“2024-cü ili Azərbaycan güləşi üçün məqbul qiymətləndirirəm. Çünki güləşçilərimiz dünya, Avropa və bir sıra beynəlxalq yarışlarda uğurla çıxış etdilər”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov 2024-cü ilin yekunları ilə bağlı danışarkən deyib.
Hacı Əliyev və Mariya Stadnikin “Paris-2024” Yay Olimpiya Oyunlarında medal qazana bilməmələrini şərh edən keçmiş güləşçi bunu ilk növbədə onların yaşı ilə bağlı olduğunu söyləyib: “Sual yarana bilər ki, bəs, niyə bu idmançıların yerinə başqaları getmədi? Cavab da budur ki, həm Hacı, həm də Mariya ölkədaxili və beynəlxalq yarışlarda öz çəki dərəcələrində birinci olduqları üçün Olimpiya Oyunlarında iştirak hüququ qazandılar. Daxili rəqabətdə digər güləşçilərimiz geri qaldılar. Böyük turnirlərdə də yaş hər zaman özünü göstərir. Hər iki idmançı Azərbaycan güləş tarixi üçün böyük uğurlar əldə edib. Düşünürəm ki, AGF onların xidmətlərini dəyərləndirəcək və həmin şəxslərə yeni vəzifələr veriləcək”.
O, Olimpiya Oyunlarında gözləntiləri qarşılamayan digər güləşçilərin də adlarını çəkib: “Murad Məmmədovdan medal gözləyirdim. Çünki hazırlıqları yaxşı keçirdi. Təəssüf ki, birinci görüşdə məğlub oldu. Qızıl medal ümidimiz Həsrət Cəfərov Azərbaycan əsilli ukraynalı güləşçi Pərviz Nəsibova uduzaraq üçüncü oldu. Düşünürəm ki, Həsrət Pərvizə qalib gələ bilərdi”.
Gələcək planlardan da söz açan yunan-Roma güləşi üzrə Olimpiya çempionu gələn ilin hazırlıqlarına indidən başladıqlarını bildirib: “Artıq güləşçilərimiz məşqlərə start veriblər. Bilirsiniz ki, dekabrın 24-27-də Azərbaycan çempionatı start götürəcək. Burada bütün güləşçilər öz qüvvələrini sınayacaqlar. Çempionatda yer tutan idmançıları milli komandaya cəlb edəcəyik. Məncə, gələn ilin ortasına kimi “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına hansı güləşçilərlə getməli olduğumuz müəyyənləşəcək”.
Qeyd edək ki, Fərid Mansurov 2002-ci ildə dünya çempionatında gümüş medal qazanıb. İki il sonra Yunanıstanın paytaxtı Afinada Olimpiya çempionu olub. 2007 və 2009-cu illərdə dünya çempionluğunu əldə edib. 2010-cu ildə Bakıda keçirilmiş Avropa çempionatında zədələndiyi üçün karyerasını başa vurub.