Azərbaycan Ordusu xalqımızın tarixində əlahiddə rolu ilə ən çox rəğbət bəslənən dövlət institutudur. Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərlik etdiyi şanlı Silahlı Qüvvələrimiz dövlətimizin tarixində dönüş yaradan yeni mərhələnin əsasını qoymağa müvəffəq olub.
Söhbət təkcə 30 ilə yaxın müddətdə ədalətsiz, ikili standartlı beynəlxalq birliyin himayə etdiyi Ermənistan tərəfindən torpaqlarımızın işğalına son qoymaqdan getmir. Bu gün Azərbaycanın zabit və əsgərləri həm də dövlətimizin gələcək inkişaf perspektivlərinin formalaşması və möhkəmlənməsi istiqamətində tarixi missiyanın aparıcı qüvvəsi qismində çıxış edirlər.
Siyasi nüfuz və hərbi güc
Hər bir dövlət dünyada siyasi nüfuzu, iqtisadi qüdrəti, zəngin mədəniyyəti və tarixi ilə yanaşı, hərbi gücü ilə də tanınır. Hərbi güc yalnız müasir dünyada deyil, tarix boyu dövlətə və xalqa edilən hörmət və bəslənən rəğbətin qayəsini təşkil edib. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin 44 günlük Vətən müharibəsi, 2023-cü ilin birgünlük antiterror əməliyyatı bütün ölkələrin Azərbaycan Silahlı Qüvvələrinə diqqət yetirməsi ilə yanaşı, həm də dövlətimizə olan rəğbətin daha da artmasının başlıca səbəbidir.
Bu gün Azərbaycanın geosiyasi ölçüdə yeni - orta güc statusuna yiyələnməsi, təsir arealını yerləşdiyi bölgə hüdudlarından çox-çox uzaq coğrafiyalar hesabına genişləndirməsinin əsasında dövlətimizin kompleks üstünlükləri durur. Ancaq bu amillərin sırasında ordu xüsusi yer tutur. Çünki əsasında vətənə məhəbbət hissindən doğan özünü fədaetmə kimi amil dayanır. Modern Azərbaycanın keşiyində duran hərbi güc məhz Vətən uğrunda həyatlarından və sağlamlıqlarından keçən, özlərini gələcək nəslin təhlükəsizliyi uğrunda qurban verən, torpaq bütövlüyü və suverenliyini şəxsi rifahlarından üstün tutan xalq övladlarının birliyi, məcmusudur. Məhz bu səbəbdən Azərbaycan Silahlı Qüvvələri hər bir azərbaycanlı üçün bir qürur mənbəyi olmaqla yanaşı, həm də həmrəyliyi təcəssüm etdirən qüvvədir.
Qürur duyulacaq tarix
Azərbaycanda ordu quruculuğunun tarixi ötən əsrin əvvəllərinə təsadüf etsə də, məlum tarixi hadisələr səbəbindən dövlətin bu fəaliyyəti yarımçıq qalmışdır. Qarşıdakı 70 ildə Azərbaycan sovetlərin tərkibində olduğundan müstəqil ordu quruculuğu prosesinin də reallaşması təbii ki, qeyri-mümkün idi. Bununla belə, 1969-cu ildən etibarən Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev xalqımızın qəhrəmanlıq tarixi və təhlükəsiz gələcəyi naminə hərbi savadı və bacarığı olan potensialın formalaşdırılmasının vacibliyini bilir və bu istiqamətdə əməli addımlar atırdı. 1971-ci ilin 20 iyulunda Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış Hərbi Məktəbin fəaliyyətə başlaması bu istiqamətdə əldə edilən ən parlaq nailiyyətdir. Çünki təxminən 50 il sonra torpaqlarımızın bütövlüyü uğrunda vuruşacaq cəsur hərbçilərimizin böyük əksəriyyətinin həyatında bu məktəbin mühüm tarixi rolu olmuşdur. Onun fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına şərait yaratdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində təhsil almalarına, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına geniş imkanlar açıldı.
Ümummilli Liderin ordu quruculuğu istiqamətində fədakar fəaliyyəti müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də davam etmişdir. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təşkili məhz Heydər Əliyevin burada ordu quruculuğu istiqamətində gördüyü işlərin nəticəsi, bəhrəsidir.
Heydər Əliyevin xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanın rəhbərliyinə qayıtması xalqımız və onun Silahlı Qüvvələri tərəfindən də coşqu ilə qarşılanmışdır. 1993-1994-cü illərdə həyata keçirilmiş uğurlu əməliyyatlar, Füzuli və Horadiz istiqamətlərində işğal edilmiş torpaqlarımızın yağı düşmənin caynağından qoparılmasında bu amilin mübahisə edilməyəcək dərəcədə rolu var.
Ulu Öndərin 22 may 1998-ci il sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün - 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi modern dövlətimizlə bir əsrdən çox xalqımızın əldə etdiyi nailiyyətin vahid platformada birləşdirilərək gələcək müzəffər ordunun əsasının qoyulması prosesidir. Ulu Öndər 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı.
20 avqust 2001-ci il tarixli fərmanı ilə isə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblərin - Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin formalaşdırılması müstəqil dövlətçilik tarixində ordu quruculuğu və hərbi islahatların növbəti mərhələsi oldu.
Ulu Öndər ordu mövzusuna həyatımızın ən əsas məsələlərindən biri kimi yanaşır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsini əsas vəzifə olaraq irəli sürür, bunu ictimai məsuliyyət kimi diqqətə çatdırır, bu xüsusda bildirirdi: "Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir".
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında, layihələrdə və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Zəfərə doğru
Ulu Öndər Silahlı Qüvvələrin nəzəri əsaslarını və xüsusi konsepsiyanın formalaşdırılması prosesinə rəhbərlik etmişdirsə, Prezident İlham Əliyev ordunun müasir idarəçilik formasına keçidi, texniki təchizat və praktiki hazırlıq prosesinin təkmilləşdirilməsinin təməlini qoymuşdur. Dövlətimizin başçısının ordu anlayışına, Silahlı Qüvvələrin işğal probleminin həllində oynayacağı rola yanaşması praktiki hesablardan irəli gəlirdi. Ölkə rəhbəri problemin həllində maraqlı olmayan beynəlxalq vasitəçilərin "moderatorluğu" ilə keçirilən Bakı-İrəvan danışıqlarının sadəcə vaxt uzatmaq və udmaq, işğalın unudulmasına nail olmaq və Azərbaycanı mövcud reallıqla barışmağa sövq etmək cəhdi olduğunu görür və son sözü ordunun deyəcəyini bilirdi. Məhz bu səbəbdən Prezident İlham Əliyev Silahlı Qüvvələrin yeni ordu quruculuğu prinsipləri ilə modernləşdirilməsinə xüsusi önəm verirdi.
Bu istiqamətdə atılan ilk addım azərbaycanlı gənclərin hərb sənətinə yiyələnməsi üçün xarici ölkələrin məktəblərinə göndərilməsi idi. Bununla ordunun maddi-texniki təchizatının həyata keçirilməsi fəlsəfəsi kökündən dəyişdi. Müstəqil Azərbaycan Ordusu sovetlərdən qalma və ötən əsrin hərb nəzəriyyələri əsasında döyüş aparacaq Silahlı Qüvvələr olmamalıydı. 2016-cı ildən başlayaraq, Azərbaycan Ordusunun özünü döyüş meydanlarında təsdiq etməsi islahatların səmərəsini praktikada göstərdi.
Prezident İlham Əliyevin hərbi potensialın gücləndirilməsi istiqamətində önəm verdiyi ən vacib amillərdən biri hərbi sənayenin qurulması və fəaliyyəti, Silahlı Qüvvələrimiz üçün lazım olan silah-sursat arsenalının formalaşdırılmasıdır. Bu gün Azərbaycanın istehsal etdiyi silah növləri dünyanın ən nüfuzlu sərgilərində nümayiş edilir, ciddi marağa səbəb olur. Azərbaycan hazırda milli silah növlərini ixrac edən dövlətdir. Bu baxımdan hərbi sənaye kompleksinin mövcudluğu həm də büdcə üçün gəlir mənbəyi rolunda çıxış edir və Azərbaycanın silah istehsalçısı kimi nüfuzunun artmasında müstəsna rol oynayır.
Düşmənin təslim olmaqdan savayı yolu yox idi
Şübhəsiz ki, Azərbaycanın Ordu tarixinin ən şanlı səhifəsi hərbçilərimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə torpaqlarımızı işğalçı Ermənistan ordusundan təmizləməsidir. Bir çox əlamətləri ilə unikal olan bu müharibə və sonrakı antiterror əməliyyatının ayrı-ayrı anları, məsələn, Hadrut döyüşləri, yaxud Şuşanın azad olunması dünyanın hərb məktəbləri və ekspertləri tərəfindən yaxından öyrənilir. Rəğbətə səbəb olan bu zəfər dolu tarix müasir hərb gündəminə yeni nəsil döyüşlərin düşməsi ilə nəticələnib. İtkiləri minimuma endirmək üçün yüksək dəqiqliklə və süni intellektlə təchiz edilmiş silahın tətbiqi ilə müşayiət olunan hərbi əməliyyatlar dünya tarixinə yeni mərhələnin başlanğıcı kimi yazılıb. Azərbaycanın 44 gün ərzində əldə etdiyi parlaq qələbədən sonra hərb nəzəriyyəçiləri və məktəbləri döyüş prosesinin müasirləşdirilməsinin vaxtının yetişdiyi qənaətinə gəliblər.
Döyüşlərdə bir addım da geri çəkilməyən əsgər və zabitlərimiz düşmənə sarsıdıcı zərbə vuraraq 44 gün ərzində 5 şəhəri, 4 qəsəbəni, 300-dək kəndi işğaldan azad etməyə nail oldular. Ermənistan 10 noyabr 2020-ci il tarixdə faktiki kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Razılaşmaya uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi.
Azərbaycan bu şanlı qələbəni qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına qazandı və bütün dünya Azərbaycanın bu şanlı qələbəsinə şahid oldu. İkinci Qarabağ müharibəsi zamanı on minlərlə əsgər və zabiti döyüş mövqelərini qoyub qaçan Ermənistandan fərqli olaraq Azərbaycan Ordusunda bircə nəfərin də fərarilik etməməsi, yaralı əsgər və zabitlərimizin hərbi hospitallarda, xəstəxanalarda tez sağalıb yenidən döyüş meydanına qayıtmaq üçün tibb işçilərindən xahişləri, könüllü cəbhəyə yola düşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarələrinə müraciət edən on minlərlə gəncimizin vətənpərvərlik ruhu Azərbaycan Ordusundakı, Azərbaycan gəncliyindəki döyüş ruhunun, əzminin göstəricisidir. Ölkəmiz öz ərazi bütövlüyünü bu gənclərin igidliyi hesabına bərpa etdi.
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən 23 saatlıq antiterror tədbirləri nəticəsində torpaqlarımızda işğalçılığın, separatçılığın ömrünə birdəfəlik son qoyuldu.
Azərbaycan Ordusunun gücü qarşısında işğalçıların başqa seçimləri yox idi. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-nin Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Bir sözlə, bu gün dünyanın ayrı-ayrı guşələrində, o cümlədən bizə qonşu bölgələrdə hərbi münaqişələrin izlənildiyi dövrdə Azərbaycanın qısa müddətdə 30 illik işğal problemini necə zərgər dəqiqliyi ilə gerçəkləşdiyi həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda dərin rəğbət hissi doğurur. Azərbaycan nümayiş etdirdi ki, hər bir müharibə zamanla və hədəfləri ilə konkret olmalı, üzücü mahiyyət kəsb etməməlidir. Qarşıya qoyulan məqsədə çatmaq üçün onun mümkünlüyü dəfələrlə analiz edilməli və ən doğru nəticə hasil olunmalıdır. Necə ki bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bacardı.
Modern ordu quruculuğu davam edir
Azərbaycanda ordu quruculuğu tarixi zəfərimizdən sonra da uğurla davam edir. 44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını uğurla yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də Azərbaycan Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Komando briqadaları istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır. Bu hərbi hissələr yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir. Komando adına sahib olmaq üçün hərbi qulluqçuların komando təməl və komando ixtisas kursunu müvəffəqiyyətlə bitirməsi, müvafiq rəngdə beret və döş nişanını əldə etməsi şərtdir. Bu ixtisas kursunu keçmək çox çətindir və xüsusi məharət tələb edir.
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri - NATO-nun standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universitetinin yaradılması da ölkəmizdə ordu quruculuğunun yeni mərhələdə uğurla davam etdirilməsinin daha bir nümunəsidir. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli fərmanı ilə "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nda da dəyişikliklər edilib. Belə ki, Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradılıb - Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirir və bu təhsil ocaqları, eyni zamanda Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib. Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci də təşkil olunub.
Azərbaycan Ordusu qəhrəmanlar ordusudur. O, güclü, peşəkar, müharibədə, real döyüş əməliyyatlarında öz sözünü demiş və özünü təsdiq etmiş ordudur. "Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur" deyən ölkə Prezidenti yüksək hazırlıqlı hərbçilərimizin peşəkarlığı, Azərbaycan şahinlərinin məharəti, ən müasir silahlar, hərbi texnika, xüsusilə cəmiyyətdəki vətənpərvərlik əzmini yüksək dəyərləndirir.
Vaxtilə ərazilərinin beşdəbiri işğal altında olan Azərbaycanın bugünkü ordusu həm də regional sabitlik faktorudur. Bölgəmizin önündə açılmış iqtisadi çiçəklənmə perspektivləri və siyasi sabitliyin nail olunmasında Azərbaycan Silahlı Qüvvələrinin tarixi rolu danılmazdır. Ordumuz Azərbaycan ərazilərində gözü olan dövlətləri və dairələri parlaq Zəfərimizin nəticələri ilə hesablaşmağa məcbur edən qüvvədir. Təkcə Azərbaycanın deyil, bütün regionun siyasi sabitliyi və iqtisadi tərəqqi perspektivlərinin bünövrəsində Silahlı Qüvvələrimizin sarsılmaz əzmi dayanır.
Günün mübarək olsun, Azərbaycan Ordusu!
İradə ƏLİYEVA,
"Azərbaycan"