Dili yaşadan xalqdır, bu dildə danışanlardır. Elə xalqı da yaşadan onun dilidir. Bu baxımdan hər bir xalq öz milli mental dəyərlərinə, adət-ənənəsinə diqqət və qayğı ilə yanaşmalıdır.
Dil mürəkkəb, eyni zamanda rəngarəng, çalarlı, zəngin işarələr sistemidir. Məşhur dilçi alim Humboldtun "Dil işarələr haqqında elmdir" fikri hər dövr üçün öz aktuallığını qoruyur. Sistemləşmiş, normaya salınmış doğma ana dilimiz də bu təkamül prosesindən keçmişdir. Azərbaycan dili öz melodik, avazlı, intonasiyanın işlənməsi baxımından zəngin dillər sırasındadır. Tarix boyu yadellilərin işğalı və istilası dilimizin müstəqil istifadəsinə mane olsa da, hər dəfə hürriyyətimizə qovuşduğumuzda ilk olaraq dilimizi dövlət dili elan etmişik. Şah İsmayıl Xətai Azərbaycan dilini ilk dəfə dövlət dili elan etmişdir. Şərqdə ilk cümhuriyyət yaradanda da dövlət dilimiz məhz Azərbaycan dili olmuşdur. Lakin bütün bunlar çox təəssüflər olsun ki, yarımçıq qalmışdır. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə dilimizə, dilçiliyimizə münasibət dəyişmişdir.
Heydər Əliyevin dövlətə və dövlətçiliyə olan sevgisi, Azərbaycan dilinə, xalqına olan məhəbbəti onun həyatının ayrılmaz tərkib hissəsi idi. Böyük rəhbərin təşəbbüsü ilə 1995-ci ildə Konstitusiyamızın dil haqqında maddəsi ilə bağlı keçirilən müzakirələrdən sonra Azərbaycan dili dövlət dili kimi 21-ci maddədə öz əksini tapdı. 2001-ci ildə isə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalandı. Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiqi, Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi də Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndərin intellekti dil siyasətində özünü göstərmişdir. Azərbaycan dilinin təkmilləşməsində öz siyasi-ideoloji, uzaqgörən düşüncələri ilə misilsiz xidmətlər göstərən Ulu Öndər yorulmadan mücadilə aparmışdır. Bu dil siyasətinin məhvərində ilk olaraq vətənə, xalqa, dövlətə, doğma dilinə olan sevgi dayanırdı. Onun ən ümdə məqsədi müasir Azərbaycanı daha da qüdrətli görmək, dünya arenasında öz yerini tutmaq, gücünü və hürriyyətini isbat etmək idi.
Heydər Əliyevin dil siyasəti sadaladıqlarımızla qurtarmır. Qlobal dünyada özünəməxsus yer tutmaq üçün bütün sahələri inkişaf etdirmək, dünya dövlətləri ilə ünsiyyət qurmaq bu gün də aktualdır. Bunun üçün isə xarici dil bilmək vacibdir.
Azərbaycan gəncləri ilə görüşdə "Mən arzu edirəm ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun" deyən Heydər Əliyevin nə qədər uzaqgörən bir lider, bir siyasətçi, dövlət xadimi olduğunu görürük. Bu gün dünyanın ən nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələr, ölkə daxilində oxuyan, işləyən gənclər öz fəallıqları və fəaliyyətləri ilə Ulu Öndərin ideyalarına tapınmışlar.
44 günlük II Qarabağ savaşında sosial platformada ideoloji mübarizə aparanlar arasında məhz xarici dil bilikləri olanlar üstünlük təşkil edirdi. Ümummilli Liderin dil siyasəti öz töhfəsini verirdi. Öz dilimizdə düşündüyümüz, bildiyimiz həqiqətləri ingilis, rus dilində dünyaya çatdırırdıq.
Heydər Əliyev siyasi məktəbinin davamçısı İlham Əliyev də dövlət və gənclər siyasətini çox uğurla həyata keçirir. Dövlət hesabına xarici ölkələrdə təhsil almaq imkanı olan Azərbaycan gənci artıq Şekspiri ingilis, Puşkini rus, Höteni alman, Servantesi ispan, Rəşad Nuri Güntəkini türk, Aytmatovu qazax dilində oxuyur. Heydər Əliyevin nəsihəti və arzusu beləcə gerçəyə dönür.
Günel HÜSEYNOVA,
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi