24 Aprel 2024 09:00
343
Mədəniyyət
A- A+

Hədər yaşanmamış ömür

 

İndiyədək taleyin insanı, yoxsa insanın taleyini seçdiyini bilən, yaxud bu suala doğru-dürüst cavab verən kimsəyə rast gəlməmişik. Və yəqin ki, indidən belə rast gəlməyəcəyik də. Özü də təkcə biz yox, bəxt, qismət, alın yazısı haqqında ara-sıra da olsa, fikirləşən hər kəs. Çünki bu, əslində, sual deyil, həyat fəlsəfəsidir, hara istəsən yoza bilərsən. "Taledən qaçmaq olmaz" və ya "alın yazısı, qisməti bu imiş" kimi təsəlliverici deyimlər boş yerdən yaranmayıb ki...
Amma bütün hallarda elə insanlar (belələrini şəxsiyyətlər adlandırsaq, daha doğru olar) var ki, onların öz talelərini özləri seçdiklərinə inanmamaq mümkün deyil, hətta qeyd etdiyimiz həyat fəlsəfəsinin məntiqinə şübhə etməsək də. Buna necə inanmayasan ki, eyni acı taleyi yaşayan minlərin, milyonların içərisində ona qarşı çıxanların sayı tək-tük seçilmişlər olur. Yaxın-uzaq tariximizdə azdırmı belə seçilmiş şəxsiyyətlərimiz?! Qərbli-şərqli, şimallı-cənublu Azərbaycan azmı yetişdirib taleyin üzərinə gedən ər övladlar?!
Və bu yazımızda biz onlardan biri - 1924-cü il mayın 2-də qədim Göyçə mahalının Şişqaya kəndində anadan olmuş Yunis Qəhrəman oğlu Rzayev haqqında söhbət açmaq istəyirik.
Yunis Rzayevin həyat yolu heç də hamar olmamışdır. O dövrün çətinlikləri, siyasi sistemin qadağaları, erməni daşnaklarının millətçilik ideyaları hər tərəfdən onu sıxmışdır. Bakı Dövlət Universitetində, Bakı və Moskvadakı Ali Partiya məktəblərində təhsil almış Yunis Rzayevin həyat və fəaliyyətini iki - təlatümlər, ziddiyyətlər məskəni olan Ermənistan və sakit, lakin qızğın, böyük quruculuq və iqtisadi inkişaf diyarı olan Azərbaycan dövrlərinə bölmək olar.
Birinci dövrdə Yunis Rzayev doğulub boya-başa çatdığı kənddəki məktəbdə əmək fəaliyyətinə başlamış, 1943-1945-ci illərdə ordu sıralarında xidmət etmiş, ordudan tərxis olunduqdan sonra Basarkeçər Rayon Partiya Komitəsinin təlimatçısı, şöbə müdiri, 1953-1957-ci illərdə rayon soveti icraiyyə komitəsinin sədri, 1957-1960-cı illərdə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1963-1965-ci illərdə Basarkeçər rayon Kolxoz-Sovxoz İstehsalat İdarəsi partiya komitəsinin katibi olmuş Y.Rzayev rayon inzibati ərazi bölgüsü bərpa edildikdən sonra 1965-1968-ci illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, 1968-1970-ci illərdə Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini vəzifələrində işləmişdir. O bu vəzifələrin hər birinin öhdəsindən bacarıqla gəlmişdir. Bunun nəticəsi idi ki, Y.Rzayev gənc yaşlarından dəfələrlə Ermənistan KP MK-nın üzvü, III çağırış Ermənistan SSR və VII çağırış SSRİ Ali sovetlərinə deputat seçilmişdir. Təbii ki, bacarığı, qabiliyyəti, işgüzarlığı, savadı və peşəkarlığı olmasaydı, o, pillə-pillə bu cür yüksəlməz, irəli çəkilməzdi, özü də Ermənistanda, ermənilərin içərisində.
Yunis Rzayevin rəhbər vəzifələrdə işlədiyi Basarkeçər və Krasnoselo rayonlarının iqtisadi inkişafında, əhalinin güzəranının yaxşılaşmasında, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafında böyük zəhməti və rolu olmuşdur. Onun rəhbərliyi ilə əksəriyyəti azərbaycanlılar yaşayan həmin kəndlərdə abadlıq işləri genişlənmiş, yollar abadlaşmış, məktəb binaları, klublar, xəstəxanalar tikilmişdir. 
O illərdə ermənilər çalışırdılar ki, Azərbaycanla həmsərhəd olan bu rayonların Azərbaycan əhalisi Ermənistandan köçürülsün. Lakin Yunis Rzayevin, Tapdıq Əmiraslanovun, Talıb Musayevin, Mikayıl Bayramovun, Cəmşid Hənifəyevin və başqalarının səyləri nəticəsində bu məkrli erməni siyasətinin qarşısı alındı. Yeri gəlmişkən qeyd edək ki, Yunis Rzayev Basarkeçər və Krasnoselo rayonlarında işləyərkən azərbaycanlılar yaşayan heç bir kəndin adı dəyişdirilmədi, daha doğrusu, o, buna imkan vermədi. Ermənilər bu məqsədlərinə ancaq 1988-ci ildən sonra nail ola bildilər. Təkcə 1991-ci ildə Basarkeçər və Krasnoselo rayonlarında Azərbaycan mənşəli 28 kəndin adı dəyişdirilərək erməniləşdirildi. Şişqaya Qukariç, Məzrə Masrik, Dərə Daranak, Bəriabad Barapey, Toxluca Draxtik, Qaraiman Kaxani, Daşkənd Hayrik, Zod Sotk, Kəsəmən Arpunk, Ağbulaq Axpuyark, Əmirxeyr Kalavan, Gölkənd Ayqut, Çaykənd Dirabak oldu.  
Söz düşmüşkən onu da xatırladaq ki, Yunis Rzayev Basarkeçər rayonunda rəhbər vəzifədə çalışarkən rayonun 38 kəndindən 27-də bütünlüklə azərbaycanlılar, 5-də qarışıq əhali, 5-də ermənilər yaşayırdı. Həmin dövr rayonun əksər rəhbər vəzifəli şəxsləri, idarə və müəssisə rəhbərləri azərbaycanlılar idi. Lakin Y.Rzayev rayon rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra onlardan yalnız üçü qaldı. Hətta rayon maarif şöbəsinin müdiri vəzifəsinə də erməni təyin edildi. Əhalinin 75 faizindən çoxu azərbaycanlı olan bir rayonda Azərbaycan dilini bilməyən erməninin təhsil sistemini necə idarə etdiyini təsəvvür etmək çətin deyil. Ermənilərin bu millətçi siyasətindən məlumatı olan Yunis Rzayev onlara qarşı həmişə barışmaz mübarizə aparmışdır. Məhz buna görə də üzdə özlərini Yunis müəllimə dost kimi göstərən erməni daşnakları, əslində, onu həmişə ləkələməyə çalışmışlar. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin işə qarışması ilə Yunis Qəhrəman oğlu Rzayev erməni məkrindən, erməni şantajından xilas olmuşdur və bununla ömrünün ikinci dövrü başlamışdır.  
Yunis Rzayev 1970-ci ildə artıq Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi idi. 1970-1973-cü illərdə bu vəzifədə işləyən Y.Rzayev Ümummilli Lider Heydər Əliyevin kənd təsərrüfatını inkişaf etdirmək haqqında qarşıya qoyduğu vəzifələri rayon səviyyəsində uğurla icra etdi. Konkret fəaliyyəti ilə kənd təsərrüfatı sahəsində təcrübəli təşkilatçı olduğunu sübuta yetirdi. Şamaxı rayonu qısa müddət ərzində üzümçülük, taxılçılıq, heyvandarlıq sahələrində ön cərgəyə çıxdı, qabaqcıl rayona çevrildi. Ətraf rayonların rəhbər işçiləri və mütəxəssisləri Şamaxıdakı təcrübəni öyrənib tətbiq etməyə başladılar. Xeyli vaxt keçməsinə baxmayaraq, indi də rayonun ovaxtkı təsərrüfat işçiləri Yunis Rzayevi minnətdarlıqla xatırlayırlar.
Çox keçmir, ona daha mühüm vəzifə etibar edilir. O, 1973-cü ildə Azərbaycan SSR-nin Üzümçülük və Şərabçılıq Komitəsinin sədri təyin olunur. Y.Rzayev həmin vəzifədə 1985-ci ilədək - ömrünün son gününədək çalışır, Azərbaycanı bu sahədə aparıcı respublikaya çevirmək üçün bacarığını əsirgəmir. Komitənin işini üzüm əkini sahələrinin genişləndirilməsinə və məhsuldarlığın artırılmasına, yeni üzüm sortlarının istehsalatda tətbiqinə, hazır məhsulun emalı və satışının təşkilinə, bu sahələr üzrə səriştəli kadrların hazırlanmasına və əhalinin sosial problemlərinin həllinə yönəldir. Ulu Öndər Heydər Əliyevin daimi qayğısı və nəzarəti sayəsində həmin dövr bu sahələrdə böyük uğurlar qazanılmışdır. Üzüm plantasiyalarının sahəsi 285 min hektara, hər hektardan orta məhsuldarlıq 100 sentnerə çatdırılmış, süfrə üzümü, şampan şərabı istehsalı üçün keyfiyyətli Avropa və kişmiş üzümü sortları sahələri genişləndirilmişdir. Nəticədə üzüm istehsalını 2 milyon tona çatdıran respublikamız keçmiş SSRİ-də birinci yerə çıxmışdır.
Həmin illər istehsal olunan məhsulu emal etmək üçün bütün iri sovxozlarda üzümün ilkin emalı zavodları tikilmişdir. Dünya standartlarına cavab verən şampan, Bakıda və Xanlardakı konyak zavodlarının istehsal gücü artırılmış, keçmiş SSRİ-nin bir çox şəhərində, o cümlədən Moskva, Leninqrad, Rostov, İrkutsk, Kazan, Kemerova, Snejnyanck və Bratckda Azərbaycan şərabının istehsalı və qablaşdırılması üçün zavodlar inşa olunmuşdur. O dövr Azərbaycanda istehsal edilən yüksəkkeyfiyyətli konyak və şərablar dünyanın bir çox ölkəsində xüsusi mükafatlara layiq görülmüşdür. Bunlardan başqa, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti genişləndirilmiş, üzümçü aqronomların, digər mütəxəssislərin hazırlanmasına diqqət artırılmışdır. Tovuz rayonunun Qovlar qəsəbəsində isə orta pillə aqrotexnik və şərab istehsalı mütəxəssislərinin təhsil mərkəzi - texnikum açılmışdır. Görülən bütün tədbirlər həm də kənd əhalisinin işlə təmin olunmasına, əhalinin güzəranınn yaxşılaşmasına xidmət etmişdir. 
Həmin illər üzümçülük sovxozlarında yeni məktəb binalarının, mədəniyyət evlərinin, digər sosial obyektlərin tikintisi genişləndirildi. Yüzlərlə kəndə su çəkildi, fərdi binaların tikintisi geniş vüsət aldı. Bütün bunlar əhalinin maddi vəziyyətinin və həyat səviyyəsinin yüksəldiyini göstərən faktlar idi. O dövr respublika büdcəsinin üçdə birini üzümçülükdən və şərabçılıqdan gələn gəlir təşkil edirdi. Bu hesaba respublikamız inkişaf edirdi, əhalinin həyat səviyyəsi yüksəlirdi.
M.Qorbaçovun yenidənqurma adı ilə apardığı alkoqolizmə qarşı "mübarizə"nin əsl gizli mahiyyəti bəlkə də Azərbaycanın sürətlə irəliləyən iqtisadiyyatını dağıtmaq, geri salmaq idi. Çünki həmin siyasətin ən ağır zərbəsi Azərbaycana dəydi, böyük vəsait və zəhmət hesabına yaradılmış üzüm bağları, şərab zavodları söküldü, məhv edildi,  respublikamız küllü məbləğdə valyuta mənbəyindən məhrum oldu. Bunun ardınca isə məlum Dağlıq Qarabağ hadisələri başladı.
Yunis Rzayev yüksək keyfiyyətlərə malik şəxsiyyət idi. O, təsərrüfatın bir çox sahəsindən başçıxaran təşkilatçı kimi yorulmaq nə olduğunu bilməzdi. Respublikamızda, keçmiş SSRİ-də çox böyük nüfuza, hörmətə malik olduğuna birgə  işlədiyimiz illərdə dəfələrlə şahidlik etmişik. Yunis müəllim özünə və tabeliyində olanlara eyni dərəcədə tələbkar idi. Nə qədər ciddi, zəhmli idisə, o qədər də həssas idi, heç vaxt haqqı nahaqqın ayağına verməzdi. Ehtiyacı olanlara əl tutmaq, onların qayğısına qalmaq, dərd-sərinə şərik çıxmaq onun həyat amalı idi. İnsanlarda həmişə düzgünlüyü, səmimiliyi və etibarı sevərdi, çünki özü də düz, səmimi və etibarlı adam idi. Ətrafındakılarda xoş ünsiyyət, onların arasında səmimiyyət görmək istəyirdi. Həyatı yaxşı bilirdi, hadisələrə analitik fəlsəfi təhlil verməyi bacarırdı, işi işbilənə tapşırardı. Eyni zamanda gənc kadrlara da diqqət və qayğıkeşliklə yanaşardı, onlara inanar, etibar edərdi.
Yunis Rzayevin əməyi o dövrlər üçün yüksək mükafat sayılan "Lenin", "Oktyabr inqilabı", "Qırmızı Əmək Bayrağı" ordenləri, medallar və fəxri fərmanlarla qiymətləndirilmişdir. O, VIII, IX, X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Bütün həyatını, fəaliyyətini doğma Azərbaycanın inkişafına sərf etmiş Yunis Qəhrəman oğlu Rzayevin işıqlı xatirəsi onu tanıyanların xatirəsində əbədi yaşayacaqdır. Çünki belə şəxsiyyətlər tarixdə silinməz izlər qoyduqları üçün unudulmağa layiq deyillər.

Məhəmməd KÖÇƏRLİ,
Akif KƏRİMOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video