Brendləşən daşınmaz əmlak Azərbaycanın əmlak bazarının inkişafında yeni mərhələyə çevrilir və ölkəyə beynəlxalq diqqətin cəlb edilməsinə kömək edir.
AZƏRTAC xəbər verir ki, bu açıqlamanı jurnalistlərə “Sea Breeze” kurortunun təsisçisi və sahibi Emin Ağalarov “Panorama by ELIE SAAB” kompleksinin təqdimatı zamanı verib.
Onun sözlərinə görə, Azərbaycan artıq brend daşınmaz əmlak layihələrinin həyata keçirilməsinin mümkün olduğu inkişaf mərhələsinə çatıb.
Emin Ağalarov əlavə edib: “Azərbaycan brend daşınmaz əmlakın mümkün olduğu nöqtəyə artıq çatıb. Biz bu cür layihələri təkcə “Sea Breeze”də deyil, bütün şəhərdə görürük. “Sea Breeze”, həmçinin “Nobu Residences”, “Nikki Beach Residences” və “Cipriani Residences” kimi beynəlxalq brendləri özündə birləşdirən layihələrə ev sahibliyi edir. Onların hər birinin öz memarlıq konsepsiyası var və düşünürəm ki, bu, çoxlu sayda xarici alıcını cəlb edəcək”.
O qeyd etdi ki, beynəlxalq brendlərlə əməkdaşlıq Azərbaycanın tanınması səviyyəsini artırmağa və ölkəyə diqqəti cəlb etməyə kömək edir.
“Sea Breeze”in sahibi vurğulayıb: “Hər brendin öz auditoriyası var. Brend müəyyən bir ölkəyə gələndə, həmin auditoriyanın diqqətini layihənin yerinə yönəldir. Azərbaycanda nə qədər çox beynəlxalq brend təmsil olunarsa, ölkəmizə bir o qədər çox diqqət yetiriləcək”.
Emin Ağalarov, həmçinin hazırda bir sıra yeni beynəlxalq brendlərlə danışıqların aparıldığını və əməkdaşlığın daha sonra elan ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu cür layihələrin inkişafı ölkənin ümumi inkişafı ilə birbaşa bağlıdır və yeni təşəbbüslər üçün imkanlar yaradır.
O, həmçinin ELIE SAAB tərəfindən “Panorama” kompleksinin tikintisinə artıq başlandığını da açıqlayıb.
“Layihə dörd binadan ibarət olacaq və əsas bina ELIE SAAB brendinin fəlsəfəsinə və konsepsiyasına uyğun olaraq həyata keçiriləcək”, - deyə Emin Ağalarov qeyd edib.