Prezident İlham Əliyevin bu sözləri reallıqdır
Dünyaya Nizami, Məhsəti, Vazeh kimi dahilər bəxş edən Gəncə bu gün gözlərimiz önündə gündən-günə inkişaf edir. Gəncənin sürətli inkişafını, onun regionun abad və müasir şəhərləri ilə müqayisə edilə biləcək səviyyəsini göz önünə gətirmək üçün son illər bu qədim yurdda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərinə nəzər salmaq kifayətdir. Özü də həmin işlər milli memarlıq elementləri əsasında aparılmaqla, şəhərin tarixi imicinə xələl gətirilmədən müasir şəhərsalma prinsipləri ilə həyata keçirilir. Bununla dünəndən bu günə, bu gündən sabaha möhkəm təməllər üzərində körpü salınır.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar şəhərin genişmiqyaslı inkişafında xüsusi önəm daşıyır, gəncəlilərin daha yüksək, ülvi amallar uğrunda yaşayıb yaratmalarına stimul verir. Şəhər icra hakimiyyətinin ictimaiyyətlə sıx əlaqəsi, hər bir işə çevikliklə yanaşması, qətiyyəti və işgüzarlığı əhalinin görülən işlərə inamını daha da artırır ki, bu da idarəçilik təcrübəsinə, səmimiyyət və ünsiyyətə əsaslanan fəaliyyətin nəticəsidir.
Prezidentin Gəncəyə hər səfəri bu qədim şəhərin sosial-iqtisadi həyatında dərin iz buraxır və daha sürətli inkişafına yeni təkan verir. Dövlət başçısının hər səfərindən sonra həyata keçirilən layihələr Gəncənin simasını tanınmaz dərəcədə dəyişir. Bu səfərlər zamanı Prezidentin verdiyi tapşırıq və tövsiyələr şəhər rəhbərliyi tərəfindən böyük məsuliyyətlə icra olunur. Dövlət başçısının Gəncəyə tarixi səfərlərindən birində dediyi bu sözlər əbəs yerə şəhər sakinlərində qürur hissi oyatmayıb ki: "Gəncə çox qədim, gözəl tarixi şəhərdir. Burada parklar, binalar bərpa edilir, gözəl küçələr salınır. Gəncə dünya səviyyəli şəhərə çevrilir".
Həqiqətən şəhərdə yaradılan bir-birindən gözəl muzeylər və mərkəzlər, park və xiyabanlar Gəncəyə xüsusi yaraşıq verməklə tariximizi yaşadır, gənc nəsildə Vətənə sevgi duyğuları aşılayır. Ulu Öndərin adını daşıyan park-kompleksdə inşa edilən Heydər Əliyev Mərkəzi, Zəfər Tağı, Amfiteatr, süni göl, Nizami məqbərəsi ətrafında inşa edilən Nizami Gəncəvi Muzeyi, Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi, Gəncəçayın sol sahilində tikilən Məhsəti Gəncəvi Mərkəzi, Müasir İncəsənət Muzeyi, Uşaq Gənclər İnkişaf Mərkəzi, eləcə də Əziz Əliyev parkı qiymətli və zəngin eksponatları ilə qədim Gəncənin möhtəşəm tarixi keçmişini, maddi və mənəvi sərvətini əks etdirməklə şəhər sakinlərində qürur hissi yaradır. Yeni salınan parklara sanki çiçək yağışı yağıb. Hər tərəf al-əlvan libasa bürünüb. Əkilən gül-çiçəklər, minlərlə dekorativ ağac şəhəri cənnətə döndərib. Gecə işıqlandırılmasında həyata keçirilən yeniliklər axşamlar şəhərdə ecazkar mənzərə yaradır.
Gəncədəki inkişaf və tərəqqi bütün sahələri əhatə edir. Bu həm də o deməkdir ki, indi Gəncə öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur, xüsusən də abadlıq və quruculuq işlərində. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun nəzarəti altında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Hazırda "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi icra olunur, şəhərin daxili yollarında asfaltlanma işləri aparılır. Qərb bölgəsində ilk dəfə olaraq Gəncədə yaradılan Ekoloji Park Kompleksində də tikinti işləri davam edir. 11 hektarlıq ərazidə yaradılan park kompleksinin nəzərdə tutulan vaxtda istifadəyə verilməsi üçün bütün qüvvələr səfərbər olunub. Unikallığı ilə seçiləcək kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılır. Burada xüsusi yaşıllıq zolaqlarının salınması ilə yanaşı, müxtəlif növ gül-çiçək, dekorativ bitkilər, eləcə də ağac tingləri yetişdirilir. Sahəsi 2100 kvadratmetr olan üçmərtəbəli oranjereya binasında tamamlama işləri görülür. Binanın əsas hissəsi dəmir-beton, metal və şüşə vitraj konstruksiyalarında yığılmışdır. Kompleksdə əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri, habelə müxtəlif növ balıqlar üçün akvariumlar yaradılır, avtonəqliyyat vasitələri, piyadalar və velosiped istifadəçiləri üçün inşa edilmiş yollara və səkilərə asfalt örtüyü döşənir. Gəncəçayın sağ sahilində salınan Ekoloji Park Kompleksinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.
Yeri gəlmişkən, qeyd edək ki, Prezidentin Gəncənin daxili avtomobil yollarının təmiri ilə bağlı imzaladığı sərəncamla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 52 küçədə genişmiqyaslı təmir-tikinti işləri aparılır. Eyni zamanda Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 53 küçədə əsaslı təmir işləri həyata keçirilir. Təmir-tikinti işləri zamanı küçə və yolların köhnə asfalt örtüyü sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız hissəsi qazılaraq çıxarılır, optimal qırmadaş və qum-çınqıl qarışığı ilə yeni yol yatağı salınır. Sadalanan işlərin ardınca yeni asfalt-beton örtüyü döşənir. Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür. Asfaltlanma işləri yekunlaşdıqdan sonra küçələrdə hərəkətin normal təşkili üçün yol-cizgi və yol-göstərici xətlərin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılacaq. Bütün işlər Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və AAYDA-nın nəzarəti altında tərtib olunmuş qrafikə uyğun aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilmişdir.
Şəhərin içməli su və çirkli su xətlərinin yenilənməsini hədəfləyən "Açıq Kommunal İnfrastuktur Proqramı II" layihəsinin icrası da davam edir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə həyata keçirilən layihə çərçivəsində cari ilin 9 ayı ərzində içməli su xəttinin çəkilişi ilə bağlı nəzərdə tutulan işlər 100, çirkli su xəttinin çəkilişi ilə bağlı nəzərdə tutulan işlər isə 88 faiz həcmində yerinə yetirilmişdir. Bununla yanaşı, şəhər ərazisində küçə və prospektlərin, meydanların, park və xiyabanların, guşələrin, məhəllədaxili ərazilərin sanitar təmizliyinin təmin edilməsi, yaşıllaşdırılması, abadlaşdırılması, gecə işıqlandırılması və digər istiqamətlərdə də işlər aparılır. Qeyd edilən işlərin yerinə yetirilməsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xüsusi təyinatlı texnikalarından və canlı qüvvəsindən istifadə olunur.
2023-cü ilin ötən dövrü ərzində şəhər ərazisində yaşıllıqların qorunub saxlanılması və biomüxtəlifliyin inkişafı məqsədilə İstiqlal parkı ərazisində, Bakı-Qazax magistral yolu istiqamətində, Fikrət Əmirov parkında, Qələbə parkında, "İmamzadə" Dini Ziyarətgahının ətrafında, "Xan bağı" istirahət parkında, Gəncə Hava Limanı yolunda, Füzuli parkında, "Gəncəçay" Park Bulvar Kompleksində, "Gəncə Avropa Gənclər Paytaxtı" parkında, Qəmbər Hüseynlinin məzarüstü abidəsinin ətrafında, Atatürk prospektində, Heydər Əliyev prospektində, Heydər Əliyev adına Mərkəzi Meydanda və digər ərazilərdə çox sayda müxtəlif növ ağac tingləri, kol və çiçək əkilmiş, çəmənliklər salınmışdır. Bu ərazilərdə həmçinin 7 subartezian quyusu qazılmışdır.
Şəhərdə qəzalı vəziyyətdə olan dam örtükləri də mütəmadi olaraq yenilənir. Belə ki, fiziki aşınmaya məruz qalmış dam örtükləri yenisi ilə əvəzlənir, suötürücü novdanlar, borular, ümumi istifadədə olan pilləkən və pilləkən meydançaları təmir olunur. Bununla yanaşı, Hacıkənd qəsəbəsində yerləşən "Nizami Gəncəvi: Sələfləri və Xələfləri Parkı"nda 16 ədəd büst bərpa edilmiş, sınmış qranit daşlar yenisi ilə əvəz edilmişdir.
Gəncədə bir yenilik də şəhər icra hakimiyyətinin, Kəpəz Bələdiyyəsinin dəstəyi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə sahibsiz küçə heyvanları üçün sığınacağın istifadəyə verilməsidir. "Yuva" adı ilə fəaliyyətə başlayan sığınacağın tikinti işləri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən həyata keçirilmişdir. Gəncə-Samux yolunun üstündə, Atabəylər prospektində yerləşən sığınacaqda ilkin olaraq 50 heyvanın yerləşdirilməsi nəzərdə tutulmuşdur. Onların qidalandırılması, baytar tərəfindən müayinə və müalicəsi, həmçinin peyvəndlənməsi təmin olunmuşdur.
Gəncədə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində şəhər ərazisindəki köhnə fəvvarələrin əsaslı təmirinə də başlanılmışdır. Artıq 6 böyük fəvvarə yenidən qurulmuşdur. Gəncənin Heydər Əliyev Meydanı və "Xan bağı"nda olan 4 fəvvarə də sökülmüş, müasir standartlara uyğun şəkildə fərqli görünüşdə yenidən inşa edilmişdir. Şəhərin Cavad xan küçəsində olan 2 fəvvarə isə əsaslı şəkildə təmir olunmuşdur.
Gəncədə "Abad məhəllə" layihəsi də icra olunur. Adından da göründüyü kimi, layihə çərçivəsində şəhərin çoxmənzilli yaşayış binalarının həyətlərində abadlıq işləri görülür. Abadlaşdırılan məhəllələrdə söhbətgahlar, oturacaqlar, böyüklər üçün idman qurğuları quraşdırılır, uşaq meydançaları düzəldilir, məişət tullantılarının atılması üçün yeni konteynerlər qoyulur. "Abad məhəllə" layihəsi Gəncə şəhərinin bütün ərazilərində mərhələli şəkildə həyata keçirilir.
Gəncə İdman Sarayının inşası da sürətlə davam edir. Sarayda 2092 yerlik böyük idman zalı, 1410 yerlik tamaşaçı zalı, 100 nəfərlik restoran və 160 çarpayılıq hotel olacaq. İdman sarayında beynəlxalq standartlara cavab verən böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək.
Dünyaşöhrətli bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsinin ətrafında parkın salınması ilə bağlı şəhər sakinlərinin müraciəti də öz müsbət həllini tapmışdır. Ziyalılar şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramova müraciət edərək görkəmli bəstəkarın məzarının ətrafında fidanlar üçün park salınmasını xahiş etmişdilər. Edilən müraciət əsasında şəhər rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülmüş və parkın salınması işlərinə başlanılmışdır. Park tamamilə yenidən qurularaq Qəmbər Hüseynlinin doğum günü ərəfəsində istifadəyə verilmişdir. Yeni istifadəyə verilən parkda uşaqların əylənməsi üçün müxtəlif attraksionlar quraşdırılmış, idman qurğuları, söhbətgah və oturacaqlar yerləşdirilmişdir.
Göründüyü kimi, Gəncənin abadlığı istiqamətində başlanan işlər bir gün də səngimir. Demək olar ki, şəhərdə hər gün müxtəlif yeniliklərin şahidi olmaq mümkündür. Dövlət başçısının diqqət və qayğısı ilə həyata keçirilən bu işlər, həqiqətən, qədim Nizami yurdunu dünya səviyyəli şəhərə çevirir.
Sabir ƏLİYEV,
"Azərbaycan"