Aprel ayının sonlarından Cəlilabadda sellofan örtük altında, təxminən mayın 5-dən isə faraş kartofun yığılmasına başlanacaq. Məlumat üçün bildirək ki, bu il Cəlilabadda rayon üzrə 3 min nəfərə yaxın fermer 5 min 400 hektarda kartof əkmişdir.
Keçən il rayonda 130 min tondan çox kartof istehsal olunmuş və onun əksər hissəsi nübar məhsul kimi, əsasən, Rusiyaya ixrac edilmişdir. Bəzi illər istisna olmaqla, əvvəlki illərdə də bu məhsulun xeyli hissəsi Rusiya bazarlarında satılmışdır. Nəticədə mülkiyyətçilər yaxşı gəlir əldə etmişlər.
Yüksək miqdarda və həm də keyfiyyətli məhsul isə böyük xərc, gərgin əmək tələb edir. Cəlilabadlılar keyfiyyətli toxum əldə etmək, əkini vaxtında və optimal səviyyədə başa vurmaq, bitki torpaqdan baş qaldıran kimi onun nazını çəkmək, suyunu, gübrəsini vaxtında vermək, bütün aqrotexniki tədbirləri zamanında həyata keçirmək baxımından yaxşı təcrübəyə malikdirlər. İndinin özündə də onlar günəşi hər gün əkin sahəsində qarşılayır və elə orada da yola salırlar.
İndi Cəlilabad mülkiyyətçiləri çox narahatdırlar. Rusiya ilə Ukrayna arasındakı münaqişə onlar üçün də problem yaratmışdır. Belə ki, kartofun ixracı ilə bağlı müəyyən məhdudiyyətlər ortaya çıxmışdır. Cəlilabaddan başqa ölkəmizin qərb bölgəsində - Gədəbəy, Tovuz, Qazax, Ağstafa və başqa rayonlarında da kartof yığımı başlayacaq. Bu məsələ indi onları düşündürür.
Bəzi kənd təsərrüfatı məhsullarının istehsalçılar tərəfindən satılması məsələsində isə demək olar ki, heç bir çətinlik yoxdur. Məsələn, pambıqçılığı götürək. Torpaq mülkiyyətçisi və ya fermer ilin əvvəlində bağladığı müqaviləyə əsasən əldə etdiyi məhsulu şirkətə verərək pulunu alır. Üstəlik müqavilə şərtlərinə görə həmin şirkət şumdan tutmuş yığıma qədər mülkiyyətçinin yanında olur, ona toxum, texnika, gübrə, becərmə pulu və s. sarıdan kömək edir, mütəxəssis məsləhəti verir. Çayçılıq, baramaçılıq, tütünçülük sahələrində də buna oxşar iş prinsipi tətbiq edilməkdədir. Görünür, yun, tərəvəz, meyvə və s. kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması, alınıb-satılması ilə məşğul olan şirkətlərin, qurumların yaradılmasının da zamanı çatmışdır. Odur ki, bütün bunlar barəsində əlaqədar təşkilatlar tədbirlər görməyə tələsməlidirlər.
Seyran CAVADOV,
“Azərbaycan”