiyyətə təkcə Azərbaycanı hərbi-siyasi böhrandan qurtarmaq üçün deyil, həm də Ümummilli Liderin azərbaycançılıq əsərinin ən ciddi səhifələrini yaratmaq üçün dəvət edirdi. Çünki bu mənəvi abidənin - siyasi Azərbaycanın sirri 1969-cu ildən başlayaraq Heydər Əliyevin üslubunda kəşf olunmuşdu.
* * *
Heydər Əliyev milli müstəqilliyi qazandığımız 1990-cı illərdə, eləcə də hakimiyyətdə olduğu sovet epoxası daxilində ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə də siyasətin, gücün ayağına vermədi. Bütün fəaliyyəti dövründə ədəbiyyata, onun müxtəlif dövrlərində yaşayıb-yaratmış ədiblərinə qədirşünas mövqedən yanaşan Ümummilli Liderin rəhbər kimi özəlliyi bəlkə də elə buradan başlayır. Dəfələrlə qeyd etmişdir: "... ədəbiyyatı o qədər sevirəm ki, ədəbiyyatla, şeirlə, bizim mədəniyyətlə görüşmək mənim üçün həmişə çox xoşdur." Ona görə də ədəbiyyat məsələləri onun apardığı siyasi xəttin tərkib hissəsi olmuş, ədəbi-tarixi yaddaşı qorumaq amalı bütün fəaliyyəti dövründə funksionallığını itirməmişdir.
Hakimiyyətdə olduğu bütün dönəmlər Heydər Əliyevin ədəbiyyata, sözə, sənətə olan sevgisi kimi qabarıq önə çıxır. Və yalnız təzahür olaraq hasilə gəlmir, konsepsiya, təlim səviyyəsində gerçəkləşir. Heydər Əliyev xalqı və dövləti qorumağın, uca tutmağın, onun milli kimlik və mənlik qürurunun gizləndiyi, ehtiva olunduğu məqamların nələrdə, hansı dəyərlərdə ehtiva olunduğunu bilirdi. "Ən çox sevdiyin şair kimdir?" sualına Şəhriyar, "ən çox sevdiyin şeir hansıdır" sualına isə Səməd Vurğunun "Azərbaycan" şeiri deyə cavab vermişdir. Əslində, onların hər ikisi böyük öndər üçün Azərbaycan demək idi. Onun Şəhriyar sevgisi də, Səməd Vurğunun "Azərbaycan" şeirini oxuyarkən kövrəlməsi də, Hüseyn Cavidin nəşinin vətənə qaytarılma fədakarlığı, onlarla sənətkarımıza qoydurduğu abidələr, keçirtdiyi yubiley tədbirlərinin də əsas xətti millətə yönəlik olan sevginin gücünə söykənirdi.
Zəngin dövlətçilik təcrübəsi və geniş dünyagörüşə malik dövlət xadimi olan Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyinin birinci dövrü ondan hansı məzmunda danışmağa əsas verir? Zənnimcə, daha çox xalqın itirilmiş intellekt və emosiya potensialının geri qayıdışında, ondakı milli müəyyənlik və özünüifadə imkanlarının bərpa olunmasında siyasi iradə nümayiş etdirən lider olaraq. Bu baxımdan, 1969-82-ci illər sovet imperiyası daxilində respublikamızda həm də milli varlığın idrak məqamıdır. 1970-ci illərdə Moskva siyasi dairələrində kifayət qədər nüfuz sahibi olan Heydər Əliyev bundan xalqının milli kimliyinin və müəyyənliyinin dərki üçün yararlandı. Bütün siyasi fəaliyyəti boyu əsas diqqətini xalqın tarixi şəxsiyyətlərinin yaradıcılığının poetik dövriyyəyə gətirilməsinə, yaddaş faktına çevrilməsinə, milli genefondun varlıq göstəriciləri olmaları işinə sərf etdi. N.Gəncəvinin, İ.Nəsiminin, M.P.Vaqifin, M.Ş.Vazehin, N.Nərimanovun heykəllərinin qoyulması, onların irsini dirçəltmək imkanları sovet epoxası daxilində ağlasığmaz əzmkarlıqdan hasilə gəlirdi və siyasi lider olaraq Heydər Əliyevin bütün fəaliyyətinin prioritet istiqamətini təşkil edirdi.
Heydər Əliyevlə yaddaşlaşan klassika
1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başladı. Həmin mərhələ bilavasitə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Adil Babayev yazır ki, "Şərqin ən böyük dastanı olan "Kitabi-Dədə Qorqud"u adi döyüş əsəri kimi qiymətləndirirdilər və onun araşdırılmasının qarşını alırdılar. Amma milli-mənəvi dəyərlərimizi, dilimizi sovet dövründə tamamilə sıradan çıxarmaq məqsədi qoyulsa da, reallaşdıra bilmədilər. Heydər Əliyev abidənin millətə qaytarılmasında böyük işlər gördü".
Eləcə də böyük Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı Heydər Əliyevin gerçəkləşdirdiyi işlər bu şairin irsinin yeni təfəkkür qatına, milli şüur və yaddaşa bədii-estetik çalar qatmasını izləməyə imkan verir. Həmin vaxta qədər Nəsimi divanı yalnız bir dəfə, görkəmli ədəbiyyatşünas Salman Mümtaz tərəfindən 1926-cı ildə ərəb əlifbası ilə çap olunmuşdu. 1972-ci ildə türkmən ədəbiyyatşünası Qullayev həmin divanın dili üzərində müəyyən türkmənləşmə əməliyyatı apararaq yenidən çap etdirmiş, şairi türkmən ədəbiyyatının klassiki kimi təqdim etmişdir. Ancaq Heydər Əliyevin müdaxilə və müqaviməti nəticəsində bu saxtalaşdırma siyasəti uzun çəkmir, rəsmi dairələrdə tanınmasına yol verilmir və şairi Azərbaycan ədəbiyyatının dəyərli klassiki kimi tanıtmaq, təbliğ etmək yönündə davamlı tədbirlər planı start götürür. Heydər Əliyevin sərəncamı əsasında 1973-cü ilin 13 sentyabrında İmadəddin Nəsiminin 600 illik yubileyi keçirilir. Elə həmin il Həmid Araslının tərtibatı ilə Nəsiminin divanı çap olunur. Bütün ölkə Nəsimi əhvali-ruhiyyəsində olur, şairin şəkli həmin dövrdə çap olunan bütün ölkə qəzetlərinin loqosuna çevrilir. Əsərləri ingilis və fransız dillərinə tərcümə edilir, haqqında xarici ölkələrin və beynəlxalq təşkilatların mətbuat orqanlarında bir neçə məqalə çap olunur. UNESCO-nun "Kuryer" jurnalında Nəsimi haqqında məqalə dərc edilir. Heydər Əliyev Nəsiminin yubileyinin təkcə Bakıda deyil, Moskvada da keçirilməsinə nail olur. 1980-ci ilın fevral ayında Bakının mərkəzi parklarından birində Nəsiminin abidəsi qoyulur və heykəlin açılış mərasimində şəxsən özü iştirak edir. Beləcə, sovet ideologiyasının birbaşa marağında olduğu Nəsimini milli ədəbi-tarixi yaddaşdan çıxdaş etmək niyyətinin qarşısı böyük siyasətçi tərəfindən alınır.
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin irsinə də Heydər Əliyevin münasibəti konseptual səciyyə daşıyırdı. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır. Bu məqamla bağlı X.R.Ulutürkün "Gündəliy"ində əhəmiyyətli bir epizod yer alır: "Xəmsə" yaradıcısının anadan olmasının 840 illiyi bayramı keçiriləndə böyük qazax şairi Oljas Süleymenovun verdiyi sual yadımdadır:
- Axı 840 yuvarlaq rəqəm deyil, niyə tələsirsiniz?
- Tələsməyimiz əbəs deyil. Biz Nizami ilə bəşəriyyəti qovuşdurmağa tələsirik. Nizami elə bir sənətkardır, elə bir dahidir ki, hər il bayramını keçirməyə dəyər".
Yaxud 1982-ci ilin 14 yanvarında Şuşada M.P.Vaqif məqbərəsinin açılışı Heydər Əliyev üçün əbədiləşən tarixi yaddaş baxımından əhəmiyyətli hadisə, mənəviyyata, mədəniyyətə qoyduğu böyük abidə idi. Həsən Həsənovun "Gələcək haqqında... xatirələr" məqaləsində bu məqamla bağlı maraqlı epizod yer alır: "Bir dəfə Heydər Əliyev gözlənilmədən məndən soruşdu: "Sən şair Vaqifi tanıyırsanmı?" Mən cavab verdim: "Əlbəttə, tanıyıram". O, mənə diqqətlə baxdı və dedi: "Yox, sən hamısını bilmirsən". Sonra söhbət bizim cari kommunist və beynəlmiləlçi vəzifələrimizdən uzaq mövzuya keçdi. Heydər Əliyev dedi ki, Şuşada Vaqifin məqbərəsini tikməyi qərara alıb. Məqbərənin layihəsi hazırlanır, yer seçilib, tikinti başa çatandan sonra məqbərənin təntənəli açılışını və Vaqif poeziya bayramını keçirmək nəzərdə tutulur. Heydər Əliyev sözünə davam edərək dedi: "Sən bu məsələləri ən yaxın vaxt üçün prioritet məsələ kimi qəbul etməlisən. İstəyirəm ki, sən mənim əsas məqsədimi biləsən. İndiki halda Vaqif bizim üçün sadəcə şair, məqbərə sadəcə qəbirüstü abidə, bayram sadəcə şeirlər oxumaq deyil, Vaqif bizim üçün Azərbaycanın dövlət xadiminin rəmzidir və belə də olacaq. Şuşadakı məqbərə bizim üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, poeziya bayramı bu torpaqda Azərbaycan dilinin əbədi təntənəsinin rəmzidir".
Önəmli bir faktın - 1978-ci ildə Heydər Əliyevin səyi nəticəsində dəyişdirilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət Himni məsələsi üzərində dayanmaq istəyirəm. 1945-ci ildə Səməd Vurğun və Süleyman Rüstəmin müəllifliyilə yaradılmış Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət Himninin sözlərinin müəlliflər cərgəsinə Hüseyn Arifin də qoşulmasıyla 1978-ci ildə yeni redaksiyada işlənildi. Qəribədir, Stalinin adı Azərbaycan himnindən məhz 1978-ci ildə çıxarıldı. "Rəhbərimiz Stalindir - bizim həyat növrağımız" misrası Azərbaycan himninin mətnindən Stalindən 25 il sonra məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə çıxarıldı ki, bu da tarixi bir qanunauyğunluğun göstəricisiydi.
Azərbaycanın dəyərlərini tanıtdırmaq və 1937-ci ildə ziyalılığın sındırılmış vüqarını dirçəltmək, reabilitasiya etmək Heydər Əliyev diplomatiyasının çıxış nöqtəsini təşkil etmişdir. Nə qədər gerçəkləşə bildi bu missiya? Zənnimcə, bütün hallarda bənzərsiz fədakarlıq nümunəsi meydana qoyuldu. Hər halda istər ölkə daxilində gedən siyasi proseslərə, məhəlli ziddiyyətlərə, istərsə də dünya siyasətində Azərbaycana qarşı aparılan əks-təbliğatlara, mürəkkəb diplomatik çəkişmələrə baxmayaraq və onlara önəm verməyərək Heydər Əliyev SSRİ kimi nəhəng imperiyanın daxilində Azərbaycanın müstəqilliyə aparan yollarını aydınlaşdırdı.
Bu məqamda bir məsələni də vurğulamağa ehtiyac var. Heydər Əliyev yalnız qorumurdu, yalnız himayə etmirdi, yalnız cəsarət aşılamırdı. O, həm də sahib çıxmağı bacarırdı. Gücünün yetdiyi qədər milli-mənəvi dəyərlərin qorunmasına çaba göstərirdi. Bu barədə əlbəttə, kifayət qədər təcrübə və bacarıq sahibi idi, amma bununla yanaşı (və daha əsas!), millətinə və xalqına can yanğısı vardı. Böyük şairimiz Məhəmməd Füzuli ilə bağlı Heydər Əliyevin qatlaşdığı çətinliklər və onun bu istiqamətdə əzmkar fəaliyyəti fikirlərimizə əyani sübutdur. Heydər Əliyevin böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəbrinin qorunması və məqbərəsinin tikilməsi ilə bağlı gördüyü çöxyönlü işlər - SSRİ XİN qarşısında qaldırdığı məsələ, Bağdaddakı səfirlik ilə yazışmaları, ölkə ziyalıları ilə danışıqları və sair bu kimi yorulmaz, inadlı və əzmkar mübarizələri bu siyasi liderdən hər cür yüksək məzmunda danışmağa əsas verir.
Bir neçə faktın üzərində dayanmaq istəyirəm. 1959-cu ildə Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması çap olundu. Poema çap olunan kimi ciddi rezonans doğurdu, müəllifini həbs olunmaq təhlükəsi gözləyirdi. Niyə? Çünki ilk dəfə olaraq, orada azadlıq, milli dil, milli varlıq problemləri qoyulmuşdu və sovetin qılıncının at oynatdığı bir zamanda belə məqamlara varmaq bağışlanmırdı. Heydər Əliyev bu zaman dövlət təhlükəsizliyi orqanlarında çalışırdı. Vəzifəsindən irəli gələn səlahiyyəti isə millətin milli-mənəvi dərdlərinin tərcümanı olmağa, onun ehtiva olunduğu məqamları qorumağa imkan verirdi. Çıxışlarında həmin məsələ ilə bağlı fikirləri var. Deyir ki, "mən hələ Dövlət Təhlükəsizliyi Komitəsində işləyən zaman Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi meydana çıxmışdı. "Gülüstan" poemasını yazmışdı. Ondan ötrü o zaman həbs etmək məsələsini qoymuşdular. O vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun. Nəinki qoymadım, onunla dəfələrlə söhbətlər apardım, öz məsləhətlərimi verdim. Belə bir insan o vaxtlar böyük fəlakət qarşısında idi. Nəyə görə? Heç bir cinayət yox idi. Ona görə ki, millətini sevirdi, millətin qayğıları haqqında yazılar, şeirlər yazırdı".
Yaxud yazıçı Mövlud Süleymanlının "Dəyirman" povesti. "Qırx ilin yeddi görüşü" əsərində yazıçı Mövlud Süleymanlı qeyd edir ki, "o zaman mənim "Dəyirman" povestim təzə çıxmışdı. Əsər böyük səs-küyə səbəb oldu, Yazıçılar Birliyində povest ətrafında geniş müzakirə aparıb amansız tənqidlərə məruz qoydular. Daha sonra yazıçılar əsəri götürüb Heydər Əliyevin yanına gediblər. Heydər Əliyev soruşub ki, nə var bu əsərdə. Deyiblər ki, sovet ideologiyasına zidd məqamlar var, hələ yoldaş Əliyev, altından xətt də çəkmişik, əsərdə 73 ədəd söyüş yer alıb. Heydər Əliyev altından xətt çəkilmiş sözün birini oxuyub və gülərək deyib, baho, ona qalsa, gərək rus xalqı Şoloxovu məhkəməyə verə".
Heydər Əliyev ədəbiyyatı sevməklə bərabər, yeri gələndə yazıçını yazıçıdan qoruyurdu, himayə edirdi, azad sözün, azad düşüncənin yanında dayanırdı. Bəlkə də bütün sənət adamlarını tək-tək tanıyaraq ona hamilik edir, arxasında durmaq kimi ümdə vəzifələri həyata keçirirdi. Böyük ədəbiyyatşünas alim Yaşar Qarayev "Müstəqillik dövrünün milli öndəri" məqaləsində yazır ki, "60-cı illərə qədər Azərbaycanda "dissident" olmaq mümkün idi. Yəni şair və yazıçıların buna "imkanları" var idi. 1969-cu ildən sonra bu imkan aradan qaldırıldı. Bəziləri təəccüb edir ki, niyə Azərbaycanda "altmışıncıların" sandıqdan, yasaqdan çıxan əsərləri olmadı? Çünki sandığa ehtiyac olmadı. Hətta Moskvada, mərkəzi jurnallarda çap edə bilmədikləri əsərlərini yazıçılar Bakıda çap edirdilər..."
1980-cı ilin 27-31 oktyabrında Heydər Əliyev "Ədəbiyyatların dostluğu - xalqların dostluğudur" adı ilə Bakıda Ümumittifaq konfransı təşkil etdi. Dünyanın bir çox ölkələrindən ora şair və yazıçılar dəvət olunub. Məruzəçi də özü oldu. Ədəbiyyatşünas alim İmamverdi Əbilov "Dünənin, sabahın çağdaş dahisi" kitabında yazır ki, "məhz həmin konfransdakı nitqi ilə Heydər Əliyev etnos-millət-bəşəriyyət bağlılığının harmoniyasına yeni istiqamətdə aydınlıq gətirdi. O, sadəcə, nitq söyləmədi, Şərq-Azərbaycan mədəniyyətinin mədəni dünya üçün nadir sərvət olduğunu, mənəvi missiya daşıdığını qonaqlara məharətlə aşıladı. Mirzə Fətəli Axundzadənin "Şərq poeması"ndan, Səməd Vurğunun "Zamanın bayraqdarı" əsərindən parçalar söylədi - həm azərbaycanca, həm də rusca. Vyaçeslav Sukaçev, Aleksandr Smerdov, Vasili Bıkov, Aqniya Barto, Zoya Kedrina, kubalı və hindistanlı qonaqlar salondakı təntənəli sükutdan, tükənməz alqışlardan heyrətə düşmüşdülər. Yanaşı əyləşdiyim hindistanlı yazıçı Prakaş Bharti çətin danışdığı rus dilində mənə qəribə sual verdi:
- Vaş rukovoditel poet ili prozaik?
Yəni qonaq, ölkə rəhbərinin yazıçı olduğuna tam inanmışdı, indi isə onun hansı sahə üzrə yazıb-yaratdığını bilmək istəyirdi.
Heydər Əliyev unikal yaddaşa sahib şəxsiyyət idi. Turan Cavidin xatirələrində bu böyük insanla bağlı mühüm faktlar yer alır. Bu faktlarla Azər Turanın "Cavidnamə" əsərindən tanış olmaq mümkündür: "1983-cü ildə Moskvadan yayda istirahət üçün Bakıya gəlmişdi Heydər Əliyev. 1983-ün 24 sentyabrında Azdramada "İblis"ə baxmağa gəldi. Tamaşadan sonra müzakirədə əsəri elə dəqiq təhlil elədi ki... İkinci dəfə 1984-cü ildə sentyabrın 15-də Rus Dram Teatrında "Şeyx Sənan"a baxdı, rəhmətlik Zərifə xanımla birgə. Birinci hissədən sonra məni qonaq otağına çağırdı və içəri girən kimi, "tamaşada bir neçə obrazı ixtisar ediblər", - söylədi. Düz deyirdi. Sonra isə musiqidən danışdı. Fikrətin musiqisini çox təriflədi və kor ərəbin mahnısını ifa elədi, sözləri və melodiyanı dəqiq ifa edirdi. Təəccüb ediləcək bir hal idi. Dramaturgiyanı yaxşı bilirdi, duyurdu. O, Cavidi Şekspirlə deyil, Höte ilə müqayisə etməyin tərəfdarıydı. "Faust"la "İblis"i müqayisə edirdi".
Özünəqayıdışın Cavid intibahı
Heydər Əliyev siyasətinin dissident ruhu 1982-ci ildə daha bir müdhiş hadisə ilə nəhayətsiz miqyas aldı. Böyük Azərbaycan şairi Hüseyn Cavidin nəşinin Sibir çöllərindən vətənə gətirilməsi haqda sərəncam verdi Heydər Əliyev. Bu hadisəni Heydər Əliyevin siyasi fəaliyyətinin şah əsəri saymaq olar. Axı söhbət 1937-ci ilin repressiya dalğasının güdaza verdiyi faciə qəhrəmanından gedirdi. 1982-ci il, sovet dövrü hələ bitməmişdi, heç buna işarələr belə yox idi. Rəsmi sənədlər üzərində bəraətlər verilib, amma düşüncədə hələ də repressiya havası, qorxusu, ürpərtisi, həyəcanı davam edirdi. Dildə repressiyaya məruz qalanlar haqda gerçəklər tüğyan edirdi, amma kağız üzərində yanlış elmi-ədəbi yalanlar meydan sulayırdı. Çünki xof hələ çəkilməmişdi, ideoloji yanlışlığa uğrama qorxusu gerçəklərdən daha öndə idi. Heydər Əliyev bu addımı ilə gerçəyi qorxulardan önə çıxartdı, Cavidin nəşini vətənə qaytarmaqla elə ilk növbədə, qorxunun üzərindəki örtüyü götürüb atmağa müvəffəq oldu.
1982-ci ildə Cavidin qayıdışı ilə milli mədəniyyətin yeni epoxası başlayır. Bu artıq türkçülüyə, turan əxlaqına dönüş idi!
Cavidin nəşinin niyə məhz Naxçıvanda basdırılması da ayrı özəlliyi ilə diqqət çəkir. Nəriman Həsənzadənin xatirələrində buna əmin oluruq: "Bir də Təbriz nisgili var idi Heydər Əliyevin. Hüseyn Cavidin nəşini uzaq Sibirdən vətənə gətirmişdi. Cavidi niyə Naxçıvanda basdırmaq istədi, burda yox? Söhbət gedirdi bu barədə həmin ərəfələr. Mən yanında durmuşdum, kimlərləsə söhbət edəndə dedi elə Naxçıvan yaxşıdı ki, Təbrizdən gələndə onu ziyarət eləyib gələcəklər. Bura qədər dərin düşünürdü Heydər Əliyev".
Cavidlə bağlı missiya bununla yekunlaşmır. Həmin vaxt Heydər Əliyevin göstərişi ilə Naxçıvanda Hüseyn Cavidə məqbərə tikilməsi qərara alınır. Lakin 1982-ci ildə respublikadan gedəndən sonra bu yöndə heç bir iş görülmür. Liderin 1993-cü ildə ölkəyə rəhbər kimi qayıdışından sonra işlərə yenidən təkan verilir. Naxçıvanda Hüseyn Cavidin əzəmətli məqbərəsi hazırlanır. Bu gün həmin məqbərədə Cavidlər ailəsinin - Cavidin, Mişkinazın, Ərtoğrulun və Turan Cavidin məzarları yan-yanadır.
* * *
1980-ci illər... Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldı. Meydanda isə 1970-1980-ci illərin - Heydər Əliyev zamanının reallaşdırdığı gerçəklər sırası vardı. Ölkə və xalq adına görülən nəhayətsiz əməllərin özülünün qoyulduğu mərhələ vardı. Hamının və hər kəsin vurğulayacağı bu gerçəyin üzərinə tarix yenidən qayıdacaqdı. Çünki 1970-1980-ci illərin milli özünüdərk mərhələsi Heydər Əliyevin müəyyənləşdirdiyi əxlaqi-milli-mədəni aktın müstəsna modeli idi. Cari prosesin, yazılan əsərlərin, bütöv ədəbi hərəkatın ideya zəmini rolunda çıxış edən aparıcı sima oldu Heydər Əliyev. Sovet epoxası daxilində bütün ölkə miqyasında sosial-tarixi, ədəbi-estetik qanunauyğunluqlarla müasir ədəbiyyatın özünün bədii-fəlsəfi ənənəsi arasında əlaqə, körpü rolunu Heydər Əliyev icra etdi. Ədəbiyyatın uzun illərin mənəvi təmassızlığından sonra yeni bir bədii-fəlsəfi zirvədən keçmişə, özünə qayıtma dövrü məhz Heydər Əliyevin payına düşdü. Bu mərhələ milli özünüdərk, milli mənlik şüurunun dirçəldilməsinə canatım illəri kimi Heydər Əliyevin simasında dolğun mövcudluğunu yaşadı. Bu mənada, 1960-1980-ci illər ədəbiyyatında Heydər Əliyev obrazı həmişə dominantdır. Onu yetirir, stimul verir, poetikasından tutmuş problematikasına qədər alt məqamda iştirak edir. Bu, Heydər Əliyev ədəbiyyatıdır!
Xilaskarlıq missiyası
Hakimiyyətinin ikinci mərhələsində də Heydər Əliyev inadla millətin yaddaş kultuna sədaqətinin bərpa edilməsi prosesini gerçəkləşdirmişdir. 1990-cı illərdə dahi şairimiz Məhəmməd Füzulinin 500, Mirzə Cəlilin 128, ilk möhtəşəm söz abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin elmi ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə keçirilməsi ədəbi irsə layiqli münasibətin izharına ən yaxşı nümunə olmaqla yanaşı, dövlət başçısının hansı məsələlərdə dəstək aradığını, mənəvi ülfət tapdığını bəlli edir. Daha sonra bu missiya klassik sənətkarlarımızın taleyinə münasibətdə davamını tapmağa başladı. Klassiklərimizin yubileylərinin keçirilməsi barədə sərəncamlar imzalayan Heydər Əliyev qeyd edirdi ki, "Respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən qədər çətinliklərlə üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər nə qədər çox olsa da, mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik". Yaxud bir müsahibəsində bildirirdi ki, "Elmimizlə, mədəniyyətimizlə çox ehtiyatlı davranmalıyıq. Belə şeyləri bazar iqtisadiyyatının ayağına vermək olmaz".
Məhəmməd Füzulinin bütün əsərləri (külliyyatı) altı cilddə nəşr edildi. Haqqında sanballı elmi monoqrafiyalar, tədqiqat əsərləri ortaya qoyuldu. Yubileyi həm Azərbaycanda, həm bütün türk-islam aləmində, həm də Rusiya və Avropada böyük təntənə ilə keçirildi.
1990-cı illərdə yenidən hakimiyyətə gələn Heydər Əliyevin müasir ədəbiyyat kontekstində yerinə yetirdiyi "yaradıcılıq" missiyasının realizəsi bir tərəfdən klassik ədəbiyyatı yaşatmaqla bağlı idisə, digər tərəfdən çağdaş ədəbi prosesi gəlişdirmək məqsədilə atılan bir sıra addımlarla əlamətdar oldu. Yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin gəlməsində rol oynayan, sonradan maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: "Azərbaycan", "Literaturnı Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarının və "Ədəbiyyat qəzeti"nin ölkə prezidentinin xüsusi qərarı ilə müntəzəm surətdə dövlət büdcəsindən maliyyələşdirilməsi ədəbi prosesin gəlişməsində əsaslı rol oynadı.
Heydər Əliyev zamanı
"Zaman keçir, hər şey durulur və Heydər Əliyevin 40 illik siyasi yaradıcılığı bu gün müstəqillik təntənəsini yaşayan Azərbaycanımızın əsasını təşkil edir. Biz desək də, deməsək də, Azərbaycanda inkişaf etmiş, böyümüş, artmış, tikilmiş, yenidən qurulmuş hər nə varsa, onun adıyla bağlıdır! Bunu danmaq mümkün deyil... Bu tarixdir!", - yazır yazıçı Mövlud Süleymanlı. Heydər Əliyevdən bəhs edən bütün mətnlər, əslində, bu məqama israrlıdır: Heydər Əliyev tarixdə qalıcı şəxsiyyətdir. Öyünə biləcəyimiz TƏKlərdəndir!
* * *
Biz Ümummilli Liderin vətən, yurd, xalq adına gördüyü nəhayətsiz əməllərdən bəhs etdik. Amma Heydər Əliyevin ən dəyərli əsərlərindən biri Azərbaycan Prezidenti İlham Əliyevdir. Heydər Əliyevin uğurlu siyasi kursunun bariz örnəyi!
Bu gün Heydər Əliyev həm də İlham Əliyevin simasında yaşayır, əbədi davam edən tarixə çevrilir. 44 günlük Zəfər səlnaməsinin hər səhifəsində Heydər Əliyevin rolu, gücü, iradəsi olduğu danılmaz faktdır. Çünki Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə qazandığı ən böyük nailiyyət məhz buna yetmək olmuşdur: milli varlığın idrak məqamına! O, dövlətin rəmzinə çevrilmiş ilk siyasi lider oldu və kifayət qədər ibrətamizdir ki, belə bir hadisə Azərbaycan tarixində ilk dəfəydi ki, baş verirdi. Belə hadisələri isə tarix sonradan təshih etmir. Çünki yüz illər keçəndən sonra tarix daha çox həqiqətin dilində danışır.
Heydər Əliyev Azərbaycanın siyasət dilini dünyaya təlim edən ilk azərbaycanlı oldu. Bu mənada, yüz illər keçəndən sonra da tarix Azərbaycan barədə qurucunun, baninin, Ümummilli Liderin, yəni Heydər Əliyevin üslubunda danışacaq!
Elnarə AKİMOVA,
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru