09 Aprel 2023 00:40
843
CƏMİYYƏT
A- A+
Görkəmli alim, mərhəmətli insan, müqəddəs ana

Görkəmli alim, mərhəmətli insan, müqəddəs ana

 

Azərbaycan Milli Elmlər Akademiyası, Milli Məclisin Səhiyyə komitəsi və "Azərbaycan" qəzetinin birgə elmi konfransı 

 

Azərbaycan Milli Elmlər Akademiyası, Milli Məclisin Səhiyyə komitəsi və "Azərbaycan" qəzetinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib. Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları önünə tər çiçəklər düzüblər.
AMEA Rəyasət Heyətinin binasında keçirilən konfransda AMEA-nın prezidenti, akademik İsa HƏBİBBƏYLİ, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman ƏMİRASLANOV, səhiyyə nazirinin müavini Nadir ZEYNALOV, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV çıxış etmişlər. Konfrans materiallarının davamını təqdim edirik.

AMEA-nın vitse-prezidenti, akademik İradə HÜSEYNOVA qeyd etdi ki, dünya tarixində az sayda alim, pedaqoq və ictimai xadimlər olmuşdur ki, yaşayıb-yaratdıqları, insanlıq qarşısında əvəzsiz xidmətləri, xeyirxah əməlləri, yolunu davam və inkişaf etdirən mötəbər ardıcılları, gözəl tərbiyə və təhsil almış övladları ilə sağlığında müqəddəslik qazansın, cismani yoxluğuna baxmayaraq, əbədi həyatla mükafatlandırılsın.
- Qədirbilən Azərbaycan xalqının əziz övladı, yüksək mənəviyyata, güclü genetik istedada, mərhəmətli, kövrək qəlbə, ən saf mənəvi dəyərlərə və milli ruha sahib olması ilə fərqlənmiş görkəmli alim və təbib, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyeva məhz xalqımızın yaddaşında heç zaman silinməyəcək şərəfli bir yer tutmuş bu cür şəxsiyyətlərdəndir.
Nursuz gözlərə işıq, qəlblərə həyat eşqi bəxş edən, ətrafına gözəlliklər saçan mələk misallı bu böyük insanın əməl dəftəri yoxluğunda belə təsirini itirməyən xeyirxah işləri, insanlara və insanlığa fayda verən elmi, valideynlərinə və Vətəninə daim xeyir-dua ilə yanaşan gözəl övladları səbəbindən, məşhur bir hədisdə deyildiyi kimi, bu gün də qapanmamışdır və heç zaman qapanmayacaqdır.
Azərbaycanda olduğu kimi, onun hüdudlarından kənarda da tanınmış ziyalı nəslin layiqli davamçısı, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş görkəmli oftalmoloq alim və xeyirxah insan kimi şərəfli bir ömür yaşamış Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir. Geniş dünyagörüşü, fitri istedadı və intellekti ilə seçilmiş bu böyük insan ömrünü zərrə-zərrə ailəsinin, övladlarının və xalqının gələcəyi üçün şam kimi əritmiş, insanlara sevgisi, geniş dünyagörüşü və dərin bilikləri sayəsində böyük uğurlara imza atmışdır.
Oftalmologiya elminin korifeyinin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, əldə etdiyi mühüm nailiyyətlər, bunların əsasında yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.
Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində seçilən Əməkdar həkim, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Əziz müəllim ömür-gün yoldaşı Leyla xanımla övladlarını Vətənə, torpağa, xalqa sədaqət, əslə, kökə bağlılıq, elmə, biliyə, zəhmətə hörmət və məhəbbət ruhunda böyüdə bilmişdi. Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə mühiti və genetik faktorlarla yanaşı, Əziz Əliyevin yaxın dostları olan Üzeyir bəy Hacıbəyli, Müslim Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və digər öz dövrünün tanınmış elm və mədəniyyət xadimlərinin onların evində apardıqları söhbətlər, dünyaya və həyata baxışlara dair fikir mübadilələri önəmli rol oynamışdır.
Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK katibi, sonra isə altı il Dağıstan Respublikası MK-nin birinci katibi işləmiş, həmçinin müəyyən müddət İranda səlahiyyətli partiya işçisi kimi fəaliyyət göstərmişdi. Ailə başçısını evdə az gördüklərindən ailə qayğıları, uşaqların təhsil məsələlərinə nəzarət Leyla xanımın üzərinə düşürdü. Leyla xanım da Əziz müəllim kimi, qızının institut seçimini dəstəkləmiş, ona ürəkdən xeyir-dua vermişdi.
Zərifə xanım 1947-ci ildə institutu əla qiymətlərlə bitirdikdən sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ikiillik ixtisas kursu keçmiş, SSRİ-nin bu nüfuzlu elm müəssisəsində Bakıda əldə etdiyi biliklərini xeyli zənginləşdirmişdir. Qarşısına qoyduğu məqsədlərə sadiqliyi və elmi tədqiqatlara böyük marağı Zərifə xanımı vətənə dönərək Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutuna gətirmişdir. O, 1949-cu ildə bu institutda ordinator kimi fəaliyyətə başlamış, eyni zamanda aspiranturaya daxil olmuşdur. Zərifə xanımın ilk tədqiqatının mövzusunu yaşadığı dövr özü diktə etmişdi. 1953-cü ildə aspiranturanı bitirdikdən sonra Zərifə Əliyeva traxoma ilə mübarizə üzrə müalicə-profilaktika tədbirlərinin təşkilində və həyata keçirilməsində fəal iştirak edirdi. 
Alim tərəfindən hazırlanmış və apardığı ciddi əsaslı tədqiqatlarla effektivliyi həm nəzəri, həm də praktiki şəkildə isbat olunmuş müalicə metodu traxomanın sosial xəstəlik kimi ləğv edilməsində əhəmiyyətli rol oynamışdır. Bu istiqamətdə Zərifə xanım Əliyevanın tarixi xidmətləri danılmazdır və dünya elmi ictimaiyyəti tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir.
Zərifə Əliyeva 1967-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə dəvət olunmuş, 1969-cu ildən burada Göz xəstəlikləri kafedrasının Görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Ömrünün sonuna kimi institutda çalışan Zərifə xanım 1977-1979-cu illərdə kafedranın professor əvəzi, 1979-1982-ci illərdə professoru, 1982-1985-ci illərdə müdiri vəzifələrində çalışmışdır. 
Həmin illərdə alim-təbib təcrübi təbiblik fəaliyyəti ilə məşğul olur, çoxsaylı mürəkkəb əməliyyatları icra edir, xəstələrə və müxtəlif peşə sahibləri olan sağlam insanlara məsləhətlər verirdi. 
1968-ci ildən Zərifə xanım Əliyevanın elmi tədqiqatlarının əsas istiqamətini görmə orqanının patologiyaları və xüsusən peşə ilə əlaqədar əmələ gələn göz xəstəliyi problemləri təşkil etmişdir. Həmin dövrlərə qədər müxtəlif sənaye müəssisələrində çalışan şəxslərin görmə orqanına təsir edən amillər, bu amillərin doğurduğu patologiyalar az tədqiq edilmişdi. Zərifə xanım məhz yüksəkixtisaslı həkim-oftalmoloq və həssas qəlbli, yüksək insani keyfiyyətlərə malik alim kimi qeyd edilən problemlərə diqqət yetirməyə bilməzdi.
Alim bu problem üzərində iş apararkən çox vaxt sənaye müəssisələrinə gedir, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən Şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparırdı. Bununla da Zərifə xanım genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində zərərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdi. 
Görkəmli alim oftalmologiyanın müxtəlif istiqamətlərinə aid 150-dən çox elmi məqalə, 14 monoqrafiya, 12 səmərələşdirici təklifin müəllifi kimi dünya tibb elmində silinməz izlər buraxmışdır. Bir alim kimi çox böyük zirvələri fəth etməyi bacarmış Zərifə Əliyevanın əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını qoruyub saxlamaqla, oftalmoloqların stolüstü kitablarına çevrilmişdir. 
Zərifə xanımın elmi-pedaqoji fəaliyyəti bununla məhdudlaşmır, bütün oftalmoloji müəssisə və şöbələri, kadrların təkmilləşdirilməsi prosesini də əhatə edirdi. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Görkəmli alim tələbələrinə zəngin elmi təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. 
Zərifə Əliyeva hər zaman ətrafına bacarıqlı və savadlı gənc həkimləri toplamaqla elmi tədqiqat işlərini uğurla təşkil etmişdi. 1977-ci ildə onun təşəbbüsü ilə ilk dəfə olaraq Bakıda keçirilən Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumunun təşkilati işləri böyük təcrübə və idarəçilik qabiliyyəti tələb edirdi ki, Zərifə xanım bunun öhdəsindən uğurla gələ bilmişdi. Bu plenum həm Azərbaycanda, həm də keçmiş ittifaqın tanınmış akademik müəssisələrində oftalmoloji xidmətin inkişafında, elmi və elmi-pedaqoji kadrların hazırlanmasında böyük rol oynamışdı.
Akademik Zərifə Əliyeva çoxillik gərgin elmi axtarışlar və eksperimental tədqiqatlar nəticəsində istehsalatda aşağı intensivlikli zərərli maddələrin görmə orqanına təsirinin mühüm qanunauyğunluqlarını aşkar etmişdir. Onun çoxşaxəli elmi fəaliyyətinin əsas istiqamətlərini traxoma xəstəliyinin klinikası, görmə orqanının fiziologiyası və peşə xəstəliklərinin təsiri nəticəsində baş verən göz patologiyalarının profilaktikası, diaqnostikası və müalicəsi, kimya sənayesi müəssisələrinin işçilərində görmə orqanının vəziyyəti, herpetik göz xəstəlikləri, görmə orqanının virusla zədələnməsi, ağır virus konyunktivitləri, gözün hidrodinamik sisteminin fizioloji-anatomik xarakteristikası, göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi, şəkərli diabet zamanı göz xəstəlikləri, terapevtik oftalmologiya, iridodiaqnostikanın əsasları, qlaukoma problemləri və sair təşkil etmişdir. 
Alimin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyması və buna nail olmasıdır. 
Zərifə Əliyeva həmçinin göz zədələrinin qarşısının alınması və onlara nəzarət imkanlarını öyrənmişdir. O, gözün zədələnməsinin nəticələrinin cərrahi müalicəsinə mövcud metodoloji yanaşmaları təhlil etmiş və onların təkmilləşdirilməsi üçün bir sıra faydalı tövsiyələr vermişdir. 
Tibb elmində "peşə oftalmologiyası"nın əsasını qoymuş Zərifə xanım Əliyeva keçmiş SSRİ-nin oftalmologiya elminə görmə orqanının peşə xəstəliklərinin öyrənilməsi və profilaktikası üçün yeni üsulların işlənməsi kimi elmi yenilik gətirmişdir. Bu yeniliklər "Görmə orqanının peşə patologiyası", "Yod sənayesində peşə xəstəliklərinin profilaktikası", "Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya", "Şin istehsalında gözün peşə patologiyası" kimi kitab və monoqrafiyalarında əks edilmişdir. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə dünya miqyasında böyük şöhrət qazandırmışdır. 
Zərifə xanımın təxminən 40-50 il bundan əvvəl apardığı tədqiqatlarda müasir elm qarşısında qoyulan əsas tələblərdən birinin, yəni elmlə istehsalatın sıx əlaqəsinin təmin edilməsinin bariz nümunəsini görmək mümkündür.  
Zərifə Əliyeva gözün çoxsaylı oftalmoloji müayinələri ilə yanaşı, ilk dəfə olaraq, elektrofizioloji metodlardan da geniş istifadə etmişdir. Aparılan eksperimental tədqiqatlarda toksik maddələrin və bəzi fiziki amillərin gözün torlu qişasında funksional vəziyyətə, sərbəst radikal proseslərə, neyromediatorların səviyyəsinə təsiri öyrənilirdi. Həmin tədqiqatların nəticələri bu gün də mütəxəssislər arasında böyük maraq doğurur. 
Zərifə xanım əsl ziyalılığın genetik yaddaşına malik bir insan idi. Ziyalı zəkası onun bilik və təhsilində, ətrafına yaydığı işıqda, zəriflik, təmkin və nəcibliyində, insanlığa və insanlara sevgisində, sevimli peşəsinə və ailəsinə bağlılığında özünü göstərirdi. 
Ulu Tanrının ən yüksək mənəvi xüsusiyyətlər bəxş etdiyi  Zərifə xanım müasir Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ulu Öndər Heydər Əliyevin məslək, əqidə və əməl silahdaşı, vəfalı ömür-gün yoldaşı olmuş, müasir Azərbaycanın lideri, millətin müzəffərlik və qalibiyyət tarixinə yeni-yeni səhifələr yazan görkəmli dövlət xadimi, cənab Prezident İlham Əliyevin insan və şəxsiyyət kimi təşəkkülündə şəfqətli ana kimi həlledici rol oynamışdır. 
Zərifə xanım oftalmologiya elminin korifeyi, ziyalı və işıqlı bir şəxsiyyət, görmə problemli insanlara və ümumən ətrafındakı hər kəsə nur paylayan, gözlərə işıq, qəlblərə həyat eşqi bəxş edən, ətrafına gözəlliklər saçan mələk misallı bir insan olmuşdur.
Görkəmli alim və təbibin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, əldə etdiyi mühüm nailiyyətlər, bunların əsasında yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.
Bəşəriyyətin ən qiymətli sərvəti olan xeyirxahlıq, həya və saflıq fani aləmdə əbədiyyəti, daimi mənəvi ucalığı təmin edir. Yüksək mənəviyyata, mərhəmətli, kövrək qəlbə, ən saf mənəvi dəyərlərə sahib olmuş Zərifə xanım Əliyeva həyatı və əməlləri ilə hələ sağlığında müqəddəslik qazanmış bir şəxsiyyətdir. Onun malik olduğu və qazandığı nə varsa, Allah tərəfindən verilmiş nemətlərdir. 
Ölkəmizin sürətli inkişafı, möhtəşəm uğurları, dünyadakı nüfuzu ilə fəxr edərək, cənab Prezidentin bilik və bacarıqlarının, qətiyyət və müdrikliyinin əsasında həm Ulu Öndərin, həm də Zərifə xanımın təsirini aydın görürük. 
Dünyasını dəyişsə də, böyük alimin elmdə açdığı cığırlar nəinki boş qalmadı, hətta genişləndikcə genişləndi, elmi məktəbi inkişaf edərək şaxələndi, xalqa, insanlara fayda verməyə, nur paylamağa davam etdi, ərsəyə gətirdiyi elmi və həkim kadrlar öz fəaliyyətləri, gözəl əməlləri ilə müəllimlərinin adını daha da ucaltdılar. 
Elmdə və həkimlik fəaliyyətində əldə etdiyi nailiyyətlər, irəli sürdüyü ideyalar, yeni metodlar həm ölkədə, həm də xaricdə bu günə qədər tətbiq olunmaqda, yeni-yeni tədqiqatlara başlanğıc verməkdədir.

Zərifə xanımın əsas həyat amalının insanların gözlərinə nur vermək, onların həyatlarına işıq bəxş etmək olduğunu söyləyən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Elmar QASIMOV bildirdi ki, bu müqəddəs yolda əlindən gələni əsirgəməyən, hər zaman öz peşəsini uca zirvələrə qaldıran güclü və əzmkar alim həm də oftalmologiya elmi üçün əvəzsiz miras qoyub:
- Akademik Zərifə Əliyeva deyirdi ki, "Həkim insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır".  Onun həyatı özündən sonrakı nəsillər üçün bir örnək olmuşdur. Elə şəxslər var ki, onların xalqı qarşısında xidmətləri əvəzolunmazdır. Belə insanlar həmin zirvəni qeyri-adi əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedadı, nadir bilik və qabiliyyətləri hesabına fəth edirlər. Məhz bu insanlardan biri humanist, görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanim Əliyevadır. Zərifə xanımın çox mənalı və şərəfli həyat yolu olmuşdur.
1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini tam yekunlaşdırdıqdan sonra Zərifə xanım Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursunu bitirmiş və əmək fəaliyyətini 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda ordinator vəzifəsində başlamışdır. 1950-1953-cü illərdə akademik Zərifə Əliyeva institutun aspiranturasında elmi hazırlığını keçib, burada kiçik elmi işçi vəzifəsində fəaliyyətinə başlamışdır.
XX əsrin 40-50-ci illərində Azərbaycanın bir çox cənub rayonlarının əhalisi arasında traxoma xəstəliyinin şiddətli yayılması ilə əlaqədar Zərifə xanım Elmi-Tədqiqat Oftalmologiya İnstitutu tərəfindən bu xəstəliyə qarşı aparılan mübarizədə fəal iştirak etmiş, ona həvalə edilmiş Əli Bayramlı (indiki Şirvan) rayonunda çətinliklərə baxmayaraq traxomaya qarşı tədbirlər kompleksini yerinə yetirmişdir. Aparılan böyük praktiki iş Zərifə xanımın ilk elmi əsərlərinin əsası olmuşdu. Fəal elmi axtarışlar traxomanın və onun fəsadlarının bir neçə müalicə üsullarının işlənilməsi ilə nəticələnmişdir. 1959-cu ildə Zərifə Əliyeva "Traxomanın digər terapiya üsulları ilə birgə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Zərifə xanım Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda 1967-ci ilə qədər 18 il ərzində böyük əmək yolu keçmişdir.
Həmin illərdə o, virus və bakterial konyunktivitləri, keratitlər və gözün ön kəsiyinin digər kəskin və xroniki xəstəliklərinə dair bir sıra elmi əsərləri, o cümlədən "Kəskin virus konyunktivitləri" və "Gözün herpetik xəstəliyi" əsərlərini yaratmışdır. 1960-ci illərin sonunda Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına keçmiş və burada əvvəl assistent, sonralar professor və 1982-ci ildə kafedra müdiri vəzifələrini tutaraq, oftalmologiyanın yeni istiqaməti olan görmə üzvünün peşə patologiyası problemi ilə yaxından məşğul olmağa başlamışdır. O, müxtəlif peşə zərərlərinin, o cümlədən toz, talk, his, kanifol, təbaşir kimi şin və yod istehsalının toksik amillərinin, respublikada inkişaf etmiş kimya istehsalının digər toksik maddə və məhsullarının görmə orqanına zərərli təsirinin biokimyəvi mexanizmini öyrənmiş və bir çox yeni elmi faktlar aşkar etmişdir. Dünya ədəbiyyatında belə fundamental tədqiqatların analoqu yoxdur.
Bu klinik-eksperimental tədqiqatlar Zərifə xanımın 1976-cı ildə Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müvəffəqiyyətlə müdafiə olunmuş "Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərində görmə üzvünün vəziyyəti" mövzusunda doktorluq dissertasiyasının materialını təşkil etmişdir. Bu gün oftalmologiyanın həmin istiqamətdə inkişafı davam edir. Hal-hazırda bir neçə gənc oftalmoloq bu istiqamətdə elmi işləri davam etdirir və yaxın zamanda bu elmi işlər işıq üzü görəcək.
1979-cu ildə Zərifə xanımın böyük təşkilatçılıq qabiliyyəti sayəsində, şəxsi təşəbbüsü və iştirakı ilə Azərbaycan Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutu ilə birgə Bakı məişət kondisionerləri zavodunda işçilərin görmə üzvünün fiziologiyası və peşə patologiyası üzrə problem laboratoriyası yaradılmışdır. Burada Zərifə xanım müxtəlif kimyəvi maddələrin və istehsalat tullantılarının görmə üzvünə və onun əlavə aparatına xroniki təsiri mexanizminin tədqiqi, bu təsirə qarşı profilaktik tədbirlərin və tətbiq üsullarının işlənilməsində böyük müvəffəqiyyətlər qazanmışdır.
Gənc, qabiliyyətli, geniş elmi planlarını həyata keçirməyə qadir olan mütəxəssisləri öz ətrafında toplayaraq Zərifə xanım zərərli maddələrin fəhlələrin görmə orqanına təsirini hərtərəfli öyrənmişdir. Müayinə edilmiş kontingentdə göz qapaqları, konyunktiva, gözyaşı yollarının dəyişikliklərinin, buynuzlu qişa həssaslığının zəifləməsinin, torlu qişanın, damarlı yolların, görmə sinirinin distrofik dəyişikliklərinin, işıq-rəng duyğularının zəifləməsi tezliyinin artması təsdiq olunmuşdur. Stirol buxarının təsirindən əmələ gələn inadlı, residiv verən və qapaqların dermatiti ilə müşayiət edilən peşə konyunktivitinin klinikasını məhz Zərifə xanım ilk dəfə təsvir etmişdir.
Zərifə xanım kimya istehsalat müəssisələrində işçilərin gözlərinin peşə zədələnmələrinə qarşı kompleks sanitar-gigiyenik tədbirlərin işlənilməsi və həyata keçirilməsinə nail olmuş, əmək şəraitinin yaxşılaşdırılması üçün misilsiz işlər görmüşdür. Onun görmə üzvünün peşə patologiyası probleminə həsr olunmuş fundamental tədqiqatlarının nəzəri və təcrübi əhəmiyyəti çox böyükdür. Bu tədqiqatlar 1980-ci ildə çap olunmuş "Şin istehsalatında görmə üzvünün peşə patologiyası" monoqrafiyasında, 1981-ci ildə isə dərc edilmiş "Xroniki yod intoksikasiyası nəticəsində oftalmopatologiya" monoqrafiyasında öz əksini tapmışdır.
Kimya istehsalında görmə üzvünün zədələnmələrinin profilaktikasına həsr olunmuş orijinal elmi əsərləri silsiləsinin çap olunması ilə əlaqədar, 1981-ci ildə Z.Əliyeva keçmiş Sovet İttifaqının Tibb Elmləri Akademiyasının oftalmoloqlar üçün ən nüfuzlu olan akademik M.İ.Averbax adına mükafatı ilə təltif edilmişdir. Zərifə xanım bu yüksək mükafata layiq görülmüş ilk qadın alim olmuşdur.
Görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də gözyaşı aparatının fiziologiyası, gözyaşı yollarının xəstəlikləri patogenezinin öyrənilməsi və onların cərrahi müalicəsi üsullarının işlənilməsi olmuşdur. Zərifə xanımın rəhbərliyi altında dakriosistitin yeni, daha effektiv və fizioloji cərrahi müalicə üsulları işlənib təcrübədə tətbiq edilmiş, həmin cərrahi əməliyyatların aparılması üçün yeni alətlər ixtira olunmuş və gözyaşı kisəsi fleqmonasının kompleks müalicə üsulu işlənilmişdir. Bu problemə Zərifə xanımın bir sıra elmi əsərləri həsr olunmuşdur, onların arasında "Gözyaşı axmasının fiziologiyası" monoqrafiyası xüsusi yer tutur. Zərifə xanım oftalmomorfoloji, histomikroskopik və histokimyəvi tədqiqatlara həsr olunmuş elmi əsərlərin də müəllifidir. Onların arasında "Gözün və görmə sinirinin yaşla əlaqədar dəyişiklikləri" və "Gözün hidrodinamik sisteminin anatomik-fizioloji xüsusiyyətləri" monoqrafiyalarını qeyd etmək olar. 

Onun elmi fəaliyyətinin bir istiqaməti də klinik-diaqnostik müayinələr olmuşdur ki, bunların nəticəsində həkimlər üçün hazırlanmış bir sıra tədris kitabları nəşr edilmişdir, bu sırada ilk növbədə "Terapevtik oftalmologiya" və oftalmoloji cəmiyyətdə böyük məmnuniyyətlə qəbul edilmiş "Oftalmologiyanın aktual problemləri" kimi gözəl monoqrafiyaları göstərmək lazımdır. Zərifə xanım deontologiya və həkim etikası məsələləri ilə yaxından məşğul olmuş və bu haqda öz fikirlərini "Yüksək əqidə" adlı gözəl monoqrafiyasında yekunlaşdırmışdır.
Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin çox maraqlı və perspektiv istiqamətlərindən biri iridodiaqnostika və iridoterapiya problemi olmuşdur. Bu tədqiqatların əhəmiyyəti oftalmologiya çərçivəsindən çıxır. Zərifə xanımın elmi axtarışlarının nəticəsi "Gözün bəbək haşiyəsinin adaptasiya-qoruyucu vəzifəsi haqda" elmi işinin və o zaman Sovet İttifaqında ilk dəfə çıxan, tayı-bərabəri olmayan iki monoqrafiyanın nəşr edilməsi olmuşdur. Bu monoqrafiyaların biri "İridodiaqnostikanın əsasları" Bakıda, ikincisi "İridodiaqnostika" Moskvada çapdan çıxmışdır. O, buynuzlu qişa, sklera, büllur kimi parairidal strukturların patoloji dəyişiklikləri və qüzehli qişada olan markerlər arasında diaqnostik əlaqələrin mövcudluğu haqda gözəl fikirlər söyləmişdir, bu da yeni maraqlı tədqiqatların başlanğıcı üçün bir təkan olmuşdur. Zərifə xanım Əliyevanın tibbi elm və təcrübəyə, tibbi kadrların hazırlanması işinə töhfəsi çox böyük və qiymətli olub. Onun elmi irsinə 14 monoqrafiya, 170-dən artıq elmi əsər, o cümlədən ixtiralar, metodik tövsiyələr və səmərələşdirici təkliflər daxildir. 
Zərifə xanımın çoxtərəfli elmi fəaliyyətinin, nəzəri və təcrübi təbabəti zənginləşdirmiş şəxsi töhfəsinin, elmi və həkim kadrlarının hazırlanması işinin nəticəsi 1983-cü ildə onun Azərbaycan Respublikasının Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi ilə əlamətdar olmuşdur. Gərgin elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım müəllimlik işinə və tədris prosesinin təşkilinə böyük diqqət yetirirdi. O, istedadlı müəllim və çox gözəl mühazirəçi idi, gənc həkimlərə və elmi əməkdaşlarına öz geniş biliklərini böyük məmnuniyyətlə çatdırırdı. Üslubunun sadəliyi və gözəl, bədii ifadəsi, fikir dərinliyi və aydınlığı, yüksək nəzəri səviyyəsi, qeyri-adi erudisiyası, məharətlə hazırlanmış əyani material, zəngin klinik təcrübəsindən çəkilmiş misallar, ziyalı siması dinləyiciləri heyran edirdi. Zərifə xanımın təcrübi, həkimlik işini də xüsusi qeyd etmək lazımdır. Məntiqli zəkaya, aydın təfəkkürə malik olaraq, Zərifə xanım çox gözəl, diqqətli, xəstəliyin gözə çarpmayan əlamətlərinin axtarışında yorulmaz bir diaqnost və klinisist olmuşdur. O, müşahidələrini bir anda ümumiləşdirməyi bacarırdı və yeganə düzgün qərara gələ bilirdi. Akademikin praktiki oftalmologiyada geniş bilikləri, bir çox dərman preparatının xüsusiyyətlərinə əla bələd olması xəstələrin müalicəsini yüksək səviyyədə aparmağa imkan verirdi. Onun prinsipiallığı, vətəndaş cəsarəti Elmi Şuranın iclaslarındakı, konfrans və qurultaylardakı, digər yüksəksəviyyəli toplantılardakı gözəl çıxışlarında həmişə öz əksini tapırdı.
Akademik Zərifə Əliyeva böyük ictimai iş də aparırdı. O, keçmiş ittifaqın Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, Ümumittifaq "Bilik" Cəmiyyətinin İdarə Heyətinin üzvü, Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, "Vestnik oftalmoloqii" jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Akademik Zərifə Əliyevanın xidmətləri orden və medallarla mükafatlandırılmışdır. Ona Azərbaycan Respublikası Əməkdar elm xadimi fəxri adı verilmişdir. 
Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu 2001-ci ildən akademik Zərifə Əliyevanın adını daşıyır. Zərifə xanım Əliyeva bütün şüurlu həyatını, əməli fəaliyyətini milli oftalmologiyanın inkişafına həsr etmişdir, Azərbaycan oftalmologiyasının əsl fədaisi olaraq, dünyada onun tanınmasında mühüm rol oynamışdır. Zərifə xanımın oftalmologiyanın inkişafında xidmətləri çoxdur, onlardan biri 1977-ci ildə Bakıda yeni Oftalmoloji Mərkəzin tikintisi haqqında irəli sürülmüş təşəbbüsüdür. Belə mərkəzin yaradılması Zərifə xanımın arzularından biri idi. 
Vaxtilə Ulu Öndər Heydər Əliyev və Zərifə xanım bu arzunun həyata keçirilməsi üçün böyük səy göstərmişlər, onların sayəsində mərkəzin təməli hələ SSRİ dövründə qoyulmuşdur. Həmin arzu artıq həyata keçmişdir. Bu işdə instituta Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dəstək olmuşlar. Yüksək keyfiyyətli, dünya səviyyəli diaqnostik və cərrahi avadanlıqla təchiz edilmiş mərkəz on dörd ildir ki, fəaliyyət göstərir. Burada oftalmologiya sahəsində olan bütün texnoloji yeniliklərin tətbiqi nəticəsində elmi tədqiqatların və müalicə prosesinin dünya oftalmologiyasında qəbul olunmuş səviyyəyə yüksəlməsi məsələsi həll edilmişdir. Mərkəzdə hər bir şərait yaradılmışdır. 
Respublika əhalisinə humanitar yardımın göstərilməsi çərçivəsinə mərkəzin səyyar avtomobil və dəmiryolu klinikalarının fəaliyyəti də daxildir. Müasir diaqnostik və cərrahi oftalmoloji avadanlıqla, muxtar elektrik, istilik, kondisioner sistemləri ilə təchiz edilmiş avtomobil və dəmiryolu qatarı hər bir şəraitdə işləyə bilirlər. Səyyar klinikalarda xəstənin müayinəsi və lazım gəldikdə cərrahi əməliyyatının aparılması üçün bütün imkanlar yaradılıb. Bu klinikalar 15 ildən artıqdır ki, ölkəmizin ən ucqar rayon və kəndlərinə müntəzəm şəkildə gedərək, əhaliyə yüksəkixtisaslı, müasir texnologiyalı cərrahi və terapevtik oftalmoloji yardım göstərirlər, Bakı şəhərinin müxtəlif ali tədris və digər müəssisələrində, məktəblərində və uşaq bağçalarında dispanserizasiya işini aparırlar. Bu günə qədər səyyar klinikalarda on minlərlə xəstə müayinə olunmuş, minlərlə xəstədə cərrahi əməliyyat aparılmışdır.
Mərkəzdə Zərifə xanımın əziz xatirəsinə həsr edilərək yaradılmış muzey hazırda bütün oftalmoloqların qürur hissi ilə ziyarət etdiyi bir məkandır. Burada Zərifə xanımın iş otağında istifadə etdiyi əşyalar, xəstələri müayinə etdiyi tibbi avadanlıqlar, müəllifi olduğu kitablar, elmi əsərlər, həyat yolunu əks etdirən çox dəyərli şəkillər, onunla ünsiyyətdə olmuş şəxslərin haqqında yazdıqları məqalələr yerləşdirilib.  Bu muzeyə daxil olmuş hər bir şəxs üçün buradakı elmi kitablar və Zərifə xanımın elm və həyat yaradıcılığını əks etdirən dəyərli əsərlər əvəzsiz xəzinədir. Muzeydə qeyd olunmuş Zərifə xanımın dəyərli sözləri bütün insanlar üçün bir örnəkdir: "Həyatı nağıla çevirmək hər insanın öz əlindədir. Əsas odur ki, öz xeyirxahlığınla şərə qalib gələsən". 
Bütün bu elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb. Onlar ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlardır. Zərifə xanım Əliyevanın adı Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə çəkilir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir.
Bütün ömrü boyu insanlara xidmət etmiş bir insanın, görkəmli alimin, xeyirxah, qayğıkeş ananın adının xalqımızın yaddaşında əbədi həkk olunması bu gün hər bir azərbaycanlı üçün fəxrdir. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq və qəlblərdə yaşayacaqdır. 

AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna MİRZƏZADƏ qeyd etdi ki, dünya gender elmi tarixində qadın şəxsiyyətlər var ki, onların həyat və fəaliyyətinə nəzər yetirəndə yaşadığı dövrün ictimai-siyasi hadisələrinin təsirinə də diqqət etmək gərəkdir. 
- İstənilən millətin özünəməxsus tarixiləşən qadın şəxsiyyətləri vardır ki, onların xalq qarşısında xidmətləri unudulmazdır. İstedad, bilik, qabiliyyətləri ilə seçilənlər həm də əməksevər, xeyirxah olurlar. Belə qadın şəxsiyyətlərdən biri də Azərbaycan elmi və ictimai-siyasi dövlətçilik tarixində yeri olan akademik Zərifə Əliyevadır.
Yüzlərlə insanın gözünə nur, işıq verən Böyük Qadın, Böyük Ana olan akademik Zərifə Əliyevanın həyat yolu bir örnək, bir ailə məktəbidir. Bu məktəbin davamçısı Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin milli idarəçilik məktəbinin yetirməsi olaraq, Zərifə Əliyevanın elmi-ictimai dərslərindən örnək alaraq onun insani nəciblik və mərhəmət ənənələrini davam etdirir. Oxşar ictimai tale, oxşar yol və bu yolda paralelləşən əməllər… 
Ulu Öndər Heydər Əliyev deyir ki: "Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam". Eləcə də Prezident İlham Əliyev söyləyir ki: "Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur, Mənim anam əsl alim idi". Bu kəlamlar xoşbəxtliyin nümunəvi komponentləridir.
Zərifə Əliyeva Azərbaycan tibbşünaslıq və ictimai-elm tarixində möhtəşəm adı olan qadın alimdir. Mehriban xanım Əliyeva söyləyir: "İxtisas seçimimə həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdi". 
Zərifə Əliyeva - üç dövlət xadimini qovuşdurub birləşdirən akademik, oftalmoloq həkim, birinci xanım, ictimai xadim, Prezident anasıdırsa, bu paralellər vəhdətində Mehriban xanım da oftalmoloq həkim, humanizmdən elmi fəlsəfi iş yazan, Prezident gəlini, Prezident xanımı, ictimai-siyasi dövlət xadimidir. Bənzər tale yolları aydın görünür. 
Mehriban Əliyeva qadının ailədəki rolunu və ailəyə münasibətini hər zaman önə çəkir və vurğulayır ki: "Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hadisəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm". Mehriban Əliyeva akademik Zərifə Əliyevadan əxz etdiyi ənənələri yaşadır, milli-mənəvi dəyərlərin hamisi olmaqla ölkədə təhsilin, tibbin, mədəniyyət, mənəviyyat və digər sahələrin tərəqqisinə diqqət göstərir, müasir Azərbaycanı dünyada tanıdır. Azərbaycan qadınının - anasının yüksək mənəvi-mədəni keyfiyyətlərini ümumbəşəri dəyərlərlə əks etdirir. 
Hər iki böyük qadının Azərbaycanın ictimai humanitar həyatında öz mərhəmət və şəfqət prinsipləri paralellər təşkil edir. Zərifə Əliyeva Sülhü Müdafiə Komitəsinin üzvü idi və sülh, barış məsələlərinə dair daim çağırışlar edərdi. Akademik Zərifə Əliyeva qeyd edirdi ki: "Nifrət edirəm müharibəyə, insanların əzab çəkməsinə dözmürəm". Mehriban xanım Əliyeva da bütün dünyada sülhü, ədaləti, barışı təbliğ edir, sülhməramlı səfirdir.
Zərifə xanım ailəcanlı ictimai xadim idi. Ulu Öndər söyləyirdi ki: "Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o, bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib". Mehriban Əliyeva qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hessab edərək deyir ki: "Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır, dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər". 
Digər bir paralelliyə diqqət edək. Ulu Öndər Heydər Əliyev "Əsl məhəbbət haqqında" filmində vurğulayır: "Biz Zərifə xanımla Kislovodskidə tanış olduq.... və onu görən kimi bildim ki, ürəyimə girdi". Prezident İlham Əliyev müqəddəs dediyi anası Zərifə xanım və ömür dostu Mehriban xanım haqda deyir: "Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bu qız xoşuma gəlir". 
Zərifə xanımın taleyinə ali bir missiya - Heydər Əliyev kimi strateq şəxsiyyətin həyatının əbədi sevgisi, Mehriban xanımın da taleyinə eynən ali bir missiya - Qarabağı işğaldan azad edən Qalib Prezidentin həyat və əqidə yoldaşı olmaq yazıldı. 
Akademik Zərifə Əliyevanın Azərbaycan oftalmologiya elminin tanıdılmasında xidmətləri çox istiqamətli olub, eləcə də Mehriban Əliyevanın müasir Azərbaycan mədəniyyəti, təhsili, tibb sahəsinin inkişafında fəaliyyəti geniş və çoxcəhətlidir. Akademik Zərifə Əliyeva novator alim, peşəsində yenilikçi idi. Zərifə xanımın həyatı, ailə və cəmiyyətdə rolu və yeri bir mənəviyyat, müdriklik, şəfqət məktəbidirsə, həmin məktəbin ardıcılı Mehriban Əliyeva da humanist modern rəhbər, xalqının "sevimli Mehribanı"dır. 
Zərifə Əliyeva deyirdi ki: "Həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir və həkim xəstənin ən doğma adamıdır". Akademik N.Puşkovskaya "xeyirxahlıq Zərifə Əliyevanın həyat tərzi idi" deyərək onun yüksək keyfiyyətlərini dəyərləndirmişdi. Professor A.Brovkina ona "nəciblik və mənəvi paklıq timsalı" qiymətini vermişdisə, professor N.Şulpina "dünyaşöhrətli alim" adlandırmışdı. Mehriban Əliyeva da həkim-filosof, ictimai-siyasi xadim və "sizin Mehriban" müraciətli Azərbaycan xalqının mərhəmət, xeyirxahlıq ünvanıdır.
Azərbaycan qadınının ənənəvi dəyərlərinin təcəssümü olan Zərifə xanım dövlət xadiminin qızı, dövlət başçısının xanımı, gələcəkdə Prezident olacaq oğulun, alim qızın anası, yüzlərlə insana nur, işıq verən peşəkar həkim, görkəmli alim, kübar, alicənab, insanları sevən, heç kimi incitməyən, hər kəsə kömək edən Böyük Qadın idi. Bütün bu keyfiyyətlər mərhəmət, şəfqət, humanizm kimi ali dəyərlərlə vəhdətdə ona əsl insan, əsl xanım, əsl həkim statusu qazandırmışdı.
Prezident İlham Əliyev Zərifə xanım haqda söyləyir: "Onun unudulmaz obrazı bu gün də mənim üçün çox əzizdir, doğmadır. Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni zamanda yüksək mədəniyyət, alicənablıq - bütün bu müsbət keyfiyyətləri özündə birləşdirmişdi. Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Bir alim kimi Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir". 
Bu kontekstdən Prezident İlham Əliyev Mehriban Əliyeva haqda deyir: "Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük sevgi və rəğbətlə yanaşır". Prezidentin bu fikirləri həyat tərzinin elmi-etik, mədəni-mənəvi paradiqmal komponentləridir. 
Prezident İlham Əliyev kədərli notlarla, bir övlad kimi söyləyir: "Onun (Zərifə xanımın) vəfatından sonra mənim həyatım, bütün ailəmizin həyatı dəyişildi. Yəni mən indi o vaxtlardakı kimi gülə bilmirəm, həyatımda xoşbəxt hadisə olanda düşünürəm ki, o da bunun üçün sevinərdi". 
Çox ağrılıdır ki, Azərbaycanın müstəqilliyini, sevgili həyat dostu Ulu Öndərin və bütün şəfqəti ilə böyütdüyü yeganə oğlunun Prezidentliyini, bəyənib seçdiyi Mehriban xanımın fəaliyyətini, nəvələrini, doğma Vətəninin müasir inkişafını görə bilmədi, həyatdan tez getdi, amma ürəklərdə nəcib, mərhəmətli həkim, xeyirxah ictimai xadim, Azərbaycanın kübar qadını - böyük anası adını abidələşdirdi. Dövlət xadimi atasından aldığı nur, dövlət xadimi ömür dostu ilə keçirdiyi işıqlı mənəvi həyat, sevə-sevə böyütdüyü dövlət xadimi oğlunun "müqəddəs Anam" kəlamı ilə hər zaman nur-işıq saçan möhtəşəm qadın, daim anılacaq şəxsiyyətdir.

Fiziologiya İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru, professor Elmira PƏNAHOVA qeyd etdi ki, Zərifə xanım Əliyevanın elmi araşdırmalarının əsasını təşkil edən ətraf mühit amillərinin görmə orqanına təsirinin mexanizmlərinin və qanunauyğunlarının tədqiqi həm də görmə sisteminin fiziologiyası haqqında biliklərin genişləndirilməsini tələb edirdi.
 - Məhz buna görə akademik Zərifə Əliyevanın keçdiyi uğurlu elm yolunun böyük bir hissəsi akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə bağlıdır. Burada alimin təşəbbüsü və bilavasıtə rəhbərliyi altında 1979-cu ildə keçmis SSRİ məkanında ilk dəfə olaraq görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyası yaradılmışdı. Yeni laboratoriyanın ilk tədqiqat işlərinin "Müxtəlif kimyəvi faktorların təsiri şəraitində işləyən insanların görmə orqanının kliniki-fizioloji və morfohistokimyəvi xüsusiyyətləri" mövzusu ətrafında qurulması da təsadüfi deyildi. Azərbaycan keçmiş SSRİ məkanında kimya sənayesinin mərkəzlərindən biri sayılırdı və müvafiq olaraq laboratoriyada aparılan tədqiqatların əsas məqsədi istehsalatda istifadə edilən müxtəlif kimyəvi maddələrin görmə orqanına uzunmüddətli xroniki təsirinin kompleks analizi və bu təsirin nəticəsi kimi baş verə biləcək dəyişikliklərin erkən diaqnostikası idi. 
O dövrdə səhiyyənin, tibb elminin qarşısında duran fundamental problemlərdən biri peşə ilə bağlı az zərərli faktorların, aşağı dozaların xroniki təsiri altında orqanizmdə baş verən qeyri-spesifik, üzdə olmayan pozulmaların öyrənilməsi idi. Başqa sözlə, ətraf mühitin əlverişsiz faktorlarının təsiri zamanı orqanizmin adaptiv-kompensator mexanizmlərinin öyrənilməsi kimi fundamental, bu gün də öz aktuallığını itirməyən problem ön plana çıxmışdı. Bu problemlə bağlı nəinki Azərbaycanda, hətta keçmiş SSRİ-də oftalmologiya elmində yeni səhifənin açılması - görmə orqanının peşə xəstəliklərinin öyrənilməsi və profilaktikası üçün yeni üsulların işlənməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.
Zərifə xanım öz tədqiqatlarında, gözün çoxsaylı oftalmoloji müayinələri ilə yanaşı, ilk dəfə olaraq elektrofizioloji metodlardan da geniş istifadə edirdi. İş yerlərində toksik maddələrlə təmasda olan işçilərin gözlərinin elektroretinoqrafik, elektrookuloqrafik, reooftalmoqrafik müayinəsi torlu qişanın müxtəlif hüceyrə elementlərinin funksional vəziyyətində baş verən dəyişiklikləri üzə çıxarmağa imkan yaradırdı. Paralel olaraq aparılan eksperimental tədqiqatlarda toksik maddələrin və bəzi fiziki faktorların gözün torlu qişasında funksional vəziyyətə, sərbəst radikal proseslərinə, neyromediatorların səviyyəsinə təsiri öyrənilirdi. 
Zərifə xanımın elmi maraq dairəsində görmə orqanının, görmə analizatorunun yaşla bağlı dəyişikliklərinin tədqiqi xüsusi yer tutur. Onun "Gözün və görmə-sinir traktının yaş dəyişmələri" kitabı haqqında görkəmli rus oftalmoloq-alimi, akademik A.Brovkina demişdi: "Bu elmi əsər mahiyyət etibarilə oftalmologiyada yeni bir istiqamətin - oftalmoloji herontologiyanın başlanğıcını qoyur". Zərifə xanımın bu kitabı bu gün AMEA-nın Fiziologiya İnstitutunda həyata keçirilən herontoloji tədqiqatlar fonunda daha da aktual və qiymətli təsir bağışlayır. 
Təəssüf ki, keçən əsrin 90-cı illərində respublikadakı ictimai-siyasi vəziyyətlə bağlı elmin inkişafında yaranan tənəzzül dövründə Zərifə xanımın laboratoriyasının fəaliyyəti dayandırıldı. Yalnız 2016-cı ildə həmin laboratoriyanın fəaliyyəti bərpa olundu. Əvvəlcə institutda Görmənin Fiziologiyası yaradıcı qrupu yaradıldı və onun qarşısına görmə sisteminin pozuntularının neyrofizioloji mexanizmlərinin araşdırılması məqsədi qoyuldu. Çox qısa müddətdə yaradıcı qrup yaddaş, koqnitiv proseslər və görmə ilə bağlı davranış ilə əlaqəli neyrodegenerativ pozuntuların eksperimental modelləşdirilməsi üzrə tədqiqatları həyata keçirməyə nail oldu və həm nəzəri, həm də tətbiqi baxımdan əhəmiyyətli nəticələri əldə etdi. Tədqiqatların miqyası Elmin İnkişafı Fondunun dəstəyi ilə Belarus MEA-nın Fiziologiya İnstitutu ilə müştərək əməkdaşlıq layihəsi çərçivəsində daha da genişləndı, neyrodegenerativ xəstəliklər zamanı görmə funksiyasının pozulma mexanizmlərinin kliniki-neyrofizioloji tədqiqinə və bu pozulmaların reabilitasiyası üçün innovativ üsulların işlənməsinə istiqamətlənmə ideyası yarandı, bunun üçün qrupun kadr potensialı gücləndirilərək onun əsasında artıq 2021-ci ildə müstəqil "Görmənin və neyrodegenerativ xəstəlıklərin fiziologiyası" laboratoriyası yaradıldı.
 Hazırda bizim laboratoriyada elektrofizioloji eksperimentlər əsasında aparılan araşdırmaların və elmi tədqiqatların nəticələri həm oftalmoloji, həm də nevroloji klinikalar üçün əhəmiyyət kəsb edir. Onların əsasında biri xaricdə (Amerika) olmaqla 2 monoqrafiya çap olunmuşdur. Xüsusilə qeyd etmək istəyirəm ki, bu tədqiqatlar geniş beynəlxalq əməkdaşlıqla həyata keçirilir. O cümlədən Rusiya Elmlər Akademiyasının İ.Pavlov adına Fiziologiya İnstitutunun təklifi ilə bu istiqamətdə birgə tədqiqatların həyata keçirilməsi üçün institutlarımız arasında elmi əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilə çərçivəsində  "Neyrodegenerativ proseslərin inkişafının proqnozlaşdırılması və psixofizioloji nəzarətin modelləşdirilməsi" adlı layihə işlənib hazırlanmışdır. Layihə üzrə fəaliyyət artıq başlanmışdır. 
Akademik Zərifə Əliyevanın elmi ideyaları zaman keçdikcə öz aktuallığını daha da artırır və görmə haqqındakı elmin yeni istiqamətlərində öz əksini tapır.
Çıxışımın sonunda Zərifə xanımla bağlı xatirəmi sizinlə bölüşmək istəyirəm. O, cox sadə, insanlara qarşı diqqətli bir xanım idi. Onunla Fiziologiya İnstitutunun dəhlizində ilk görüşüm indiyə kimi yadımdadır.  Mən onu ilk dəfə görəndə özümü itirdim və kim olduğunu bildiyim üçün çaşqınlıq hissi keçirdim. O, mənim çaşqınlığımı hiss edərək özü birinci salamlaşdı. Bu mənim ücün bir unudulmaz  an olaraq yadımda qaldı. Gözəl insan, görkəmli alim, oftalmoloq Zərifə xanımın xatirəsi həmişə bizimlədir.

"AZƏRBAYCAN"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!