24 Aprel 2024 08:10
937
İQTİSADİYYAT
A- A+

"Həmin çətin illərdə belə bir tikinti sahəsinə rəhbərlik etmək böyük hünər idi"

 

Bu, BAM-ın inşasında iştirak etmiş hər kəsin Ulu Öndər Heydər Əliyevin əməyinə verdiyi qiymətdir

 

Yaşlı insanlar o dövrü yaxşı xatırlayırlar. Baykal-Amur Magistralı (BAM) keçmiş sovetlər ittifaqında yaşayan gənc nəslin arzularının və romantik istəklərinin rəmzinə çevrilmişdi. Bəlkə elə bu səbəbdən də ittifaqın hər yerindən axışan iki milyon gəncin misilsiz əməyinin və cəsarətinin təcəssümü oldu. Dünyanın ən böyük dəmir yolu arteriyalarından biri kimi ərsəyə gəldi. 
BAM-ı gələcəyin yolu adlandırırdılar. Dövrünün ən böyük infrastruktur layihələrindən olan bu magistral dünyanın ən uzun dəmir yolu xətlərindən biridir. BAM həm də SSRİ-nin irimiqyaslı iqtisadi layihəsi idi. Magistral dəmir yolunun tikintisi layihəsi Sovet İttifaqının qlobal iqtisadiyyatda yerinin nəzərdən keçirilməsi məqsədini daşıyırdı. Belə ki, BAM ölkənin şərq bölgələrini effektiv inkişaf etdirmək, yeni sənaye zonaları yaratmaq, xarici texnologiyalara çıxış əldə etməklə müasirləşmək, qarşılığında isə Yaponiya, ABŞ və digər kapitalist ölkələrin təbii sərvətlər təchizatçısı kimi SSRİ-nin rolunun gücləndirilməsi kontekstində hazırlanmışdı.1974-cü ildə Sov. İKP MK və SSRİ Nazirlər Soveti "Baykal-Amur dəmir yolunun tikintisi haqqında" qərar qəbul etmiş və qlobal tikinti işlərinə start verilmişdır. 
Həmin vaxtdan yarım əsr keçir. Bu günlərdə nəhəng magistralın 50 illik yubileyi qeyd edilir. Aprelin 22-də Moskvada BAM-ın 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüş olub. Tədbir Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və həmin gün bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib. Rusiyanın dövlət başçısı görüşdəki çıxışında deyib: "BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi şəxsən təbrik etməkdən çox məmnunam. Onun atası, - bunu bütün BAM inşaatçıları yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi. Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi. O, özü BAM-ın obyektlərində oldu, inşaatçılar, yeni qəsəbə və şəhərlərin sakinləri ilə söhbət etdi. Necə deyərlər, rahatlıqla ona yaxınlaşa, problemlərini danışa, cari məsələləri müzakirə edə bilərdin".
BAM-ın tikintisində Heydər Əliyevin titanik zəhməti, böyük təşkilatçılığı olduğunu hamı yaxşı bilir. Bu, tarixin səhifələrinə yazılıb. İndi, BAM-ın yubileyində bu tarixi bir daha vərəqləmək yerinə düşər. 
1982-ci il noyabrın 22-də Ulu Öndər Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçildi və noyabrın 24-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. O dövrdə SSRİ-də ən mühüm və çətin layihələrə rəhbərliyin bilavasitə Ulu Öndərə həvalə olunması onun liderlik, idarəçilik və təşkilatçılıq qabiliyyətinin geniş şöhrət tapmasından qaynaqlanırdı. Heydər Əliyev Baykal-Amur Magistralının həyata keçməsinə də dəstək verən Siyasi Büro üzvlərindən biri idi.
Texnoloji çətinliklər səbəbindən dəmir yolunun inşasının müddəti uzanırdı. Nəqliyyat sisteminin də işini dərinliklərinə qədər bilən Heydər Əliyevin 1984-cü ildə magistral boyunca 10 günlük səfər etməsi isə BAM-ın tikintisində ciddi dönüş yaratdı. Ulu Öndər sovet dövlətinin magistralboyu bir neçə günlük səfərə yollanan ilk yüksək vəzifəli şəxsi idi. Moskvaya qayıdan Heydər Əliyev iyulun 5-də Sov. İKP MK Siyasi Bürosunun iclasında Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar geniş məruzə ilə çıxış etdi. Məruzədə tikintinin sürətləndirilməsi üçün yeni ideya irəli sürərək onun həyata keçməsinə nail oldu.
Belə nəhəng və mürəkkəb layihənin icra edilməsi, yəni Baykal-Amur Magistralının tikintisinin başa çatdırılması üçün əsas olan məhz yüksəkkeyfiyyətli idarəetmə sisteminin qurulması idi. Ümummilli Lider bu yüksək təşkilatçılıq qabiliyyəti ilə nəhəng layihənin idarəedilməsi sistemini qurdu. Moskvada, BAM-ın 50 illik yubileyinə həsr olunmuş görüşdə dövətimizin başçısının dediyi kimi: "Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi. Biz həmçinin BAM-çılara və inşaatçılara, Rusiyanın bütün nəqliyyatçılarına Heydər Əlirza oğlunun xatirəsini əbədiləşdirdiklərinə görə minnətdarıq - Anqoya qəsəbəsindəki vağzal onun adını daşıyır. BAM-çıların da yaxşı bildiyi kimi, o, Bratskdan Vladivostoka və Naxodkaya qədər çətin şəraitdə, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayıram ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə ən çətin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi. Çünki bu insanlar demək olar ki, hər gün şücaət göstərərək, möcüzələr yaradaraq, sovet dövlətinin və bu gün isə həm Rusiyanın, həm də qonşu ölkələrin gələcək inkişafının müqəddəratını əvvəlcədən təyin edərək, uzun illər - 50 il və ya daha çox müddət ərzində həm regional, həm də beynəlxalq əməkdaşlığın inkişafı işinə xidmət edəcək unikal infrastruktur nümunəsi yaratmağa müvəffəq olublar".
Təsadüfi deyil ki, BAM-ın artıq yaşa dolmuş inşaatçıları bu gün Heydər Əliyevi minnətdarlıqla yad edirlər. İki dəfə Rusiya Federasiyasının nəqliyyat yolları naziri olmuş Gennadi Fadeyev deyir: "Onu vurğulamaq istəyirəm ki, biz Heydər Əlirza oğlu haqqında danışanda insanlarda belə bir təəssüratın yarandığını görürük: o, insanları çox sevən insan idi. O, kilometrlərlə deyil, tonlarla deyil, talelərlə, BAM-çıların bu və ya digər müddət ərzində işlədiyi şəraitlə maraqlanırdı. O, heyrətamiz rəhbər idi. Yalnız hansısa yekun məqamda o, təkrarən zəruri mövzuya yenidən qayıdar, işin daha səmərəli olması üçün sabah nə ediləcəyini və digər məsələləri düşünərdi. Onunla şəxsən tanış olmaq şərəfinə nail olmuşam. Məsələ Nəqliyyat Yolları Nazirliyindəki kadrlarla bağlı idi. O, nəqliyyat sahəsinə də rəhbərlik etdiyi üçün məni onun yanına göndərdilər. Biz burada, Kremldə əyləşmişdik. İnsana dövlət məmuru kimi yox, məhz əsl insan kimi yanaşırdı, nə üçün gəldiyini, narahatlığının nədən ibarət olduğunu soruşurdu, insanla həqiqətən maraqlanırdı…Baykal-Amur Magistralının tikintisinə kimin daha çox töhfə verdiyi barədə danışanda, əlbəttə ki, orada bir çox mütəxəssisin, alimin və digərlərinin çalışdığından bəhs edirik. Ancaq təcrübəm, həyat yolum onu deməyə imkan verir ki, Heydər Əlirza oğlu BAM-a nəzarət edən rəhbərlərin ən yaxşısı idi. O, mahiyyət etibarilə, BAM-ın həyata keçirilməsinə nail oldu. O illərin necə çətin olduğunu xatırlayarsınız, həmin çətin illərdə belə bir tikinti sahəsinə rəhbərlik etmək böyük hünər idi." Qeyd edək ki, BAM-ın tikintisinə Azərbaycandan da minlərlə gənc yollanmışdı. Ulu Öndərin dəstəyi ilə azərbaycanlı layihəçilər və inşaatçılar magistralın tikintisi zamanı stansiya kompleksləri olan iki qəsəbə - Ulkan və Anqoyanı salmışlar. Hazırda həmyerlilərimiz Xabarovsk diyarında və Yakutiyada Baykal-Amur Magistral xəttinin hissələrinin yenidən qurulması və müasirləşdirilməsində də iştirak edirlər. Yeri gəlmişkən: Rusiya mətbuatının yazdığına görə, 2030-cu ilədək BAM daha 3,5 min kilometr uzadılacaq, yeni stansiyalar tikiləcək. 
…Bu gün Rusiya Federasiyasının iqtisadi inkişafında əhəmiyyətli rol oynayan Sibir və Uzaq Şərqin təbii resursları məhz bu dəmir yolu ilə mərkəzi və Qərbi Rusiyaya, eləcə də xarici ölkələrə ixrac edilir. Şimal qonşumuzun əsas neft-qaz yataqları, meşə və balıqçılıq, heyvandarlıq təsərrüfatları BAM boyunca yerləşir və bunların daşınmasında, ixracında, eləcə də yerli xalqların sosial vəziyyətinin inkişafında bu magistral böyük rol oynayır. Vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərdə BAM-ın sayəsində müasir şəhərlər salınıb. Bu yol Rusiyanın eləcə də tranzit sahəsində inkişafına böyük təkan verib. Belə ki, Çin, Koreya Respublikası, Vyetnam, Hindistan, digər Cənub-Şərqi Asiya və Orta Asiya dövlətləri Avropa ilə ticarət əlaqələrini məhz BAM vasitəsilə qurublar.
Belə bir qlobal layihənin uğurları Azərbaycan xalqının böyük oğlu və Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümumiyyətlə isə bu gün Heydər Əliyev dühasının bəhrələrini təkcə öz ölkəsi və xalqı deyil, digər dövlətlər də, yeni-yeni nəsillər də görür.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video