04 Avqust 2022 01:35
1872
SİYASƏT
A- A+

Heç kəs unudulmur, heç nə yaddan çıxmır

 

Dövlət növbəti dəfə vətən müdafiəçilərinin yanında olduğunu sübut etdi

 

Danılmaz həqiqətdir ki, bu gün də Azərbaycan vətəndaşının sosial güvənliyinin təminatı dövlətin əsas diqqətində olan məsələdir. Bu istiqamətdə mütəmadi olaraq vətəndaşların xeyrinə qanunvericilikdə dəyişikliklər edilir və qərarlar qəbul olunur. Prezident İlham Əliyev də dəfələrlə bəyan etmişdir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır.

Xüsusilə Vətənin müdafiəsində şəhid olan insanların ailələri və müharibə əlilləri dövlətin hərtərəfli qayğıkeşliyi ilə əhatə olunublar.  44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət problemlərinin həlli məqsədilə qanunvericilikdə yeniliklər edilməsi bunun bariz nümunəsidir.

Xəbər verildiyi kimi, 2022-ci il avqustun 2-də müharibə əlillərinə və şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə yeni sənəd imzalanmışdır. Nazirlər Kabinetinin həmin qərarına əsasən, əlilliyi müəyyən edilmiş bir sıra hərbi qulluqçulara, daxili işlər orqanları əməkdaşlarına və ya vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə başlanılmışdır. Qaydada bildirilir ki, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi  ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, kontuziya) alması, həmçinin xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına, onların vərəsələrinə birdəfəlik ödəmə verilir. Bu qayda həmin kateqoriyadan olan vətəndaşların ödəmələrini almasını tənzimləyir.

Qərarın qəbulu sosial ədalətin bərpası baxımından da önəmlidir. Bu fakt onu göstərir ki, dövlət bütün vətəndaşların qayğısına həssaslıqla yanaşır. Birdəfəlik ödəmə məbləği Prezidentin 23 dekabr 2021-ci il tarixli  fərmanına uyğun olaraq ödənilir. Həmin fərmanda qeyd edilir ki, dövlət tərəfindən I dərəcəli əlilliyə görə 8800, II dərəcə əlilliyə görə 6600, III dərəcə əlilliyə görə 4400 manat birdəfəlik ödəmə verilir. Yeni qərarla təsdiq olunmuş qaydada diqqəti xüsusi cəlb edən hallardan biri də xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər də bu imkandan istifadə edə biləcəklər. Bununla yanaşı, müəyyən edilmiş məbləğdən az sığorta ödənişi almış şəxslər qanunun verdiyi imkandan yararlanacaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəmə alacaq vətəndaşların bürokratik əngəllərlə qarşılaşmaması üçün tədbirlər görür. Belə ki, həmin dövrədək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə e-sistem üzərindən proaktiv qaydada (heç bir quruma müraciət etmədən) ödəmə təyin olunaraq onların bank hesablarına köçürülür, həmçinin onlara ödəmənin hansı bankdan alacağı barədə SMS-lə göndərilir. Bu mövzuda suallar yarandığı halda vətəndaşlar 142 Çağrı mərkəzinə, nazirliyin DOST Agentliyinə və DSMF-nin rəsmi saytına müraciət edə bilərlər.

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğıkeşlik və verilən maddi dəstək  Azərbaycan dövlətinin sosial siyasətinin göstəricisidir. Prezident İlham Əliyev bu barədə demişdir: "Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanda nə qədər verilib? Sıfır! Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni, əlbəttə, biz Ermənistanla özümüzü heç cür müqayisə etmək istəmirik. Amma bu reallıqdır. İndi dünyada o qədər müharibələr olub - bizim bölgəmizdə, bizim coğrafiyaya yaxın olan yerlərdə, başqa yerlərdə. Hansı ölkə bunu edir? Mənə desinlər, mən eşitməmişəm. Ona görə etmirik ki, bununla öyünək, ona görə edirik ki, bunu mənəvi borc bilirik, edirik və edəcəyik. Bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək".

Sitata əlavə edək ki, cari ildə bu kateqoriyadan olan 600 şəxsə mənzil təqdim olunub. Planda isə 1500 mənzilin verilməsi nəzərdə tutulub. Yaxın aylarda daha 500 mənzil və fərdi evin verilməsi proqnozlaşdırılıb. Bununla cari ildə dövlət başçısının tapşırığına uyğun olaraq Bakı, Sumqayıt və Abşeron ərazisində yaşayan şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı yekunlaşacaq.

Paralel olaraq postmüharibə dövründə sözügedən kateqoriyadan olan 100 min insana 193 min xidmət göstərilib. Həmin xidmətlərin əsas istiqaməti müxtəlif sosial ödənişlərin verilməsidir. Yeri gəlmişkən, qeyd edək ki, ötən il sosial müavinətin məbləği 60, cari ildə  isə təqaüdlər 60 faiz artırılıb.

Müharibə əlillərinin normal həyata qayıdışı da diqqət mərkəzindədir. Bu məqsədlə 11 min müharibə əlili və müharibə veteranı sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb olunub. Onlara bu dövrdə 21 min reabilitasiya vasitəsi təqdim edilib. Ümumiyyətlə, indiyədək 200 nəfərdən çox Vətən müharibəsi əlili ən yüksək texnologiyalı dördüncü nəsil müasir protezlərlə təchiz olunub. Bundan əvvəl isə həmin kateqoriyadan olan 130 nəfər belə protezlərlə təmin edilmişdir.

Şəhid ailələrinin və qazilərin məşğulluq problemi də həll olunur. İndiyəcən həmin kateqoriyadan olan 8 min nəfərdən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib. Həmin şəxslər kiçik ailə təsərrüfatları quraraq özlərinə gəlir mənbəyi qazanıblar. Bununla yanaşı, 4500 müharibə əlili və veteranı münasib işlə təmin olunub.

 

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video