07 May 2023 09:20
1735
CƏMİYYƏT
A- A+
Heydər Əliyev sinfimizin hər mənada birincisi idi

Heydər Əliyev sinfimizin hər mənada birincisi idi

 

1936-cı il, Naxçıvan Pedaqoji Texnikumu: 13 yaşlı Heydər Əliyev və böyük yolun başlanğıcı

 

"...Neçə aydır ki davam edən narahatçılığım son günlər daha da artmışdı. Aprel ayından etibarən bütün diqqətim ancaq televiziyada, rəsmi xəbərlərdə idi. Onunla, səhhəti ilə bağlı hər bir rəsmi məlumatı böyük səbirsizliklə gözləyirdim. Bütün günü Allaha dua edirdim ki, Onu - uşaqlıq dostumu millətimiz, dövlətimiz üçün qorusun. Həmin günü də, 12 dekabr gecəsini də çox narahat yatmışdım. Elə bil ürəyimə çox bəd xəbər alacağım dammışdı. Bütün günü gərginlik içində idim. 
Onun neçə illərdir ki, evdə əzizləyə-əzizləyə saxladığım şəkillərinə baxmaqla təskinlik tapırdım. Bu albomun içində çox qiymətli fotolar vardı. Qəzetlərdən, jurnallardan kəsib saxladığım şəkillər arasında ən dəyərlisi isə Onunla birlikdə 30-cu illərdə çəkdirdiyim fotolar idi. 1936-1939-cu illərdə Naxçıvan Pedaqoji Texnikumunun tələbələri kimi keçirdiyimiz günlər, şirinli-acılı duyğular, çətin günlərdə Ondan gördüyümüz yaxşılıqlar bir-bir gözlərim önündə canlanırdı.
Gecəyarısı çalınan aramsız telefon zəngi məni xəyaldan ayırdı. "Firuzə xala, təcili televizoru aç..." - hıçqırıqlar zəng edən qohumumu sözünü davam etməyə qoymadı. Televizorun düyməsini basarkən otağı matəm musiqisi bürüdü. Yerimdə donub qaldım. Eşitdiyim xəbərə inana bilmirdim… 
Gözyaşlarım içində yenidən şəkillərə pənah apardım. Xatirələr bir anlığa kinolenti kimi xəyalımdan keçdi… 
1936-cı ili,  ilk dəfə Onu  - 13 yaşlı hündürboylu, yaraşıqlı, səliqəli geyinmiş bir yeniyetməni gördüyüm günü yada saldım… 
"Can Heydər, əziz qardaşım, dostum, rəhbərim bizi niyə başsız qoydun" - həmin gecəki hönkürtümə bütün Naxçıvanın, Azərbaycanın gözyaşları qarışmışdı..."
***
…Həyatın ağrı-acıları bu ağbirçək qadının - Firuzə Rzayevanın üzündəki qırışlarda silinməz izlər qoyub. Çöhrəsindən yağan nur haqqında bəhs etdiyi uşaqlıq dostu ilə bağlı xatirələrin işığına, ziyasına qarışaraq otaqda xoş bir aura yaradır. Bu xanımın sözünü kəsməyə, ona sual verməyə cürət etmirik. 
1936-1939-cu illərdə Naxçıvan Pedaqoji Texnikumunda Heydər Əliyevlə birlikdə təhsil alan bu qadın daim böyük qardaş saydığı İnsanın ən yaxın üç tələbəlik dostundan (digərləri - Zərqələm Əliyeva və Dövlət Məmmədov idi) biri olub.  
Xatirələr isə tükənmir: ilk tanışlıq, Onun hamını heyrətə salan cazibəsi, 13 yaşlı yeniyetməyə xas olmayan  qabiliyyəti, qətiyyəti, ətrafındakılar arasında qısa müddətdə liderlik əldə etmək məharəti, sinifdə birləşdirici amilə çevrilməsi, müəllimlərin hörmətini qazanması… 
Firuzə xanımın hər bir sözü Azərbaycan üçün müqəddəs sayılan bir İnsanın hələ də tam tanıya bilmədiyimiz böyüklüyünü dərk etməyə şərait yaradır. Hər bir xatirə dünyanın ən böyük azərbaycanlısının şərəfli keçmişini, uşaqlıq, yeniyetməlik dövrünü öyrənməyə əvəzsiz imkan verir.
***
"... 1936-cı ildə Naxçıvandakı Pedaqoji Texnikuma qəbul oldum. Sinifdə çox uşaq vardı, buna görə də elə ilk gündən etibarən dörd-beş nəfərdən ibarət müxtəlif dostlar qrupu yarandı. Bizim qrup da məhz Heydər adlı 13 yaşlı yeniyetmənin ətrafında formalaşdı. 
Sinifimizdə təhsil alanların əksəriyyətindən fərqli olaraq o, ətraf rayonlardan deyildi, Naxçıvan şəhərində anadan olmuşdu və burada yaşayırdı. Elə birinci gündən başlayaraq bu oğlan nəinki bizim kiçik qrupun, bütün sinfin liderinə çevrilmişdi. Sinifdə ən yaxşı oxuyan beş nəfər sırasında Heydərlə mən də var idim. 
4 il bir yerdə oxuduq. Heydər Əliyev yeniyetmə olmasına baxmayaraq, özünü elə aparırdı ki, hamıya hər sözünün, hər hərəkətinin yerini bilən insan təsiri bağışlayırdı. Buna görə də özünə qarşı hamımızda bir həsəd yaratmışdı. Ən yaxşı cəhətlərindən biri o idi ki, bütün qrup yoldaşlarımıza, texnikumun başqa kurslarında oxuyanların hamısına eyni münasibət bəsləyirdi. Dərs oxumağı ilə nümunə göstərirdi, hamımız heyran qalırdıq. Güclü yaddaşı və məntiqi ilə onu tanıyanlarda, tələbə və müəllimlərdə təəccüb doğururdu. 
Sadə geyinirdi, səliqəli görünürdü. Təmkinli, dərrakəli və ağıllı idi. Dərslərinə ciddi hazırlaşırdı. Tarixi, ədəbiyyatı, riyaziyyatı, ümumiyyətlə, bütün fənləri əla oxuyurdu. Yoldaşlarına da yaxından kömək edirdi. Sanki dünyaya insanlara kömək etmək üçün gəlmişdi. 
Yalana, riyakarlığa nifrət edirdi, ədalətsizliyi bağışlaya bilmirdi. Bu da onun təbiətindən doğurdu. Yoldaşlarımız arasında baş verən hər hansı münaqişəni tezliklə və ədalətlə aradan qaldırırdı. Təşkilatçılığı xüsusi idi. Bütün tədbirlərdə, məclislərdə həmişəki kimi sinfin birincisi olurdu. O, xalq teatrında da fəal iştirak edir, adətən, şah rollarını oynayırdı.
O dövrdə Lətif Hüseynzadə bizə ədəbiyyatdan dərs deyirdi. Heydər Əliyevin heç kimə məxsus olmayan fitri istedadını, fenomen yaddaşını, digər müsbət keyfiyyətlərini, mən deyərdim ki, ilk dəfə elə Lətif müəllim kəşf etdi. Deyirdi ki, "Heydər, sən adi deyilsən, səndə çox qeyri-adiliklər var. Sən gələcəyin dahi şəxsiyyətlərindən olacaqsan, Naxçıvanın, Azərbaycanın adını ucaldacaqsan". 
Sözün düzü, bu fikirlər o vaxt bizə təəccüblü görünürdü. Ancaq onilliklər ötdükcə artıq yaşı 100-ü keçmiş Lətif müəllimin uzaqgörənliklə dediyi o sözlər DTK-dən Kremlədək uzanan yolda öz təsdiqini tapdı…
Heydər həqiqətən də adi yeniyetmə deyildi. Düzdür, o da hamı kimi şənlənirdi, deyirdi-gülürdü, hətta müəllimlərə də yeri gələndə atmacalar atırdı. Ancaq bütün bunların hər biri yerli-yerində olurdu, əndazəni aşmırdı və bütün bunlar 13 yaşlı bir yeniyetməyə böyük nüfuz gətirirdi. 
Dərsdən sonra Heydəri o vaxtlar həmişə Puşkin küçəsində görərdim. O zamanlar bu küçə şəhərin ən iri və gözəl küçələrindən biri idi. Yolun hər tərəfi arx idi. Bu arxlardan həmişə su axırdı. Söyüd ağacları da bu arxlar boyu uzanıb gedirdi. Bu mənada bu küçəyə "Söyüdlü bilan" da deyirdilər. Heydər Əliyev həmişə bu küçədə gəzişərdi. Çox hallarda onu burada xəyala dalmış vəziyyətdə görürdüm. Ümumiyyətlə, gülərüz oğlan olan Heydər bununla yanaşı, çox ciddi və daim nə isə düşünən, fikirləşən adam idi.
1939-cu ildə Pedaqoji texnikumu əla qiymətlərlə bitirən tələbələr kimi Heydər Əliyevin, mənim, Zərqələm Əliyevanın, Sona və Zaman adlı daha iki nəfərin şəkli "Şərq qapısı" qəzetində çap olundu. Buna o qədər sevinirdik ki, o qəzeti indi də yadigar kimi saxlayıram. Sonrakı illərdə Heydər Əliyevin dünyanın ən məşhur adamları ilə, bir sözlə, dünyanın taleyini müəyyənləşdirən siyasətçilərlə çəkdirdiyi şəkilləri görərkən, onları kəsib öz albomuma yapışdırarkən qürur duyurdum ki, bu böyük insanla mənim də şəklim var və bu fotonun tarixi daha qədimdir.
Pedaqoji texnikumu bitirdikdən sonra Heydər Əliyev Bakıda ali məktəbə, mən isə ikiillik Naxçıvan Müəllimlər İnstitutuna üz tutduq…"
***
1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirən tələbələrin demək olar ki, hamısı öz sahəsində yaxşı mütəxəssis, bacarıqlı kadr kimi tanınmış və "Heydər Əliyevin tələbə yoldaşları elə belə də olmalıdırlar" - qənaətini öz uğurları ilə təsdiqləmişlər. Firuzə Rzayeva da böyük çətinliklər, maneələrlə üzləşsə də, sınmamış, daim irəli getmiş, ali mənsəblərə sahib olmuşdur. Bir sözlə, Firuzə xanımın zəhmətlə ucalan ömrü qətiyyətli, fədakar bir insanın obrazını canlandırır. 
1925-ci ildə Ordubad rayonunun Əndəmic kəndində kasıb bir ailədə dünyaya göz açan Firuzə Rzayeva az yaşlarından yetim qalmış və özündən kiçik bacı-qardaşlarının yeganə çörək qazananı olmuşdur. 30-40-cı illərin qıtlıq, aclıq illərində 7 baş ailəni dolandırmaq kimi çətin bir işi ləyaqətlə, qeyrətlə görən bu qız bəzən eyni vaxtda 3 yerdə çalışarmış. 
Texnikumu qurtardıqdan sonra ikiillik Müəllimlər İnstitutuna daxil olur. Oranı bitirdikdən sonra kənd məktəbində müəllim işləyir, 18 yaşında isə direktor təyin edilir. 1945-1947-ci illərdə Naxçıvan Rayon İcraiyyə Komitəsində katib, 1947-1950-ci illər arasında isə Vilayət Partiya Komitəsində şöbə müdirinin müavini vəzifələrində çalışır. 1950-1952-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil aldıqdan sonra Naxçıvan Vilayət Partiya Komitəsinin şöbə müdiri (1952-1956), Naxçıvan Şəhər Partiya Komitəsinin ikinci katibi (1956-1959), daha sonra isə Naxçıvan Rayon İcraiyyə Komitəsinin sədri (1959-1960) kimi məsul vəzifələrdə işləyib. 
1960-cı ildə Naxçıvan MR Nazirlər Soveti sədrinin müavinliyinə irəli çəkilir, bir ildən sonra isə yenidən partiya işinə qayıdaraq Vilayət Partiya Komitəsində şöbə müdirinin müavini vəzifəsində çalışır. 1962-ci ildə Naxçıvanda Vilayət Həmkarlar İttifaqları Şurası yaradılarkən bacarıqlı təşkilatçı kimi bu quruma katib vəzifəsinə dəvət olunur. 1976-cı ildə Naxçıvan MR Əhaliyə Məişət Xidməti nazirinin müavini təyin olunan Firuzə xanım 1983-cü ilə qədər bu vəzifədə çalışır və o vaxtdan da təqaüdə çıxır. Dəfələrlə Muxtar Respublika Ali Sovetinin və rayon sovetlərinin deputatı seçilib. Orden, medal, fəxri fərmanların sayını isə özü də itirib...
***
"… Hələ 1939-cu ildə Pedaqoji texnikumu bitirərkən, hamımız bilirdik ki, Heydər Əliyev çox böyük adam olacaq, Lətif müəllimin dediyi kimi, Naxçıvanın, Azərbaycanın adını hər yerdə ucaldacaq. 40-cı illərdə öyrəndim ki, Heydər Bakıda ali təhsil alır, sonra isə məlumat aldım ki, xüsusi xidmət orqanlarında çalışır. 4 illik tələbəlik dövründə bir-birimizə o qədər yaxınlaşmış, doğmalaşmışdıq ki, Naxçıvanda yaşayan bütün keçmiş tələbə dostlarımızla görüşərkən hamı birinci "Heydərdən nə xəbər var" sualı ilə bir-birinə müraciət edirdi. 
Uzun müddət mən Heydər Əliyevlə görüşə bilmədim. 1953-cü ildə Vilayət Partiya Komitəsində şöbə müdiri vəzifəsində çalışırdım. Bir gün eşitdim ki, Heydər Əliyev Naxçıvana gəlib və məni axtarır. Sevinə-sevinə onun görüşünə tələsdim. Mehribanlıqla görüşdük. Bir neçə saat söhbət etdik. Ötən xatirələri yada saldıq. İşimlə, dolanışığımla maraqlandı. Tələbə yoldaşlarımızı bir-bir soruşdu. Qazandığım hörməti, vəzifə irəliləyişlərimi biləndə üzünə xoş bir təbəssüm qondu - "elə belə də gözləyirdim, Firuzə, bizim qrupda oxuyanların hamısı gərək irəli getsin, uğur qazansın", - dedi. Bu da onun yoldaşlarına, dostlarına növbəti həssaslığı idi. İşindən razılığını bildirdi, ancaq gülə-gülə dedi ki, Firuzə, mənim işim elədir ki, çox şeyi danışa bilmərəm, ancaq sən öz dostunla fəxr edə bilərsən, mən də Bakıda böyük hörmət qazanmışam. 
Lətif müəllimin vaxtı ilə dediyi sözü - "Heydər çox böyük adam olacaq" - fikrini ona xatırladanda xeyli gülərək - "bunu Allah bilər, ay Firuzə", - dedi.
Sonrakı illərdə Heydər Əliyevin adı onun yalnız dostları, tanışları arasında deyil, artıq bütün Bakıda, ardınca ittifaqda, daha sonra isə bütün dünyada məşhur oldu. Hamımız onunla qürur duyurduq, "HEYDƏR" adı hər birimiz üçün iftixar yeri idi. 
Ona qarşı 80-ci illərin sonlarında ədalətsizliklər başlayanda isə hamımız narahat olduq. 1990-cı ilin iyun ayında Heydər Əliyev Naxçıvana qayıtdı, öz doğma elinə pənah gətirdi və bütün Azərbaycanın pənahına çevrildi. 
Heydər Əliyev Naxçıvana qayıtdıqdan bir neçə ay sonra Şahbuz rayonunun Külüs kəndinə gəlmişdi. Hamı liderin görüşünə tələsirdi. Mən də yolun bir kənarında dayanaraq gözləyirdim ki, görəsən o, məni tanıyacaq? 
Yanımdan keçəndə birdən dayanaraq "sən Firuzə deyilsən ki?" - deyə soruşdu. Yerimdə donub qaldım. Sonuncu dəfə 37 il əvvəl görüşmüşdük, ancaq o, yenə də güclü, bənzərsiz hafizəyə malik idi! Onun yaddaşına, hafizəsinə bir daha heyran qaldım! 
Mehribanlıqla görüşdük, tələbəlik illərini yenidən xatırladıq. Heydər Əliyev bizi heyrətlə müşahidə edən ətrafdakı insanlara "bu, mənim ən yaxın uşaqlıq dostlarımdan biridir, biz bir-birimizi tanıyanda, dostluq edəndə mənim 13, onun isə 11 yaşı vardı. Uşaqlıq dostu daha əziz, daha qiymətli, daha səmimi olur", - dedi. 
Bu sözlər məni çox kövrəltdi. Heydər Əliyev yaranmış həssas məqamı yumora çevirmək üçün özünəməxsus məharətlə yenidən ötən günləri, texnikumda voleybol yarışı keçirilərkən baş verən mübahisəni olduğu kimi danışmaqla bizi xeyli güldürdü. İnsanda necə güclü yaddaş olarmış. 
Yenidən Lətif müəllimin sözlərini - "Heydər çox böyük adam olacaq" - fikrini yada saldım. Xeyli güldü, "Firuzə, əsas böyük vəzifələrdə işləmək deyil, əsas xalqının səni böyük adam sayması, səni sevməsidir" - söylədi. 
Baş verən hadisələrdən danışdıq. Sonra məndən soruşdu ki, işləyirəmmi? Cavab verdim ki, yox. Nə üçün işləmədiyimi soruşanda dedim ki, artıq yorulmuşam, dövlət də mənə fərdi təqaüd təyin edib. "Kifayət qədər, gücüm çatan qədər işləmişəm, dünya dəyişib, insanlar dəyişib, indi meydan cavanlarındır, bir az da onlar qollarını çırmalayıb özlərini göstərsinlər". 
Güldü, - "elə ovaxtkı Firuzəsənki durmusan", - dedi…
3 il Naxçıvanda yaşadığı müddətdə gecəsi-gündüzü olmadı. O ağır vəziyyətdən də Naxçıvanı ancaq Heydər Əliyev xilas etdi. Bu illərdə onunla müxtəlif tədbirlərdə tez-tez görüşürdük. 
Onda olan əzmkarlığa, iradəyə heyran qalmamaq mümkün deyildi. Bakıya gedəndə də bir məqsədi vardı: Azərbaycanı böhrandan, parçalanmadan xilas etmək. Və buna da böyük siyasi ustalıqla nail oldu. Tarix səhnəsindən silinməkdə olan Azərbaycan, müstəqilliyimiz məhz onun fədakarlığı hesabına yenidən yaşadı. Azərbaycanın bugünkü varlığının təməli məhz o vaxt qoyuldu".
***
Firuzə Rzayeva Heydər Əliyev barədə xatirələrini yada saldıqca, həm gülümsəyir, həm də kövrəlirdi... 
Bu təzadlı duyğuları anlamaq çətin deyil. Çünki bəhs etdiyi insan həm bütün sinfin sevdiyi 13 yaşlı uşaqlıq dostu, həm də dünyanı heyrətə gətirən bir Şəxsiyyətdir. Çünki bu insan həm artıq həyatda deyil, həm də bütün canlılardan daha canlı, daha əbədidir… 
***
"… 15 oktyabrda səhər tezdən tələsə-tələsə seçkilərə gedib İlham Əliyevə səs verdim. Allaha şükür edirdim ki, Heydər Əliyevin tərbiyəsi ilə böyümüş, siyasətini tam mənimsəmiş, o böyük insanın yolu ilə gedən liderimiz var. İndi də çox sevinirəm ki, Prezidentimiz müstəqil Azərbaycana elə Heydər Əliyev kimi əzmlə başçılıq edir. 
Heydər Əliyevin əziz xatirəsini isə unuda bilmərəm. Onsuz keçən bu bir ilə yaxın müddətdə hər cümə axşamı Əcəmi seyrəngahında ucalan büstü önünə gəlirəm. Xatirələr məni Onlu günlərə aparır, hər biri mənim üçün əziz olan o xatirələr işığında özümdə bir yüngüllük hiss edirəm, təskinlik tapıram ki, Azərbaycan uşaqlıq dostumun - O Böyük İnsanın, Dahi Şəxsiyyətin uzaqgörən siyasəti hesabına bu gün yaşayır, inkişaf edir, daha böyük uğurlara doğru gedir. 
Büstün önündə həmişə 1936-cı ili xatırlayıram… 
Sanki yenə sinif otağına hündürboylu, səliqəli geyinmiş, gülərüz Heydər daxil olacaq, biz də Onun ətrafına yığışaraq dərsləri, baş verən hadisələri müzakirə edəcək, yaranmış mübahisələrə necə son qoymasını seyr edəcəyik, çətinliklərimizi ona danışacaq, yenə kömək istəyəcəyik… 
Lətif müəllim otağa daxil olacaq, "Heydər, sən Naxçıvanın, Azərbaycanın adını ucaldacaqsan" - deyəcək... 
Heydər yenə də təvazökarlığından qızaracaq, nəzərlərini pəncərədən uzaqlara dikəcək… 
Allah sənə rəhmət eləsin, əziz dostum, əziz rəhbərim HEYDƏR…"
Taleyini tariximizə, tərcümeyi-halını uğur salnaməmizə çevirən İNSANın əzəmətini, bənzərsizliyini hələ tam dərk edə bilməmişik. Hər bir xatirə, yaddaşlardan süzülən haşiyə HEYDƏR ƏLİYEV şəxsiyyətini tanıya bilmək üçün qiymətli mənbədir. 
Dünyanın ən böyük azərbaycanlısı haqqında hər bir kiçik informasiya belə bu insanın xeyirxahlığını, qətiyyətini, liderlik keyfiyyətini, qeyri-adi cazibə qüvvəsinə malik olmasını göstərir. Talelərində bu böyük dühanın izini yaşadan insanları isə daha yaxından tanımalıyıq - HEYDƏR ƏLİYEV əzəmətini, şəxsiyyətini, zirvəsini daha müfəssəl dərk etmək üçün! 

İxtiyar HÜSEYNLİ, 
"Azərbaycan"

Bakı-Naxçıvan-Bakı

 

Məqalə 7 dekabr 2004-cü ildə "Azərbaycan" qəzetində dərc olunub.
Firuzə Rzayeva bir neçə il öncə Naxçıvan şəhərində vəfat edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!