Fransa Aparıcı Fermerlər İttifaqı (FNSEA) çərşənbə axşamı səhər parlamentin yuxarı və aşağı palatalarının birgə komissiyasının işə başlaması ilə əlaqədar Milli Assambleyanın qarşısında və Paris ətrafında etirazları dayandırdığını bildirib.
7 deputat və bir o qədər senator son nəticədə kənd təsərrüfatı sektorunun qəbul etməyə çalışdığı mübahisəli qanun layihəsinin taleyini həll etməlidir. Söhbət arılar üçün xüsusilə təhlükəli neonikotinoid sinfindən olan asetamipridin insektisidinin istifadəsinə yenidən icazə verən "Düplom qanun layihəsi"ndən gedir. Fermerlər deyirlər ki, bu preparat 2018-ci ildən Fransada qadağan edilib, baxmayaraq ki, 2033-cü ilə qədər Aİ-nin digər 26 ölkəsində onun istifadəsinə icazə verilir. Onlar iddia edirlər ki, belə bir şəraitdə şəkər çuğunduru və fındıq istehsalı rəqabətədavamlı ola bilməz. Etiraz aksiyasına qoşulan bir çox fermer üçün bu qanun layihəsi həm iqtisadi, həm də tənzimləyici təzyiqi azaltmaq imkanı verir.
19 yaşlı taxılçı Klement Patuar Euronews telekanalına deyib ki, fransız fermerlərin əksəriyyəti acınacaqlı vəziyyətdən qurtulmağa çalışır: "Hamımız normal yaşamaq istəyirik, sürünmək yox. İstifadəsi təsdiqlənmiş pestisidlərimiz azdır, ona görə də seçimimiz məhduddur və biz qaydalara dəqiq əməl etməliyik. Düşünürəm ki, bu, çox çətindir və peşəmizin gələcəyini çox mürəkkəbləşdirir. Kənd təsərrüfatı torpaqları getdikcə qıtlaşır və gənclər artıq fermer olmaq perspektivi cəlb etmir".
Qanun layihəsinin tərəfdarları məhdudiyyətlərin yumşaldılmasının idxaldan asılılığın qarşısını almaq və Fransanın kənd təsərrüfatı sektorunu rəqabətədavamlı saxlamaq üçün çox vacib olacağını iddia edirlər. Fermerlərin fikrincə, bugünkü siyasət onları istehsal və məhsul yetişdirmək imkanlarından məhrum etmək üçün istehsal qabiliyyətlərini zaman keçdikcə əllərindən almaqdan ibarətdir. Bundan əlavə, təsərrüfatların yükünü artıran yeni inzibati məhdudiyyətlər yaradılır və istehsalın hazırkı səviyyəsini saxlamaq üçün başqa əlverişli alternativ yoxdur.
Xəbər verildiyi kimi, yüzlərlə fermer bazar ertəsi traktorlarla Parisə gələrək Fransa Milli Assambleyasının qarşısında narazılıqlarını dilə gətirib. Onların məqsədi ifrat sağçı deputat Loran Düplomun təqdim etdiyi mübahisəli qanun layihəsini dəstəkləmək idi. Mətn kənd təsərrüfatı sənayesində bir çoxlarının boğucu inzibati məhdudiyyətlər kimi gördüklərini yüngülləşdirməyi vəd edir.
Müzakirələr qanunvericilikdə dalana dirənmək təhlükəsi ilə üzləşdiyindən, mərkəzçi, mühafizəkar və ifrat sağçı millət vəkilləri qanun layihəsinin parlamentdə müzakirəsini dayandırmaq üçün təklif qəbul ediblər. İndi parlamentin müştərək komitəsi ümumi variantı razılaşdırmalı olacaq, sonra isə məsələ deputatlar tərəfindən yekun səsverməyə çıxarılacaq. Birgə komissiyada fermerlərin tələblərini dəstəkləyən sağçı və mərkəzçilərin üstünlük təşkil etdiyini nəzərə alsaq, ümid etmək olar ki, onların il yarımdır gözlədikləri mətn tezliklə qəbul ediləcək.
Rizvan CƏFƏROV,
"Azərbaycan"