Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada keçirilən Rusiya Hesablama Palatasının yaradılmasının 30 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, sözügedən tədbir ilə bağlı Rusiya Hesablama Palatasının geniş tərkibdə kollegiya iclası keçirilib.
Kollegiya iclasında Rusiya Federasiya Şurasının sədrinin birinci müavini Andrey Yatskin, Dövlət Dumasının Nəzarət Komitəsinin sədri Oleq Morozov, regional nəzarət və mühasibat orqanlarının nümayəndələri və bir sıra, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Belarus, BƏƏ və s. ali audit orqanlarının rəhbər və nümayəndə heyəti iştirak edib.
İclasda Rusiyanın Hesablama Palatası sədri tərəfindən qurumun yarandığı tarixdən hazırkı dövrədək əsas fəaliyyət nəticələri, o cümlədən audit orqanı tərəfindən müəyyən edilmiş pozuntu və çatışmazlıqlar, onların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər barədə məlumatlar təqdim edilib.
Daha sonra gələcək üçün planlar açıqlanıb. Qeyd olunub ki, Rusiyanın Hesablama Palatası genişmiqyaslı rəqəmsallaşdırılma prosesinə start verib, müasir texnologiyalardan, analitik alətlərdən və metodlardan, süni intellektdən istifadə etməklə yüksəkkeyfiyyətli audit yanaşmaları inkişaf etdirilir. Eyni zamanda, bildirilib ki, həm ayrı-ayrı tədbirlər, həm də qurum səviyyəsində keyfiyyətin idarə edilməsi sistemi təkmilləşdirilir. Həmçinin vurğulanıb ki, sosial-iqtisadi inkişaf məqsədlərinin, milli layihələrin və dövlət proqramlarının icrasının auditi qarşıdakı dövr üçün ən mühüm vəzifələrdən olacaq.
Səfər çərçivəsində Azərbaycan Hesablama Palatasının nümayəndə heyətinin Rusiya Hesablama Palatasının nümayəndə heyəti ilə ikitərəfli görüşü keçirilib. Görüş zamanı qurumlar arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və inkişafı üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb.