Bu gün Hyuston şəhərində “GL Group” beynəlxalq inkişaf strategiyasının bir hissəsi olaraq Amerika Birləşmiş Ştatlarında fəaliyyətə başladığını elan edib.
AZƏRTAC xəbər verir ki, şirkət eyni zamanda Bill Pardyunu Şimali Amerika üzrə icraçı vitse-prezident vəzifəsinə təyin edib. O, “GL Group”un regiondakı əməliyyatlarına, strateji inkişafına və genişlənməsinə rəhbərlik edəcək. Bu mühüm mərhələ “GL Group”un ABŞ enerji bazarına uzunmüddətli sadiqliyini nümayiş etdirir və beynəlxalq səviyyədə tanınan enerji şirkəti kimi mövqeyini daha da möhkəmləndirir.
B.Pardyunun neft-qaz kəşfiyyatı və hasilatı sənayesində 30 ildən artıq təcrübəsi var. Onun peşəkar fəaliyyəti lay mühəndisliyi, yataq əməliyyatları, aktivlərin satın alınması, biznesin inkişafı və digər rəhbər vəzifələr üzrə geniş təcrübəni əhatə edir. O, əmək fəaliyyətinə “Meridian Oil/Burlington Resources” şirkətində hasilat və lay mühəndisi kimi başlayıb, daha sonra ailə investisiya ofisinə məxsus özəl neft-qaz şirkətində, “Enduro Resource Partners” və “Encore Acquisition Company” şirkətlərində yüksək rəhbər vəzifələrdə çalışıb. Karyerası boyunca hasilat aktivlərini idarə edib, çoxprofilli komandalara rəhbərlik edib və ABŞ-nin bir sıra aparıcı neft-qaz hövzələrində kəşfiyyat və hasilat imkanlarının qiymətləndirilməsinə və inkişaf etdirilməsinə töhfə verib.
O, Texas Texnologiya Universitetində Neft-qaz mühəndisliyi üzrə bakalavr, Texas Xristian Universitetində isə Biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb. Pardyu, həmçinin Texas ştatında lisenziyalı peşəkar mühəndisdir (P.E.) və Neft Mühəndisləri Cəmiyyətinin (SPE), Müstəqil Peşəkar Yer Elmləri Mütəxəssisləri Cəmiyyətinin (SIPES), eləcə də Texas Texnologiya Universitetinin Neft-Qaz Mühəndisliyi Akademiyasının fəal üzvüdür.
B.Pardyu yeni vəzifəsində birbaşa Qrupun Baş icraçı direktoruna hesabat verəcək və “GL Group”un icraçı rəhbərlik komandasının üzvü olacaq.
“GL Group” haqqında:
“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. “GL Group” 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksəkperspektivli qaz yatağında 100 faiz pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. “GL Group” və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.