10 May 2024 09:40
777
SİYASƏT
A- A+

Heydər Əliyevin arzularındakı Qarabağ

 

"Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır".

Heydər ƏLİYEV,
20 mart 1998-ci il

 

"Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik".

İlham ƏLİYEV,
10 may 2023-cü il

 

Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin 25 illik vaxt aralığı ilə böyük inam və qürurla söylədiklərindən gətirdiyimiz bu nümunələrdən də göründüyü kimi, Azərbaycan xalqı milli hədəflərinə doğru qət etdiyi birqərinəlik çətin, sınaq və məsuliyyətlərlə dolu uzun yolu Zəfər zirvəsinə yetirib. Üçrəngli, ay-ulduzlu bayrağını Qarabağ və Şərqi Zəngəzurun ən uca zirvələrində, Şuşada, Xocalıda, Xankəndidə dalğalandıraraq milli mücadiləsini məntiqi sonluğuna çatdırıb. 
Bu gün Qarabağ və Şərqi Zəngəzur dünyada misli bərabərinə rastlanmayan quruculuq meydanına çevrilib. Bir yanda yollar çəkilir, körpülər salınır, hava limanları tikilib istifadəyə verilir. Bir yanda da müasir yaşayış məskənləri salınır, qayıdış karvanları ilə yurdlarına dönən keçmiş məcburi köçkünlərimiz isti od-ocaqlarına qovuşdurulur. O torpaqlarda doğulan körpələrin hayqırtıları bir daha dünyaya "Qarabağ Azərbaycandır!" ismarışı verir. 
Bütün bunlar isə Azərbaycan xalqının, dövlətinin dahi xilaskarı Ulu Öndər Heydər Əliyevin vaxtilə cani-könüldən dilədiyi Qarabağ, Şərqi Zəngəzur arzularının çin olduğu müqəddəs məqamdır. 

 

Azərbaycançılıq, milli ruh

 

Vaxtilə Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə əldə olunan bu milli qalibiyyətlərə yetməyimizə qədər isə xeyli mübarizələr aparmalı, çətinliklərlə savaşmalı olmuşduq. 
İllər boyu Azərbaycan torpaqlarına ərazi iddiası ilə çıxış edən ermənilər 1980-ci illərin sonunda bu mənfur niyyətlərini açıq müstəviyə keçirərək sərsəm "Miatsum" ideyasını gerçəkləşdirməyə, azərbaycanlılara qarşı deportasiyaya, qətliama, soyqırımına başladılar. Çünki Azərbaycanın milli maraqlarını qətiyyətlə, böyük səylə qoruyan sədd - Ulu Öndər Heydər Əliyev məkrli yollarla hakimiyyətdən uzaqlaşdırılmış, bununla da ərazilərimizə göz dikən ermənilərin, separatçıların əl-qolu açılmış, Qarabağda at oynatmağa başlamışdılar. 
Azərbaycanda ilk dəfə hakimiyyətdə olduğu illərdə respublikanın inkişafı üçün böyük işlərə imza atan Heydər Əliyevin qəlbində Qarabağın ayrıca yeri var idi. Dahi siyasətçi yaxşı bilirdi ki, ölkəmizin bu dilbər guşəsi məqsədyönlü şəkildə diqqətdən kənarda saxlanılır, inkişafına səy göstərilmir, bir növ nəzərdən salınır və xalqımızdan qoparılmaq istənilirdi. Amma bu mənfur niyyətlərin gerçəkləşməməsi üçün vətənpərvər şəxsiyyət  Heydər Əliyev əlindən gələn hər şeyi edirdi ki, Qarabağ bölgəsi hərtərəfli inkişaf etsin və bunun üçün real işlər həyata keçirirdi. 
1976-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə bölgənin, kənd təsərrüfatının inkişafı üçün Sərsəng, Suqovuşan su anbarları inşa edilmişdi. Ağdamdan Xankəndiyə dəmir yolu çəkilmiş, Xankəndidə ali məktəb yaradılmışdı. Ümumiyyətlə, Xankəndidə sosial obyektlərin, yaşayış binalarının əksəriyyəti Heydər Əliyevin rəhbərliyi dövründə tikilmişdi. 
Xüsusi vurğulanası mühüm məqamlardan biri isə Heydər Əliyevin o illərdəki hakimiyyəti dövründə Qarabağda erməni millətçilərinin səslərini belə çıxarmağa cürət edə bilməmələri idi. 
2023-cü ildə Xankəndidə Azərbaycan bayrağını ucaldan zaman Prezident İlham Əliyev söylədi ki, xüsusilə Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi: "1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi". 
Qarabağın tarixinə, mədəniyyətinə, incəsənətinə, iqtisadiyyatının yüksəlməsinə xüsusi diqqət yetirən Ulu Öndər Şuşanın inkişafına da çox böyük qayğı göstərir, Azərbaycanın qədim mədəniyyət mərkəzi olan bu şəhərə zəngin tarixi abidə, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq qalası kimi baxır və bunu dilə gətirirdi. 
1970-ci illərdə Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə xüsusi qərarlar qəbul edilmişdi. Qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri, məscidləri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana, ayrı-ayrı inzibati binalar tikilmişdi. Qarabağın baş tacı Şuşa ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdi. O zamanlar Sovet İttifaqının çox yerlərindən insanlar Şuşaya dincəlməyə gəlir, burada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə də yaxından tanış olurdular.
Şuşanın mədəni ruhunun da dirçəldilməsinə xüsusi önəm verən Ulu Öndərin göstərişi ilə 1980-1981-ci ildə Vaqifin məzarı üzərində möhtəşəm abidə, türbə ucaldılmışdı. Vaqifin möhtəşəm abidəsinin təntənəli açılışı isə 1982-ci il yanvarın 14-də olmuş və Ümummilli Lider ailəsi, Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimləri ilə birlikdə burada iştirak etmişdi. Bir ildə ikinci dəfə, 1982-ci ilin avqustunda da Şuşaya gələn Heydər Əliyevin iştirakı ilə şair Xurşidbanu Natəvanın abidəsinin açılışı olmuşdu. 
Şuşa Heydər Əliyev üçün həm də azərbaycançılığın, milli ruhun, tarixi, mənəvi dəyərlərin çuğlaşdığı məkan idi və o özü bu barədə demişdi: "Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və  Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar".

 

Qurtuluş 

 

1987-ci ildə Heydər Əliyevin siyasi hakimiyyətdən getməsi ilə Azərbayan xalqının faciələri başladı, olmazın müsibətlərlə rastlaşdıq. Bu fürsətdən istifadə edən erməni millətçiləri sovet iqtidarının mərkəzi idarəetmə orqanlarında olan himayədarlarının köməyi ilə Qarabağı Azərbaycandan qoparmaq üçün mənfur iddialarını qaldırdılar. Gerçəklikdir ki, əgər o zaman Ulu Öndər hakimiyyətdə olsaydı, düşmənlərimiz buna qətiyyən cürət edə bilməzdilər. Amma Azərbaycanda antimilli qüvvələrin, siyasi səriştəsizlərin hakimiyyətdə olması erməni millətçilərini daha da azğınlaşdırdı və xalqımız soyqırımlarına, işğala məruz qaldı. AXC-Müsavat cütlüyünün milli xəyanəti nəticəsində Şuşa işğala məruz qaldı, ardınca Laçın, Kəlbəcər rayonları və digər rayonlarımız da təcavüz nəticəsində nəzarətimizdən çıxdı. 
Bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşən, əraziləri qəsb olunan Azərbaycan parçalanma, dövlət olaraq yoxolma qarşısında qaldı. Həmin ümidsiz günlərdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ölkəmizdə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluşu oldu. 
Ulu Öndər Heydər Əliyev 1994-cü ildə atəşkəs razılaşmasına nail oldu. Hakimiyyətdə olduğu 10 il ərzində titan siyasətçi Qarabağ probleminin siyasi gündəlikdən düşməsinə imkan vermədi. Etdiyi bütün xarici səfərlərdə, çıxış etdiyi bütün mötəbər tribunalarda Azərbaycanın üzləşdiyi işğalı, qaçqın və məcburi köçkün problemlərini dünyaya çatdırdı, BMT TŞ-nin qəbul etdiyi 4 qətnamənin qeyd-şərtsiz yerinə yetirilməsini tələb etdi. 

 

Böyük inam 

 

Ulu Öndər Heydər Əliyev torpaqlarımız işğaldan azad edilənə qədər ölkə daxilində qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onların yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər gerçəkləşdirdi. O, hakimiyyətə gəldiyi ilk vaxtlardan qaçqın və məcburi köçkünlərimizin problemlərinin həllini dövlətin əsas siyasətinə çevirdi. 
"Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir", - deyə  Ümummilli Lider bu insanlarımızla bağlı fikirlərini ürək ağrısı ilə belə ifadə etmişdi. Hər zaman xalqının yanında olan Heydər Əliyev dəfələrlə çadır şəhərciklərinə yollanır, orada yaşayan insanların şəraitləri ilə şəxsən tanış olur, onlarla səmimi ünsiyyət qurur, problemlərinin həllinə çalışırdı. 
Ulu Öndərin çadır şəhərciklərinə gəlməsi, məcburi köçkünlərlə görüşməsi, onlara mənəvi arxa durması bu insanlara böyük sevinc bəxş etməklə yanaşı, Vətənə qayıdış ümidlərini də sönməyə qoymurdu, əksinə, onlarda dərin inam, nikbinlik  yaradırdı. 
Heydər Əliyev bütün nitqlərində, çıxışlarında hər zaman bir gün mütləq işğal altındakı torpaqlarımızın azad olunacağına və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıdacağına əminliyini bildirirdi.
Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə əsasını qoyduğu uğurlu neft strategiyası sayəsində  əldə edilən ilk vəsait də məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldi, eləcə də onların acınacaqlı vəziyyətdə yaşamağa məcbur olduğu çadır düşərgələrinin ləğvinə başlanıldı.
1994-cü ildə Heydər Əliyevin Ali Baş Komandanlığı altında aparılan uğurlu Horadiz əməliyyatı sayəsində torpaqlarımızın bir qisminin işğaldan azad olunması və Böyük qayıdışa illər əvvəl uğurlu start verilməsi ilə düşmən tapdağında olan digər ərazilərimizin də azadlığının və insanlarımızın dədə-baba yurdlarına qayıdışının tezliklə gerçəkləşdiriləcəyinin ilk müjdəsi verildi. 

 

Ulu Öndərin yolu 

 

Ötən 20 il ərzində Heydər Əliyev siyasi yolunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı hərtərəfli inkişaf mərhələsnə yüksəltdi, dünyanın sayılıb-seçilən ölkəsinə çevirdi. Xüsusilə ordu quruculuğunda mühüm irəliləyişlər əldə edildi, Silahlı Qüvvələrimizin arsenalı müasir silah və sursatlarla, hərbi texnika ilə zənginləşdirildi, peşəkar hərbi kadrların yetişdirilməsinə xüsusi önəm verildi. Eyni zamanda gənclərimizin vətənpərvər ruhda böyüməsi milli məqsəd kimi qarşıya qoyuldu.   
Çünki onilliklər boyu davam edən sülh danışıqları dalana dirənmişdi və problemin sülh yolu ilə çözülməyəcəyi Ermənistanın xarici havadarlarına güvənərək ölkəmizə qarşı hərbi təxribatlarını intensivləşdirməsinin fonunda da aydın görünürdü. 
2016-cı ilin aprelində rəşadətli Azərbaycan Ordusu Ermənistan tərəfinin növbəti təxribatından sonra Lələtəpə yüksəkliyini azad edərək tezliklə işğal altndakı torpaqlarımızın hamısının azad olunacağına böyük inam yaratdı. Cocuq Mərcanlıya qayıdış köçü həyata keçirildi. 
2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun çıxdığı haqq yürüşü cəmi 44 günə Zəfərlə nəticələndi, bayrağımız vətən qibləmiz Şuşada dalğalandırıldı.
Parlaq zəfərlə bitən Vətən müharibəsindən dərhal sonra isə 30 il ərzində erməni barbarlarının daşı daş üstündə qoymadığı yurd yerlərimizdə tikinti-quruculuq işlərinə başlanıldı, bu yerlərdə həyat yenidən məcrasına qayıtdı. İndi müasir infrastrukturun qurulduğu, "ağıllı kənd və şəhərlər"imizin salındığı Qarabağ və Şərqi Zəngəzur nəhəng tunellərin çəkildiyi, dünya miqyaslı dəhlizlərin salındığı, beynəlxalq hava limanlarının tikildiyi, meqalayihələrin gerçəkləşdirildiyi möhtəşəm məkana çevrilib.
İşğaldan azad edilən torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Dövlət başçısı mütəmadi olaraq azad edilən ərazilərə yollanaraq görülən işlərlə yerindəcə tanış olur, yeni-yeni açılışlar edir, bünövrələr qoyur. Artıq Tərtərin Talış, Laçının Zabux, Zəngilanın Ağalı kəndləri, eləcə də Füzuli və Laçın şəhərlərinə Böyük qayıdış karvanları ilə öz sakinləri dönərək xoşbəxt yaşama başlayıblar. 
2020-ci ilin Vətən müharibəsində qazanılan zəfərin möhtəşəm nəticəsi olaraq 2023-cü ilin payızında suverenliyimizin tam bərpası, Xankəndidə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan bayrağının dalğalandırılması parlaq Zəfərimizin üçüncü ildönümünə ən böyük töhfə, həm də Ulu Öndər Heydər Əliyevin 100 illiyinə möhtəşəm ərmağan oldu. "Dəmir yumruq" Qarabağda separatizmin kökünü kəsdi, sərsəm "Miatsum" ideyası tarixin zibilliyinə gömüldü.
 "Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub", - deyə oktyabrın 15-də Xankəndidə bayrağımızı ucaldan zaman Prezident İlham Əliyev bir daha vurğuladı ki, Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmaq böyük rəmzi məna daşıyır.
Milli mənafelərimizin təmini istiqamətində ardıcıl qələbələr qazanan Qalib Lider İlham Əliyev 2020-ci il Şuşa, 2023-cü il Xankəndi zəfərləri ilə həm də bir oğul kimi ata vəsiyyətini layiqincə yerinə yetirdi.
İndi Qarabağ da, Şərqi Zəngəzur da Ulu Öndərin, dünyanın ən böyük azərbaycanlısının arzularındakı kimidir: çayları, bulaqları çağlayır, meşələri pöhrələyir, evlərində çıraqlar yanır, bir sözlə, dədə-baba torpaqlarımızdan doğma hənir gəlir.  

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video