Azərbaycançılığın mahiyyəti - azərbaycanlıların öz orijinallığı və təkrarolunmaz keyfiyyətləri ilə başqa etnoslardan fərqlənməsidir. Məlum olduğu kimi, hər bir xalq öz tarixinin, dövlətçiliyinin, maddi və mənəvi mədəniyyətinin, ərazisinin, dilinin və tarixi abidələrinin yalnız ona məxsus olan etnopsixologiyasının daşıyıcısıdır. Bu amillərə əsasən məhz Azərbaycan xalqı başqa etnoslardan fərqlənir.
Azərbaycançılıq ideologiyasının kökləri hələ ilkin feodalizm mərhələsinə təsadüf edir. Belə ki, vətən hissinin dərk edilməsi ilk dəfə Alban hökmdarı Cavanşirin VI əsrin sonunda yeritdiyi xarici siyasətdə - onun Albaniyanın müstəqilliyini qorumaq istiqamətində İran, Xəzərilər, Bizans imperiyası və Ərəb xilafəti ilə apardığı diplomatiyada bariz şəkildə əks olunur. Sonrakı dövrlərdə azərbaycançılıq hissi böyük Azərbaycan şairi Xaqaninin yaradıcılığında bədii səpkidə daha geniş özünü göstərir. Şairin Şirvan haqqında şeirində onun vətən sevgisi yüksək pafosla səslənir:
Şirvan ki var, hər cəhətdən ülviyyətin anasıdır.
Onun hər cür səhər yeli dərdlərimin davasıdır.
Mən vətənə qurban olum, qurulmuşdur düzgünlüklə,
Bağdadı da dolandıran onun bollu qidasıdır.
Qeyd etmək lazımdır ki, feodal Azərbaycanında vahid Azərbaycan ideyasının ilk təşəbbüsçüsü Şirvanşah İbrahim sayılsa da, Azərbaycanı öz etnik sifətini itirmək təhlükəsindən xilas edən Şah İsmayıl Xətai olmuşdur. Şah İsmayıl doğma xalqının müstəqilliyini və azərbaycançılığa məxsus etnopsixologiyanı qoruyub saxlamaq üçün vahid Azərbaycan ərazisində öz imperiyasını yaratmış və Azərbaycan dilini rəsmi dövlət dili elan etmişdir.
Azərbaycan xalqının görkəmli oğullarının bu ideyası XIX əsrin sonu - XX əsrin əvvəllərində milli ziyalılarımız tərəfindən daha da inkişaf etdirilmiş, azərbaycançılıq anlayışı - öz ərazisi, tarixi, dövlətçiliyi, maddi və mənəvi mədəniyyəti, etnopsixologiyası və dili ilə təkrarolunmaz, unikal bir etnos olmaq səviyyəsinə qaldırılmışdır. Milli ziyalılardan H.B.Zərdabi 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti, Kamal Ünsüzadənin 1892-ci ildə nəşr etdirdiyi "Azərbaycan" qəzeti, habelə Firudin bəy Köçərlinin 1903-cü ildə yazdığı "Azərbaycan ədəbiyyatı" məqaləsi azərbaycanlıların milli özünüdərkində mühüm rol oynamışdır.
Lakin həmin milli ziyalılar azərbaycançılıq ideologiyasının yaradılmasına yalnız cəhd göstərmişlər. Sovet imperiyası şəraitində respublikaya rəhbərlik edənlər təəssüflər olsun ki, yalnız öz vəzifələrini düşünmüş, millətin oyanışı üçün heç bir təşəbbüs göstərməmişlər. Yalnız Ulu Öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti sayəsində azərbaycançılıq ideologiyası milli ideologiya kimi formalaşmış və əməli surətdə həyata keçirilməsinə başlanmışdır.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dinindən, dilindən və etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın azadlığını və müstəqilliyini dəstəkləyən insanların vahid dövlətçilik ideyası ətrafında birləşdirilməsi istiqamətində gərgin iş aparıldı. Bu dövrdə Heydər Əliyev azərbaycançılıq ideologiyasına tamamilə yeni bir məzmun verərək onu Azərbaycanın milli etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın hazırkı dönəminə uyğunlaşdırdı. Bununla azərbaycançılıq ideologiyası Heydər Əliyevin həyata keçirdiyi ardıcıl siyasi xətt nəticəsində mükəmməl ideoloji siyasi cərəyan kimi dövlət siyasətinə çevrildi.
Ulu Öndər hələ Yeni Azərbaycan Partiyasını yaradarkən həmin ideologiyanın başlıca prinsiplərini irəli sürmüşdür. Bundan sonrakı dövrdə isə Heydər Əliyevin ayrı-ayrı məruzə və çıxışlarında bu ideologiyanın məqsəd və vəzifələri elmi cəhətdən əsaslandırılmışdır. Ulu Öndərin fikrincə, azərbaycançılıq ideologiyasının başlıca məqsədi Azərbaycan millətini sevmək, onu öz dövlətinin və sərvətinin əsl sahibinə çevirmək, xalqı bütün dünyada tanıtmaq, ölkəni isə dünyanın bərabərhüquqlu sivil dövləti səviyyəsinə qaldırmaq, birliyə və həmrəyliyə nail olmaq, azərbaycanlıların dünya mədəniyyətinin inkişafında böyük rolunu, zəngin dövlətçilik ənənələrinə malik olduğunu, dövlətin bütün siyasətini xalqın rifahının daha da yüksəldilməsinə və firavan yaşamasına yönəltməkdən ibarətdir.
Ümummilli Lider azərbaycançılıq ideologiyasından söhbət açarkən deyirdi: "Milli ideologiyamız tarixi keçmişimizin adət-ənənələri, xalqımızın və dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır". Ulu Öndər istər sovet hakimiyyəti illərində, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə xalqımızın tarixini, mədəniyyətini bütün dünyaya tanıtmış və bununla Ümummilli Lider adını qazanmışdır.
Ulu Öndər azərbaycançılıq ideologiyasına əsaslanaraq tariximizin, mədəniyyətimizin, klassik ədəbiyyatımızın və təhsilimizin inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına və təkmilləşdirilməsinə, gənc nəslin hərbi və milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinə xüsusi qayğıkeşliklə yanaşmışdır. Bu istiqamətdə Ulu Öndərin şəxsi təşəbbüsü ilə "Dədə Qorqud" dastanının 1300 illik yubileyinin qeyd edilməsi, ölkəmizdə latın qrafikalı əlifbaya keçilməsi və "Azərbaycan dili" gününün təsis edilməsi təqdirəlayiqdir.
Heydər Əliyev daim sosial ədalət, dini və tarixi dəyərlərə sadiqlik, dövlət rəmzlərinə hörmət, milli-mənəvi dəyərlərə önəm verilməsini dəstəkləmiş, milli ideologiyamızın prinsiplərinin gələcəkdə müvafiq təhsil müəssisələrinin tədris planına daxil olunmasını tövsiyə etmişdir.
Vahid XANALIYEV,
tarix üzrə fəlsəfə doktoru