Dünyaya “demokratiya” dərsi keçmək istəyən Makron öz vətəndaşlarına güc tətbiq etməklə etiraz səslərini kəsməyə çalışır
Fransada günlərdir davam edən və getdikcə miqyası genişlənən kütləvi etirazlar ölkədə dərin sosial-iqtisadi və siyasi böhranın mövcudluğunu bütün çılpaqlığı ilə göstərir. Oktyabr ayının ortalarından etibarən Paris, Marsel, Lion və digər iri şəhərləri bürüyən nümayişlər əvvəlcə təhsil sistemindəki problemlər və şagirdlərin narazılığı ilə başlasa da, çox keçmədi ki, ölkəni bürüyən xalq etirazına çevrildi. Əhalinin alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşməsi, yaşayış xərclərinin artması, yanacağın bahalaşması və dövlət xidmətlərinin keyfiyyətinin pisləşməsi yüzminlərlə insanı küçələrə çıxardı. Hökumətin problemlərin köklü həllinə fokuslanmaq əvəzinə 800 mindən çox vətəndaşın qatıldığı etiraz aksiyalarına yönəlik sərt tədbirləri və polis zorakılığı isə gərginliyi daha da pik həddə çatdırdı.
Bu mənzərənin arxasında dayanan əsas amil Prezident Emmanuel Makronun illərdir yürütdüyü yarıtmaz iqtisadi siyasətdir. Hakimiyyətə gəldiyi gündən etibarən əhalinin rifahını təmin etməkdə acizlik nümayiş etdirən Makron administrasiyası yanlış qərarları ilə ölkəni bütünlüklə xaosa sürükləyib. Dövlət borcunun trilyonlarla avroya (3,6 trilyon avroya yaxın) çatdığı, inflyasiyanın və işsizliyin artdığı bir vaxtda hökumətin tətbiq etdiyi qərarlar narazılığı daha da artırıb. Ələlxüsus, daxildə etirazların şiddətləndiyi böhran günlərində rəhbərliyin, o cümlədən prezidentin ictimai qayğılara biganə qalması, hətta istirahət görüntülərinin yayılması xalqın hiddətini bir qədər də alovlandırıb.
Limoges şəhərində tarixi bələdiyyə binasının yandırılması, yüzlərlə ticarət obyektlərinə ciddi zərər dəyməsi, mağazaların talan edilməsi və dövlət qurumlarına edilən hücumlar Makronun imicinə vurulan ağır zərbə olmaqla yanaşı, vəziyyətin nə dərəcədə nəzarətdən çıxdığını və hakimiyyətin ölkədəki proseslərə idarəetməni tamamilə itirdiyini göstərir. Əslində, insanların kütləvi şəkildə küçələrə axışması təsadüfi deyil. İqtisadi böhan, kommunal xərclərin kəskin yüksəlməsi və təhsildən səhiyyəyə qədər dövlət xidmətlərinin keyfiyyətinin aşağı düşməsi Fransa cəmiyyətində mövcud hökumətə dərin inamsızlıq və ümidsizlik yaradıb. Bu fonda müxalif liderlər, o cümlədən Florian Filippo Makronu ölkəni bilərəkdən xaosa sürükləməkdə kəskin ittiham edərək dərhal istefaya çağırıblar. Etirazçılar da sosial tələblərlə kifayətlənmir, küçə və meydanlarda “Makron, istefa ver!” şüarları səsləndirirlər.
Cəmiyyətdə dərinləşən sosial parçalanma yalnız iqtisadi göstəricilərlə bitmir, həm də dövlətlə vətəndaş arasındakı siyasi bağların qopduğundan xəbər verir. Makron administrasiyasının daxili resursları beynəlxalq ambisiyalara yönəltməsi ölkə daxilindəki radikallaşmanı və hakimiyyətə nifrəti idarəolunmaz həddə çatdırıb. Eyni zamanda hökumətin küçələrdəki iğtişaşları bəhanə edərək etirazları “təhlükəsizlik təhdidi” kimi qələmə verməsi, sərt inzibati qadağaları, kütləvi cərimələr və komendant saatı kimi metodların tətbiqi vəziyyəti partlayış həddinə çatdırıb.
Rəsmi Parisin etirazçılara qarşı nümayiş etdirdiyi sərt münasibət beynəlxalq təşkilatların da diqqətindən yayınmayıb. Ümumdünya İşgəncə Əleyhinə Təşkilatının (OMCT) son hesabatı Fransanın insan hüquqlarının müdafiəsi sahəsində kəskin gerilədiyini və ciddi problemləri olan ölkələr siyahısına daxil edildiyini təsdiqlədi. Təşkilatın açıqladığı faktlar göstərir ki, ölkədə tətbiq olunan sistemli polis zorakılığı, hüquq-mühafizə orqanlarının qanunsuz əməllərinə yaradılan cəzasızlıq mühiti və həbsxanalardakı dözülməz, ağır şərait rəsmi Parisin illərdir formalaşdırmağa çalışdığı “demokratik dövlət” imicinə kəskin zərbə vurur. Son iki ildə polisin sərt müdaxilələri nəticəsində onlarla dinc vətəndaş həyatını itirib, yüzlərlə insan isə ömürlük şikəst olub. Böyük Britaniyanın nüfuzlu “Faynənşl Tayms” nəşrinin dərc etdiyi təhlil də Fransa hökumətinin acizliyini açıq şəkildə göz önünə sərib. Nəşr qeyd edib ki, Fransa hakimiyyəti aksiyaların miqyasını ümumiyyətlə qiymətləndirə bilmir və küçə zorakılığının genişlənməsi dövlət institutlarına ictimai etimadı sıfıra endirir. Limoges bələdiyyə binasının yanması kimi hadisələr isə Emmanuel Makronun idarəçilik sisteminin çökdüyünü və ölkəni idarə etmək iqtidarında olmadığını göstərən bariz nümunələrdir.
Proseslərin digər düşündürücü tərəfi isə beynəlxalq təşkilatların və Avropa dövlətlərinin sərgilədiyi mövqedir. Başqa coğrafiyalarda baş verən hadisələri fərqli rakurslardan şərh edən insan hüquqları və demokratiya adı ilə digər ölkələrin daxili işlərinə müdaxilə etməyə çalışan Qərb təsisatları Fransada günlərlə davam edən etirazları və zorakılıq hallarını susqunluqla izləyirlər. Parisdə nümayişçilərə qarşı rezin güllələrin, səs qumbaralarının istifadə edilməsi, məktəblilərin ağır xəsarətlər alması faktları qarşısında Avropa qurumlarının “kor və kar” olması ikili standartların bariz nümunəsidir. Başqalarına demokratiya dərsi keçməyə adət etmiş Fransanın da bu gün öz vətəndaşlarına yönəlik addımları rəsmi Parisin insan hüquqları dəyərlərini yalnız siyasi təzyiq aləti kimi istifadə etdiyini bir daha təsdiqləyir.
Fransadakı sosial-iqtisadi narazılıqlar illərdir yürüdülən xətalı və reallıqdan uzaq siyasətin, idarəçilik modelinin tam fiaskosudur. Daxili problemləri həll etmək əvəzinə, resursları xarici siyasi maraqlara qurban verən Makron hakimiyyəti Fransanı dərin xaosa sürükləyib. Dünyanın müxtəlif nöqtələrinə “demokratiya”, “azadlıq” və “insan hüquqları” barədə mühazirələr oxuyan, başqa ölkələrin daxili işlərinə müdaxilə etməyi siyasi xəttə çevirən rəsmi Paris üçün ən böyük imtahan bu gün öz küçələrindədir. Makron hökumətinin bu sınaqdan necə çıxacağı yaxın günlərdə bəlli olacaq.
İsmayıl QOCAYEV,
“Azərbaycan”