02 Iyul 2024 09:30
154
Mədəniyyət
A- A+

Füzuli ənənələrini lirik qəzəllərində davam etdirən şair

 

Ədəbi yaradıcılığı ilə Azərbaycan mənəvi xəzinəsini zənginləşdirən böyük maarifçi  Seyid Əzim Şirvani Seyid Məhəmməd oğlu Mir Cəfərzadə 1835-ci ilin iyul ayında Şamaxı şəhərində Qalabazar məhəlləsində, ruhani ailəsində anadan olub. Yeddi yaşında ikən atasını itirən Seyid Əzimi Dağıstanın Yaqsay kəndində yaşayan babası Molla Hüseyn yanına gətirir. On il Dağıstanda yaşayan Seyid Əzim ilk təhsilini də orada almışdır.
A.Zaxarovun yazdığına görə, Dağıstanda yaşadığı müddətdə Seyid Əzim türk, fars və ərəb dilləri ilə yanaşı, Dağıstan xalqının dilini də öyrənmişdir.  1853-cü ildə anası Səkinə xanımla Şamaxı şəhərinə dönən Əzim elə həmin illərdə Şamaxı mədrəsəsində oxuyub orta ruhani təhsili almışdır. 1854-cü ildə  anası  Səkinə xanımın tövsiyəsi ilə məhəllələrindən olan Seyid Məhəmməd ocağına böyük hörmət və etiqad göstərən Məşədi Möhsün kişinin qızı Ceyran xanımla ailə qurmuşdur. 
Ali ruhani təhsili almaq həvəsi ilə gənc Seyid Əzim Şərq ölkələrinə, əvvəl İraqa - Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə getmişdir. 
İraqda ali dini təhsil alıb Vətənə qayıdan Seyid Əzim bir müddət sonra səfərə çıxır. Bu dəfə Məkkə və Mədinədən keçərək Misirə, Qahirə şəhərinə gedir. Vətənə qayıtdıqdan sonra ruhani olmaq fikrindən daşınaraq yeni üsullu məktəb açıb müəllimlik edir. Maarifçi şair köhnə mollaxanadan fərqli olaraq, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab fənlərindən ibtidai məlumatlar  verirdi.  
Pedaqoji fəaliyyəti zamanı ana dilində dərsliyə ciddi ehtiyac olduğunu görən Seyid Əzim bu məqsədlə uşaqlar üçün tərbiyəvi parçalar toplayıb tərcümə edir və özünün yazdığı mətnləri 1878-ci ildə bir yerə yığaraq birinci və ikinci sinif şagirdləri üçün dərslik tərtib edir. Nəşrə təqdim etdiyi bu dərslik rəsmi dövlət sənədlərində "Rəbiül-ətfal" adlandırılıb. Azərbaycan məktəb tarixində ilk mükəmməl tədris kitablarından olan "Rəbiül-ətfal" dərsliyindəki mənzum hekayə, öyüd-nəsihət və təmsillər müxtəlif tərbiyəvi əhvalatların təsvirindən ibarətdir.
Seyid Əzim "Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani" adlı dərs kitabından başqa, "Tacül-kütüb" adlı dərslik də yazıb. Bu dərsliyə şairlərdən və müxtəlif ədəbi mənbələrdən etdiyi tərcümələri də daxil edib. Seyid Əzim həmin dərsliyi əlyazma şəklində o zamanlar Qori seminariyasının tatar şöbəsinin müdiri A.Çernyayevskiyə göndərir və A.Çernyayevski də həmin kitabdan bir neçə hekayə alıb, tərtib etdiyi "Vətən dili" dərsliyində çap edir.
Şair qəzəl, rübai, qəsidə, mərsiyə, həmçinin hekayə, təmsil, nəsihətnamə, ədəbi işlər janrlarında əsərlər yazıb. Lirik qəzəllərində Füzuli ənənələrini davam etdirən Seyid Əzim satirik şeir və təmsillərində ruhanilərə tənqidlə yanaşıb, geriliyin və cahilliyin əleyhinə çıxış edərək insanları maarifə və mədəniyyətə çağırıb.
Mütərəqqi baxışlarına görə hakim dairələrin təzyiqi ilə üzləşən şair siyasi cəhətdən şübhəli bilinərək müəllimlikdən azad edilir. Haqqında çıxarılan qərarla razılaşmayan S.Ə.Şirvani Tiflisə şikayətə gedərək haqsız qərarın ləğvinə nail olaraq müəllimliyə bərpa edilir. 
Seyid Əzim bütün maddi və mənəvi çətinliklərə baxmayaraq, 18 ildən artıq öz məktəbində müəllimlik edir. Nəhayət, bir tərəfdən mövhumatçıların və ruhanilərin müxtəlif bəhanələrlə ona qarşı hücuma keçmələri, digər tərəfdən də o zaman Şamaxıda dövlət tərəfindən açılan şəhər məktəbinin təsiri nəticəsində get-gedə həmin məktəb artıq öz fəaliyyətini dayandırmağa məcbur olur. Seyid Əzim Şamaxıda açılmış həmin şəhər məktəbinə müəllim təyin edilir, ömrünün sonuna qədər orada Azərbaycan dili və ədəbiyyat dərslərini deyir. Zaqafqaziya tədris dairəsi Seyid Əzim Şirvaninin maarif sahəsindəki xidmətlərini nəzərə alaraq, 1886-cı ildə onu gümüş medalla təltif edir.
Böyük maarifçi Seyid Əzimin 1888-ci il mayın 20-də Şamaxıda  52 yaşında məscid qapısında yaradılan süni basabasda vəfat etdiyi qeyd edilsə də, ortalıqda şairin  mövhumatçı insanlar tərəfindən qətlə yetirilməsi iddiası da var. 
XIX əsr Azərbaycan ədəbiyyatı xəzinəsinə dəyərli əsərlər bəxş edən, zəngin yaradıcılığı ilə adını Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə yazan pedaqoq, böyük maarifçi, Azərbaycan realist şeirinin banilərindən biri olan Seyid Əzim Şirvani vəsiyyətinə əsasən Şamaxıdakı "Şah Xəndan" qəbiristanlığında dəfn olunub.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video