"Son yarım əsrdə Qərb imperializminin insan haqları və demokratiya anlayışlarını öz təcavüzkar mahiyyətini pərdələmək üçün əsas vasitəyə çevirməsini müşahidə etməkdəyik. Xüsusən sovetlər birliyinin süqutundan sonra sosialist blokunun nəzarətində olmuş coğrafiyalara bu çərçivədə xaç yürüşü başlayıb, o cümlədən Cənubi Qafqaz bu prosesdən öz "nəsib"ini alıb".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, ötən dövr ərzində Qərb Azərbaycanla Ermənistan arasında münaqişənin dayanıqlılığı, işğal və təcavüz status-kvosunun davamlılığı üçün bütün səylərini səfərbər edərək, siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları və media qurumları üzərində nəzarəti ələ keçirmək üçün çoxsaylı təşəbbüslər göstərib. Lakin Prezident İlham Əliyevin qətiyyəti ilə bu təsirlər tam şəkildə neytrallaşdırılıb, beynəlxalq əlaqələrə xələl gətirilmədən milli maraqlar tam şəkildə təmin edilib. Lakin digər Cənubi Qafqaz dövlətləri, təəssüf ki, eyni qətiyyəti nümayiş etdirə bilməyib, nəticə etibarilə rəngli inqilablar yolu ilə Qərb həmin ölkələrin siyasi və sosial mühiti üzərində ciddi nəzarət formalaşdıra bilib.
B.Məhərrəmov qeyd edib ki, bu vəziyyət daha təhlükəli hədd alıb, xüsusən getdikcə dərinləşən qütblərarası ziddiyyətin toqquşma nöqtəsinə çevrilməyə məhkum olan Gürcüstan nəticədə ərazisinin xeyli hissəsi üzərində suverenliyini itirməli olub. O cümlədən siyasi hakimiyyət, iqtisadi blok, vətəndaş cəmiyyəti institutları və media üzərində Qərb dairələri nəzarəti ələ keçirərək, gürcü xalqının milli iradəsinə zidd daxili konfiqurasiya formalaşdırıblar. Təəssüf ki, son 20 il ərzində Qərb imperializmi Gürcüstanda tam möhkəmlənib, istər vətəndaş cəmiyyəti institutları, istərsə də hakimiyyətin müxtəlif qollarında, hətta dövlətin ali vəzifəli şəxsi qismində ciddi dayaqlar yaradaraq bu ölkədə təsir imkanları yarada bilib. "Uzun dövr ərzində Qərbin təsiri altında olan Gürcüstan iqtidarlarından fərqli olaraq hazırkı hakimiyyət artıq bu reallıqların fərqində olduğunu göstərib, milli maraqların ziddinə olan bu status-kvonun dəyişdirilməsi istiqamətində tədbirlərə start verib. Bu məsələdə gürcü ictimaiyyətinin böyük hissəsi də Qərbin neokolonialist mahiyyət daşıyan təsirinin neytrallaşdırılmasında ehtiva olunan yeni situasiyanı dəstəkləyir. Çünki artıq Gürcüstan ictimaiyyəti Qərbin "demokratiya", "insan haqları" adı altında ərazilərinin itirilməsində, Qərbdən asılılığın artmasında və qeyri-stabil daxili vəziyyətdə ehtiva olunan status-kvodan başqa heç nə vermədiyinə şahidlik edib. Ötən dövr ərzində Gürcüstana verilən vədlər isə yalnız eyforiya yaratmaq və məqamı gəldikdə həmin vədlərdən geri çəkilmək təhdidi ilə hakimiyyət və ictimaiyyət üzərində təzyiq mühiti formalaşdırmaq məqsədi daşıyıb. Qısa müddət öncə baş tutmuş parlament seçkilərinin nəticələri də göstərdi ki, Gürcüstan hakimiyyətinin bu situasiyanı dəyişmək istiqamətində səyləri ölkədə 5-ci kolonun ciddi etirazları ilə qarşılansa da, gürcü xalqı imperializmin təsirindən qurtulmaqda və bu qəbildən fəsadların aradan qaldırılmasında israrlıdır. Lakin seçki sonrası Qərb ölkələrinin davranışları, o cümlədən Qərbin dəstəklədiyi vətəndaş cəmiyyəti institutları və Gürcüstan müxalifətinin etirazları fonunda Qərbin Gürcüstan hakimiyyətinin yaratmaq istədiyi reallıqlarla barışmayacağı aydın idi", - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, Gürcüstandakı seçkilərdə imkanı əldən buraxan Qərb imperializminin seçki sonrası iğtişaşlarda da uğursuzluğunun ardınca Baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqı ilə münasibətlərə dair bəyanatı əsl fürsət olub. Qərb Gürcüstanı Avropa dəyərlərini pozmaqda ittiham edərək yeni hökumətlə əməkdaşlığı mümkünsüz hesab edən mövqe göstərməklə bu ölkənin daxili işlərinə sərbəst müdaxiləsinə imkan verən situasiya arzu etdiyini gizlətmir. Hazırda baş qaldıran və gürcü xalqının iradəsi ziddinə olan etirazlar məhz buna hesablanıb və yenə də dövriyyəyə Qərb maliyyəli QHT-lərin buraxılması prinsipcə gözlənilən idi. Çünki bu gün Gürcüstanda 25 mindən artıq vətəndaş cəmiyyəti institutu birbaşa Qərbin siyasi və maliyyə təsirindədir. Elə həmin QHT-lərin hər birindən 2 nəfərin meydana çıxarılması 50 minlik etirazçı kütlə deməkdir. Bu mənada, Tbilisidə başlanan etirazların bütövlükdə xalqın etirazı kimi təqdim edilməsi yolverilməzdir. Şübhəsiz ki, Gürcüstanda yenidən vüsət alan etirazlar, əslində, Qərbin gürcü xalqının iradəsi ziddinə bu ölkənin daxili yurisdiksiyasında olan məsələlərə qarışmaq və proseslərin axarını dəyişməklə nəzarəti bərpa etmək cəhdidir.
Siyasətçi bildirib ki, ümumilikdə bu prosesdə konseptual məqsəd aydındır: "Qərb Gürcüstan hakimiyyətini ölkənin Avropa strukturlarına inteqrasiyası qarşısında maneə kimi təqdim etməklə ölkə cəmiyyətini hakimiyyətə qarşı qaldırmaq, o cümlədən mövcud müxalifəti inqilaba təşviq etmək niyyəti güdür. Gürcüstanın yeni formalaşmış hökumətinin başçısı açıq mətnlə Avropa İttifaqına müraciət edərək əgər ittifaq bu ölkəni üzvlüyə qəbul etməyə hazırdırsa, Gürcüstanın da öz növbəsində bu prosesi məmnuniyyətlə realizə etməyə hazır olduğunu bəyan etmişdi. Lakin aydındır ki, Avropa İttifaqının, bütövlükdə Qərbin əsas hədəfi Gürcüstanın avrostrukturlara inteqrasiyası yox, bu ölkədə təsir rıçaqlarını bərpa etməkdir və insan haqları və demokratiya amilləri də bu istiqamətdə ən "uğurlu" pərdədir. Bu reallıq isə təəccüb doğurmur, çünki işğal və təcavüzün yeni metod və forması kimi tətbiq olunan və "demokratiya" və "insan haqları" naminə pərdələnərək həyata keçirilən bu tip müdaxilələr Qərb imperializmi üçün artıq illərdir ki, xarakterik davranışdır. Lakin situasiya nə qədər mürəkkəb olsa da, Gürcüstan hakimiyyəti qətiyyət nümayiş etdirərək prosesdən qalib çıxa bilər, çünki Qərb imperializminin bütün təsir mexanizmlərini fiaskoya uğratmış, çoxsaylı "inqilab" cəhdlərini tam neytrallaşdırmış Azərbaycan nümunəsi göstərir ki, Cənubi Qafqazda situasiya nə qədər həssas olur-olsun, əslində, qətiyyətli davranışlarla Qərb müdaxilələrinə son qoymaq mümkündür".
Deputat qeyd edib ki, Gürcüstanda proseslərin gedişatı da geniş xalq kütlələri tərəfindən dəstəklənməyən və yalnız eyni dairələr tərəfindən davam etdirilən aksiyaların, əslində, Qərb imperializminin Cənubi Qafqazda daha bir iflası olduğunu göstərir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"