06 Avqust 2024 08:50
493
SİYASƏT
A- A+

Fransa sülh və həmrəylik prinsiplərindən uzaqdır

 

Bunu "Paris 2024" Yay Olimpiya Oyunları bir daha təsdiqlədi

 

Tarixindən yaxşı məlumdur ki, Olimpiya Oyunları təkcə idman tədbiri deyil, həm də xalqlar arasında əmin-amanlığın, sülhün yaradılması, insani münasibətlərin qurulması üçün bir fürsət kimi dəyərləndirilir.

Çünki yarışmalar zamanı müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələri eyni məkana yığışır, bir-biri ilə ünsiyyətdə olur. Yaxın ünsiyyət zamanı isə dostluq telləri əmələ gəlir, bir-birinə qarşı mehribançılıq və qarşılıqlı hörmət yaranır, həmrəylik formalaşır. Bir növ qarşılıqlı, mehriban əməkdaşlıq üçün geniş imkanlar açılır. Bir sözlə, Olimpiya Oyunlarında sülh, dostluq, həmrəylik təbliğ edilir, ayrı-seçkilik pislənilir. Dünyaya sülh, əmin-amanlıq mesajları verilir.

Təbiidir ki, yaşanmış tarixi ənənələrə uyğun olaraq "Paris 2024" Olimpiadasının məqsəd və məramı da məhz bu mövzuda olmalı, sülhə, əmin-amanlığa köklənməli idi. Amma Parisdə Olimpiya Oyunlarının açılış mərasimi göstərdi ki, tədbirə evsahibliyi edən Fransa sülh, dostluq və həmrəylik prinsiplərindən xeyli uzaqdır. İndiyə qədər Fransa özünün ləkələrlə dolu olan tarixi ilə bütün dünyada tanınıb. Təəssüflər olsun ki, bu ölkə utancverici işlərini, rəzaləti yenə də davam etdirir. Fransa illərdən bəridir ki, adalarda yaşayan xalqları müstəmləkə altında saxlayır, onların təbii sərvətini mənimsəyir. Makron hökuməti nəinki sivil dəyərləri tapdalayır, hətta "Paris 2024" Yay Olimpiya Oyunlarının açılış mərasimindəki biabırçı əməlləri ilə riyakar olduğunu  bütün dünyaya nümayiş etdirir.

Fransa özünü sivil dünyaya həmişə mədəniyyətin beşiyi kimi təqdim etməyə səy göstərir. Amma elə Olimpiya Oyunlarında dünya bunun tam əksini gördü. Belə ki,  Fransa dünyanın gözü qarşısında utancverici mədəniyyətsizlik nümayiş etdirdi. "Paris 2024" Yay Olimpiya Oyunlarının açılış mərasimində baş verən rəzalətlərdən biri də Makronun ambisiyalarının nümayiş olunmasıdır. Açılış mərasimində aparıcı erməni idmançıların keçidi zamanı "dost Ermənistan" ifadəsini işlədərək erməni xalqı üçün Dağlıq Qarabağın süqutu ilə əlamətdar bir il olduğunu, Azərbaycan komandası keçdikdə isə ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası kimi təqdim edildi. Yəni Fransa Azərbaycana olan düşmənçiliyini Olimpiya Oyunlarının açılışı mərasimində də gizlədib saxlaya bilmədi. Aparıcı Cənubi Koreya komandasını Şimali Koreya komandası kimi təqdim etdi. Bu da haqlı olaraq böyük narazılığa gətirib çıxartdı.

Olimpiya Oyunları Parisin bir tərəfində Makronun məqsədli baxışları ilə açılış mərasimi, digər tərəfində isə evlərindən çölə atılmış miqrantların etiraz aksiyaları, küçələrin zibillərlə dolu olması ilə də diqqəti cəlb etdi. Yarışlara qatılmış idmançılar da onlar üçün yaradılmış şəraitdən şikayətlənirlər. Olimpiya şəhərciyində idmançılar yerləşmələrindən, yeməklərindən tutmuş sosial məsələlərə qədər hər bir xidmətdən narazılıq edirlər.

Fransada nəqliyyat sarıdan da işlər yarıtmaz təşkil olunub. Parisin küçələrində nəqliyyatın idarə edilməsi düzgün qurulmadığından tez-tez tıxaclar yaranır. Sena çayı məişət tullantıları ilə çirkləndiyindən avarçəkmə üzrə yarışlar müəyyən müddətə təxirə salındı. İş o yerə çatıb ki, Çin dövləti Fransanın təşkilatçılığına etiraz əlaməti olaraq idmançılarını geri çağırıb. Bütün bunlar isə onu açıq şəkildə göstərir ki, təşkilatçılıq  yarıtmaz şəkildədir. Bunlar isə Parisin beynəlxalq imicinə kölgə salır.

Fransada baş verən neqativ, biabırçı hadisələri diqqətlə nəzərdən keçirdikcə, saf-çürük etdikcə  düşünürsən ki, sanki prezident və onun komandası əlindən gələni edir ki, XXXIII Yay Olimpiya Oyunları dünya tarixinə rəzalət oyunları kimi yazılsın. Buna görə də fransızlar ənənələrinə sadiq qalaraq mötəbər idman yarışlarına çirkin siyasətlərini də bulamağa çalışırlar. Yerli mətbuat və əksər xarici media bütün baş verən yarıtmazlıqları geniş şəkildə işıqlandırır. Həmin yazılarda Olimpiya Oyunlarından xeyli əvvəl təşkilatçılığın olmaması, Paris də daxil olmaqla ətraf şəhərlərdə yaşanan problemlərdən geniş bəhs edilir. Lakin Fransa hakimiyyəti yazılanlardan nəticə çıxarmaq istəmir. Ona görə də, bu cür utancverici hadisələrlə qarşılaşır.

Olimpiya Oyunlarının davam etdiyi günlərdə diqqətçəkən biabırçılıqlardan biri də miqrantların və evsizlərin şəhərdən qovulmasıdır. Əsasən Afrikadan olan miqrantları kütləvi şəkildə avtobuslara doldurub şəhər kənarına aparırlar. Paris Olimpiadasının digər biabırçılığı kondisionerlərlə bağlı olub. Belə ki, təşkilatçılar bu oyunları guya əvvəlkilərdən "ekoloji cəhətdən təmiz" etmək istəyiblər. Bu məqsədlə də fransızlar Olimpiya Kəndində kondisioner quraşdırılmasından imtina etmək qərarına gəliblər. Onun əvəzində, soyutma üçün istilik nasoslarından istifadə edilməsini planlaşdırıblar. Lakin bu, gözlənilən nəticəni verməyib. Necə deyərlər, "yenilik" heç bir işə yaramayıb, ciddi narazılıqlara səbəb olub.

Bir idman yarışını ənənələrə uyğun keçirməyi bacarmayan  Fransa burnunu başqa dövlətlərin daxili işlərinə, o cümlədən də Cənubi Qafqaza soxmağa çalışır. Məqsədinə çatmaq üçün Ermənistanı silahlandırır, onu müharibəyə hazırlayır, bölgədə gərginlik yaratmaq üçün dəridən-qabıqdan çıxır. Millətlərarası ədavət toxumu səpir, iğtişaşlar yaratmağa çalışır. Amma yaxşı olardı ki, daxili problemləri ilə məşğul olsun. Çünki ölkəsinin daxilində həllini gözləyən problemlərin sayı-hesabı yoxdur.

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video