Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506, № 11, maddələr 1324, 1325, № 12 (I kitab), maddələr 1428, 1430; 2021, № 1, maddə 9, № 12, maddələr 1322, 1324, 1325; 2022, № 6, maddə 590, № 7, maddə 711, № 11, maddə 1238, № 12, maddə 1397; 2023, № 1, maddələr 29, 42) 2-ci maddəsinə "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsindən əvvəl aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:
"Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı;".
Maddə 2. "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
Maddə 3. "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" təsdiq edilsin (əlavə olunur).
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2023-cü il
Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli Qanunu ilə təsdiq edilmişdir
"Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında
ƏSASNAMƏ
Maddə 1. Təltif edilən şəxslər
1.1. "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər:
1.1.1. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə;
1.1.2. Azərbaycan Respublikasının dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə;
1.1.3. azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə;
1.1.4. sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə;
1.1.5. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə;
1.1.6. Azərbaycan Respublikasının sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə;
1.1.7. dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə.
Maddə 2. Təltif edən orqan
"Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
"Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda ordenlərdən sonra taxılır.
Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli Qanunu ilə təsdiq edilmişdir
"Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsviri
Maddə 1. Medalın ümumi təsviri
"Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) üzəri 999.9 əyarlı qızıl qatı ilə örtüləcək soyuq ştamplama üçün nəzərdə tutulmuş xüsusi tərkibli əlvan metaldan hazırlanan ümumi diametri 42 mm olan, bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ulduzdan ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfində hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduzun üzərində guşələri ağ rəngli mina ilə işlənmiş səkkizguşəli ulduz yerləşdirilmişdir. Ağ minalı səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış, diametri 26 mm olan dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "HEYDƏR ƏLİYEV" sözləri, aşağı qövs boyunca "1923-2023" rəqəmləri yazılmışdır.
2.2. Daxili çevrənin içərisində, mərkəzdə Heydər Əliyevin barelyefi həkk olunmuşdur.
2.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır, qızılı rəngdədir.
Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfi hamar səthlidir.
3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, yuxarı hissəsinə 34,5 mm x 1,5 mm ölçülü və aşağı hissəsinə 34,5 mm x 7,5 mm ölçülü, üzərində dəfnə yarpaqlarından ibarət çələng həkk olunmuş qızılı rəngli hamar lövhə bərkidilmiş, 31,5 mm x 15 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
4.2. Xara lentin üzərində hər birinin eni 10,5 mm olan, Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərini əks etdirən yaşıl rəngli, qırmızı rəngli və mavi rəngli şaquli zolaqlar əks olunmuşdur.
4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş, 31,5 mm x 9 mm ölçülü qəlib əlavə olunur.