Novruz bayramı günlərində və el şənliklərində icra olunan qədim kütləvi rəqslərindən biri də "Halay"dır. Xalq arasında "halay çəkmək", "halay qurmaq", "halay vurmaq" (dövrə vurmaq, dairə üzrə oturmaq), "halaya gəlmək" (rəqs etmək üçün iki dəstəyə bölünmə) ifadələri var.
Hazırda "Halay" iki dəstəyə bölünərək birlikdə oxuyub rəqs etmək mənasında işlənir. Mənşəyi qədim bayram və mərasimlərə bağlı olan "Halay" rəqs-mahnıları əmək, zəhmət motivi əsasında yaranmışdır. Lakin uzun inkişaf tarixinə malik olan, hər bir zəhmət nəğməsində olduğu kimi, bu mahnının mətni də tədricən dəyişmiş, mərasim mahnısına çevrilmişdir.
Azərbaycanın cənub-şərq bölgəsinin (Astara, Lənkəran, Masallı) toy və el şənliklərində, xüsusilə Novruzda qız-gəlinlərin ifa etdiyi "Halay" oyunu yalnız ritmik əl çalmaqla və mahnı ilə müşayiət olunur. Burada ifaçılar ilk növbədə dairəvi şəkildə düzülür, sonra iki dəstəyə bölünüb üz-üzə durur, əl çala-çala, oynaya-oynaya növbə ilə bir-birilərinə doğru hərəkət edib mahnı-deyişmə oxuyurlar:
Çəkin halay düzülsün,
Xumar gözlər süzülsün.
Kim halaya girməsə,
Əli yardan üzülsün.
Dağlarda gəzən mənəm,
Gülləri üzən mənəm.
Gedirsən məni apar,
Yar, sənsiz dözəmmərəm.
Dağların qarı getdi,
Çaylara sarı getdi.
Mənim sevgili yarım,
Bilmirəm hara getdi.
Qara at nalı neylər,
Gözəl qız xalı neylər.
Sənin tək yarı olan
Dövləti, malı neylər.
"Halay" rəqsinin hərəkətləri sadədir. Bunlar ya irəli-geri, ya da dövrə vura-vura o yan-bu yana tək-tək atılan addımlardan ibarətdir. Rəqs uzun müddət davam edə bilər. Çox vaxt rəqs edən dəstələr bir-birini yormağa çalışırlar.
A yordu, yordu, yordu,
Görək kim kimi yordu.
"Azərbaycan"